Mədəni irsə
qayğı
Xaçmazda Şəxsiyyətlər muzeyi
Son illər aparılan
genişmiqyaslı tikinti, quruculuq, abadlıq və yenidənqurma
işləri nəticəsində Xaçmaz, sözün əsl
mənasında, tanınmaz dərəcədə dəyişmişdir.
Geniş və abad küçələr, meydanlar, bir-birindən
yaraşıqlı yaşayış evləri və ictimai
binalar, nadir memarlıq inciləri olan bulaq və fəvvarə
kompleksləri, bütün bunların hamısı sanki ilahi
bir sevgi ilə yaradılıb. Bənzərsizliyi ilə
adamı elə ilk baxışdan heyran edən qoşa
qapılar, zövqlə inşa edilmiş yeraltı keçid
və tağlar, geniş əraziləri əhatə edən
parklar və yaşıllıq zolaqları Xaçmazı digər
rayon və şəhərlərimizdən xeyli dərəcədə
fərqləndirən özəl cizgilərdir.
Az qala, hər addımda müşahidə olunan və biri digərini tamamlayan həm də bir-biri ilə çox ciddi harmoniya təşkil edən bu yeniliklərin hansından söhbət açasan?! Xaçmaz yeniliklərinə az-çox bələd olan insan kimi birinci olaraq haradan başlamaq və nədən yazmaqla bağlı seçim etmək mənim üçün həqiqətən çox çətindir. Çünki bu yeniliklərin hər biri ayrı-ayrılıqda təkcə hünər meydanı deyil, həm də, sözün həqiqi mənasında, mükəmməl bir yaradıcılıq nümunəsidir. Onlardan hər birinin yanında dayanaraq saatlarla seyr etməyə dəyər.
Bu gün Xaçmaz respublikamızın ən çox qonaq-qaralı rayonlarındandır. Gələn qonaqları, təbiidir ki, həm də yeni tikililərin, parkların, abidə-komplekslərin layihə müəlliflərinin kimliyi maraqlandırır. Doğrusu, əvvəllər mən də aidiyyəti şəxslərdən tez-tez soruşurdum: Bu parkın layihəsini, dizaynını kim verib? O abidənin memarı kimdir? Qoşa qapı, yaxud da saatlar kompleksini kim layihələşdirib və s.? Amma xaçmazlılardan heç vaxt buna bənzər suallar eşitməzsiniz. Çünki orada hər kəs çox yaxşı bilir ki, bütün bu işlərin təşkilatçısı da, layihəçisi də, memarı və dizayneri də rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevdir. İnanın, Şəmsəddin müəllimin iş üslubu, onun idarəçilik təcrübəsi və səriştəsi özü bir məktəbdir. O, uzun illər Naxçıvanda ulu öndərlə bir yerdə işləyib, Heydər Əliyev məktəbini keçib. Özünə mənəvi ata hesab etdiyi o dahi insandan öyrənib əxz etdiklərini indi Xaçmazda böyük sevgi və şövq ilə tətbiq edir. Bir sözlə, ölkəmizin şimal qapısı olan Xaçmaz bax, beləcə hər gün, hər saat Heydər Əliyev sevgisi və şövqü ilə böyüyərək, abadlaşaraq gözəlləşməkdə davam edir. Mütəfəkkirlərdən birinin sözüdür: xalqların böyüklüyü onların say çoxluğu ilə deyil, bəşər mədəniyyəti tarixinə bəxş etmiş olduğu dahi şəxsiyyətləri ilə müəyyən olunur. Bu mənada Azərbaycan xalqının yeri həqiqətən də dünyanın böyük xalqları sırasındadır. Ona görə ki, bu xalq özünün fitri istedadı və cahanşümul xidmətləri ilə dünyanı heyrətə gətirən çox böyük dühalar yetirib. Elə dühalar ki, onlar dünyanın əksər ölkələrində nəinki tanınır, sevilir, hörmətlə yad edilir, bir çoxları hətta məktəb kimi qəbul olunur və öyrənilir.
Onların arasında neçə-neçə tanınmış alim, şair, yazıçı, mədəniyyət və incəsənət xadimləri var. Minnətdarlıq hissi ilə xatırladaq ki, ulu öndər Heydər Əliyevin hələ sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə həmin insanlardan bir çoxunun xatirələrinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi ənənə halını almışdı. Diqqətəlayiq haldır ki, o illərdə bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə Bakı və digər şəhərlərimizlə yanaşı, Moskvada, Sankt-Peterburq və SSRİ-nin digər yerlərində də Azərbaycandan olan görkəmli elm və sənət adamlarının xatirəsini əbədiləşdirməklə bağlı rəngarəng tədbirlər keçirilirdi.
Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin başçısı kimi yenidən hakimiyyətə qayıdışından sonra milli korifeylərimizin elmi, ədəbi və mədəni irsinin öyrənilməsi, təbliği, onların dünya miqyasında daha geniş tanıdılması istiqamətində ardıcıl və sistemli iş aparılmağa başlanıldı. Hansı ki, ulu öndər tərəfindən başlanan bu iş Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu gün də uğurla davam etdirilməkdədir. Elə bu günlərdə Xaçmaz şəhərində yenidənqurma işləri tam şəkildə başa çatdırılmış Şəxsiyyətlər muzeyi də ölkəmizdə tarixi-mədəni irsə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Bu gün Xaçmaz şəhərində fəaliyyət göstərən çoxsaylı muzeylərdən biri olan Şəxsiyyətlər muzeyinin tikintisinə 2006-cı ilin aprel-may aylarında başlanılıb. Heydər Əliyev küçəsinin N. Nərimanov və Rəsulbəyov küçələri ilə kəsişdiyi ərazidə yerləşən bu muzey iki hektar sahəni əhatə edir. İlkin olaraq orada ədəbiyyat, elm və incəsənət sahəsində ən çox tanınmış 15 nəfərə abidə ucaldılmışdı. 2006-cı ilin dekabr ayında Prezident İlham Əliyev Xaçmazda səfərdə olarkən, Şəxsiyyətlər muzeyini də ziyarət etdi, belə bir muzeyin salınması ilə bağlı ideyanı və onun icra formasını bəyəndi, məsləhət və tövsiyələrini bildirdi. Az sonra Xaçmaz təcrübəsi əsasında açıq səma altında muzeylər təşkilinə dair Prezident sərəncamı imzalandı. Sərəncamda Xaçmaz Rayon İcra Hakimiyyətinin bu sahədəki işi təqdir olundu və təcrübəsinin yayılması tövsiyə edildi.
Bu ilin mart ayında muzeyin daha təkmil dizayn əsasında yenidən qurulması və zənginləşdirilməsi işinə başlanıldı. İcra başçısı Şəmsəddin Xanbabayevin daimi, həm də birbaşa nəzarəti altında aparılan yenidənqurma işlərində, demək olar ki, bütün rayon ictimaiyyəti iştirak edirdi. Rayonun ən təcrübəli ustaları, həmçinin Bakı və digər rayonlardan dəvət edilmiş mütəxəssislər də bu işə cəlb olundu.
Yenidənqurma işləri mühəndis-memar Ələddin Qasımovun rəhbərliyi ilə aparılırdı. Muzeydə təmsil olunan şəxsiyyətlərin büstləri isə təcrübəli heykəltəraş Akif Əsgərov tərəfindən hazırlanırdı. Ərazidəki yaşıllaşdırma işləri Heybət Hacəliyevin "komandası" tərəfindən həyata keçirilirdi. Bu işdə aqronom Əmişah Əliosmanovun da zəhməti danılmazdır.
Özüm şahidiyəm, icra başçısı bu adamların hamısını adbaad tanıyırdı. Onların hər birinə gün ərzində bəzən bir neçə dəfə yaxınlaşaraq bu və ya digər memarlıq elementlərindən istifadə ilə bağlı uzun-uzadı fikir mübadiləsi edirdi. Bir sözlə, ən xırda məqamlar belə təkrar-təkrar müzakirə olunduqdan sonra nəyin necə olacağı barədə yekun qərar qəbul edilirdi. Xaçmazdakı Şəxsiyyətlər muzeyi bax beləcə ərsəyə gəldi. Şəmsəddin müəllimin təbirincə desək, Şəxsiyyətlər muzeyində yenidənqurma işləri tam şəkildə başa çatdırılıb. Bu muzeyin özü də artıq tamamlanmış bir sənət əsəridir. Orada daha heç nəyə toxunmaq olmaz. Beləliklə, Şəxsiyyətlər muzeyi yenidən xaçmazlıların və qonaqların sərəncamındadır. Buyurun, gəlin, yenilikləri öz gözlərinizlə görün. Hələlik Xaçmaza getmək imkanı olmayanları Şəxsiyyətlər muzeyi ilə qiyabi tanışlığa dəvət edirik:
Açıq səma altında olan bu muzeyin şimaldan və cənubdan üstü ağ daşla Şərq memarlığı üslubunda tikilmiş tağla bağlanan geniş və simvolik qapıları var. Cənub qapısının girişində sol tərəfdə ulu öndər Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin qoşa portreti durur. Təbiidir ki, bunun özündə də çox ciddi bir məntiq var. Yəni, bütün dövrlərdə millətin dünya miqyasında sayılan, seçilən şəxsiyyətlərinin xatirələrinin bu şəkildə əbədiləşdirilməsinin özü də ancaq və ancaq böyük şəxsiyyətlərə xas olan bir keyfiyyətidir. Hansı ki, ulu öndər Heydər Əliyev də, onun siyasi varisi olan möhtərəm cənab Prezidentimiz İlham Əliyev də bu cəhətdən artıq tarix yazan və tarixə düşən böyük şəxsiyyətlərdəndirlər.
Cənub qapısı qarşısında ilk rastlaşacağınız abidə Azərbaycan ədəbiyyatı tarixində hər birinin özünəməxsus yeri olan Molla Pənah Vaqif və Molla Vəli Vidadinin büstləridir. Onlar neçə əsr bundan öncə olduğu kimi sanki indi də qarşı-qarşıya dayanaraq deyişirlər. Onlardan sağ tərəfdə tanınmış gülüş ustaları Hacıbaba Bağırov, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova, Lütvəli Abdullayev və Əliağa Ağayevin yan-yana qoyulmuş büstlərindən ibarət mini kompleks diqqəti cəlb edir. Bu mənzərəni seyr edə-edə qeyri-ixtiyari olaraq beynimdən belə bir sual gəlib keçir: görəsən bu insanlar sağ olsaydılar, indi nədən gileylənərdilər, nəyə gülər, nəyə istehza edərdilər?!
Muzeyin şimal qapısı yanındakı iri lövhədə isə Hüseyn Cavidin "Turana qılıncdan kəskin ulu qüvvət, mədəniyyətdir, mədəniyyətdir, mədəniyyətdir" kəlamı diqqəti cəlb edir.
Şimal qapısı önündə mərkəzi planda Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan Xan Şuşinski, Qurban Pirimov və Habil Əliyevin büstləri ilə qarşılaşırıq. Onların timsalında qədim tarixə malik milli musiqi alətlərimizdən olan dəf, tar və kamançanın vəhdətini görürük.
Şimaldan cənuba doğru orta xətti boyunca sıralanan və Şərq memarlığı üslubunda tikilən dörd ədəd ellipsvari hovuz - fəvvarə muzey ərazisini iki hissəyə ayırır.
Qiyabi səyahətdə iştirak edənlərin də hiss etdiyi kimi, biz artıq Şəxsiyyətlər muzeyinin içərisindəyik. Digər qonaqlar kimi, biz də bir növ çaşıb qalmışıq. Bilmirik tanışlığa hansı tərəfdən başlayaq. İnanın, qeyri-ixtiyari olaraq adamın gözünün biri sağa, digəri sola baxır. Həm o tərəfdə, həm bu tərəfdə elə tarixi şəxsiyyətlərin abidəsi durur ki, istər-istəməz onlarla görüşü bir an sonraya saxlamağa ehtiyat edirsən. Bununla belə hamı kimi, biz də seçim etmək zorundayıq. Ya sağdan, yaxud da soldan tanışlığa başlamalıyıq.
Tərəddüdlərdən qoparaq bizdən öncə muzeyin qərb guşəsi boyunca addımlayan insanların ardınca böyük Füzulinin büstünə yaxınlaşırıq. Daha sonra Nəsimi, ondan bir qədər aralıda isə Cəlil Məmmədquluzadənin büstləri durur. Mərkəzə yaxın yerdə Natəvanın abidəsi, onun yanında isə zövqlə işlənmiş bulaq-kompleks ucaldılıb. Şəxsiyyətlər muzeyinin qərb guşəsi cənubda M. Ə. Sabir, C. Cabbarlı, M. F. Axundov və Məmməd Arazın abidələri ilə tamamlanır.
Orta xətdən, yəni hovuz-fəvvarələrdən şərq tərəfdə hiss olunacaq dərəcədə sıxlıqdır. Orada şimaldan cənuba doğru ön planda Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov və Şövkət Ələkbərovanın, bir qədər arxa planda isə Aşıq Ələsgər, Əliağa Vahid, Səməd Vurğun, Məmməd Səid Ordubadinin, akademiklər Yusif Məmmədəliyev və Azad Mirzəcanzadənin, Mikayıl Hüseynovun, söz və sənət adamlarından Süleyman Rüstəmin, Mirzə İbrahimovun, Səttar Bəhlulzadənin, Müslüm (oğul) Maqomayevin və Lütfiyar İmanovun abidələri ucaldılıb. Muzeyin şərq guşəsində orta xətt üzərində iri dairəli hovuz-fəvvarə, onun yanında isə ulu Nizaminin elə özü qədər əzəmətli heykəli diqqət çəkir. Diqqət etdinizmi, muzeydə təmsil olunan şəxsiyyətlərin hamısına büst, ulu Nizamiyə isə onun özünə və adına layiq əzəmətli bir heykəl qoyulub.
Muzeyin Nizamiyə aid bölməsi nisbətən daha əhatəli işlənib. Ön planda Leyli və Məcnun poemasından səhnə, daha sonra isə muzeyin divarları boyunca sıralanan və üstü şüşə örtüklə bağlanmış divardaxili taxça-lövhələrdə bir tərəfdə "Fərhadın hünəri", "İskəndər və çoban", "Bayquşların söhbəti", "İskəndər və Nüşabə", "Fitnə", "Məcnun və atası", "Fərhadın kədəri", "Şirinin çadırdan çıxması", "Sultan Səncər və qarı", digər tərəfdə isə "Kərpic kəsən qoca", "Slavyan şahzadəsi", "Qızılquş dastanı", "Fərhad və Şirin", "Məcnunun qarğa ilə söhbəti", "Fərhad Bisitunda", "Məcnunun fəryadı", "Şapurun Şirinə Xosrovun şəklini göstərməsi" səhnələri verilib.
Muzeyin Nizamiyə aid bölməsində şairin
iki şah misrası da diqqəti cəlb edir.
Digər seyrçilər kimi biz də ayaq saxlayaraq o misraları
dönə-dönə oxuyuruq və əziz
oxucular, sizlər üçün
də təkrar edirik:
"Çalış öz xalqının işinə yara,
Dünya əməlinlə geysin zər-xara",
* * *
Harada hünərə verilmiş qiymət,
O yerdə gün-gündən ucalmış
dövlət".
Oxucularda daha ətraflı təsəvvür yaratmaq naminə muzeylə bağlı bəzi statistik göstəriciləri də yada salmaq yerinə düşərdi. Orada ümumilikdə xalqımızın 40 nəfər tanınmış simasının abidəsi ucaldılıb. Muzeyin ərazisində 1200 kvadratmetr sahədə yaşıl zolaq salınıb, yol və cığırlara 1000 kvadratmetrə yaxın dekorativ plitə döşənib. Ərazidə 2 ədəd italyan şamı, 140 ədəd amerikan tuyası, 28 ədəd xallı yolka, 75 ədəd yumru yolka, 34 ədəd nanə kolu, 47 ədəd şəmşid nanə kolu, 9850 ədəd eventus kolu, 450 ədəd qızılgül kolu əkilib. Ərazi başdan-başa süni palma işıqları ilə işıqlandırılıb. İnsanların dincəlməsi və düşünməsi üçün əraziyə xüsusi olaraq hazırlanmış oturacaqlar qoyulub. Muzeyin ətrafında "Çay evi" və çoxsaylı digər xidmət obyektləri fəaliyyət göstərir. Hansı ki, həmin obyektlərdə əsasən çay, sərinləşdirici içkilər və dondurma verilir.
Xaçmazdakı Şəxsiyyətlər muzeyinə hələ ki, rəsmən muzey statusu verilməyib. Amma bununla belə artıq neçə ildir ki, muzeyin ərazisi gündəlik olaraq təmizlənir, oradakı ağaclar və yaşıllıqlar suvarılır, bitkilərə aqrotexniki tələblərə uyğun şəkildə qulluq edilir və s. Bir sözlə, ən azı 7-8 nəfər insan gecə-gündüz bu muzeyin nazını çəkir. İnanmaq istərdik ki, Mədəniyyət və Turizm Nazirliyi Prezident İlham Əliyevin açıq səma altında muzeylər təşkili ilə bağlı müvafiq sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq tez bir zaman ərzində Xaçmaz şəhərindəki Şəxsiyyətlər muzeyinin statusu məsələsini həll etməklə yaranmış qeyri-müəyyənliyə son qoyacaqdır.
Hər bir muzey ilk növbədə vətənin və millətin tarixi keçmişini daha dərindən və hərtərəfli şəkildə təqdim etmək missiyasına xidmət edir. Muzeylər, həmçinin milli-mənəvi dəyərlərimizin daşıyıcısı və göstəricisi olan şəxsiyyətlərin xidmətlərinin güzgüsüdür. Məsələn, Xaçmazdakı Şəxsiyyətlər muzeyi ilə tanışlıq zamanı görün nə qədər insanın ömür yolu və xidmətləri göz önünə gəlir. O insanlara ki, onların adı vətənimizin və xalqımızın tarixinə qızıl hərflərlə daxil olub. O insanlar ki, onlardan hər birinin sənəti və xidmətləri barədə uzun-uzadı danışmaq olar.
Gəlin ulu Nizamidən başlayaq. İstər Şərqdə, istərsə də Qərbdə kimi onunla bir tərəziyə qoymaq olar?! Məgər təsadüfi olaraq onu poeziyanın günəşi adlandırıblar?! Qalaktika sistemində bir Günəş olduğu kimi, elə poeziya dünyasının da bir günəşi var ki, o da ulu Nizamidir. XII əsrdə Azərbaycan torpağında - Gəncədə parlayan o günəş səkkiz əsr yarımdan çoxdur ki, planetimizin hər tərəfinə poeziya nuru saçır. Əsrlər ötsə də, nəsillər dəyişsə də, şairlər ordusunun sıraları hər gün artsa da Nizami poeziyası, Nizami dühası bu gün də əlçatmaz zirvə olaraq qalmaqdadır. Görün, təkcə Azərbaycanda Nizaminin söz mülkündən ilham alaraq parlayan, təkcə zəmanəsində deyil, həm də bütün dövrlərdə, özü də kifayət qədər geniş coğrafi məkanda tanınan, məşhur olan neçə-neçə şairimiz var. Nəsimi, Füzuli, Vaqif, Vidadi, Səməd Vurğun, Müşfiq, Şəhriyar, Süleyman Rüstəm, Rəsul Rza və neçə-neçə qeyriləri.
Möhtərəm oxucular, mən bu yerədək Xaçmazdakı Şəxsiyyətlər muzeyi ilə qiyabi tanışlıqda sizə bələdçilik etməyə çalışdım. Etiraf edim ki, bu işin öhdəsindən lazımınca gələ bilmədim. Tamaşaçı üçün maraqlı ola biləcək bir çox məqamlara toxuna bilmədim. Məsələn, muzeyin kənarları boyunca divarlarda xüsusi olaraq hörülmüş irili-xırdalı taxçalarda (onların sayı 155 ədəddir) nümayiş etdirilən çoxsaylı və bir-birindən maraqlı səhnələr və eksponatlar barədə ümumiyyətlə söhbət açmaq imkanım olmadı. Abidəsi önündən keçdiyimiz söz, sənət və elm fədailəri və onların tarixi xidmətləri barəsində də sizinlə həmsöhbət ola bilmədim. Razılaşın ki, bir qəzet məqaləsində bütün bunları etmək əslində mümkün olmayan bir işdir. Odur ki, əziz oxucu, görünür, Şəxsiyyətlər muzeyi ilə daha yaxından tanışlıq üçün özünüz Xaçmaza getməli olacaqsınız. Düşünürəm ki, xalqımızın zaman-zaman bəşər mədəniyyəti xəzinəsinə bəxş etmiş olduğu o dahi, o mütəfəkkir insanları daha yaxşı tanımaq, onların xidmətlərindən daha ətraflı hali olmaq üçün Xaçmaza getməyə dəyər.
Mənim aləmimdə Xaçmaz muzeyi həm bugünkü, həm də gələcək nəsillər üçün çox dəyərli bir nümunədir. Vətənimizin və xalqımızın siması olan korifey insanlara diqqət və məhəbbət nümunəsidir bu muzey. Nəhayət, Xaçmaz Rayon İcra Hakimiyyətinin, bütövlükdə Xaçmaz ictimaiyyətinin bu sahədəki işini və təcrübəsini müsbət nümunə kimi təbliğ və tətbiq etməyə dəyər.
Q. CƏFƏROĞLU,
"Xalq qəzeti"nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 22 sentyabr.- S.
5.