Azərbaycanın
xarici siyasətində region
ölkələri ilə əməkdaşlığa böyük önəm verilir
Hər bir dövlətin üzərinə
öz varlığını qorumaq, mövcudluğunu təmin
etmək və daha perspektivli gələcəyi
üçün zəmin yaratmaq kimi möhtəşəm vəzifələr
düşür. Bunun üçün güclü iqtisadiyyat
formalaşdırılmalı, ordu quruculuğu diqqət mərkəzində
saxlanılmalı və ən başlıcası mükəmməl
xarici siyasət kursu yaradılmalıdır. Müstəqil Azərbaycanın
1991-93-cü illərdə yaşadığı hadisələr,
üzləşdiyi ictimai-siyasi proseslər bir daha sübut etdi
ki, güclü iqtisadiyyatı, mütəşəkkil ordusu və
mükəmməl xarici siyasəti olmayan dövlət
yaşamaq hüququndan məhrumdur. Çünki 1993-cü
ilin yayında Azərbaycanın dövlət müstəqilliyi
faktiki olaraq süqutun bir addımlığında idi. Nə
yaxşı ki, tale həmin qara günü bizə ikinci dəfə
yaşatmadı. Böyük dövlət qurucusu olan ulu
öndər Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışı ilə təkcə xalqa qurtuluş,
milli dövlətçiliyimizə nicat gəlmədi. Həm
də 50-100 il sonra yaşayacaq nəsillərimiz
üçün böyük bir dövlətçilik məktəbi
yarandı, siyasi idarəetmə kursu
formalaşdırıldı.
Heydər
Əliyev dövlətçilik məktəbinin ən
mühüm tərkib hissələrindən biri də ölkəmizin
milli və dövlətçilik baxımından bütün
maraqlarına yüksək səviyyədə cavab verən
xarici siyasət kursunun işlənib hazırlanması idi.
Çünki 90-cı illərin əvvəllərində
yaranmış digər gənc müstəqil dövlətlər
mövcud olan xarici siyasət kursu ilə pis-yaxşı fəaliyyət
göstərə bilirdilər. Azərbaycanda mövcud
olmuş xarici siyasət prinsipləri, beynəlxalq əməkdaşlıq
və qarşılıqlı əlaqələr isə
(onların böyük əksəriyyəti 1970-82-ci illərdə
ulu öndər Heydər Əliyev tərəfindən
formalaşdırılmışdı) faktiki olaraq məhv
edilmiş, ölkə beynəlxalq aləmdən tamamilə təcrid
olunmuşdu. Düşünülmüş siyasət yeridilmədiyinə
görə ölkə əhalisi dövlətçiliyin
qorunması üçün səfərbər edilməmiş,
diplomatik və siyasi imkanlar dövlət müstəqilliyimizə
qarşı yönələn təhlükələrin aradan
qaldırılmasına istiqamətləndirilməmiş,
aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla
əməkdaşlığa cəhd edilməmişdi. Əksinə,
ölkə rəsmiləri bütün ölkələri Azərbaycanın
düşməni elan etmişdilər. Heydər Əliyev bu
eybəcər fəsadların qarşısını
almalı idi və aldı.
Heydər
Əliyev müstəqil Azərbaycanın xarici siyasətinin əsas
prioritetlərini müəyyən edərkən qətiyyətlə
söyləyirdi ki, bu kursun əsas vəzifəsi dövlət
müstəqilliyimizi qorumaq və möhkəmləndirmək,
ölkənin təhlükəsizliyini, milli dövlətçilik
hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik
sistemi ilə bağlamaqdan ibarətdir. Həmin prioritet bu
gün də Azərbaycanın xarici siyasət kursunun əsas
vəzifələrindən birini təşkil edir. Ölkə
ərazisindən xarici işğalçı ordunun
çıxarılmasına, ərazi
bütövlüyümüzün bərpa edilməsinə qədər
həmin vəzifələr prioritet olaraq qalacaqdır.
Qeyd
olunan bu vəzifələri lazım olan səviyyədə
reallaşdırmaq üçün məhz Heydər Əliyev
dühası tərəfindən işlənib
hazırlanmış balanslaşdırıcı xarici siyasət
kursunun icrasına çox böyük ehtiyac vardır.
Çünki bizim respublikamızın da yerləşdiyi
Avrasiya regionunda dövlətlərin hərbi təhlükəsizliyini
təmin edən iki sistem - "Kollektiv Təhlükəsizlik
Müqaviləsi" və NATO hərbi bloku mövcuddur. Azərbaycanın
uğurlu xarici siyasəti bu təşkilatların birincisində
söz sahibi olan Kreml ilə də, ikincisinin hegemonu kimi qəbul
edilən Ağ evlə də mükəmməl və
qarşılıqlı səmərəli əməkdaşlıq
yaratmışdır. Rəsmi Bakının yeritdiyi bu
tarazlaşdırıcı siyasətin qeyd olunan qütblərin
heç birində qıcıq və ya qısqanclıq
yaratmadığı artıq 10 ildən çoxdur ki,
hamıya məlumdur. Kreml rəsmiləri Azərbaycanı
postsovet məkanının ən etibarlı tərəfdaşlarından
biri kimi qəbul edərək rəsmi Bakı ilə əlaqələrin
genişləndirilməsini daim gündəlikdə
saxlayır, yeni-yeni əməkdaşlıq yolları
arayırlar. Ağ ev rəsmiləri isə Azərbaycanı
"Qafqazlarda və Orta Asiyada Vaşinqton üçün ən
lazımlı, vaz keçilməsi mümkün olmayan
partnyor" adlandırmaqla region ölkələrinə
müvafiq mesajlar göndərirlər. Azərbaycanın
öz neftini və qazını Avropa ölkələrinin
enerji təhlükəsizliyinin təmin edilməsi
üçün göndərməsi də ABŞ-ın maraq
dairəsindədir. Deməli, Heydər Əliyev xarici siyasəti
milli dövlətçiliyimizin beynəlxalq aləmdə ən
yüksək səviyyədə dəstəklənməsi
üçün rəsmi Bakıya müvafiq şərait
yaratmışdır. Yəni, regiondakı güc mərkəzlərinin
hər ikisi Azərbaycanın dostudur.
Bununla
belə region ölkələri ilə ayrı-ayrılıqda
- ikitərəfli əməkdaşlığın genişləndirilməsi
də bizim üçün xüsusi önəm kəsb edir.
Çünki burada NATO-dan və "Kollektiv Təhlükəsizlik
Müqaviləsi"ndən uzaqda dayanan, özünü
ayrıca güc kimi təqdim edən İran, regionun ən
qüdrətli ordusuna malik olan Türkiyə, Qərbyönümlü
inkişaf yolu seçərək xüsusi nümunələr
formalaşdıran Gürcüstan, bir neçə beynəlxalq
təşkilatda ən ali səviyyədə təmsil olunan
Qazaxıstan, heç bir bloka qoşulmaq istəməyən
Türkmənistan və nəhayət, işğalçı
Ermənistan dövlətləri vardır. Ulu öndər Heydər
Əliyev Moskva ilə olduğu kimi Tehranla da hərtərəfli
əməkdaşlığa böyük önəm verərək
deyirdi ki, Azərbaycanla İran özləri qonşu
olmayıblar. Bizi ulu Tanrı qonşu edibdir və biz həmin
iradəyə qarşı gedə bilmərik. Biz İranı
qonşu, dost, qardaş ölkə kimi həmişə
özümüzün tərəfdaşı, müttəfiqi
hesab etmişik və bundan sonra da Bakı həmin siyasətə
sadiq qalacaqdır. Prezident Heydər Əliyevin Prezident Rəfsəncani
ilə və Prezident İlham Əliyevin Prezident Mahmud Əhmədinejadla
şəxsi dostluq münasibətləri Azərbaycan-İran
münasibətlərinin tarixinə xüsusi səhifələr
yazmışdır. Təsadüfi deyil ki, bu gün Azərbaycan-İran
əməkdaşlığı heç zaman olmayan bir səviyyədə
genişlənmişdir. İranın Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli
şəkildə həll edilməsi üçün göstərdiyi
səylər, Tehranın Dağlıq Qarabağın Azərbaycan
ərazisi olduğu barədə dönə-dönə rəsmi
bəyanatlar verməsi dünya ictimaiyyətinin gözü
qarşısındadır. Rəsmi Bakının beynəlxalq
aləmdəki bir neçə ictimai-siyasi proses zamanı
nümayiş etdirdiyi qətiyyət və atdığı
addımlar Tehranda ehtiramla qarşılanmış, Azərbaycana
olan dostluq, qardaşlıq inamı daha da artmışdır.
Azərbaycanın
regionda ən böyük dostlarından, tərəfdaşlarından
biri, bəlkə də birincisi Türkiyə Cümhuriyyətidir.
Respublikamız dövlət müstəqilliyi əldə
etdiyi ilk günlərdən Azərbaycanın yanında olan
Türkiyə ilə əməkdaşlığımız tərəflərin
hər ikisini qane edən, hər iki tərəfin
maraqlarına yüksək səviyyədə cavab verən səviyyədədir.
Bu əməkdaşlığa son günlər daha bir önəmli
stimul verildi. Prezident İlham Əliyevin Türkdilli ölkələrin
X Zirvə görüşündə iştirak etmək
üçün İstanbula etdiyi səfər çərçivəsində
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının qurulması haqqında Birgə Bəyannamə
imzalandı. İki qardaş ölkənin əməkdaşlığının
və tərəfdaşlığının miqyasını
genişləndirəcək bu şura sözün həqiqi mənasında
Azərbaycan- Türkiyə münasibətlərinin tərəqqisinə
bir töhfədir. Yeri gəlmişkən, dövlət
başçımızın da iştirak etdiyi İstanbul
sammitində Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurası adlı daha möhtəşəm bir qurum da
formalaşdırılmışdır.
Biz
yuxarıda Azərbaycanın qonşuları - region ölkələri
barədə söz açarkən Qazaxıstanın və
Türkmənistanın da adını çəkmişdik. Hər
iki ölkə bizim Xəzəryanı ölkələr
baxımından qonşumuzdur və bu ölkələrin hər
ikisi Türkdilli Ölkələrin Zirvə
toplantısında fəal iştirak edirdilər. Hələ Bakı-Tbilisi-Ceyhan
neft ixrac kəmərinin layihəsi üzərində iş
gedərkən ulu öndər Heydər Əliyev söyləmişdi
ki, vaxt gələcək Qazaxıstan da öz neftini bu
marşrutla nəql etmək istəyəcək. Həmin vaxt gəlib
və Qazaxıstan nefti Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri vasitəsilə
dünya bazarına nəql edilir. Türkmənistana gəlincə
isə qeyd edək ki, doktor Qurbanqulu Berdiməhəmmədovun
bu ölkədə dövlət başçısı
seçilməsindən sonra Aşqabad nəinki Bakı ilə,
habelə bütün dünya ölkələri ilə sivil
münasibətlər qurulmasına nail olub. Yəni qonşu
türk dövləti olan Türkmənistan Azərbaycanın
xarici siyasət kursu ilə tam razıdır və
Aşqabadın heç bir xarici ölkə ilə, o cümlədən
də Azərbaycanla anlaşılmayan heç bir məsələsi
qalmayıb. Bu tendensiya Xəzərin statusunun müəyyənləşdirilməsi
üçün aparılan danışıqlarda da
özünü göstərir.
Beləliklə, Azərbaycanın xarici siyasətində böyük önəm verilən region ölkələri ilə əməkdaşlığın genişləndirilməsi məsələsi nəinki gündəlikdən düşmür, əksinə, yeni çalarlar alır, yeni variantlarla zənginləşir. Bu isə müstəqil Azərbaycanın qüdrətlənməsi üçün növbəti zəmin yaradır.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 22 sentyabr.- S.
1.