İlk peşə - ixtisas
təhsilinə diqqət artmaqdadır
Son illər ölkəmizdə həyata
keçirilən davamlı təhsil islahatı təhsilin
bütün sferalarına öz müsbət təsirini
göstərməkdədir. Söz yox ki, ilk peşə təhsilinin
inkişafında da bu islahatların əhəmiyyətli rolu
vardır.
Cənab
Prezident İlham Əliyevin 2007-ci il 3 iyul tarixində
imzaladığı sərəncamla təsdiq olunmuş
"Azərbaycan Respublikasında texniki peşə təhsilinin
inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci
illər)" bu sahənin əsaslı şəkildə yenidən
qurulması üçün güclü stimul yaratdı. Bununla
bağlı Təhsil Nazirliyində xüsusi Fəaliyyət
Planı hazırlanmışdır ki, onun əsasında ilk
peşə təhsili müəssisələrində son illər
əsaslı yeniliklər həyata keçirilmiş və
keçirilməkdədir. Qəbələdə 2008-ci ildə
yaradılmış yeni Turizm və Otelçilik üzrə
Peşə Tədris Mərkəzi, İsmayıllıdakı
yeni yaradılan peşə məktəbi artıq bu sahədə
müasir tipli, yeni ixtisaslar öyrədən peşə təhsili
müəssisələrinin yaradılmasına start verildiyindən
xəbər verir.
Sentyabrın
13-də 7 saylı Bakı Peşə Liseyində keçirilən
ilk peşə təhsili rəhbərlərinin konfransında
çıxış edən təhsil naziri Misir Mərdanov bu
yeniliklərdən ətraflı bəhs etdi və
qarşıda duran vəzifələrdən
danışdı.
Bütün
nailiyyyətlərimizin mənbəyi bundan ibarətdir ki, cənab
Prezidentimiz ilk peşə təhsilinin inkişafını həmişə
diqqət mərkəzində saxlayır. Elə bu
yaxınlarda peşə təhsili müəssisələrinin
təmiri üçün əlavə vəsait
ayrılması da onu sübut edir ki, peşə təhsilinin
inkişafına dövlətimiz, onun rəhbəri tərəfindən
güclü dəstək var. Bu yaxınlarda təhsil
işçilərinin əmək haqlarının, eyni zamanda,
tələbələrin və peşə məktəbləri
şagirdlərinin təqaüdlərinin artırılması
bunu bir daha təsdiq edir.
Bu
gün ölkəmizdə Təhsil Nazirliyi tabeliyində 108
peşə təhsili müəssisəsi fəaliyyət
göstərir. Həmin məktəblərdə təhsil alan
şagirdlərin sayı ötən tədris ilində 25200 nəfər
idi. Bu il isə yeni, müasir ixtisaslar yaradılıb.
Konfransda
deyilən bir faktı nəzərə çatdırmaq istərdim.
Əgər 2005-ci ildə peşə təhsilinin maliyyələşdirilməsinə
7,2 milyon manat vəsait ayrılmışdısa, 2010-cu ildə
bu vəsait 26,9 milyon manat olmuşdur. Görün, 5 il ərzində
bu sahədə dövlət vəsaiti nə qədər
artırılmışdır. Bu o deməkdir ki, dövlətin
təhsilin bu sahəsinə qayğısı ilbəil
artır.
Çox əlamətdardır ki, son illər təhsilin bu sahəsində yeni texnologiyalar sürətlə tətbiq olunmağa başlamışdır. Əgər 2009-cu ildə peşə məktəblərimizdə kompyuter siniflərinin sayı 66 idisə, 2010-cu ildə onların sayı 91-ə çatdırılmışdır. Kompyuterlərin sayı 2008-ci ildə 194 ədəd idisə, 2010-cu ildə 494 olmuşdur.
Təkcə ötən il Nazirlər Kabineti peşə təhsili ilə bağlı bir neçə qərar vermişdir. Onlar "İlk peşə ixtisas təhsili pilləsinin dövlət standartları və proqramı (kurrikulum)", "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydaları", "Təhsil proqramlarının (kurrikulumlarının) yerinə yetirilməsi müddəti" adlı qərarlardır ki, bunlar hazırda peşə təhsili sistemində tətbiq olunur.
Bu gün
peşə təhsili müəssisələrində 6480 nəfər
işçi çalışır. Onların əsas hissəsi istehsalat təlimi ustalarıdır. Bizim müəllimlər tez-tez ixtisaslaşdırma
kurslarında olur, yeni texnikanı, texnologiyanı mənimsəyirlər.
Rəhbərlik etdiyim 5 saylı Bakı Peşə liseyi də son illər öz fəaliyyətini xeyli təkmilləşdirmişdir. Bizim məktəb
uzun illər idi ki, təmir
olunmurdu. Nəhayət
ki, bu il əsaslı təmir planına salınmışdır. Məktəbin bir korpusunun dam örtüyü dəyişdirilmiş,
pəncərələr yenisi
ilə əvəz olunmuşdur. 2012-ci ilə qədər bizim məktəb əsaslı təmir olunmalıdır.
Bizim məktəbdə
şagirdlər iki ixtisas üzrə təhsil alırlar. Bunlar mühasib-fərdi
kompyuter operatoru və kompyuter operatoru ixtisaslarıdır.
Bütövlükdə məktəbimizdə 400-ə yaxın şagird təhsil alır. Onlar həm 9-cu sinfi bitirmiş uşaqlar, həm də 11-ci sinif məzunlarıdır.
Burada 70 nəfərə yaxın müəllim və istehsalat təlimi ustası çalışır.
Uzun illər
bu sahədə çalışan mütəxəssis
kimi deyə bilərəm ki, heç vaxt texniki peşə təhsilinə bu qədər qayğı göstərilməmişdir. İndi həm
nazirimiz Misir Mərdanov, həm də nazirliyin Texniki peşə təhsili şöbəsinin
müdiri Namiq Məmmədov daimi bizim problemlərimizlə maraqlanır və vaxtlı-vaxtında lazımi
köməklik göstərirlər.
İndi
peşə məktəblərində
də mərkəzləşdirilmiş
qaydada buraxılış
test imtahanları keçirilir.
Onun müsbət nəticələri
artıq özünü
büruzə verməkdədir.
Bu, uşaqların məsuliyyətini artırır,
onlar bu imtahanlara çox ciddi hazırlaşırlar.
Son illər peşə
təhsili üzrə
xarici ölkələrin
təcrübəsi də
öyrənilir. Bizim müəllimlər xarici ölkələrdə
kurslar keçirlər.
Bu, işimizə müsbət təsir göstərir, onların öyrəndikləri təcrübə
bizim məktəblərdə
tətbiq olunur.
Azərbaycanda peşə təhsilinin böyük perspektivləri
var. Belə ki, ölkəmiz gündən-günə
inkişaf edir, yeni istiqamətli zavodlar, fabriklər yaranır. Bunlarda çalışmaq üçün bizim kadrlara gələcəkdə
daha böyük ehtiyac olacaqdır. Ona görə də çalışırıq bu
gün işimizi elə quraq ki, hazırladığımız
bu kadrlar ölkəmizdə gedən
quruculuq işlərində
fəal iştirak etsinlər, müstəqil
Azərbaycanımızın çiçəklənməsinə öz töhfələrini
versinlər.
Mərhəmət ASLANOVA,
5 nömrəli Bakı Peşə Liseyinin direktoru
Xalq qəzeti.- 2010.- 23 sentyabr.- S.
7.