Azərbaycan iqtisadiyyatının dinamik inkişafı davam edir

 

Son illər Azərbaycan sosial-iqtisadi sahələrdə bir sıra uğurlar əldə etmiş, neft sahəsinin, qeyri-neft sektorunun davamlı inkişafına nail olunmuşdur. Regional inkişaf proqramının, habelə digər mühüm sənədlərdə nəzərdə tutulmuş tədbirlərin yüksək səviyyədə reallaşdırılması nəticəsində yeni iş yerlərinin və müəssisələrin yaradılması, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, iqtisadiyyata investisiya qoyuluşlarının artırılması, yoxsulluğun azaldılması və s. məsələlər öz müsbət həllini tapmışdır. Dövlət Statistika Komitəsinin cari ilin ötən 8 ayının sosial-iqtisadi inkişafı ilə bağlı yaydığı məlumatlardan da bunu aydın görə bilərik.

 

Adıçəkilən komitənin hesablamalarına görə, 2010-cu ilin yanvar-avqust aylarında ölkə sənayesində istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 3,8 faiz artaraq 18,3 milyard manat təşkil etmişdir. Mühüm sənaye məhsullarından xam neftin hasilatı 2,2 faiz artaraq 34,3 milyon ton, əmtəəlik təbii qaz hasilatı 0,9 faiz artaraq 11,3 milyard kubmetr olmuşdur. Səkkiz ayda sənayenin neft sektorunda 2,6 faiz, qeyri-neft bölməsində isə daha çox - 9,8 faiz səviyyəsində artım müşahidə olunmuşdur. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 82 faizini təşkil etmiş, ümumi istehsalın 93,4 faizi sənaye mallarının (əmtəələrin), 6,6 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Məhsulun 76,5 faizi mədənçıxarma bölməsində, 18,2 faizi emal bölməsində, 4,7 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. Sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmişdir.

Statistika Komitəsinin məlumatında o da bildirilir ki, 2010-cu ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz, yaxud müqayisəli qiymətlərlə 830,9 milyon manat çox əlavə dəyər istehsal olunmuşonun ümumi həcmi 26,2 milyard manata çatmışdır. ÜDM-in 66,6 faizi məhsul istehsalı sahələrində, o cümlədən 55,1 faizi sənaye müəssisələrində, 6,8 faizi inşaat kompleksində, 4,7 faizi isə aqrar bölmədə istehsal olunmuşdur. Xidmət sahələrində yaradılmış əlavə dəyərin 6,3 faizi nəqliyyat, 7,9 faizi ticarət, pullu xidmət və ictimai iaşə, 2 faizi rabitə, 10,7 faizi digər sahələrin payına düşmüşdür. Məhsula və idxala tətbiq olunmuş vergilər ÜDM-in 6,5 faizini təşkil etmişdir.

Orta hesabla adambaşına 2939 manatlıq (3657,7 ABŞ dolları) ÜDM istehsal olunmuş və 2009-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 2,7 faiz artmışdır.

Bu ilin ötən aylarında kənd təsərrüfatı məhsulları istehsalında artım müşahidə edilmişdir. Nəticədə bəzi məhsulların istehlak bazarında ucuzlaşması özünü göstərmişdir. Məsələn, diri mal-qara və heyvandarlıq məhsullarının qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz ucuzlaşmışdır. Bu, qoyun ətinin (diri çəkidə), qaramalquş ətinin (diri çəkidə), yumurtanın qiymətlərində də nəzərə çarpmışdır.

Avqust ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri əvvəlki aya nisbətən 6,8 faiz ucuzlaşmış, sərnişindaşıma tarifləri 0,4 faiz artmışdır. Dəmir yolunda yükdaşıma tarifləri xarici ölkələrarası gətirilmə üzrə 4,2 faiz, tranzit yüklərin daşınması üzrə 1 faiz ucuzlaşmışdır. Dəmir yolu vasitəsilə sərnişindaşıma tarifləri beynəlxalq əlaqədə 2,6 faiz bahalaşmış, yerli əlaqə üzrə isə heç bir dəyişiklik olmamışdır. Hava nəqliyyatında sərnişindaşıma tarifləri ay ərzində 0,6 faiz artmış, yükdaşıma tariflərində isə heç bir dəyişiklik olmamışdır. Boru kəməri nəqliyyatında yükdaşıma tarifləri 13,6 faiz ucuzlaşmışdır. Cari ayda mobil telefon rabitəsi və internet tariflərinin müvafiq olaraq 0,1 və 0,5 faiz ucuzlaşması nəticəsində ümumilikdə telekommunikasiya tarifləri 0,1 faiz aşağı düşmüşdür.

İdxal - ixrac əməliyyatlarında da müsbət göstəricilər qeydə alınmışdır. Belə ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda qeydiyyatda olan hüquqifiziki şəxslər dünyanın 135 ölkəsindəki tərəfdaşları ilə 15,5 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 12 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 3,5 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 8,5 milyard dollarlıq müsbət saldo yaranmışdır. 2009-cu ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 48,7 faiz, o cümlədən ixrac 1,7 dəfə, idxal 6,6 faiz artmışdır. İdxal-ixrac əməliyyatlarının 56,1 faizi Avropa, 33,3 faizi Asiya, 9 faizi Amerika, 1,3 faizi Afrika qitəsi ölkələrinin, 0,3 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının 26,7 faizi İtaliya, 7,7 faizi İsrail, 7 faizi Amerika Birləşmiş Ştatları, 6,9 faizi Fransa, 6,6 faizi Rusiya Federasiyası, 4,8 faizi Ukrayna, 4 faizi İndoneziya, 3,5 faizi Çin, 3,2 faizi Türkiyə, 2,6 faizi Malayziya, 2,3 faizi Xorvatiya, 2,1 faizi Hindistan, 1,8 faizi Almaniya, 1,6 faizi Gürcüstan, qalan 19,2 faizi digər dövlətlərlə aparılmışdır.

İstehlak bazarında da müsbət meyillər özünü göstərmişdir. Bu ilin yanvar-avqust ayları ərzində əhali istehlak bazarından 8,5 milyard manatlıq istehlak malları almış və 2,8 milyard manatlıq pullu xidmətlərdən istifadə etmişdir. Ötən ilin səkkiz ayına nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,3 faiz, o cümlədən ərzaq məhsullarının satışı 7,4 faiz, qeyri-ərzaq mallarının satışı 11,2 faiz, pullu xidmətlərin həcmi 10,2 faiz artmışdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 23 sentyabr.- S. 1.