Güclü iqtisadiyyata malik olan dövlət hər şeyə qadirdir

 

Azərbaycanda aparılan irimiqyaslı işlər də bunu təsdiqləyir

 

Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması, dünya miqyasında mövqelərini getdikcə möhkəmləndirməsi, əlaqələrini daha da genişləndirməsi tanınmış ekspertlər, habelə iqtisadçılar tərəfindən yüksək qiymətləndirilir. Ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi təsadüfi deyil. Bundan ötrü Azərbaycan uzun, çətin, mürəkkəb bir yol qət etmiş, bütün sahələr üzrə uğurlu islahatlar aparmış, iri infrastruktur layihələrin reallaşdırılması istiqamətində qətiyyətlik nümayiş etdirmiş, qarşıya çıxan bütün maneələr aradan qaldırılmışdır.

 

Azərbaycanda iqtisadi və sosial inkişafın, dövlət quruculuğunun əsası 1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra qoyulmuşdur. Ümummilli liderin ikinci dəfə hakimiyyətdə olduğu 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixində həlledici illər kimi qalacaq. Azərbaycanda əsaslı dövlət quruculuğu, müstəqilliyimizin möhkəmləndirilməsi, davamlı siyasi sabitliyin yaradılması, özünü müstəqil dövlət kimi dünya birliyinə təqdim etməsi məhz o illərdə baş vermişdi. Azərbaycan demokratik prinsiplərin inkişafına xüsusi diqqət yetirən bir ölkə kimi dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq etmiş, bir müddət sonra isə həmin təşkilatların üzvü olmuşdur. Hazırda ölkəmiz ATƏT, Avropa Şurası, NATO, MDB, QİƏT Parlament Assambleyaları, Avropa Parlamenti, Cənubi Avropa Ölkələrinin Parlament Assambleyası, İslam Konfransı Təşkilatı Parlament Assambleyası, Beynəlxalq Parlament Birliyi və digər nüfuzlu təşkilatlarla sıx əməkdaşlıq edir.Azərbaycan beynəlxalq konvensiyalara qoşulmaq sahəsində də çox fəallıq göstərilmiş, qəbul olunan bütün qanunlar beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və referendum yolu ilə 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizin gələcək yolunu birdəfəlik müəyyənləşdirdi.

Azərbaycanın xarici ölkələrlə əməkdaşlığı istiqamətində atılan qətiyyətli addımlar ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu xeyli artırmışdır. Artıq dünya dövlətlərində Azərbaycanın demokratik, sülhsevər bir ölkə olması barədə tam əminlik yaranmışdır. Ölkədəki davamlı ictimai-siyasi sabitlik böyük həcmdə investisiyalar axınına zəmin yaratmışdır. Bu illər ərzində dövlətçiliyin əsasları tam şəkildə qurulmuşdur. Azərbaycanın iqtisadi inkişafında əsaslı dönüş yaradılmışdır. Ulu öndər deyirdi ki, iqtisadiyyatı möhkəm olan dövlət hər şeyə qadirdir. Məhz ölkəmizin iqtisadi qüdrətinin getdikcə artması bütün sahələrdə olduğu kimi, milli ordunun formalaşmasına, qüvvətlənməsinə də öz təsirini göstərmişdir. Bu on il ərzində Azərbaycan çox böyük çətin və şərəfli bir yol keçərək müstəqilliyini möhkəmləndirmiş, iqtisadi cəhətdən xeyli qüdrətlənmiş, demokratik ölkə kimi regionda mövqelərini daha da möhkəmləndirmiş və beynəlxalq aləmdə əlaqələrini genişləndirmişdir.

Müdrik şəxsiyyət Heydər Əliyevin yarımçıq qalmış işlərini onun siyasi məktəbinin ən layiqli yetirməsi davam etdirə bilərdi. Ulu öndər 2003-cü il oktyabrın 1-də xalqa ünvanladığı müraciətində də bunu demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Yüksək intellektual səviyyəli, praqmatik düşüncəli, müasir dünya iqtisadiyyatını və siyasətini mükəmməl bilən möhtərəm Prezidentimiz İlham Əliyev böyük tarixi şəxsiyyətin siyasi kursunu layiqincə davam etdirdi. Onun ölkəyə rəhbərliyi dövründə iqtisadiyyatımız yüksələn xətt üzrə inkişaf etdi. Ümumi daxili məhsul istehsalının həcmi sürətlə artdı. Azərbaycan nəinki postsovet məkanında, bölgədə, həmçinin beynəlxalq aləmdə yüksək nüfuz sahibi oldu. Ölkə iqtisadiyyatı gücləndikcə, əhalinin həyat səviyyəsi yaxşılaşır, yeni yerləri açılır, iri infrastruktur layihələri reallaşdırılır, ərzaq təhlükəsizliyi təmin edilir.

Azərbaycan böyük bir tikinti meydançasını xatırladır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsi, nəzərdə tutulan layihələrin həyata keçirilməsi istiqamətində görülən işlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırdı. Artıq elə bir dövr yetişib ki, Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihəni reallaşdırmaq mümkün deyil. Çünki ölkəmizin və onun başçısı İlham Əliyevin bütün təşəbbüsləri, irəli sürdüyü layihələr öz səmərəsini verməkdədir. Həyata vəsiqə alan bu layihələr həm bizim ölkəmizə, həm də bizimlə əməkdaşlıq edən digər tərəfdaşlarımıza çoxlu xeyir gətirir. Hamıya məlumdur ki, belə layihələri həyata keçirmək necə çətindir. Bundan ötrü böyük maliyyə imkanları ilə bərabər möhkəm iradə, cəsarət və öz siyasətinə sədaqət lazımdır. Bütün bunları nümayiş etdirən möhtərəm Prezidentimiz çoxlarının şübhə ilə yanaşdığı Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzrum qaz kəmərlərinin reallaşmasına, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisinin başlanılmasına nail oldu. Artıq Azərbaycanın təbii sərvətləri bu kəmərlər vasitəsilə Avropayadünya bazarlarına çıxarılır. Bu da ölkəmizin iqtisadi qüdrətini, gücünü daha da artırmış, Azərbaycanı inkişaf etmiş dövlətlər cərgəsinə qoşmuşdur.

Son iki ildə qlobal maliyyə və iqtisadi böhranın dünyanın ən iri şirkətlərini müflisləşdirməsinin, bir sıra ölkələrin iqtisadiyyatına mənfi təsir etməsinin şahidi olduq. Azərbaycanda isə hər şey əksinədir. Təbii ki, biz quru rəqəmlərə yox, faktlara istinadən ölkəmizin böhran dövründəki iqtisadi inkişafından söhbət açırıq. Böhranın ən qızğın dövründə - 2009-cu ilin əvvəlində dövlət başçısının sərəncamı ilə Azərbaycanda pensiyaların sığorta hissəsində artım oldu. Bu il isə təkcə pensiyaların baza hissəsi yox, minimum əmək haqqı, müxtəlif sahələrdə çalışanların əmək haqları artırıldı.

Prezident İlham Əliyevin dövlət siyasətinin əsas prioritetlərindən biri insan hüquq və azadlıqlarının qorunması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, imkansız ailələrin sosial müdafiəsinin gücləndirilməsidir. Son günlər dövlət başçımızın imzaladığı sərəncamlar da bunu təsdiqləyir. Möhtərəm Prezidentimizin bu ilin avqust ayından başlayaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində imzaladığı sərəncamlar böyük rəğbətlə qarşılanmışdır. Əmək pensiyalarının baza hissəsinin, minimum aylıq əmək haqqının, doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin, təhsil və səhiyyə müəssisələrində çalışan işçilərin əmək haqlarının, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin artırılması və 2010-2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncamlar əsasən əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədini daşıyır. Əgər ölkəmiz iqtisadi cəhətdən qüdrətli olmasaydı, bu addımların atılması da mümkün olmazdı. Bunlara qədər isə dövlət başçımız hər bir azərbaycanlı üçün qürur mənbəyi olan dövlət bayrağımızı dünyada analoqu olmayan bir yüksəkliyə qaldırdı. Ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən Dövlət Bayrağı Meydanının tikilməsi və bu meydanın mərkəzində Azərbaycan bayrağının 162 metr hündürlüyə qaldırılması dövlət başçımızın öz xalqına, dövlət rəmzlərinə, millətinə nə qədər böyük məhəbbətlə bağlı olduğunu bir daha təsdiqlədi. Dövlət Bayrağı Meydanında Azərbaycanın dövlət rəmzləri - gerbi, himninin mətni, xəritəsi təsvir edilib. Burada Dövlət Bayrağı Muzeyinin yaradılması da nəzərdə tutulub.

Məlum olduğu kimi, Azərbaycanın üçrəngli bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə 1918-ci il noyabrın 9-da təsdiq edilib. Bu məqsədlə hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunacaq. Azərbaycan Dövlət Bayrağı Günü 2009-cu il noypbrın 17-də təsis edilmişdir. Hər birimizin xatirindədir ki, 1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ölkəmizdə dövlət bayrağı kimi qaldırıldı. Bu cəsarətli addım ulu öndər Heydər Əliyev tərəfindən atıldı. Müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. O vaxt Azərbaycan Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması tələb edildibu barədə vəsatət qaldırıldı. Lakin o zaman hələ də rus imperiyasının tapşırıqlarını yerinə yetirən, onların çaldıqları havaya oynayan Azərbaycan rəhbərliyi qətiyyətsizlik, qorxaqlıq nümayiş etdirdi. Ulu öndər Heydər Əliyev isə xalqına, millətinə nə qədər böyük sevgi və məhəbbətlə bağlı olduğunu bir daha təsdiqlədi. Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı.

Azərbaycanın müstəqil, demokratik ölkə kimi sürətli inkişaf yoluna qədəm qoyması bu günlərdə açıqlanmış daha bir nüfuzlu qurumun hesabatında da öz əksini tapıb. Beynəlxalq Xeyriyyə Yardım Fondunun "əliaçıqlıq" indeksinə dair növbəti hesabatında Azərbaycan MDB məkanının ən xeyirxah və səxavətli ölkəsi sayılıb. Bu, təkcə xeyirxahlığın dərəcəsini yalnız pul yardımı ilə deyil, xeyirxahlığa sərf edilən vaxt və kimsəsiz insanların himayə olunması amilləri ilə müəyyənləşdirilib. Dünyanın 153 ölkəsi arasında aparılmış sorğunun yekunlarına görə Azərbaycan pulla yardıma görə, keçmiş sovet respublikaları arasında liderdir. Hesabatda Heydər Əliyev Fondunun Azərbaycan əhalisinin maddi rifah və tərəqqisinin yüksəlməsinə yönələn yüzlərlə layihəsi vurğulanıb. Heydər Əliyev Fondu öz xeyirxahlığını təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində məktəblər tikdirməklə, tarixi mədəni abidələri əsaslı surətdə təmir etdirməklə, uşaq evlərini, internatları yenidən qurmaqla, ən müasir avadanlıqlarla təmin etməklə təsdiqləyib. Təkcə Azərbaycanda 300-ə yaxın məktəb tikdirən, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və inkişaf etdirilməsində çox böyük işlər görüb. Ümummilli lider Heydər Əliyevin "Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir" - müdrik kəlamını əldə rəhbər tutaraq dünya mədəniyyəti nümunələrinin Azərbaycanda nümayiş etdirilməsi və subyektlər arasında ünsiyyətin yaradılması istiqamətində böyük əhəmiyyəmalik işlər gördü. Qarşıya qoyulan bütün layihələri böyük müvəffəqiyyətlə gerçəkləşdirən Heydər Əliyev Fondu insanlara qayğı və təmənnasız xidməti ilə cəmiyyətdə böyük rəğbət qazanıb. Fondun vətəndaşların hər bir müraciətinə həssas münasibəti, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində məqsədyönlü fəaliyyəti, təhsil, səhiyyə, mədəniyyət və incəsənətin, xüsusilə milli muğamımızın inkişafı sahəsində dövlətin həyata keçirdiyi siyasətə dəstək verməsi bu qurumun ən ali ideallara xidmət etdiyini təsdiqləyir. Fondun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xeyirxah fəaliyyəti, insanlara, xüsusilə kimsəsiz uşaqlara, imkansızlara diqqət və qayğı göstərməsi təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, Beynəlxalq Xeyriyyə Yardım Fondunun hesabatında da Heydər Əliyev Fondunun xoşməramlı fəaliyyəti yüksək qiymətləndirilib. Ümumiyyətlə, hesabatda Azərbaycan "əliaçıqlıq" indeksinə görə Belarus, Ukrayna, Qırğızıstan, Qazaxıstan və Baltikyanı ölkələri arxada qoyub.

Azərbaycanın iqtisadi qüdrətinin artması, dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmağa cəhd göstərməsi digər bir beynəlxalq qurumun - Ümumdünya İqtisadi Forumunun hesabatında da öz əksini tapması ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin getdikcə möhkəmlənməsindən xəbər verir. Hesabatda bildirilir ki, Azərbaycan MDB ölkələri arasında ən rəqabətədavamlı ölkədir. Bu siyahıya başçılıq edən dövlətimizin etibarlı əllərdə olması bir daha öz təsdiqini tapır. Onu da qeyd edim ki, bu hesabat 14 minə yaxın adamının iştirakı ilə hazırlanıb. Bununla yanaşı Azərbaycan infrastruktur, səhiyyə və təhsilin keyfiyyəti, makroiqtisadi vəziyyət və maliyyə bazarının inkişafına görə də MDB ölkələri arasında birincidir.

Azərbaycanda iqtisadi sahədə keçid dövrü artıq başa çatıb. Ölkəmiz beynəlxalq aləmdə özünə layiqli yer tutubxarici tərəfdaşlarının sayı gündən-günə artır. Ölkədə yaradılmış davamlı ictimai-siyasi sabitlik investisiya axınına əlverişli şərait yaradıb. Güclənən iqtisadiyyatımız müstəqil dövlətimizin Avropayadünya birliyinə inteqrasiyasını daha da sürətləndirir. Bu da Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin olunacağına böyük zəmin yaradır.

 

 

Mirkazım KAZIMOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2010.-  23 sentyabr.- S. 4.