Turizmin inkişafına dövlət qayğısı artmaqdadır

 

Son illər respublikamızda turizm sahəsində ölkə başçısı tərəfindən imzalanan silsilə fərman və sərəncamlar gündən-günə inkişaf edən respublikamızın iqtisadiyyatında qeyri-neft sektorunun inkişafına əlverişli şərait yaratmış və turizmi iqtisadiyyatımızın prioritet sahələrindən birinə çevirmişdir.

 

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 aprel tarixli sərəncamı ilə "Azərbaycan Respublikasınd 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramın təsdiq edilməsində məqsəd Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm xidməti sahələrinin formalaşdırılması, turizm sahəsinin ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi, qeyri-neft sektorunda turizmin gəlir gətirən sahə kimi inkişaf etdirilməsi, bu sahədə yüksək keyfiyyətli xidmət səviyyəsinin yaradılması və davamlı inkişafın təmin edilməsidir. Proqramın icrasının təmin edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən işlər görülmüşdür. Belə ki, nazirliyi Tədbirlər Planı təsdiq edilmiş və bir sıra bəndlərin icrası ilə bağlı aidiyyəti üzrə müxtəlif tədbirlər həyata keçirilmişdir. "Azərbaycanı kəşf edək" layihəsi çərçivəsində avqustun 3-dən 5-dək respublika Atçılıq Mərkəzinin Şəkidəki filialında "Atüstü turizm marşrutları"nın təqdimatı keçirilmiş və tədbirdə 12 turizm şirkəti, KİV nümayəndələri iştirak etmişlər. Təqdimat çərçivəsində iştirakçılara Şəki-Daşbulaq-Şəki marşrutu üzrə atüstü gəzinti təşkil edilmişdir. Bununla yanaşı, senytabrın 3-dən 5-dək Bakı-Quba-Şamaxı-Bakı istiqamətində dağlıq ərazilərdə avtoturizm və ekstremal turizmin komponentlərini özündə əks etdirən yeni turist marşrutu yaradılmışdır.

Dövlət Proqramının icrası çərçivəsində turist xidməti sahəsində çalışanların peşə hazırlığı səviyyəsinin artırılması məqsədilə cari ilin may ayında Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TİKA-nın dəstəyi ilə 130 nəfər üçün Masallı rayonunda, Azərbaycan Turizm İnstitutu ilə birgə 52 nəfər üçün Xaçmaz rayonunda və Milli Kulinariya Mərkəzi ilə birgə 40 nəfər üçün Tovuz rayonunda təlim kursları keçirilmiş, iştirakçılara nazirliyin müvafiq sertifikatları təqdim olunmuşdur.

28-30 aprel 2010-cu il tarixlərində Bakı şəhərində keçirilən "9-cu Beynəlxalq Turizm Sərgisi" və ilk dəfə keçirilən "I Ümumrespublika Daxili Turizm Sərgisi"nin açılışında Azərbaycan Respublikasının Prezidenti iştirak edərək Azərbaycanın tarixini, mədəniyyətini, təbiətinin müxtəlifliyini və regionların zəngin turizm potensialını nümayiş etdirən stendlərlə, eləcə də müxtəlif xarici ölkələrin təmsil olunduğu stendlərlə tanış olmuş və sərginin işinə uğurlar arzulamışdır.

Ölkə başçısının Qusar rayonunun Ləzə kəndi yaxınlığında yerləşən "Şahdağ dağ-xizək turizm kompleksi"nin həm təməlqoyma mərasimində iştirakı, həm də bir neçə dəfə obyektin inşası ilə bağlı apardığı müşavirələr zamanı verdiyi tapşırıqlar onun turizm sahəsinin inkişafına göstərilən diqqət və qayğının göstəricisidir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 24 sentyabr.- S. 8.