İnsanlara diqqət və qayğı Azərbaycan
dövlətinin ali məqsədidir
Artıq xalqımız buna adət
edib: hər ilin əvvəlində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı
əsasında pensiyalar yola salınan ilin inflyasiya dərəcəsinə
uyğun olaraq artırılır. Son yeddi ildə təhsil, səhiyyə,
mədəniyyət, gənclər və idman, sosial təminat
və başqa sahələrdə çalışanların əməkhaqları
bir neçə dəfə artırılıb. Buraya elm, incəsənət
xadimlərini, güc strukturlarında işləyənləri
də əlavə etsək böyük bir ordu yaranır.
Dünyanı
bürüyən indiki maliyyə böhranı Azərbaycana
bir o qədər də mənfi təsir göstərmir. Ona
görə ki, təməli ulu öndərimiz Heydər Əliyev
tərəfindən qoyulan iqtisadiyyatımızın hərtərəfli
dinamik inkişaf etdirilməsi buna imkan verir.
İqtisadiyyatımız gücləndikcə ölkənin gəlirləri
çoxalır, insanların sosial vəziyyətinin
yaxşılaşdırılması üçün əlverişli
şərait yaranır. Bundan da səmərəli istifadə
edən ölkə rəhbəri insanlara diqqət və
qayğını ildən-ilə artırır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin son
vaxtlar imzaladığı sərəncamları göz
önünə gətirək. "Əmək
pensiyalarının baza hissəsinin artırılması
haqqında" Azərbaycan Respublikası Prezidentinin 31 avqust
2010-cu il tarixli sərəncamı ilə başlanan bu
qayğı ölkə əhalisinin rifah halının xeyli
yaxşılaşmasına səbəb olmuşdur. Həmin sərəncam
əsasında yaşa görə əmək
pensiyasının baza hissəsi bu il sentyabr ayının 1-dən
etibarən 85 manat olmuşdur. Bu münasibətlə
keçirdiyi mətbuat konfransında Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri
Səlim Müslümov demişdir:
- Əmək
pensiyasının baza hissəsinin növbəti dəfə
artırılması möhtərəm Prezidentimiz İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə qısa müddətdə
çox ciddi sosial- iqtisadi islahatların
aparılmasının məntiqi nəticəsidir. Ölkəmizdə
beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modelinin
təşəkkül tapması və həmin modelin
mühüm tərkib hissəsi olan sığorta-pensiya
sistemində islahatların davam etdirilməsini dövlət
başçısının xüsusi diqqət mərkəzində
saxlaması bütün uğurların başlıca təminatçısıdır.
Cənab Prezidentin əmək pensiyalarının baza hissəsinin
13,6 faiz artırılmasına dair sərəncamı təxminən
1 milyon 254 min 200 pensiyaçıya şamil olunacaq.
Mətbuat
konfransında Səlim Müslümov onu da nəzərə
çatdırıb ki, əmək pensiyalarının baza hissəsinin
artımının maliyyələşdirilməsi
üçün heç bir problem yoxdur və bu məqsədlərə
ilin sonuna kimi təxminən 50 milyon manat əlavə vəsait
tələb olunur. Ölkə rəhbərinin diqqət və
qayğısını alqışlayan fond sədri bildirib ki,
hazırda Azərbaycanda əmək pensiyalarının orta
aylıq baza hissəsi 106 ABŞ dollarına bərabərdir.
Bu göstəriciyə görə respublikamız
Qazaxıstandan sonra (124,2 ABŞ dolları) MDB ölkələri
arasında ikinci yerdə gedir. Rusiyada bu göstərici 90,2,
Ukraynada 89,8, Belarusda 82,1, Ermənistanda isə vur-tut, 21,6
ABŞ dolları təşkil edir.
Prezidentin
əmək pensiyalarının baza hissəsinin
artırılması haqqında sərəncamı artıq
icra olunur. DSMF-nin Nəsimi rayon şöbəsinin əməkdaşı
Elman Musayevin redaksiyamıza verdiyi məlumata görə,
sentyabr ayında həmin sərəncam rayon üzrə 23 min
346 əmək pensiyaçısına tətbiq olunub. Bunun
üçün 239,4 min manat əlavə vəsait
ayrılmaqla, ümumilikdə əmək
pensiyaçılarına 3 milyon 395 min 500 manat pul verilib.
Hazırda Nəsimi rayonunda əmək pensiyasının orta
aylıq məbləği 123 manata çatıb. E.Musayevin
sözlərinə görə, son yeddi ildə əmək
pensiyalarının baza hissəsi təqribən on dəfə
artmışdır.
Yeni
Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı idarə
heyətinin üzvü Elman Musayev ölkə
başçısının imzaladığı sərəncamların
xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq dedi
ki, müxtəlif sahələrdə çalışan
insanların əmək haqqlarının mütəmadi olaraq
artırılması son nəticədə həmin
adamların yüksək məbləğdə pensiya
almalarına əlverişli şərait yaradacaqdır. Bu, elə
bizim özümüzə də aiddir.
Möhtərəm
Prezidentimizin qayğısı sayəsində sosial müdafiə
məsələləri ilə məşğul olanların da
əmək haqları sentyabr ayının 1-dən 10 faiz
artırılmışdır. Bu o deməkdir ki, mən əgər
yeddi il bundan əvvəl 24 manat əmək haqqı
alırdımsa, indi bu məbləğ 250 manata çatmışdır.
Buna görə biz hörmətli Prezidentimiz İlham Əliyevə
dərin təşəkkürümüzü bildiririk. Əminik
ki, insanlara diqqət və qayğını əsas
götürən ölkə rəhbərimiz bundan sonra da əhalinin
yaşayış səviyyəsinin yüksəlməsinə
öz töhfələrini əsirgəməyəcəkdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
pensiyaçılarla yanaşı, əmək fəaliyyəti
ilə məşğul olan müxtəlif peşə sahiblərinin
maaşlarının 2010-cu il sentyabrın 1-dən etibarən
10 faiz həcmində artırılmasına dair sərəncamlar
vermişdir. Onların sırasında təhsil, səhiyyə,
mədəniyyət, gənclər və idman, Müdafiə,
Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə
Hallar nazirliklərinin, Xüsusi Dövlət Mühafizə və
Dövlət Sərhəd Xidmətlərinin, habelə Daxili
İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin
dövlət büdcəsindən maliyyələşdirilən
qurumlarında çalışan hərbi qulluqçular,
xüsusi rütbəsi olan əməkdaşlar və dövlət
qulluqçusu olmayan mülki işçilər, sosial təminat
müəssisələrində, kənd təsərrüfatı,
meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı,
ətraf mühitin mühafizəsi, hidrometeorologiya və
balıqartırma sahələrində çalışan
yüz minlərlə əməkçi vardır. Bunlardan əlavə,
cənab İlham Əliyev öz sərəncamları ilə
doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas
təhsili müəssisələrinin tələbələrinə
və şagirdlərinə verilən təqaüdlərin,
aztəminatlı ailələrin, şəhid ailələrinin,
əlillərin və başqa aztəminatlı kateqoriyadan
olanlara, məcburi köçkünlərə verilən
müavinətlərin məbləği, Azərbaycan Milli Elmlər
Akademiyasının tabeliyində olan və dövlət
büdcəsindən maliyyələşdirilən digər elm
və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında
çalışan işçilərin əmək haqları
da sentyabr ayının 1-dən etibarən
artırılmışdır.
Bütün
bunlar onu göstərir ki, ölkə başçısı
verdiyi sözün ağasıdır, əhalinin
sosial-rifahının daim yüksəldilməsi onun ali məqsədidir.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2010.- 25 sentyabr.- S.
4.