Azərbaycan -
ABŞ münasibətləri ümumbəşəri dəyərlər
üzərində inkişaf edir
Barak Obamanın fikrincə, Azərbaycan
regionda ən çox uğurlar qazanan və ən nüfuzlu
ölkələrdən biridir
Bu gün beynəlxalq aləmdə
yeni əsrin ən mühüm tendensiyalarından biri
formalaşıb. Dünya siyasətçiləri
açıq şəkildə bəyan edirlər ki, öz
daxilinə qapanan, sırf öz problemlərinin həllinə
çalışan, sivilizasiyalararası dialoqdan qaçaraq
monoetnik dövlət qurmağa çalışan ölkələr
beynəlxalq aləmdən təcrid olunmuş vəziyyətə
düşürlər. Yəni özləri özlərini
dünya ölkələrinin imkanlarından məhrum edirlər.
Ancaq bunun əksinə olaraq öz qapılarını
dünya ölkələrinin üzünə açıq
elan edən, beynəlxalq aləmdəki ictimai-siyasi proseslərin
fəal iştirakçısı olan, öz regionunda və
dünyada layihələşdirilən iqtisadi proqramlara dəstək
verən ölkələr isə müasir zamanın
nüfuzlu ölkələrinə çevrilirlər. Bu
addımları atmağı bacaran dövlət
başçısı isə beynəlxalq aləmdə adi
prezident və ya baş nazir kimi deyil, lider kimi qiymətləndirilir.
Biz belə bir qiymətləndirməni sentyabrın 24-də
Nyu-Yorkda Azərbaycan Prezidenti İlham Əliyevlə
görüşən ABŞ Prezidenti Barak Obamanın dilindən
eşitdik. Cənab Obamanın Azərbaycan Prezidenti İlham Əliyevin
siyasi fəaliyyətini liderlik məharəti kimi qiymətləndirməsi
bizim üçün nə qədər xoş və iftixargətirən
idisə, bədxahlarımız üçün bir o qədər
ağır və üzücü oldu.
Azərbaycan-ABŞ
dostluq və tərəfdaşlıq münasibətləri tərəflərin
hər ikisinin səyləri nəticəsində inkişaf
edir, yeni müstəviyə qalxır. Bu əməkdaşlığın
təməlinin ulu öndər Heydər Əliyev tərəfindən
qoyulduğu və 1993-2003-cü illərdə
Bakı-Vaşinqton münasibətlərinin ən ali bəşəri
dəyərlər əsasında inkişaf etdirilməsi
üçün atılan addımlar hər iki ölkənin
siyasətçilərinə və ekspertlərinə
çox yaxşı məlumdur. Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq"
proqramına qoşulması, Xəzərin Azərbaycan
sektorundakı karbohidrogen ehtiyatlarının müştərək
işlənməsi üçün yaradılmış
konsorsiumla ARDNŞ-in imzaladığı "Əsrin
müqaviləsi"ndə ABŞ şirkətinin təmsil
olunması, sonradan ABŞ hökuməti və şirkətləri
ilə çoxsaylı iqtisadi müqavilələrin
imzalanıb icra edilməsi, məlum 11 sentyabr terror aktından
sonra yaradılmış "Antiterror Koalisiya"da ölkəmizin
fəal iştirakı, həmin koalisiya tərkibində Azərbaycan
əsgərlərinin də beynəlxalq sülhyaratma prosesinə
cəlb edilməsi və bir çox başqa məqamlar
Bakı-Vaşinqton əməkdaşlığının bəzi
nümunələridir.
Hər
iki ölkəni təmsil edən ekspertlər böyük məmnunluqla
qeyd edirlər ki, 2003-cü ilin oktyabrından - Prezident
İlham Əliyevin dövlət başçısı seçilməsindən
sonra da Azərbaycan-ABŞ münasibətləri yeni müstəvidə,
yeni ictimai-siyasi proseslərin tələb etdiyi səviyyədə
inkişaf edir. Bu gün Amerika Birləşmiş
Ştatları gənc, müstəqil Azərbaycanın
bütün sahələrdə qarşılıqlı səmərəli
və səmimi şəkildə əməkdaşlıq
etdiyi ölkələrdən biridir. Dövlət
başçılarımız təkcə beynəlxalq təşkilatlar
səviyyəsində deyil, imkan olduqca ikitərəfli
görüşlərdə də ölkələrarası
münasibətləri tez-tez müzakirə edirlər. Prezident
İlham Əliyevin Prezident Barak Obama ilə
görüşü isə dövlət
başçımızın BMT Baş Məclisinin 65-ci
sessiyasında iştirak etmək üçün Nyu-Yorka
etdiyi səfər çərçivəsində
reallaşdı.
Dövlət başçıları ölkələrimiz arasındakı strateji əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam və inkişaf etdiyini məmnunluqla yada saldılar. Cənab Obama azərbaycanlı həmkarının liderlik rolunu yüksək qiymətləndirməklə yanaşı, respublikamızın regionda ən çox uğurlar qazanan ölkə olduğunu və ən nüfuzlu ölkələrdən birinə çevrildiyini vurğuladı. Dövlət başçılarının görüşündə qeyd edildi ki, Azərbaycanla ABŞ təkcə siyasi sahədə deyil, iqtisadi, enerji, təhlükəsizlik sahələrində də müvəffəqiyyətlə əməkdaşlıq edirlər. Eyni zamanda Vaşinqtonla Bakı beynəlxalq antiterror əməliyyatlarında birgə fəaliyyət göstərməklə qarşılıqlı inam və etimadı artırmış olurlar. Azərbaycan öz bədnam qonşularının əli ilə, Birləşmiş Ştatlar isə beynəlxalq terror təşkilatlarının xətti ilə dəfələrlə qanlı terror əməllərinə məruz qaldığına görə bu ölkələri həmin mübarizə bir-birinə daha çox yaxınlaşdırır. Son zamanlar Avropanın və dünyanın bir çox başqa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayan Azərbaycanın Birləşmiş Ştatlar ilə də energetika sahəsində səmərəli əməkdaşlığı mövcuddur. Dövlət başçılarının görüşündə Azərbaycanın həmin əməkdaşlığa verdiyi töhfə xüsusilə vurğulandı.
Məlum məsələdir ki, dövlət başçımızın və istənilən dövlət rəsmisinin xaricdə keçirdiyi bütün görüşlərdə respublikamızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması məsələsi mütləq gündəliyə gətirilir. Azərbaycan və ABŞ prezidentlərinin görüşündə də dövlət başçımız münaqişənin həlli ilə bağlı danışıqlar prosesinə toxunaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyünün bərpası əsasında həllinin vacibliyini bir daha dost ölkə prezidentinin diqqətinə çatdırdı.
Yuxarıda qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin Vaşinqtona indiki səfəri BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak etmək məqsədi daşıyırdı. Sentyabrın 23-də günün ikinci yarısında sessiyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin məntiq və arqumentləri dünya siyasətçiləri tərəfindən maraqla qarşılandı: "Azərbaycan dünya xalqları üçün beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması, davamlı inkişafın təşviq edilməsi və fundamental azadlıqların irəliyə doğru aparılması sahəsində Birləşmiş Millətlər Təşkilatının oynadığı əsas rolu qiymətləndirir. Azərbaycan hesab edir ki, Birləşmiş Millətlər Təşkilatı dünyanın hər bir yerində bir çox qlobal məsələlərdə, eləcə də hər bir üzv dövlətin istəklərinin nəzərə alınması və narahatlıqların aradan qaldırılmasında daha güclü və bacarıqlı olmalıdır". Ekspertlərin fikrincə, təkcə 9 milyonluq Azərbaycan Respublikasının deyil, sayı on milyonlarla ifadə edilən bütün azərbaycanlıların liderinə çevrilmiş İlham Əliyev həmin fikirləri ilə BMT sənədlərinin daha kəsərli, BMT rəsmilərinin daha qətiyyətli olmasının vacibliyini dilə gətirirdi. Bu kəsər və qətiyyət artarsa, BMT Təhlükəsizlik Şurasının işğalçı Ermənistanın öz silahlı birləşmələrini Dağlıq Qarabağdan və digər rayonlardan çıxarılmasını tələb edən qətnamələri icra olunar.
Prezident İlham Əliyev Ermənistanın beynəlxalq ictimaiyyətin iradəsinə məhəl qoymamasını, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini qulaqardına vurmasını bir daha dünya ölkələrinin nəzərinə çatdırdı: "Bu günə qədər münaqişənin mümkün qədər tez və davamlı həlli variantını tapmaq məqsədi ilə vicdanla danışıqlar aparmaq əvəzinə, Ermənistan vəziyyətin ağırlaşmasına üstünlük verir ki, bu da öz növbəsində gözlənilməz nəticələrə gətirə bilər". Ekspertlərin fikrincə, Azərbaycan Prezidenti ilk dəfə idi ki, BMT tribunasından münaqişənin həlli üçün hərb variantını da mümkün sayan iradə nümayiş etdirdi. İndiyədək Azərbaycan rəsmiləri bu qəbildən olan bəyanatları yerli və regional tribunalardan səsləndirirdilər. Dünya ictimaiyyətinin böyük dəstəyini görən Prezident İlham Əliyev artıq həmin ifadəni BMT Baş Məclisinin sessiyasında da dilə gətirdi. Azərbaycan Prezidenti dünya ictimaiyyətini xəbərdar etdi: "Ermənistan işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni və tarixi köklərini nümayiş etdirən maddi sübutları yox etməyə çalışaraq, həmin yerlərin tarixi və mədəni simasını dəyişmək məqsədi ilə ardıcıl tədbirlər görməkdədir". Yəni bütün bunlar Azərbaycan xalqının və dövlətinin səbr kasasını daşdırmaq üzrədir.
Prezident İlham Əliyevin Nyu-York səfəri zamanı keçirdiyi görüşlər, apardığı müzakirələr və BMT Baş Məclisinin sessiyasındakı çıxışı Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə növbəti dəfə olduğu kimi çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
İttifaq MİRZƏBƏYLİ,
"Xalq qəzeti"
Xalq qəzeti.- 2010.- 26 sentyabr.- S.
1.