Seçkilərdən
seçkilərə
Ölkə Prezidentinin diqqət və
qayğısı Bərdəni yeni zirvələrə
aparır
Bərdə
rayonunun ərazisi 957 kvadratkilometrdir. Yevlax, Tərtər,
Ağdaş, Zərdab, Ağdam və Ağcabədi
rayonları ilə həmsərhəddir. Rayon ərazisinin hər
kvadratkilometrinə 149 nəfər düşür. 2009-cu ildə
əhalinin sayı 1,1 min nəfər, yaxud 0,8 faiz artaraq bu ilin
əvvəlinə 143,5 min nəfər olmuşdur. Bərdədə
35 minədək köçkün məskunlaşmışdır.
Bərdə rayonunun iqtisadiyyatında taxılçılıq, pambıqçılıq, kartofçuluq, tərəvəzçilik, bostançılıq və heyvandarlıq aparıcı rol oynayır. Təsərrüfatlarda şəkər çuğunduru, meyvə və üzüm də istehsal edilir. Kənd təsərrüfatına yararlı torpaq sahəsi ümumi ərazinin 69,6 faizini təşkil edir. Torpaq islahatı nəticəsində 25,4 min ailə 41,8 min hektar torpaq payına sahib olmuşdur. Orta hesabla bir ailəyə 1,6 hektar torpaq sahəsi verilmişdir.
Bərdənin tarixi çox qədimdir. Əlverişli iqlim, münbit torpaqlar, bol su mənbələri burada həmişə həyat üçün əlverişli şərait yaratmışdır. Kür və Tərtər çayları boyunca qədim yaşayış məskənlərinin qalıqları 5-10 min illik insan fəaliyyətindən xəbər verir. Bərdənin mədəni mərkəz, şəhər kimi tarixi isə 3 min ildir ki, davam edir. Alimlərin ciddi təsdiqindən sonra rayonda bu tarixin yubiley kimi qeyd olunmasına geniş hazırlıq görülür. Bu əzəmətli tarix üzərində Bərdənin yeni bir intibahı yüksəlməkdədir.
Bərdə həm də öz nailiyyətləri ilə başqa bir ciddi hesabatın - növbəti parlament seçkilərinin astanasındadır. Bu günlərdə son 5 ildə qazanılmış uğurlar nəzərdən keçirilir, qarşıda duran növbəti işlər gündəmə gətirilir. Regional inkişafa dair I dövlət proqramını uğurla həyata keçirmiş bərdəlilər artıq 2 ildir ki, II proqramda nəzərdə tutulmuş tədbirləri də ardıcıl yerinə yetirirlər.
Bu
günlərdə son 5 ilin sevindirici göstəriciləri iri
planda diqqəti cəlb edir. 2005-ci ilki parlament seçkilərindən
sonra rayonda istehsalın əsas sahələri üzrə 592
milyon manatlıq məhsul istehsal olunmuşdur. Bunun 368 milyon
manatlığı kənd təsərrüfatının
payına düşür. 2005 - 2010-cu illərdə 285,6 min ton
taxıl, 2112 milyon ton meyvə-tərəvəz
yetişdirilmişdir.
5 ildə
285 milyon manatlıq sənaye məhsulu
buraxılmışdır. Bu müddətdə 72,3 min
kvadratmetr yaşayış sahəsi tikilmişdir. Bərdə
şəhərinin, bütün yaşayış məntəqələrinin
siması tamamilə dəyişmişdir. Yeni tikilmiş
sosial-mədəni obyektlər, abadlıq və yenidənqurma
tədbirləri Bərdə şəhərini daha da gözəlləşdirmişdir.
Ötən
il rayonun təsərrüfatlarından 95,2 min ton və ya
2008-ci illə müqayisədə 33,5 faiz çox taxıl,
4,6 min ton və ya 29,4 faiz çox kartof, 6,5 min ton və ya 1,9
faiz çox meyvə, 1,6 min ton və ya 3,2 faiz çox
üzüm istehsal olunmuşdur. Mövsüm ərzində
pambıq istehsalı 2,4 min ton, dən üçün günəbaxan
istehsalı 1,2 min ton, şəkər çuğunduru
istehsalı 20,7 min ton, tərəvəz 31,3 ton və bostan məhsulları
istehsalı 22,2 min ton olmuşdur.
Bərdə
sənayesi əsasən toxuculuq və qida məhsulları
istehsalı sahələri ilə təmsil olunur. Rayonda 29, o
cümlədən 25 özəl sənaye müəssisəsi
fəaliyyət göstərir. Azad sahibkarlıq mühitinin
formalaşması yeni təsərrüfatçılıq formalarının
yaranmasına təkan vermişdir.
Bu il
hüquqi şəxs yaratmadan sənaye fəaliyyəti ilə
məşğul olan sahibkarların sayı artaraq 110 nəfərə
çatmışdır. Ötən il rayonun sənaye müəssisələri,
habelə fiziki şəxslər tərəfindən faktiki
qiymətlərlə 7906,5 min manatlıq sənaye məhsulu
istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Rayon sənayesinin ümumi məhsulunda qeyri-dövlət
müəssisələrinin xüsusi çəkisi 34,9 faiz təşkil
etmişdir.
Rayonda
iqtisadi və sosial sahələrin inkişafı
üçün ötən il əsas kapitala bütün
maliyyə mənbələrindən 9,1 milyon manat vəsait
yönəldilmişdir. Bunun 3,4 milyon manatı və ya 37,3
faizi istehsal, 5,7 milyon manatı (62,7 faizi) isə qeyri-istehsal təyinatlı
obyektlərin inşasında istifadə olunmuşdur. Ümumi
vəsaitin 96,9 faizi, yəni 8,9 milyon manatı
tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitin 4,2 milyon
manatı dövlət mülkiyyətində olan müəssisələrin
payına düşür.
2009-cu ildə
rayonda 9,1 milyon manat dəyərində əsas fondlar, 208
nömrəlik yeni avtomat telefon stansiyası, Ticarət Mərkəzi,
saatda 700 sərnişin qəbul edən avtovağzal binası,
ümumi sahəsi 17,2 min kvadratmetr olan yeni yaşayış
evləri istifadəyə verilmişdir.
2010-cu
ilin əvvəlinə rayonda mövcud olan 7829 avtomobilin 82,7
faizi minik, 13,9 faizi yük maşınları, 1,7 faizi sərnişin
avtobuslarıdır. Hazırda hər yüz ailədən
27-sinin şəxsi minik avtomobili var.
Rayonda 32
ATS fəaliyyət göstərir və onların 26-sı
elektron sistemlidir. Əsas telefon aparatlarının sayı 15
mindən çoxdur və 96 faizi əhalinin istifadəsindədir.
Hər yüz ailədən 52-si telefon rabitəsi ilə təmin
olunmuşdur.
Rayon icra
hakimiyyətinin başçısı İlham Ağayev bu
ilki sosial-iqtisadi göstəricilər barədə məlumat
verdi:
- Rayon
iqtisadiyyatının əsasını kənd təsərrüfatı
təşkil edir. Hazırda kənd təsərrüfatı
üzrə əsas sahələrdə məhsul
yığılır. Bəzi sahələr üzrə yekun nəticələr
məlumdur. Kənd təsərrüfatı işçiləri,
xüsusilə əkinçilər dövlətin
yaratdığı şəraitdən bacarıqla istifadə
etməyə, qarşıya qoyulan vəzifələrin öhdəsindən
layiqincə gəlməyə çalışırlar. Son illər
Bərdə öz istehsalı ilə əhalisinin də, burada
məskunlaşan məcburi köçkünlərin də ərzaq
tələbatını artıqlaması ilə ödəmişdir.
Biz hansı vasitələrlə olur-olsun, əvvəlki
mövqelərimizi bərpa edəcəyik.
Rayonda
kifayət qədər toxumçuluq təsərrüfatı
yaradılmışdır. Onların fəaliyyəti daim nəzarətdə
saxlanılır və işlər elə təşkil edilir
ki, istehsalın artımı elmi nailiyyətlər əsasında
təmin edilsin. Daxili potensial əkin sahələrinin məhsuldarlığını
hələ xeyli artırmağa imkan verir.
Əsas əkinçilik
sahələrində nəticələr hələ
yekunlaşmamışdır. İqtisadi artım
heyvandarlıq sahəsində normal sürətlə davam edir.
Rayonda 80,7 min baş iri mal, 128 min baş qoyun və keçi
saxlanılır. Orta hesabla iri malın sayı ilin əvvəlindən
2 faiz, qoyun və keçilərin sayı isə 1,3 faiz
artmışdır. Ət istehsalı 7 faiz, süd 6,1 faiz,
yumurta 9,8 faiz, yun 10,3 faiz çoxalmışdır.
İlin
uğurla başa çatdırılması üçün
yaxşı zəmin vardır. Biz sahibkarlara inanırıq və
onların fəaliyyətinə hər cür dəstək
veririk. Başlıca vəzifə görülmüş
işləri uğurla davam etdirməkdən ibarətdir.
Sahibkarların dövlət yardımından bəhrələnmələrinə,
xüsusi ilə gübrələrin aqrotexniki müddətdə
yerlərə çatdırılmasına nəzarət
güclüdür. Elmi-texniki yeniliklər daha geniş şəkildə
öyrənilir və istehsalata inamla tətbiq olunur. İstər
əkinçilikdə, istərsə də heyvandarlıqda
yeni və daha məhsuldar sortların tətbiqi imkanlarına
diqqət yetirilir. Damazlıq təsərrüfatları ilə
birlikdə toxumçuluq, seleksiya işləri hər vasitə
ilə genişləndirilir.
Respublikaya
xaricdən, xüsusilə Almaniyadan xeyli sayda damazlıq
mal-qara gətirilmişdir. Həmin heyvanlardan bizim rayonda da var.
Bu heyvanların yerli şəraitə uyğunlaşmasında
müəyyən problemlər olur. Sahibkar, baytarlıq xidməti
işçiləri belə halların qarşısını
vaxtında alırlar.
2010-cu
ilin may-iyun ayları ərzində rayonda faktiki qiymətlərlə
3 milyon 260 min manatlıq sənaye məhsulu istehsal
edilmişdir. Sənayenin inkişafına, xüsusi ilə yeni
sahələrin yaranmasına ciddi önəm verilir. Bir
sıra sənaye sahələri var ki, onları yaratmaq və
inkişaf etdirmək kifayət qədər perspektiv vəd
edir. Əhalinin ehtiyac duyduğu həmin sahələr
sahibkarların iqtisadi marağından hələ ki, kənarda
qalır. Dövlətimiz bunun üçün sahibkarlara kifayət
qədər dəstək verir. Sahibkarlar daha çox kreditlər
götürə bilərlər.
Digər
sahələrdə, o cümlədən nəqliyyat, rabitə,
istehlak, əmlak bazarı və s. istiqamətlərdə də
ilin birinci yarısında əsaslı artım müşahidə
olunmuşdur. Yük daşınması 4,3 faiz, sərnişin
daşınması 10,6 faiz, rabitə xidmətlərin həcmi
15,7 faiz, pərakəndə əmtəə dövriyyəsi
4,2 faiz, ticarət müəssisələrinin sayı 9,7 faiz,
fərdi sahibkarların sayı 19,6 faiz artmışdır.
İlin birinci yarısında sosial-iqtisadi inkişafın
artımı əhalinin məşğulluğunun
yaxşılaşmasına şərait yaratmışdır.
6 ay ərzində 635 yeni iş yeri
açılmışdır ki, bunun da 456-sı daimidir.
Rayonun
sosial-iqtisadi inkişafı sahəsində
görülmüş işlər qarşıdakı
dövrdə daha geniş perspektiv açır. Regional
inkişaf proqramının 2004 - 2008-ci illəri əhatə
edən birinci mərhələsi böyük uğurlarla
yekunlaşdı. Bu illər Bərdənin tarixində yeni
intibah dövrü kimi xarakterizə olunur. Biz az vaxtda çox
işlər görmüşük. Bərdə əsaslı
şəkildə yenidən qurulub. Uzun illər ərzində
yığılıb qalmış bir çox problemlər
öz həllini tapmışdır. Ən başlıcası
rayon əhalisinin psixologiyasında ümumi işə, vəzifə
borcuna münasibətdə əsaslı dəyişikliklər
baş vermişdir. Bunlar bizi razı salır. Lakin həlli
vacib məsələlər hələ çoxdur.
Artıq
regionların sosial-iqtisadi inkişafı dövlət
proqramının 2009 - 2013-cü illəri əhatə edən
ikinci hissəsi həlledici mərhələyə daxil
olmuşdur. Bu mərhələdə Bərdə rayonu üzrə
də bir sıra ciddi problemlərin həlli nəzərdə
tutulmuşdur. Biz daxili imkanlar hesabına görüləcək
işləri də müəyyənləşdirmişik və
qüvvələr bu istiqamətdə səfərbərliyə
alınmışdır. Bütün diqqət
çatışmazlıqların aradan
qaldırılımasına, əmək ehtiyatlarından,
maliyyə mənbələrindən təyinatı üzrə,
peşəkarlıqla istifadə olunmasına yönəlmişdir.
Başçı
sonda dedi:
- Bərdə
gündən-günə böyüyür, genişlənir. Təzə
küçələr, yaşayış və xidmət
massivləri salınır. Yeni, müasir tələbata cavab
verən avtovağzal kompleksi, təzə bazar, onun ətrafındakı
ticarət bazası bu gün əhalinin ən gur yerinə
çevrilmişdir. Bununla yanaşı, şəhərin digər
yerlərindəki primitivlik, səliqəsizlik aradan
qaldırılır. Hamı başa düşməlidir ki,
biz bunları Bərdəmiz üçün, bərdəlilər
üçün eləyirik. Belə tədbirlərdə
şəxsi yox, ümumi mənafeyi üstün götürmək
lazımdır.
Rayonda
xidmət sahəsinin inkişafı, güzəranın
yaxşılaşması ilə bağlı
görülmüş işlərlə də maraqlandıq.
Bu il Alaçadırlı, Cicimli, Seyid Yusifli, Tağılar və
s. kəndlərinə, Bərdə şəhərində
yeni yaşayış massivinə 41,4 kilometr qaz xətti
çəkilməklə, 436 ailəyə qaz verilmişdir.
Samux, Saatlı, Həsənqaya, Mirəssəbli, Qəhrəmanlı,
Mirzalıbəyli, Şatırlı, Nazırlı,
Kürdborakı, Qazaxlar, Soğanverdilər və Şahvəllər
kəndlərinə qaz çəkilişi sürətlə
davam edir.
Əhalinin
fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, elektrik
sisteminin yenidən qurulması, xüsusilə SİP kabel
sisteminə keçilməsi, istifadə haqlarının əvvəlcədən
ödənilməsinə imkan verən sayğacların tətbiqi
və s. istiqamətində ilin əvvəlindən xeyli iş
görülmüşdür. Elektrik enerjisindən, təbii
qazdan və sudan istifadə haqlarının
yığılmasında da müəyyən irəliləyiş
var. Əhalinin elektrik enerjisi, təbii qaz və içməli
su ilə təminatı ilə bağlı rayon icra hakimiyyətində
qərargah yaradılıb və hər həftə işlərin
gedişi təhlil olunur.
Bu gün
Bərdə öz tarixinin 3 min illik yubileyilə yanaşı,
növbəti parlament seçkilərinə də mütəşəkkil
hazırlıqla gedir. Ötən parlament seçkilərindən
sonrakı dövr Bərdənin çoxminillik tarixində ən
yüksək inkişaf mərhələsi kimi əlamətdar
olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə
hazırlanan regional inkişaf və digər dövlət
proqramları dəqiq, ardıcıl yerinə yetirilir. Milli Məclisin
qəbul etdiyi qanunlar, normativ sənədlər ölkəmizdə
olduğu kimi, Bərdədə də demokratik atmosferin qərarlaşmasını,
qanunların aliliyini təmin etmişdir. Rayonun 2 dairəsindən
seçilmiş millət vəkilləri öz seçiciləri
ilə sıx əlaqədə, yerli və respublika icra
qurumları ilə birlikdə bir sıra problemlərin həllində
fəal iştirak etmişlər.
Hazırda
93 və 94 saylı dairə seçki komissiyalarında və
104 səsvermə məntəqələrində parlament
seçkilərinə ciddi hazırlıq işləri
aparılır. Bərdəlilər ölkənin ali qanunverici
orqanına seçkilərə bütün sahələrdə
qazanılmış nailiyyətlər və
qarşıdakı illərdə arzu və istəklərinin
həyata keçəcəyi inamı ilə gedirlər.
Ziyəddin SULTANOV,
"Xalq qəzeti"nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 26 sentyabr.- S.
4.