Görkəmli alim, tanınmış təhsil təşkilatçısı
Biz keçən ilin
payızında Azərbaycan MEA-nın üzvü, görkəmli
təhsil təşkilatçısı, ana dilimizin fədakar
tədqiqatçısı, tanınmış dilçi,
professor Afad Qurbanovun 80 illik yubileyinə
hazırlaşdığımız bir zamanda bu böyük
alimin qəfil ölüm xəbəri hamımızı
sarsıtdı. Təəssüf ki, Azərbaycanın əməkdar
elm xadimi, Dövlət mükafatı laureatı,
ömrünün 50 ildən çoxunu doğma dilimizin tədqiqinə
və tədrisinə həsr etmiş akademik Afad Qurbanovun 80
illik yubileyini özünün iştirakı ilə gərəyincə
təşkil etmək bizə, onun həmkarlarına, yetirmələrinə,
tələbələrinə nəsib olmadı. Lakin yeganə
təsəllimiz budur ki, Afad müəllim özündən
sonra Azərbaycan dili ilə bağlı zəngin elmi-pedaqoji
irs qoyub getdi...
Doğrudur,
tanınmış insanlar, görkəmli alimlər haqqında
yazı, xatirə yazmaq, fikir söyləmək, onları
oxuculara və elmi ictimaiyyətə yetərincə təqdim
etmək olduqca çətin və məsuliyyətli bir
işdir. Çünki bu çətinlik, bu məsuliyyət
həmin alimin elm sahəsində sanbalı, elmə verdiyi
töhfələri, insanlara, vətənə, millətə,
dövlətə münasibəti ilə bağlıdır.
Digər tərəfdən, həmin alimin həyatda
olmaması, haqq dünyasına qovuşması da onun
haqqında söz deməyin məsuliyyətini bir az da
artırır...
Bu mənada haqqında yazacağım ürək sözlərimi keçmiş zamanda ifadə edəcəyəm Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, beynəlxalq və milli elmlər akademiyaların akademiki, AMEA-nın üzvü Afad Məhəmməd oğlu Qurbanov elmdə və təhsildə olduğu kimi, həyatda da çoxları üçün əlçatmaz olan zirvələri fəth etmiş, şərəfli bir ömür yaşamış, alim-müəllim-ziyalı kimi həmkarlarının, tələbələrinin, yetirmələrinin qəlbində özünə əbədi məskən salmış insan idi...
Böyük həssaslıqla qələmə aldığım bu kövrək sətirlər Afad müəllimə olan ülvi insani hisslərimin təzahürü, elmi-pedaqoji fəaliyyətinin müdriklik çağında qəflətən dünyasını dəyişən görkəmli türkoloq, dilçi alim, Azərbaycan Dövlət Pedaqoji Universitetində uzun illər dekan, kafedra müdiri və rektor kimi çalışmış, Azərbaycan dilçiliyi, ümumi dilçilik, türkologiya və onomastika sahəsində sanballı əsərləri ilə dilçilik elmində dərin iz qoymuş Azərbaycan ziyalısı haqqında düşüncələrimin səmimi ifadəsidir...
Afad müəllim klassik müəllimlərə, köhnə kişilərə xas olan ədəb-ərkan, səliqə-səhman, oturuşu-duruşu ilə hamını özünə cəlb edən saf ürəkli, həlim təbiətli bir insan idi. Mən onu həmişə belə görmüşəm, belə tanımışam. Afad müəllimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (o zamankı Azərbaycan Dövlət Pedaqoji İnstitutu) rektoru olduğu illərdə daha yaxından tanımış və hər zaman hörmət bəsləmişəm.
Afad Qurbanov Azərbaycanın təhsil sahəsində təhsil təşkilatçısı kimi tanınmışdır. O, 1969-cu ildən Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi və Maarif Nazirliyinin Elmi-Metodik Şuralarının sədr müavini, sonradan Azərbaycan Təhsil Nazirliyinin Təhsil Problemləri üzrə Elmi-Metodik Mərkəzinin və əksər komissiyaların üzvü kimi ölkədə təhsilin təşkili və təkmilləşdirilməsi sahəsində xeyli iş görmüşdür. Onun ali pedaqoji müəssisələr üçün dilçiliyin müxtəlif sahələrinə (ümumi dilçilik, onomastika, nitq mədəniyyəti, bədii mətnin linqvistik təhlili və s.) dair tərtib etdiyi metodiki tədris proqramlarının böyük faydası olmuşdur.
Yaxşı yadımdadır, 1981-89-cu illərdə ölkənin qocaman ali məktəblərindən birinə - Azərbaycan Dövlət Pedaqoji İnstitutuna uğurla başçılıq edən professor Afad Qurbanov bu illərdə bacarıqlı təhsil təşkilatçısı kimi daha da məşhurlaşdı, onun gərgin əməyi və yüksək təşkilatçılığı sayəsində həmin ali təhsil müəssisəsinin nüfuzu xeyli artdı, onun maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirildi, müəllim kadrlarının hazırlıq səviyyəsi və keyfiyyəti yüksəldi, yeni tədris korpusu tikildi.
Nəzərə almaq lazımdır ki, Afad müəllimin elmi-pedaqoji fəaliyyəti, təhsildə idarəetmə və təşkilatçılıq bacarığı rektor olmazdan çox-çox əvvələrdə, 1968-81-ci illərdə filologiya fakültəsinin dekanı vəzifəsində çalışdığı müddətdə də özünü parlaq şəkildə göstərmişdi. Bir həqiqəti etiraf etməliyəm ki, Afad müəllim həmin fakültənin dekanı və kafedra müdiri (1979-2009-cu illər) kimi ömrünün bütün elmi-pedaqoji fəaliyyətini Azərbaycan dili və ədəbiyyatı üzrə müəllim kadrlarının, eləcə də yüksək ixtisaslı elmi-pedaqoji kadrların yetişdirilməsi kimi müqəddəs bir amalın gerçəkləşməsinə həsr etdi.
Hesab edirəm ki, Afad müəllimdə güclü elmi potensialla yanaşı, tədris prosesinin təşkili və təhsili idarəetmə sahəsində xüsusi istedadı vardı. Mənə elə gəlir ki, o, böyük alim olmaqla yanaşı, bacarıqlı təhsil təşkilatçısı, tədrisin təşkilində nizam-intizam, qayda-qanuna zərgər dəqiqliyi ilə əməl edən və hamını buna çağıran mahir bir idarəedici idi. Tədrisin təşkilinə bu cür məsuliyyətlə yanaşmanın, fakültədə yaranmış yüksək tədris və mənəvi iqlim sayəsində filologiya fakültəsi onun dekanlığı dövründə institutda aparıcı və nüfuzlu fakültəyə çevrildi. Təsadüfi deyildir ki, onun zəngin və unikal iş təcrübəsi, yüksək təşkilatçılıq bacarığı nəzərə alınaraq respublika rəhbərliyi tərəfindən fakültə dekanlığından ali məktəb rektorluğu kimi məsuliyyətli vəzifəyə irəli çəkilmişdi...
Elmdə çoxları üçün əlçatmaz olan zirvələri fəth etmiş akademik Afad Qurbanov Azərbaycan dilçilik elminin inkişafına layiqli töhfələr vermiş, Azərbaycan onomastikası elmi məktəbini yaratmış və onomastika sahəsində elmi uğurlarına görə Dövlət mükafatına layiq görülmüş alim idi. Bu, böyük alimin rəhbərliyi altında 60-a qədər yüksək ixtisaslı mütəxəssis-elmlər namizədi və elmlər doktoru yetişmişdir.
Elmi araşdırmaları və çoxsaylı ali məktəb dərslikləri ilə Azərbaycan elminə və təhsilinə dəyərli töhfələr vermiş professor Afad Qurbanov dəfələrlə Azərbaycan elmini və təhsilini nüfuzlu beynəlxalq elmi-nəzəri konfranslarda ləyaqətlə təmsil etmiş, elmi nəticələri ilə Vətən elmini zənginləşdirmiş həqiqi ziyalı alimlərimizdən idi. Təsadüfi deyildir ki, onun elmi tədqiqatlarının nəticələri dünyanın bir çox nüfuzlu beynəlxalq elmi jurnallarında çap olunmuş, əsərlərindən beynəlxalq səviyyədə sanballı elmi mənbə kimi istifadə edilmişdir.
O, Azərbaycan dilçiliyi, ümumi dilçilik, türkoloji dilçilik və onomastika sahəsində 70-dən çox kitabın (monoqrafiya, dərslik, dərs vəsaiti və s.), 500-ə qədər sanballı elmi məqalənin müəllifi idi. Onun təlim rus dilində olan ümumtəhsil məktəblərinin XI sinfi üçün "Azərbaycan dili" dərsliyi, ali məktəblər üçün ikicildlik "Ümumi dilçilik", "Azərbaycan onomalogiyasının əsasları", "Müasir Azərbaycan ədəbi dili", "Bədii mətnin linqvistik təhlili" kimi dərslik və dərs vəsaitləri bu gün də təhsil sisteminə ləyaqətlə xidmət etməkdədir. Alimin qələmindən çıxan həmin dərslik və dərs vəsaitləri bu gün də şagirdlərin və tələbələrin, eləcə də dilçi-filoloq mütəxəssislərinin stolüstü kitabı olaraq qalır.
Azərbaycan təhsili və elmi qarşısındakı yüksək xidmətlərinə və qazandığı nailiyyətlərə görə professor Afad Qurbanovun elmi-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 1981-ci ildə ona "Əməkdar elm xadimi" fəxri adı verilmiş, 1989-cu ildə Dövlət mükafatına layiq görülmüşdür.
Afad müəllim 1990-cı ildə Azərbaycan SSR Ali Sovetində deputat seçilmiş, Azərbaycan Əlifba Komissiyasının sədri olaraq latın qrafikalı əlifbamızın tərtibatçısı imiş və onun tətbiqi yolunda gərgin əmək sərf etmiş, habelə müstəqilliyimizin ilk illərində dövlət dili ilə bağlı qanunvericilik aktlarının qəbulunda yaxından iştirak etmişdir.
Afad Qurbanov geniş yaradıcılıq imkanlarına və dərin biliyə malik alim, xalqını ürəkdən sevən vətənpərvər ictimai xadim, sadə, təvazökar insan, bütün şüurlu həyatını, tükənməz elmi istedadını, yaradıcılıq potensialını Azərbaycan dilçiliyinin inkişafına, ana dilimizin tədqiqinə, tədrisinə və təbliğinə sərf etmiş alim-müəllim-ziyalı idi...
Akademik Afad Qurbanovun elmi və pedaqoji fəaliyyəti bütöv bir vəhdət təşkil edirdi. Onun şərəfli ömür yolunun bioqrafiyasını zəkasının nurunu, gözünün işığını, qəlbinin hərarətini Azərbaycan dilçilik elminin və təhsilinin inkişafına həsr edən alim-müəllim həyatı təşkil edir. Bu mənada Afad müəllimin həyat salnaməsində alimlik və müəllimlik hər zaman qoşa addımlamış, bir-birini tamamlamışdır.
Professor Afad Qurbanov təhsildə yüksək təşkilatçılığı ilə yanaşı, qayğıkeş pedaqoq, xeyirxah insan, hamıya örnək olan vətəndaş ziyalı və ziyalılığı yüksək qiymətləndirən vətənpərvər alim idi. Aydındır ki, ziyalı millətin yoluna işıq tutan, insanlara elm, təhsil, mənəviyyat nuru çiləyən, onu aydın sabaha aparan insandır. Ziyalı Vətən və millət yolunda zəkasını, intellektini əsirgəməyən insan olub yaxşıların yaxşısı, mənəviyyatca zəngin şəxsiyyətdir. Ziyalı millətinə, dövlətinə sədaqətlə xidməti ilə, cəmiyyətə verdiklərinin sanbalı və miqyası ilə böyükdür. Ziyalı üçün Vətən sevgisi, millət duyğusu, dövlət sayğısından ali hiss, müqəddəs dəyər yoxdur... Afad müəllim ziyalılıqla bağlı, bax, bu sadaladığım dəyərləri özündə üzvi şəkildə birləşdirən alim-müəllim-ziyalı idi.
Təəssüflər olsun ki, Afad müəllim bu gün aramızda yoxdur. Hesab edirəm ki, o cismən aramızda olmasa da, mənən bizimlə olub, onu sevənlərin, dostlarının həmkarlarının, tələbələrinin, yetirmələrinin qəlbində, çoxsaylı elmi araşdırmalarında yaşayır və yaşayacaqdır... Yazının sonunda ömrünü elm və təhsil yolunda şam kimi əritmiş, əsl ziyalı-alim-müəllim ömrü yaşamış akademik Afad Qurbanova Ulu Tanrıdan rəhmət diləyirəm...
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri,
professor
Xalq qəzeti.- 2010.-
26 sentyabr.- S. 5.