İcra sahəsində islahatlar haqqın və ədalətin təntənəsinə xidmət edir

 

Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı, bütün sahələrdə olduğu kimi, hüquqi islahatlara da güclü təkan verdi. 1995-ci il noyabr ayının 12-də ümümxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası yeni qanunların işlənib hazırlanması üçün əsaslı zəmin yaratdı. Konstitusiyanın 129-cu maddəsində məhkəmənin qəbul etdiyi qərarların dövlətin adından çıxarılması və onların icrasının məcburi olması təsbit edildi. Konstitusiyanın tələblərindən biri də qəbul ediləcək qanunların Avropa standartlarına uyğunlaşdırılması zəruriliyi ilə bağlı idi.

 

1999-cu ildən başlayaraq məhkəmə sistemində aparılan islahatların tərkib hissəsi olaraq məhkəmə qərarlarının icrası sahəsində də müvafiq dəyişikliklərin təməli qoyuldu. 1999-cu ildə "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında" Qanunun qəbulu ilə məhkəmə icraçılarının fəaliyyətində dönüş yarandı. Respublikamızda ilk dəfə olaraq məhkəmə nəzarətçiləri institutu yaradıldı. 2001-ci ildə isə "Məhkəmə qərarlarının icrası haqqında" Qanun qəbul edildi. Yeni qanunvericiliyin əsas mahiyyəti qanunçuluğun möhkəmlənməsinə, insan və vətəndaş hüquqlarının müdafiəsinə, pozulmuş hüquqların bərpasına, demokratik prinsiplərin inkişafına və təkmilləşməsinə xidmət edirdi.

"Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında" Qanunun çox mühüm əhəmiyyəti var idi. Çünki həmin vaxta qədər məhkəmə icraçısının statusunu müəyyən edən qanun olmamışdı. Həmçinin bu qanunla yeni bir institut- məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edən məhkəmə nəzarətçiləri institutu yaradılmış oldu. Məhkəmə və digər orqanların qərarları 2000-ci il sentyabrın 1-nə kimi, hələ sovetlər dövründə SSRİ ədliyyə naziri tərəfindən 1985-ci ilin noyabr ayının 15-də 22 nömrəli əmrlə təsdiq edilmiş "İcra icraatı haqqında təlimat"a (SSRİ-nin tənəzüllə doğru getməsi səbəbindən təlimat Azərbaycan dilinə tərcümə olunmamışdır) və Mülki-Prosessual Məcəlləyə əsasən həyata keçirilirdi. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin V bölməsi "Məhkəmə qətnamələrinin icrası" adlanırdı. 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsindən "Məhkəmə qətnamələrinin icrası" bölməsi çıxarıldığı üçün icra sənədlərinin icrası 2002-ci ilin mart ayına kimi "İcra icraatı haqqında Təlimat"a uyğun olaraq həyata keçirilmişdir.

Məhkəmə və digər orqanların qərarlarının icra mexanizmini tənzimləyən qanuna kəskin ehtiyacın olması bu istiqamətdə işlər görülməsini daha da sürətləndirirdi. Nəhayət, 2001-ci ili dekabr ayının 27-də "Məhkəmə qərarlarının icrası haqqında" Qanun dövlət başçısı tərəfindən imzalandı və həmin sənəd 2002-ci il mart ayının 8-dən qüvvəyə mindi. Bu qanuna əsasən məhkəmə icraçısı məcburi icra orqanı hesab edilir. Artıq icra sahəsi ayrıca bir qanunla tənzimlənirdi. Qanun "Məhkəmə qərarlarının icrası haqqında" adlansa da, bu qanun həmçinin digər orqanlar tərəfindən verilən icra sənədlərinin icrasını da tənzimləyirdi. Lakin illər ötdükcə icra sənədləri verən digər orqanların sayı artır və əslində, təkcə məhkəmələr tərəfindən verilmiş icra sənədlərini deyil, digər orqanların qərarlarını da icra edən məhkəmə icraçılarının adı onların fəaliyyət dairəsi ilə üst-üstə düşmürdü. Bundan əlavə, icra prossesində ortaya çıxan bəzi çətinliklərin tam qanuni həlli "Məhkəmə qərarlarının icrası haqqında" Qanunda öz əksini tapmamışdı. Belə ki, məhkəmə icraçıları məcburi icra orqanı olmaqla çətin və təhlükəli icra hərəkətlərinin həyata keçirilməsində bəzi çətinliklərlə qarşılaşırdılar. Fiziki şəxslərin yaşayış və ya qeyri-yaşayış sahələrindən məcburi qaydada çıxarılmasını təmin edən məhkəmə icraçısının (icra məmuru) fiziki gücxüsusi vasitələr tətbiq etmək hüququnun olmaması bəzi hallarda icra prosesində onların özlərinə borclu şəxslər və ya onlara köməklik göstərənlər tərəfindən xəsarətlər yetirilirdi. Nəticədə əksər hallarda bu qəbildən olanya icrası çətin olan digər icra sənədlərinin məcburi icrası zamanı məcburi icra orqanı hesab edilən məhkəmə icraçısı aciz bir vəziyyətdə qalır, həmçinin bu işlərin icrası uzanırdı. Yuxarıda qeyd olunan qanunlar qəbul edildiyi vaxtdan icra sahəsində böyük əhəmiyyət kəsb etsə də, hazırkı dövrün tələblərinə tam cavab verə bilmirdi.

Qeyd olunan hallar nəzərə alınmaqla bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsi, məcburi icra orqanının səlahiyyətlərinin artırılması, məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının adlarının "icra məmurları" adlandırılması vaxtında həyata keçirildi. Belə ki, 18 iyun 2010-cu ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən imzalanmış fərmanla "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında " Qanunun adı dəyişdirilərək "İcra məmurları haqqında" Qanun, "Məhkəmə qərarlarının icrası haqqında " Qanun "İcra haqqında" Qanun adlandırıldı. 17 iyul 2010-cu il tarixdən qüvvəyə minən həmin qanunlarla Azərbaycanda icra institutu daha da təkmilləşdirilərək icra xidməti adlandı. Qanuna əsasən, icra xidmətinin fəaliyyətinə İcra Baş İdarəsinin rəisi-baş icra məmuru tərəfindən rəhbərlik edilir.

Bəzi hüquqşünaslar icra sahəsində həyata keçirilən bu dəyişikliklərə hüquqi deyil, siyasi müstəvidən yanaşmaq istəsələr də onların bu cəhdi uğursuzluqla nəticələndi. Belə ki, qanunlara edilən dəyişikliklər və əlavələr diqqətlə öyrənildikdə onların Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin, həmçinin qüvvədə olan digər qanunların tələblərindən yaranması heç bir şəxsdə şübhə yaratmır.

Yeri gəlmişkən, qeyd olunan qanunlara edilmiş əlavə və dəyişikliklərin bəzi məqamları barədə məlumat vermək maraqlı olardı. Qanuna edilmiş ("İcra haqqında") dəyişikliyə əsasən icra məmuru icra sənədində göstərilən tələbin könüllü olaraq icra edilməsi üçün borcluya 10 günədək müddət təyin edir. Bu müddət əvvəlcə 5 gün həddində idi. Müddətin uzadılması borcluya imkan verir ki, həmin müddətdə icra ilə əlaqədar problemlərini həll etsin. Dəyişikliyə qədər qüvvədə olan qanuna görə məhkəmə icraçısı (icra məmuru) icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul ediricra sənədində qeyd olunan tələblərin könüllü icrası üçün ən çoxu 5 günədək müddət təyin edirdi. Həmin müddət bitdikdən sonra icra məmuru məcburi icra tədbirləri həyata keçirirdi. Bu hərəkətlər 8 gün müddətində baş verdiyi halda qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərdilər. Göründüyü kimi, bu uyğunsuzluq hazırki dəyişikliklə aradan qaldırılmış oldu.

Qanuna edilmiş əlavəyə əsasən müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması üçün icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Bu normanın qanuna əlavə edilməsi məhkəmə yazışmalarının əlavə sənədləşmənin qarşısını alır və məsələnin operativ həll olunmasına şərait yaradır.

İcra prosesində yaranan çətinliklərdən biri də icranın məcburi dayandırılması ilə əlaqədar olan hallar idi. Belə ki, bəzi işlər üzrə borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və həmin qərardan şikayət verdiyini əsas götürərək icra sənədinin tələblərini yerinə yetirməkdən imtina edirdi. Qanuna edilmiş əlavəyə əsasən artıq bu məsələ öz həllini tapmış və "İcraatda olan üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiyakassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda" ("İcra haqqında" Qanun, maddə 17.1.7.) icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Bu normanın qanuna əlavə edilməsi icra prosesində yarana biləcək əsassız şikayətlərin qarşısını alır.

İcra prosesində tələbkar tərəfin narazılığına səbəb olan hallardan biriqanunun "Borclunun, onun əmlakının və ya uşağın axtarılması"na dair 27-ci maddəsinin tələbləri ilə əlaqədar idi. Belə ki, 17 iyul 2010-cu il tarixədək qüvvədə olan qanunda icra sənədləri üzrə tələbkarlara fərq qoyulurdu. Belə ki, alimentin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, yaxud ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi, habelə uşağın borcludan alınıb tələbkara verilməsi barədə icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda məhkəmə icraçısı öz təşəbbüsunə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edirdi. Digər icra sənədləri üzrə icraat zamanı tələbkar tərəfindən axtarış xərcləri üzrə yalnız avans ödənildikdən sonra axtarış qərarı qəbul edilirdi. Qanuna edilmiş dəyişikliyə əsasən ("İcra haqqında" Qanunun 27.1-ci maddəsi) icra sənədləri üzrə borclunun yeri məlum olmadıqda icra məmuru qərar qəbul edir . İcra məmurunun qurum rəhbəri tərəfindən təsdiq edilmiş qərarı müvafiq qaydada axtarış tədbirlərinin həyata keçirilməsi üçün aidiyyəti polis orqanına göndərilir.

Qanuna edilmiş əlavələrdən biri də dəyəri 500 manatdan artıq olmayan daşınar əmlakın icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkəsində müvafiq müqavilə əsasında satıla bilməsidir. Əvvəlki qanun buna yol vermirdi. Nəticədə daha tez satıla bilən əşyalar hərrac mərkəzlərində yığılıb qalır, qiymətlər aşağı salınır, bu da tələbkar tərəfin haqlı narazılığına səbəb olurdu.

Qanunun 84.1-ci maddəsinə aşağıdakı redaksiyada ikinci hissə əlavə edilmişdir. "Eyni zamanda icra qurumununya icra xidmətinin rəhbəri tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə yuxarı və ya aidiyyəti təşkilatlara təqdimat göndərilə bilər. Vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması barədə təqdimata baxılmasının nəticələri haqqında 1 ay müddətində məlumat verilməlidir". Məlumdur ki, bəzi dövlət orqanları tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası yubanırdı. Bu isə üzrə tələbkar olan şəxslərdə narazılıq doğururdu. Qanunvericiliyə əlavə edilmiş bu norma vəzifəli şəxsi icra sənədini icra etməyə məcbur edəcəkdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi və "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında 15 iyul 2010-cu il tarixli, 303 nömrəli fərmanının 2-ci bəndi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra olunması vəziyyətinə dair hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırılmışdır. Bununla da məhkəmə qərarlarını icra etməyən dövlət orqanının rəhbərləri barədə dövlət başçısına məlumat verilməsi onların məsuliyyətini artıracaq və icra sənədlərinin vaxtında və düzgün icra olunmasına zəmin yaradacaqdır.

Qanuna edilmiş mühüm əlavə və dəyişikliklərdən biriicra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olanyaxud başqa şəkildə məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq edilmiş təqdimat verməsidir. ("İcra haqqında" Qanun , maddə 84.4.) Qanuna edilən bu əlavə və dəyişiklik insan hüquq və azadlıqlarına qarşı yönəldilə biləcək tədbirlərin daha ətraflı və obyektiv araşdırılması məqsədini güdür.

"Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" haqqında Qanuna edilən əlavə - 84-1-ci maddə də icra sənədinin icrası prosesində çox mühüm əhəmiyyət kəsb edir. Həmin maddəyə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Qanunun 86-cı maddəsinin yeni redaksiyada verilməsi icra məmurunun stimullaşdırılması üçün konkret tələb irəli sürür. Belə ki icra məmurunun həvəsləndirilməsi adlanan 86-cı maddədə xidməti vəzifələrini nümunəvi icra edən icra məmuru müvafiq icra hakimiyyəti orqanı tərəfindən əmək haqqının beş misli miqdarından artıq olmamaqla mükafatlandırıla bilər. Bu norma hər bir icra məmuruna daha yaxşı işləməklə mükafat alma şansı verir.

"İcra məmurları haqqında" və " İcra haqqında" qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə də əlavə və dəyişikliklər edilmişdir. Oxucuları daha da maraqlandıra biləcək həmin əlavə və dəyişikliklərdən biri Cinayət Məcəlləsinin "Kreditor borclarını ödəməkdən qəsdən yayınma"- 196-cı və "Məhkəmənin hökmünü, qərarını yaxud digər aktını icra etməmə" -306-cı maddəsinin sanksiyalarının daha da gücləndirilməsi, tətbiq edilən cərimənin miqdarının xeyli dərəcədə artırılması, həmçinin azadlıqdan məhrumetmə müddətinin artırılmasıdır. Belə ki, CM-nin 196.1-ci maddəsinin sanksiyası aşağıdakı redaksiyada verilmişdir: "3 ilədək müddətə müəyyən vəzifə tutmaya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan beş min manatadək miqdarında cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

Məhkəmə hökmünü, qərarını, yaxud digər aktını icra etməmə barədə Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası aşağıdakı redaksiyada verilmişdir:

"Min manatdan üç min manatadək miqdarda cərimə və ya 160 saatdan 240 saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

Cinayət Məcəlləsinin 306.2-ci maddəsinin sanksiyası aşağıdakı redaksiyada verilmişdir: " Üç ilədək müddətə müəyyən vəzifə tutmaya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd min manatdan altı min manatadək miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildə beş ilədək müddətə azadlıqdan məhrunetməklə cəzalandırılır."

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinin sanksiyası da gücləndirilərək məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə "fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilirya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibatı həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir."

Həmin maddənin 2-ci (313-1.2.) bəndinində sanksiya gücləndirilmiş və icra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun vaxtında göndərilməməsinə və ya borclunun yeriya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə vəzifəli şəxslər "min manatdan üç min manatadək cərimə edilir".

Həmçinin maddənin 3-cü (313-1.3.) bəndinin də sanksiyası gücləndirilmiş və borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitlərinin olmasına baxmayaraq, təqdim olunmuş icra sənədinin borcludan pul vəsaitlərinin tutulmasına dair tələblərinin müəyyən edilmiş müddətdə icra edilməməsinə görə vəzifəli şəxslər " min manatdan üç min manatadək", hüquqi şəxslər " dörd min manatdan altı min manatadək" cərimə edilir.

Cəzaların İcrası Məcəlləsinə də edilmiş əlavələr çox tədqirəlayiqdir. Belə ki, hamilə və ya azyaşlı uşaqları olan məhkum qadınların, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzanın çəkilməsinin təxirə salınması şərtlərinə riayət etməmələrinin nəticələri haqqında Cəzaların İcrası Məcəlləsinin 173.1-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən məhkum barəsində axtarış elan edilməsi icra məmurunun qərarı ilə həyata keçirilir. Əvvəllər isə axtarış qərarı məhkəmə tərəfindən qəbul edilirdi, bu da məsələnin operativ həll olunmasına maneçilik törədirdi. Həmçinin uşaq səkkiz yaşına çatdıqda və ya vəfat etdikdə, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, yaxud məhkumun cəzaçəkmə müəssisələrinə göndərilməsi məsələsini həll edərkən 173.4-cü maddəyə edilmiş əlavəyə əsasən, məhkəmə icra məmurunun mülahizəsinin nəzərə alınması qeyd edilir ki, əvvəllər isə məhkəmə tərəfindən baxılarkən icra məmurunun mülahizəsi tələb olunmurdu.

Şərti məhkum edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi qaydasına dair Cəzaların İcrası Məcəlləsinin 180.4-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, məhkum icra məmurunun çağırışına üzürsüz səbəbdən gəlmədikdə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş icra məmurunun qərarı ilə məcburi gətirilir.

Beləliklə, yuxarıda qeyd olunan qanunlara və məcəllələrə edilən dəyişikliklər və əlavələr zamanın tələblərindən irəli gələn zərurətlə əlaqədardır və bu yeniliklər icra məmurlarının xidməti vəzifələrinin yerinə yetirilməsinə əsaslı təminat verəcəkdir.

Məhkəmə qərarlarının icrası haqqın, ədalətin təntənəsi, hüquqların real müdafiəsi və bərpası, cəmiyyət üzvlərinin qanunlara, dövlətçiliyə inam və ehtiramının təzahürüdür. Məhkəmə qərarlarının icrası ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm və həlledici mərhələsidir. Qərarların icra olunmaması məhkəmə hakimiyyətinə qarşı inamsızlıq yaranmasına təsir göstərə bilən amillərdən biri kimi özünü büruzə verir.

Qanunlara edilmiş bu əlavə və dəyişikliklərdən məcburi icra orqanı olan icra məmurları olduqca səmərəli yararlanacaq, öz xidməti vəzifələrini layiqincə yerinə yetirəcək, ədliyyə orqanları işçilərinin etik davranış qaydalarına ciddi əməl edəcək, icra sənədlərinin vaxtında və düzgün icrasını təmin etməklə ədliyyə işçisinin nüfuzunu artıracaq və onlara göstərilən etimadı gördükləri işlərlə doğruldacaqlar.

 

 

Varis ƏSƏDOV,

Qaradağ Rayon İcra Şöbəsinin

rəisi, kiçik ədliyyə müşaviri

 

Xalq qəzeti.- 2010.- 26 sentyabr.- S. 5.