"Əbədi
buzlaqlar" işıq üzü
görüb
Ədəbiyyat həyat
gerçəkliklərini obrazların dili
ilə, bədii üslubda oxuculara
çatdırmaqla həm də insanın mənəvi zövqünün və dünyagörüşünün
formalaşmasında mühüm rol oynayır.
Sevə-sevə
oxuduğumuz əsərlər yazıçıların bədii
təxəyyülünün məhsulu olsa da, orada
qarşılaşdığımız epizod və hadisələrlə
həm də real həyatda rastlaşmaq olur. Təsadüfi
deyil ki, yaşadığımız hər bir tarixi hadisə
və proseslər zaman keçdikcə ədəbiyyatın
mövzusuna çevrilir.
Sovetlər birliyinin çökməsindən sonra müstəqillik əldə etmiş ölkələrdə hökm sürən iqtisadi tənəzzül, işsizlik problemi və bunun Azərbaycan ailəsinə göstərdiyi təsir digər aktual mövzulardan biri kimi Azərbaycan ədəbiyyatından da yan keçməyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, bir sıra kitabların müəllifi Təyyar Nəsirlinin yenicə çapdan çıxmış "Əbədi buzlaqlar" romanı məhz bu mövzuya həsr edilib. Romanda müəllif Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdə bir ailənin fonunda insanların necə mənəvi və fiziki əziyyətlərə qatlaşdıqlarını, həyatın hansı ağır sınaqları ilə üzləşdiklərini Cahangirin timsalında ümumiləşdirib. Əsərdə bazar iqtisadiyyatı dövründə mənəvi dəyərlərin dəyişməsi nəticəsində cəmiyyətdə baş verən prosseslərin insan talelərinə vurduğu ağır mənəvi-psixoloji zərbələr bədii təsvir vasitələri ilə təqdim olunur.
Kitabın redakoru - Azərbaycan Jurnalistlər Birliyinin üzvü Fəxrəddin Fərzəliyev həm də onun ön sözünün müəllifidir. O, romanı bu cür qiymətləndirir: "Əbədi buzlaqlar" romanı yüngül həyat dalınca tərki-vətən olanlar üçün həyəcan təbili, SOS siqnalı, xəbərdarlıqdır. Bu əsər insanı bir daha özünə kənardan baxmağa, daxilindəki naqislikləri, nöqsanları aradan qaldırmağa sövq edir."
Cahangir ali təhsilli hüquqşunas olsa da, işsizlikdən əziyyət çəkir. Bütün ümidi kəsiləndən sonra ailəsini, balalarını dolandırmaq istəyi onu Rusiyanın ən şaxtalı və soyuq bölgələrindən birinə, əbədi buzlaqların olduğu Surquta gətirib çıxarır. O, ailəsindən, doğma Vətənindən uzaq düşmək istəməsə də, bunu etməyə, hər cür əziyyətə qatlaşmağa məcbur olur. Ancaq yaşamaq və mübarizə aparmaq üçün burada hökm sürən və müəllifin özünün də qeyd etdiyi kimi "cəngəllik qanunları"nı nəzərə almaq, onunla hesablaşmaq lazım gəlir. Cahangirin bir müsbət cəhəti odur ki, o, işsizliyə görə alverlə məşğul olan, ancaq bəzilərinin tənəsinə dözməyərək intihar edən ali təhsilli ziyalı insanları özlüyündə qınayır, "dost dar gündə tanınar" el məsəlinə uyğun olaraq, müraciət etdiyi dostlarının dönüklüyünü görəndən sonra balalarının taleyini düşünüb ayrı çarə axtarmağa başlayır.
Cahangir obrazının timsalında öz ailəsini sevən bir ailə başçısının, uşaqlarının yadlara möhtac olmasına razı olmayan bir kişinin xarakteri müxtəlif hadisələrin fonunda təsvir olunur. Təyyar Nəsirli əsərdə təkcə çörək pulu üçün ağır əziyyətlərə qatlaşan azərbaycanlıların həyatını təsvir etməklə məhdudlaşmır. O, eyni zamanda, keçmiş Sovet respublikalarından olan digər xalqların sadə nümayəndələrinin də obrazlarını yaratmaqla keçid dövründə əksər ölkələrdə yaşanan proseslərin insanların həyatına eyni dərəcədə təsir etdiyini göstərmək istəyib. Bu baxımdan romanda təsvir olunan tatar qızı Oksana, özbək Rahim əkə və tacik Baxraddinin taleləri bir nöqtədə birləşir. Romanda həmçinin Sovet dönəmində neft və qaz yataqlarının kəşfində əməyi olan tanınmış geoloq, Dövlət Mükafatı laureatı Fərman Salmanovun fəaliyyətinə ötəri olsa da toxunulur, onun keçən əsrin 50-ci illərində əbədi buzlaqlar diyarında gördüyü işlər xatırlanır. Məhz bu ərazidə zəngin neft-qaz yataqları kəşf edildikdən sonra burada yüzminlərlə insanın yaşadığı Surqut şəhəri salınır. Bu faktlar əsəri daha da dolğunlaşdırır və azərbaycanlı ziyalıların, elm adamlarının keçmiş SSRİ-nin müxtəlif regionlarının inkişafına verdiyi töhfələr oxucuya çatdırılır. Bu həm də romanın əsas qəhrəmanlarının taleyi, düşdüyü mühit və gördüyü çətinliklərlə bir qədər ziddiyyət təşkil edir. Çünki ali təhsilli Cahangir vaxtilə həmyerlisinin uğur qazandığı bu məkanda-Surqutda bir çox maneələrlə üzləşir. Rusiya vətəndaşı olmaması da buna birbaşa və dolayı təsirini göstərir. Müəllif sanki keçmiş Sovet dövrü ilə keçid dövrünün özəlliklərini müqayisə edir, bütün bunlardan nəticə çıxarmağı isə oxucunun öhdəsinə buraxır. Əsərdə cərəyan edən müxtəlif hadisələrin fonunda digər obrazların xarakteri də bir-birindən fərqlənir və əsərin dramatikliyini daha da artırır. Gülnarın ailənin ən çətin günlərində həyat yoldaşı Cahangirə dayaq olması, onu anlayışla qarşılaması, Bəxtiyarın obrazının timsalında Reketlərin əlində həlak olması, Zahirin səfil həyat keçirməyə məhkum olması hər biri özlüyündə fərqli insan talelərini əks etdirir.
Əsərin sadə, oxunaqlı dildə yazılması və baş verən hadisələrin maraqlı süjet xətti ilə təqdimatı oxucuları oradakı qəhrəmanların taleyinə marağı artırır və əsərin sonunun necə bitəcəyini bilmək istəyi oxucunu romanı daha həvəslə oxumağa sövq edir. Əsərin sonunda dostların Cahangirə baş çəkməsi və onunla vidalaşarkən kövrəlməsi romanın ən təsirli epizodlarından hesab oluna bilər. Çünki Cahangiri, Ruziboyu, Baxraddini və digərlərini zamanın və taleyin sərt üzü sınaqlarla üzləşdirmiş, onların dostluğuna, bir-birinə Vətəndən uzaqda mənəvi dayaq olmaqlarına şərait yaratmışdır.
Təyyar Nəsirlinin əsərin əvvəlində və sonunda təqdim etdiyi epizodik hadisələr zamanın məzmununu ümumiləşdirir və oxucuları düşündürür. Yola çıxan gəncdən nurani qoca hara getdiyini soruşur. Yolçu isə ona "Gedərgəlməzə, baba."- deyə cavab verir. Ancaq əsərin qəhrəmanı Cahangirin bu gedərgəlməz yoldan qalib kimi ayrılması və dostu Raqiblə görüşməsi oxucularda haqqın gec-tez qələbə qazanmasına, insanın cəmiyyətdə öz layiqli yerini tutmasına inamını artırır.
Qeyd edək ki, Təyyar Nəsirli 1988-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. "Ölümdən güclüdür Vətən sevgisi" (1993), "Tale ulduzları yanan şəhidlər" (1997), "Nigaran ruhlar" (1998), "Məşələ dönmüş müəllim ömrü" (2002), "Altında yatarkən də bizimdir yerin üstü" (2007) və digər kitabların müəllifidir. Qarabağ müharibəsinin ağrı-acısı da Təyyar Nəsirlinin yaradıcılığından yan keçməyib. Ermənistanın hərbi təcavüzü nəticəsində başlanan müharibə zamanı ən qaynar nöqtələrdə erməni işğalçılarına qarşı mübarizə aparan, Vətənin ərazi bütövlüyünü qoruyan döyüşçülərin, şəhid olmuş oğulların döyüş yoluna həsr etdiyi sənədli bədii oçerklər, məqalələrin hər biri bir igidin ömrünə işıq salır. Bu oçerklərin bir çoxu onun bir sıra kitablarında daha ətraflı və geniş şəkildə oxuculara təqdim olunub.
Publisistik yazılarına və kitablarına görə 1997-ci ildə Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Komitəsinin "Nailiyyət" mükafatı laureatı adına layiq görülüb, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Hazırda ədəbiyyatla yanaşı, televiziya sahəsində də jurnalist fəaliyyətini davam etdirir.
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2010.- 26 sentyabr.- S.
8.