"Ürəklə
söhbət"lərdə həyat həqiqətləri
Həyatı qadın gözü
ilə görmək, buradakı fərəhverici hadisələri
və acıları həssas qadın qəlbi ilə duymaq,
şeir dili ilə ifadə edə bilmək qadın şairlərimizin
yaradıcılıqlarını fərqləndirən ən
mühüm xüsusiyyətlərdəndir. Gerçəkdən
də qadın şairlərimizin
yaradıcılığında müxtəlif həyat hadisələri
ilə birlikdə bu hadisələrə
qadınlarımızın spesifik münasibətləri, bizim
görə bilmədiyimiz, hiss edə bilmədiyimiz tərəfləri
də öz bədii həllini tapa bilir.
Bu
yaxınlarda çapdan çıxmış Nailə
İbrahimovanın "Ürəklə söhbət"(Avropa
nəşriyyatı, Bakı, 2010) adlı şeirlər
kitabı bir daha söylədiklərimizə gözəl misal
ola bilər. Öncə elə bir fikir yarana bilər ki,
kitabdakı şeirlər şairənin öz məhrəm
fikir və düşüncələrini, özü ilə
olan söhbətlərini əks etdirməklə yaranır.
Lakin şeirləri bir - bir oxuduqca anlayırsan ki, fikirlər əslində
real həyat hadisələri ilə, xalq həyatı və məişəti
ilə qırılmaz əlaqələrlə bağlı
olduğuna görə daha çox fərdi çərçivələri
aşıb milli - bəşəri məna kəsb edə bilir.
Zənnimizcə, belə bir poetik səviyyəyə yüksəlmək
yolunda şairənin istedad və bilgi dairəsinin geniş
olması ilə birlikdə, onun bədii təsvir vasitələrindən,
ana dilimizin saflığından, xalqımızın müdrik
kəlamlarından, mənəvi - tarixi dəyərlərindən
yaradıcılıqla istifadə edə bilməsi də
mühüm rol oynamışdır.
Nailə
İbarahimovanın ikinci şeir kitabı olan "Ürəklə
söhbət" kitabında biz zəngin həyat yolu
keçmiş (O, Azərbaycan Dövlət Tibb Universitetini
bitirmiş, gənc yaşlarından müxtəlif mətbuat
orqanlarında yazılarını çap etdirmişdir),
geniş maraq dairəsinə malik bir müəlliflə
rastlaşırıq. Daha çox lirik xarakterdə
yazılmış şeirlərində müəllif əsasən
qadın taleyi, onun istək və arzuları, həyəcanları,
sevgisi, nifrəti, ailə haqqındakı fikirləri və s.
yer almışdır. Onun şeirlərinin çoxu sevgi
mövzusuna həsr olunmuşdur. Şeirlərdə bu əbədi
mövzunun müxtəlif anları, mərhələləri,
tərəfləri yüksək bir bədiiliklə ifadə
olunmaqdadır.
Nailə xanımın zəngin təbiətimizin vəsfinə həsr edilmiş şeirləri də az deyil. "Bənövşə" "Bil Həyatın qədrini" , "Nərgiz gülü", "Bahar gəlir", "Günəş çıxır", "Dan ulduzu", "Çox sevirəm Baharı", "Külək" kimi şeirlərində Nailə xanımın poetik təfəkkürü, təbiət sevgisi son dərəcə inandırıcı, təsirli görünür. Təbiətə həsr edilmiş şeirlərində müəllif təbiət hadisə və lövhələrini, sadəcə, sözlər - anlayışlar vasitəsilə təqdim etmir, onlarda insanı təsirləndirən xüsusiyyətlər axtarır, sanki onlarla canlı varlıqlar olaraq söhbət edir, onlara öz ürək sözlərini söyləyə bilir, hətta onlardan mənəvi güc aldığını belə bəyan edir.
Nailə xanımın şeirlərində insan amili, mürəkkəb dünyamızda onun yeri və önəmi xüsusilə mühüm məna kəsb edir. Hiss edirsən ki, təbiətdən də, sevgidən də, şeir və sənətdən də yazanda onu hər zaman xalqına, millətinə bağlı olan yaradıcı və mükəmməl insan idealı düşündürür.
Kitabın "Yalanlar ayaq açanda" bölümündə isə müəllif nadanlıq, paxıllıq, ikiüzlülük, yaltaqlıq, hiyləgərlik, acgözlük, qiybətçilik, xəbislik kimi mənfi mənəvi keyfiyyətlərin ifşasına xüsusi şeirlər həsr etmiş, bu eybəcər keyfiyyətləri daşıyan insanlardan uzaq gəzməyi tövsiyə etmişdir:
Nailə xanım şairin sosial məsuliyyət hissini də heç bir zaman unutmur, müasir mərhələdə xalqımızı düşündürən, rahatsız edən problemlərə cavab axtarır. Qarabağın erməni qəsbikarları tərəfindən işğal olunması, bu səbəbdən insanlarımızın acı psixoloji vəziyyətləri ilə əlaqədar yüksək vətənpərvərlik ruhunda yazılmış şeirləri söylədiklərimizi təsdiqləyə bilər.
İnanırıq ki, Nailə İbrahimovanın "Ürəklə söhbət" şeirlər kitabı, tez bir zamanda şeir həvəskarları və oxucularımızın rəğbətini qazana biləcək.
Babək QURBANOV,
Fəlsəfə elmləri doktoru,
professor
Xalq qəzeti.- 2010.-
26 sentyabr.- S. 8.