14 yaşlı tələbə

 

Ölkəmizdə ali məktəblərə builki tələbə qəbulunun daha bir diqqətçəkən hadisəsi 14 yaşlı Bakı məktəblisi Elman Mənsimovun tələbə adı qazanması oldu. Orta məktəbi əla qiymətlərlə bitirən Elman 605 balla respublikamızın ən nüfuzlu ali məktəbi Bakı Dövlət Universitetinin kompyuter elmləri fakültəsinə daxil olmuşdur.

 

5 yaşında paytaxtdakı 6 saylı məktəbin birinci sinfinə yetkin uşaq kimi qəbul edilən Elman dərsləri mənimsəmə qabiliyyəti və çalışqanlığı ilə tezliklə özündən 1-2 yaş böyük uşaqları geridə qoymuş, müəllimlərin diqqətini cəlb etmişdir. İkinci sinfi bitirəndə üçüncü sinfin də proqramını mənimsəmiş bu istedadlı uşaq Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı ilə ekstern imtahan verib dördüncü sinfə keçirilmişdir. Sinif yoldaşlarından xeyli öndə getməsini 12 yaşında yenidən xüsusi komissiya qarşısında təsdiqləmiş Bakı vunderkindi doqquz-onuncu sinifləri bir ildə başa vurmuşdur. Beləliklə, məktəbə yaşıdlarından 1 il tez getmiş Elman orta təhsili vaxtından 3 il tez başa vurmuşdur.

Bir sıra istedadlı məzunları ilə tanınan, vaxtilə burada oxumuş Prezident İlham Əliyevin adı ilə məşhurlaşan 6 saylı məktəb daha bir yetirməsiylə bioqrafiyasını zənginləşdirdi. Elman Məsimovun 14 yaşda ali məktəb tələbəsi olmasına onun qeyri-adi qabiliyyətinə və uğurlarına illər boyu şahidlik etmiş müəllimləri indi valideynlərindən heçaz sevinmirlər. 14 yaşda tələbə olmaq nəinki respublikamızda, eləcə də dünyada nadir hallarda baş verir.

Uşaqlığını vaxtından tez tərk etmiş, yeniyetməliyini də sürətlə keçərək özündən 3-5 yaş böyük gənclərə qoşulmuş Elmanın bu böyük uğurunun səbəbləri ilə maraqlandıq. Atası Elşad Mənsimovdan və Azərbaycanın ən azyaşlı tələbəsinin özündən öyrəndiklərimizi qısaca belə sıralamaq olar: qeyri-adi istedad, yüksək ailə mühiti, müəllimlərin zəhmət və diqqəti.

Elmanın zehni-mənəvi keyfiyyətləri 3 yaşından özünü göstərib. 5 yaşında yazıb-oxumağı, hesabı bacaran, normal düşüncəsi və qavrayışı ilə seçilən uşaq birinci sinfə tərəddüdsüz qəbul edilib. Yaddaşı, təhlil qabiliyyəti, səyi, fənlərə ciddi münasibətilə valideynlərini və müəllimlərini həmişə razı salıb. Aşağı siniflərdən ingilis dilinə, kompyuterlə məşğul olmağa, bədii və elmi-kütləvi əsərlərə böyük maraq göstərib. Elman bu il orta məktəb şəhadətnaməsi ilə yanaşı, dünyada məşhur olan "Britaniya məktəbi"nin sertifikatını da alıb, beynəlxalq "İELTS" proqramı üzrə imtahanı uğurla verib. O, bir bir neçə kompyuter proqramını mənimsəyib. Dünya və Azərbaycan ədəbiyyatının tanınmış müəlliflərini mütaliə edib. Təbii sayılan uşaq əyləncələrini bir qayda olaraq ciddi mütaliə, elmi-sənədli filmlərə baxmaq, riyaziyyatkompyuter məşğələləri ilə əvəz edib.

Ailədə babanın bioloq, nənənin neft mühəndisi, atanın mühəndis-iqtisadçı, ananın mühəndis-kimyaçı olması, evdəki yüksək elmi-mədəni mühit Elmandakı genetik keyfiyyətlərin normal axarda inkişafını təmin edib. Məktəb də istedadlı şagirdin qabiliyyətini düzgün qiymətləndirib, daim diqqətdə saxlayıb. Bütün bunlar bir-birini tamamlayaraq qeyri-adi məktəblinin sürətli və səmərəli formalaşmasına, bilikləri sürətlə mənimsəməsinə münbit şərait yaradıb. Elmanın fitri keyfiyyətləri, məqsədyönlü çalışqanlığı, vaxtdan yüksək dərəcədə faydalanması bu bilik-bacarıq marafonunun yolunu və zamanını qısaldıb.

Elmanın özü ilə də görüşüb-söhbətləşdik. Sürətli inkişaf boy-buxununda, zahiri görünüşündə də aydın seçilir. Yaşından böyük, ağıllı və ciddi görünür. Qazandığı uğura çox adi baxır. Utancaq görünsə də özünə inamlıdır. Fikir-xəyalı, baxışı, narahatlığı ilə, sanki, harasa tələsir. Həyatda qarşısına aydın məqsəd qoyub: kompyuter iqtisadiyyatı, yaxud iqtisadiyyatın kompyuterləşdirilməsi sahəsində yüksək mütəxəssis olmaq, Azərbaycanın iqtisadi modernləşdirilməsinin elmi təminatı ilə məşğul olmaq. Təhsilini xarici ölkələrdə davam etdirmək, nəzəri və təcrübi biliklərini artırmaq arzusundadır.

14 yaşlı tələbə ilk gündən dərslərdə zehni cəhətdən, özündən yaşlı qrup yoldaşları arasında isə psixoloji baxımdan heç bir çətinlik çəkmir. Mühazirələri asan qavraması, dərslərə hazırlığı ilə ilk gündən universitet müəllimlərini də razı salır. Orta məktəbdən fərqli olaraq ali məktəbdə daha çox müstəqil çalışmaq ona maraqlı və faydalı görünür. Artıq indidən kursları sürətlə keçmək, yeni ekstern imtahanlara getmək Elmana çətin görünmür.

İstedadlı uşaqları, bacarıqlı yeniyetmələri, yetkin gəncləri ilə həmişə seçilmiş ölkəmizin daha bir nadir yetirməsi ona bəslənən ümidləri yüksək səviyyədə doğrultmuşdaha böyük ümidlər yoluna çıxmışdır.

Zəkan daha güclü, yolun daha işıqlı, uğurların daha böyük olsun, 14 yaşlı tələbə. Sənin kimi övladların ərsəyə gəlməsi Azərbaycanın çağdaş yüksəlişindən qaynaqlanır. Ölkəmiz sabah sizin əməllərinizlə daha da ucalacaq.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2010.- 26 sentyabr.- S. 6.