Azərbaycan beynəlxalq turizmin inkişafına layiqli töhfələr verir

 

1980 - ci ildən Birləşmiş Millətlər Beynəlxalq Turizm Təşkilatı (BMBTT) 27 sentyabrı Beynəlxalq Turizm Günü kimi qeyd edir. Bu tarix 1970 - ci ildə BMBTT - nin Nizamnaməsinin qəbul olunduğu gündür. Bu Nizamnamənin qəbulu qlobal turizmdə dönüş hesab edilir. Bu günün məqsədi beynəlxalq aləmdə turizm haqda məlumatlanmanı artırmaq və bunun sosial, mədəni, siyasi, iqtisadi tərəflərini dünya miqyasında nümayiş etdirməkdir.

 

1997-ci ilin oktyabrında bu təşkilatın İstanbulda keçirilən 20-ci sessiyasında Baş Assambleya hər il Beynəlxalq Turizm Gününün keçiriləcəyi təşkilatçı ölkələrin seçilməsinə qərar verdi.

Assambleya özünün 2003 - cü ilin oktaybrında Pekindəki sessiyasında Beynəlxalq Turizm Gününün keçirilməsinin coğrafi ardıcıllığını müəyyənləşdirdi.

Azərbaycanda beynəlxalq turizmin inkişafına son illər xüsusi önəm verilir. Bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi xüsusi tədbirlər həyata keçirir. Xüsusilə ikitərəfli əməkdaşlıq sahəsində hökumətlərarası komissiyaların qəbul etdiyi sənədlərin icrası istiqamətində görülən işlər təqdirəlayiqdir. Bu barədə, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, Azərbaycan Respublikası Hökuməti və Rumıniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclas Protokolu, Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 6-cı iclas Protokolu, Azərbaycan Respublikası və Polşa Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclas Protokolu, Azərbaycan Respublikası və Türkmənistan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasının Protokol layihəsi və Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının Protokol layihəsində turizm üzrə nəzərdə tutulan maddələrin icrası ilə əlaqədar işlər davam etdirilmişdir.

Həmçinin, Azərbaycan Respublikasının müvafiq qurumlarından alınmış rəy və təkliflərə əsasən "Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyasının Hökuməti arasında Turizm sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsi və "Azərbaycan Respublikasının Hökuməti və Tunis Respublikası Hökuməti arasında Turizm sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsi qarşı tərəfə çatdırılması məqsədilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə göndərilmişdir.

Çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, İslam Konfransı Təşkilatı (İKT), Müstəqil Dövlətlər Birliyi (MDB), Demokratiya və İqtisadi inkişaf naminə - GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və s. beynəlxalq təşkilatlarla turizm sahəsində çoxtərəfli əməkdaşlığın təşkil edilməsi, turizm sahəsində mövcud proqramlara qoşulma, beynəlxalq tədbirlərdə fəal iştirakın təmin edilməsi, həmçinin yeni təklif və layihələrin hazırlanması, əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində səmərəli və mühüm fəaliyyətini davam etdirmişdir.

Fevral ayında Minsk şəhərində keçirilən MDB-yə üzv olan ölkələrin mədəni turizm üzrə işçi qrupunun iclasında Mədəniyyət və Turizm Nazirliyi təmsil olunmuş və iclas zamanı Azərbaycan tərəfindən təklif edilən MDB-yə üzv olan ölkələri əhatə edən "Ümumdünya irsi" beynəlxalq mədəni turizm marşrutu layihəsi qəbul edilmişdir. Mart ayında Türkiyənin Antalya şəhərində keçirilən İslam Konfransı Təşkilatının (İKT) Turizm üzrə II Koordinasiya Komitəsinin iclasında Mədəniyyət və Turizm Nazirliyi təmsil olunmuşdur.

Almaniyanın kütləvi informasiya vasitələrinin nümayəndələri üçün müvafiq marşrut üzrə ölkəmizə press-tur təşkil edilmişdir. Eyni zamanda, Bolqarıstanın Sofiya şəhərində keçirilən BMÜTT-nin Avropa üzrə Komissiyasının 51-ci iclasında və "Böhran dövründə turizmin gücü: bazarın vəziyyəti və quruluşu üzrə siyasət" adlı texniki seminarında Mədəniyyət və Turizm Nazirliyi də təmsil olunmuşdur.

May ayında isə Almaniyanın Frankfurt şəhərində keçirilən Qlobal İşgüzar Həftə Konfransında Mədəniyyət və Turizm Nazirliyi təmsil olunmuşdur. Tədbir çərçivəsində ölkəmizin turizm imkanlarına dair təqdimat keçirilmiş və konsert təşkil edilmişdir.

2010-cu ilin 10 iyun tarixində Bakı şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Ekoturizm üzrə Ekspertlər Qrupunun 2-ci iclası və 11-12 iyun tarixlərində "Ekoturizmin inkişafında ekoloji, iqtisadi və mədəni üstünlüklərin müəyyən edilməsinin əsasları" mövzusunda Beynəlxalq Ekoregion Konfransı keçirilmişdir.

2011-2012-ci illər üçün BMÜTT-nin statistika sahəsində bilik səviyyəsinin artırılması üzrə Proqramın Azərbaycanda keçirilməsi ilə əlaqədar hazırlıq işləri aparılır.

Azərbaycan Respublikasının 2009-2010-cu illər üçün GUAM-ın Turizm üzrə İşçi qrupunda əlaqələndiriciliyi həyata keçirməsi ilə bağlı cari ilin 24-25 iyun tarixlərində Bakı şəhərində GUAM-ın Turizm üzrə İşçi qrupunun növbəti iclası və GUAM-a üzv ölkələrin Turizm üzrə qurum rəhbərləri səviyyəsində beşinci iclası keçirilmişdir. İclas zamanı Yaponiya ilə birgə GUAM vahid turizm məhsulunun yaradılması, GUAM turizm portalının yaradılması, turizm sahəsində əməkdaşlığın inkişafına dair məsələlər, birgə turizm məhsulunun həyata keçirilməsi üzrə yol xəritəsinin və GUAM bələdçi kitabçasının yaradılması, GUAM-ın Turizm üzrə növbəti iclasının yerinin və vaxtının təyin edilməsi və digər məsələlər müzakirə edilmişdir.

İclasda GUAM Katibliyi, Azərbaycan, Gürcüstan və Moldovanın rəsmi turizm qurumlarının nümayəndələri, həmçinin Ukrayna və Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliklərinin əməkdaşları iştirak etmişlər.

İclasın sonuncu günü Bakı bəyannaməsi, iclasın protokolu və GUAM-Yaponiya birgə turizm məhsulunun inkişaf etdirilməsi üzrə Fəaliyyət Planı qəbul edilmişdir. 2010-cu ilin 21-22 oktyabr tarixlərində Gəncə şəhərində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "İslam Konfransı Təşkilatına üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği" mövzusunda Beynəlxalq Elmi Konfransın keçirilməsi planlaşdırılır. Konfrans iştirakçıları İKT üzv ölkələrində qeyri-maddi irsin qorunması və təbliğinə dair əsas fikirləri tədqiq və müzakirə edəcəklər. Konfransın işində İKT ölkələrindən və İKT köməkçi orqanları, ixtisaslaşmış və filial institutlarından nümayəndələrin iştirakı nəzərdə tutulur.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 29 sentyabr.- S. 8.