Hüquq
islahatlarının uğurlu davamı
Hər bir dövlətin müstəqilliyini
şərtləndirən, onu əbədiləşdirən
amillər, ilk növbədə, qanunların aliliyinin təminatından,
məhkəmə-hüquq islahatlarının həyata
keçirilməsi keyfiyyətindən, ədalət mühakiməsinin
beynəlxalq tələblərə
uyğunlaşdırılmasından asılıdır.
İnkişaf etmiş demokratik ölkələrin təcrübəsi
də göstərir ki, ictimai-siyasi həyatın bütün
sahələri üzrə hüquqi bazanın möhkəm təməllər
üzərində qurulması, ədalət prinsiplərinə
ciddi şəkildə riayət olunması həmin dövlətdə
sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik
iqtisadi inkişafın başlıca təminatlarından
biridir. Müstəqil Azərbaycanın ötən 15 ildə
demokratikləşmə, insan və vətəndaş
hüquq və azadlıqlarının təminatı sahəsində
yüksək nailiyyətlər qazanması da bilavasitə
mülki cəmiyyət quruculuğuna hesablanmış məhkəmə-hüquq
və ədliyyə islahatlarının respublikanın
sosial-iqtisadi inkişaf dinamikası ilə
uzlaşdırılması nəticəsində mümkün
olmuşdur.
İctimai
münasibətlər sisteminin qanunamüvafiq qaydada tənzimlənməsində,
insan və vətəndaş hüquq və
azadlıqlarının təminatında mühüm rol oynayan
məhkəmə hakimiyyətində kompleks islahatların həyata
keçirilməsi ulu öndər Heydər Əliyevin daim
xüsusi diqqət mərkəzində olmuşdur. 1995-ci ilin
12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası dövlətimizin
tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik
hüquqi və dünyəvi dövlət quruculuğunun
hüquqi əsaslarını, insan hüquq və
azadlıqlarının təmin olunmasının möhkəm
təməlini qoymuşdur.
Üçpilləli müstəqil
məhkəmə sisteminin banisi
Azərbaycan
Konstitusiyasına əsasən, hakimiyyətin üç
müstəqil qolundan biri olan məhkəmələr
dünyanın mütərəqqi təcrübəsinə əsaslanan
modeldə formalaşdırılmışdır. Bu modelə əsasən,
ölkəmizdə birinci instansiya, apellyasiya və kassasiya
instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət
göstərir. Üçpilləli məhkəmə sistemi ədalət
mühakiməsinin səmərəliliyinin
artırılmasına xidmət etməklə, işlərə
birinci instansiya qaydasında baxılmasına, bundan sonra
onların hüquqa və fakta görə apellyasiya
qaydasında yoxlanılmasına, daha sonra isə kassasiya
qaydasında yenidən baxılmasına imkan yaradır. Bu
sistem birinci instansiya məhkəməsinin buraxdığı
hər hansı səhvin yuxarı məhkəmə
instansiyalarında aradan qaldırılmasına, işlərin
mahiyyətcə düzgün və obyektiv həllinə şərait
yaradır.
Azərbaycan
Respublikası Prezidentinin 1996-cı il 21 fevral tarixli sərəncamı
ilə yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən
işlənib hazırlanmış "Konstitusiya Məhkəməsi
haqqında", "Məhkəmələr və hakimlər
haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq
islahatları sahəsində aparılan ilk mühüm
addımlar olmaqla, müstəqil məhkəmə sisteminin
yaradılmasına və fəaliyyət göstərməsinə
imkan yaratmışdır. Azərbaycan Respublikası
Prezidentinin 1 dekabr 1998-ci il tarixli "Məhkəmələr
və hakimlər haqqında" Azərbaycan Respublikası
qanununun tətbiq edilməsi və məhkəmə
islahatlarının həyata keçirilməsinə dair tədbirlər
barədə" fərmanı əsasında ardıcıl
surətdə gerçəkləşdirilən məhkəmə
islahatlarının başlıca məqsədi qanunun aliliyinin
təmini, məhkəmə hakimiyyətinin dövlət idarəçilik
mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül
tapması, ədalət mühakiməsinin həyata
keçirilməsi zamanı insan hüquq və
azadlıqlarının müdafiəsinin yüksək səviyyədə
təşkili, cinayət və mülki mühakimədə
demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun
formalaşdırılması, məhkəmələrin fəaliyyətində
şəffaflığın təmin edilməsi və digər
konseptual məsələlərin həlli olmuşdur.
"Azərbaycan
Respublikasında hakim vəzifəsinə namizədlərin
seçilməsi qaydalarının təkmilləşdirilməsi
haqqında" 2000-ci il 17 yanvar tarixli fərman isə hakimlərin
seçilməsi prosesinin təşkili, məhkəmə fəaliyyəti
ilə bağlı digər funksiyaların həyata
keçirilməsi məqsədilə yüksək məhkəmə
sədrlərindən, ədliyyə nazirindən ibarət tərkibdə
Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq
Şurası təsis edilmiş, hüquq sistemində
köklü dəyişikliklərə səbəb olan tədbirlər
görülmüşdür. Məhkəmə-Hüquq
Şurası ötən illərdə Azərbaycan
Respublikasında müstəqil məhkəmə sisteminin təmin
edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan
namizədlərin seçilməsinin təşkili, hakimlərin
fəaliyyətinin qiymətləndirilməsi, onların iş
yerinin dəyişdirilməsi, vəzifədə irəli
çəkilməsi, intizam məsuliyyətinə cəlb
edilməsi, habelə məhkəmələr və hakimlərlə
bağlı digər məsələləri səlahiyyəti
daxilində həll edən, məhkəmə hakimiyyətinin
özünüidarə funksiyalarını həyata
keçirən müstəqil orqan kımi fəaliyyət
göstərmişdir.
Ümummilli
lider Heydər Əliyev sonrakı mərhələdə də
ölkə həyatının bütün sahələrində
çevik və işlək mexanizmlər üzərində
çoxşaxəli islahatları təmin etmişdir.
Hüquqa və ədalətə söykənən mülki cəmiyyətin
formalaşdırılması üçün, ilk növbədə,
milli qanunvericiliyin Avropa standartlarına
uyğunlaşdırılması prosesi davam etdirilmiş,
ardıcıl surətdə həyata keçirilən
köklü iqtisadi, sosial və hüquqi islahatların əsasında
insana qayğı, insan ləyaqətinə, şəxsiyyətinə
hörmət prinsipi dayanmışdır. 2002-ci il avqustun 24-də
keçirilən ümumxalq səsverməsi ilə (referendum)
Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə
və dəyişiklikləri bu mənada xüsusi
xatırlatmaq lazımdır. Həmin əlavə və dəyişikliklərin
bir hissəsi də məhkəmə hakimiyyətinin fəaliyyəti
ilə bağlı olmuşdur. Belə ki, Konstitusiyanın
Apellyasiya Məhkəməsinin səlahiyyətlərini, hakimlərin
seçilməsi qaydasını müəyyən edən maddəsi
yeni redaksiyada verilmiş, prokurorluğun məhkəmə
prosesində iştirakı əsasən cinayət-mühakimə
icraatı ilə məhdudlaşdırılmış, Ali Məhkəmənin
ümumi və ixtisaslaşdırılmış məhkəmələrin
işinə nəzarət funksiyası ləğv edilərək,
onun yalnız kassasiya instansiyası olması təsbit
edilmişdir.
Daha
bir mühüm yenilik ondan ibarət olmuşdur ki, bütün
məhkəmələrə, vətəndaşlara və Azərbaycan
Respublikasının insan hüquqları üzrə Müvəkkilinə
(Ombudsmana) Konstitusiya Məhkəməsinə müraciət
etmək hüququ verilmişdir. Dəyişikliyin məzmununa
görə hər kəs, onun hüquq və
azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti
orqanlarının normativ aktlarından, bələdiyyə, məhkəmə
aktlarından qanunla müəyyən edilmiş qaydada
Konstitusiya Məhkəməsinə şikayət verə bilər.
Vətəndaş mənafeyini
önə çəkən islahatlar
Bu
gün fəxrlə deyə bilərik ki, ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq
islahatları son 7 ildə onun layiqli davamçısı - Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən inamla davam
etdirilir. Şübhəsiz, ictimai münasibətlər
qanunlarla tənzimləndiyindən, cəmiyyət həyatındakı
mühüm yeniliklər hüquq sistemində də dəyişikliklər
və yeniləşmə tələb edir. Dövlət
başçısı peşəkar siyasətçi kimi bu
amili ciddiliklə nəzərə alır, sosial-iqtisadi
uğurların miqyasına, habelə cəmiyyətin demokratik
şüur səviyyəsinin yüksəlməsinə paralel
olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin
fəaliyyətinin müasirləşdirilməsini vacib
sayır.
Bu məqsədlə
hələ 2004-cü ilin dekabrında "Məhkəmə-Hüquq
Şurası haqqında" yeni qanun qəbul olunmuş,
"Məhkəmələr və hakimlər haqqında"
qanuna bir sıra mütərəqqi dəyişikliklər
edilmişdir. "Konstitusiya Məhkəməsi
haqqında" Qanuna əlavə və dəyişikliklər
edilməsi haqqında" 2003-cü il 23 dekabr tarixli qanuna əsasən
isə vətəndaşların pozulmuş hüquq və
azadlıqların bərpası ilə bağlı birbaşa
Konstitusiya Məhkəməsinə müraciət hüququnun
həyata keçirilməsi mexanizmləri müəyyən
edilmişdir.
Prezident
İlham Əliyevin inamla həyata keçirdiyi məhkəmə-hüquq
islahatlarının əsasında həm də regionlarda yaşayan
vətəndaşların qanuni maraq və mənafeləri ədalət
mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi
olmuşdur. Bu baxımdan dövlət
başçısının 19 yanvar 2006-cı il tarixli
"Azərbaycan Respublikasında məhkəmə sisteminin
müasirləşdirilməsi və bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" fərmanı respublikanın məhkəmə
sisteminin əsaslı şəkildə müasirləşdirilməsi
və təkmilləşdirilməsi prosesində ən
mühüm addımlardan biri kimi dəyərləndirilə
bilər.
Regionların
sosial-iqtisadi inkişafı sahəsində həyata
keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin
mahiyyətindən irəli gələn həmin fərmanda
bölgələrdə yeni apellyasiya və iqtisad məhkəmələrinin
yaradılması başlıca vəzifə kimi qarşıya
qoyulmuşdur. Belə bir fərmanın imzalanması bölgələrin
sürətlə inkişaf etdiyi bir zamanda rayonlarda yaşayan
vətəndaşlara göstərilən hüquqi
yardımın səviyyəsini yaxşılaşdırmaq;
onlarda haqlı narazılıq doğuran sui-istifadə, süründürməçilik
hallarını, eləcə də digər nöqsanları
aradan qaldırmaq; ədalət mühakiməsinin səmərəliliyini
yüksəltmək; məhkəmələrə inamı
artırmaq; məhkəmələrin fəaliyyətində
yeni informasiya texnologiyalarının tətbiqinə nail olmaq; məhkəmə
aparatlarının strukturunu və işini daha optimal şəkildə
qurmaq; habelə hakimlərin sosial vəziyyətini
yaxşılaşdırmaq niyyətindən irəli gəlmişdir.
Fərman
bölgələrdə yaşayan vətəndaşların məhkəmələrə
müraciət imkanlarını genişləndirmiş, bu sahədə
bir sıra mütərəqqi yeniliklərə imkan
yaratmışdır. Belə ki, fərman əsasında
Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə və
Şirvanda apellyasiya məhkəmələri,
Naxçıvanda Ağır Cinayətlərə Dair
İşlər üzrə Məhkəmə, Bakıda 2
saylı Yerli İqtisad Məhkəməsi, Sumqayıt və
Şəkidə yerli iqtisad məhkəmələri yaradılmışdır.
Regional tərəqqiyə yeni təkan
Dövlət
başçısının 19 yanvar 2006-cı il tarixli
"Azərbaycan Respublikasında məhkəmə sisteminin
müasirləşdirilməsi və bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" fərmanına qədər Azərbaycanda
yalnız bir Apellyasiya Məhkəməsinin fəaliyyət
göstərməsi, ilk növbədə, regionlarda yaşayan
insanlar üçün ciddi problemlər doğurur, onların
qanuni mənafelərinin yüksək səviyyədə təminatına
əngəllər yaradırdı. Vətəndaşlar birinci
instansiya məhkəmələrinin qərarlarından verdikləri
apellyasiya şikayəti ilə əlaqədar uzaq məsafə
qət edərək Bakı şəhərinə gəlməyə,
əksər hallarda prosesin müəyyən səbəblərdən
təxirə salınması ilə bağlı geriyə
dönməyə məcbur olurdular. Bu vaxt və maliyyə
itkisinə, mənəvi-psixoloji diskomforta səbəb olmaqla,
insanlarda haqlı narazılıq doğurur, onlarda məhkəmələrin
fəaliyyəti ilə bağlı mənfi rəy
formalaşdırırdı. Eyni zamanda Apellyasiya Məhkəməsi
həddən artıq yükləndiyindən, işlərə
baxılmasında gecikmələr baş verir, ədalət
mühakiməsinin hərtərəfli, obyektiv həyata
keçirilməsi çətinliklər doğururdu.
Apellyasiya şikayətlərinin çoxluğu əksər
hallarda ədalətli məhkəmə araşdırması
apararaq qətnamə çıxarmaq imkanlarını da məhdudlaşdırırdı.
Hakimlərin icraatında olan işlərin sayının
çoxluğu ilə əlaqədar həmin işlərə
qanunla müəyyən edilmiş müddətdə
baxılması da qeyri-mümkün olurdu.
Fərmanda
birinci instansiya məhkəmələrinin fəaliyyətinin
qiymətləndirilməsi və bu məsələnin 2006-cı
ilin oktyabr ayına qədər yekunlaşdırılması
da Məhkəmə-Hüquq Şurasına tövsiyə
edilmişdi. Qanunvericiliyə əsasən, hakimlərin fəaliyyəti
üç ildə bir dəfə Məhkəmə-Hüquq
Şurası tərəfindən qiymətləndirilir. Hakimlərin
fəaliyyətinin qiymətləndirilməsi ədalət
mühakiməsinin təkmilləşdirilməsi, hakimlərlə
tədris prosesinin düzgün aparılması, habelə
onların vəzifədə irəli çəkilməsi,
hakimlik və sədrlik fəaliyyətini davam etdirməyə
yararlılığın müəyyən edilməsi məqsədi
ilə aparılır. İqtisadi-sosial həyatın sürətlə
inkişafı, qanun normalarının mütəmadi və
ardıcıl surətdə təkmilləşdirilməsini,
yeni qanunların qəbulunu, hakimlərin peşəkarlığının
yüksəldilməsini, bilik səviyyəsini, ümumi
dünyagörüşünün artırılmasını
tələb edir.
Qanunda
Ali ədliyyə məktəbinin yaradılması, onun fəaliyyəti
ilə bağlı təkliflərin verilməsi Məhkəmə
Hüquq Şurasına tövsiyə edilmişdi. Ədliyyə
Akademiyası ali hüquq təhsili almış şəxslərin
ixtisasları üzrə müəyyən vəzifələrə
təyin edilməsi üçün peşə səviyyəsinin
yüksəldilməsi məqsədilə təşkil edilmişdir.
Fərman əsasında Azərbaycanın məhkəmə
sistemi tarixində ilk dəfə olaraq Hakimlərin Etik
Davranış Kodeksinin hazırlanıb təsdiq edilməsi də
mühüm uğurlardan biri kimi diqqət çəkir.
Fərmanda
həmçinin məhkəmələrə İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin presedent
hüququnun öyrənilməsi və məhkəmə təcrübəsində
nəzərə alınması tövsiyə olunmuşdur. Azərbaycan
Avropa Şurasının tamhüquqlu üzvüdür və
məhkəmələr İnsan hüquqları üzrə
Avropa Konvensiyasının tələblərini rəhbər
tutmaqla, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsini
öyrənməli, öz fəaliyyətlərində həmin
konvensiyanın müddəalarından bəhrələnməlidirlər.
Son illərdə bu istiqamətdə də mühüm tədbirlər
həyata keçirilmiş, Avropa təcrübəsi dərindən
öyrənilmişdir.
Fərmanda
Məhkəmə-Hüquq Şurasına məhkəmələrdə
hakimlərin sayının artırılması ilə
bağlı təkliflərin ölkə başçına təqdim
edilməsi ilə bağlı tövsiyənin əhəmiyyəti
də xüsusi vurğulanmalıdır. Şübhəsiz,
apellyasiya şikayətlərinin çoxluğu bir çox
hallarda birinci instansiya məhkəmələrində işlərə
ədalətli və obyektiv baxılmaması ilə
bağlı olur. Yalnız bir məqamı vurğulamaq kifayətdir
ki, Bakı şəhərinin hər bir rayonunun məhkəmələrinin
icraatında il ərzində 500-dən çox mülki, 150-dən
artıq cinayət və digər işlərin olması
faktı hakimlərin nə qədər gərgin iş şəraitində
işlədiyinin bariz göstəricisi idi. Belə olan halda hər
hakim bir gündə 2, bəzən hətta 3 işə
baxmaqla insan taleyi baxımından həlledici qərar qəbul
etməli idi. Məhz bu səbəbdən də hakimlərin
baxdığı işlər üzrə məhkəmə
araşdırması bəzən çox səthi olur,
vaxtın azlığı tam və obyektiv məhkəmə
araşdırmasının aparılmasına imkan vermirdi. Bu isə
müəyyən hallarda əsassız və yolverilməz məhkəmə
qərarlarının qəbuluna gətirib
çıxarırdı. Fərmanda hakimlərin
sayının artırılması məsələsinə
xüsusi diqqət ayrılması məhz bu və digər
obyektiv çətinliklərin aradan qaldırılması məqsədi
güdürdü.
Məhkəmələrdə
hakimlərin sayca azlığının ədalət
mühakiməsinin keyfiyyətlə və nəzərdə
tutulmuş vaxtda həyata keçirilməsində
başlıca problemlərdən biri olduğunu nəzərə
alan Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 17
avqust tarixli "Azərbaycan Respublikası məhkəmələri
hakimlərinin sayının artırılması və məhkəmələrin
ərazi yurisdiksiyasının müəyyən edilməsi
haqqında" fərmanı ilə respublika məhkəmələri
hakimlərinin sayı 153 ştat vahidi
artırılmışdır. Fərmanın icrası ilə
bağlı Məhkəmə-Hüquq Şurası tərəfindən
həyata keçirilən tədbirlər hakim vəzifəsınə
seçkilərin tamamilə azad, obyektiv və ədalətli
keçirilməsinə, bu məsul vəzifəyə ən
layiqli insanların seçilməsinə xidmət etmişdir.
2009-cu
ilin 18 martında Azərbaycan Respublikası Konstitusiyasına
ümumxalq referendumu ilə edilmiş əlavə və dəyişikliklər
sırasında məhkəmələrin fəaliyyəti ilə
bağlı məsələlərin yer alması da diqqətəlayiq
hal olmaqla, yeni dövrün tələblərindən irəli
gəlmişdir. Konkret olaraq 129-cu maddəyə edilmiş əlavə
məhkəmə qərarlarının icrasının məcburiliyi
ilə bağlı müddəaya əlavə konstitusion təminat
yaratmışdır. Həmin əlavəyə əsasən,
"Məhkəmə qərarının icra olunmaması
qanunla müəyyən edilmiş məsuliyyətə səbəb
olur". Bu müddəa da məhkəmə qərarlarının
səmərəliliyinin daha da artırılmasına, hər
bir vətəndaşın bununla bağlı hüquqi məsuliyyətinin
yüksəldilməsinə xidmət etmişdir.
Son
illərdə məhkəmələrin yeni bina və inventarla
təmin olunması istiqamətində də mühüm
addımlar atılır. Bu kimi məsələlər dövlət
başçısının 2009-cu il 6 fevral tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin
inkişafına dair 2009-2013-cü illər üçün
Dövlət Proqramı"nda da geniş əksini
tapmışdır. 2009-cu ilin mayında Azərbaycan Respublikası
Ali Məhkəməsinin ən müasir standartlara cavab verən
yeni binasının tikilib istifadəyə verilməsi buna əyani
sübutdur. Bu, dövlət başçısının məhkəmələrin
fəaliyyətinə və hüquq sistemindəki yerinə
xüsusi həssaslıqla yanaşdığını bir daha
təsdiqləyir.
Ali Məhkəmənin
açılış mərasimində iştirak edən
dövlət başçısı İlham Əliyev məhkəmələrin
çıxardığı qərarların insan taleyi ilə
bağlı olduğunu bir daha vurğulamış, hakimlərə
qanunun aliliyi prinsipinə daha ciddiliklə yanaşmağı
tövsiyə etmişdir: "Mən binanın təməl
daşının qoyulması ilə əlaqədar
keçirilmiş mərasimdə demişdim ki, bu bina - Ali Məhkəmə
ədalət sarayı olmalıdır və artıq biz bunu əyani
şəkildə görürük. Çox vacibdir ki, burada qəbul
edilmiş bütün qərarlar ədalətli olsun.
Çünki ədalət hər bir cəmiyyətin inkişafı
üçün başlıca amillərdən biridir. Hər
yerdə ədalət olmalıdır, ilk növbədə, məhkəmə
sistemində. Çünki burada qəbul edilmiş qərarlar
insanların taleyinə təsir göstərir. Bir də demək
istəyirəm ki, heç bir cinayət cəzasız
qalmamalıdır, ancaq günahsız insanlar da cəzalandırılmamalıdır.
Ona görə hakimlərin üzərinə çox
böyük və şərəfli missiya
düşür".
Məhkəmə-hüquq
islahatlarının keyfiyyətcə yeni mərhələsi
Müasir
dövrdə hüquqi dövlət anlayışını
şərtləndirən ən mühüm amillərdən
biri şübhəsiz, məhkəmələrin müstəqilliyinin
təmin edilməsi və dövlət adından
çıxarılan məhkəmə qərarlarının
lazımi səviyyədə icrasıdır. Məhkəmələrin
çıxardığı qərarların icrası vətəndaşın
təkcə dövlətə olan inamını,
etimadını deyil, həm də qanun
qarşısındakı məsuliyyətini artırır. Təsadufi
deyildir ki, son illər ölkədə məhkəmə-hüquq
və ədliyyə sisteminin inkişafı üzrə
aparılan islahatlar çərçivəsində ədalət
mühakiməsinin səmərəli həyata keçirilməsində,
vətəndaşların pozulmuş hüquqlarının bərpasında
mühüm əhəmiyyət kəsb edən məhkəmə
qərarlarının icrası işinin
yaxşılaşdırılması ardıcıl xarakter
daşıyır, bu sahədə mövcud
çatışmazlıqların, nöqsanların aradan
qaldırılması üzrə təsirli tədbirlər
görülür.
Xatırlatmaq
lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 28
oktyabr 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş
"Şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə üzrə Milli
Strategiya"nın 33-cü bəndində məhkəmə qərarlarının
icrasının təkmilləşdirilməsi
üçün məhkəmə qərarlarının
icrası ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin
aparılması nəzərdə tutulmuşdur. Azərbaycan
Respublikası Prezidentınin 18 iyun 2010-cu il tarixli fərmanı
ilə təsdiq edilmiş "Məhkəmə nəzarətçiləri
və məhkəmə icraçıları haqqında",
"Məhkəmə qərarlarının icrası
haqqında" Azərbaycan Respublikası qanunlarına, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə,
İnzibati Xətalar Məcəlləsinə və Cəzaların
İcrası Məcəlləsinə dəyişikliklər və
əlavələr edilməsi barədə" Qanunun əhəmiyyəti
bu baxımdan xüsusi vurğulanmalıdır.
Milli
Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsində geniş müzakirə edilməklə
hazırlanmış bu mükəmməl qanunla məhkəmə
qərarlarının vaxtında və tam icrasına nail
olunması, icradan yayınma hallarının
qarşısının alınması üzrə fəaliyyətin
gücləndirilməsi məqsədilə - beynəlxalq təcrübə
öyrənilməklə - qanunvericiliyə yeni mühüm dəyişikliklər
edilmişdir. Yeni qanunvericiliyə uyğun olaraq məhkəmə
icraçılarının hüquqlarının genişləndirilməsi,
o cümlədən borclunun məcburi gətirilməsi,
ölkədən getmək hüququnun məhdudlaşdırılması,
axtarışının elan edilməsi sahəsində onlara
yeni səlahiyyətlərin verilməsi, məhkəmə və
digər orqanların qərarlarının icra edilməməsinə
görə inzibati və cinayət məsuliyyəti
sanksiyalarının sərtləşdirilməsi, habelə
dövlət orqanları tərəfindən məhkəmə
qərarlarının icrasına dair hər 6 aydan bir ölkə
Prezidentinə hesabat verilməsinin nəzərdə
tutulması və digər tədbirlərin müəyyən
edilməsi icra işində yüksək keyfiyyət dəyişikliklərinə
imkan yaradır.
Vətəndaşların
müraciətləri, həmçinin icranın
yaxşılaşdırılması nəzərə
alınmaqla "Məhkəmə qərarlarının
icrası haqqında" Qanunun 6-cı fəslində
mühüm dəyişikliklər olunmuş, yeni maddələr
əlavə edilmişdir. Bu əlavələr avans ödənilmədən
bütün növ icra sənədləri üzrə
borcluların axtarılması ilə əlaqədar qərarın
qəbulu, icraya nəzarətin daha səmərəli həyata
keçirilməsi və müddətin pozulması
hallarına yol verilməməsi üçün onun 1 ay
müddətinə xidmətin rəhbəri tərəfindən
uzadılması, məhkəmə qərarının
icrasının çevik təmin edilməsi və icradan
üzrsüz səbəbdən yayınmaların
qarşısının alınması məqsədilə
borcluların ölkədən getmək hüququnun müvəqqəti
məhdudlaşdırılması, eyni zamanda məhkəmə
icraçısının qanuni tələblərini yerinə
yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə
şərait yaradan halların aradan qaldırılması
üçün tədbirlərin görülməsi barədə
aidiyyəti yuxarı dövlət orqanlarına təqdimatların
göndərilməsi məsələlərini əhatə
edir. Müvafiq qanunla eyni zamanda Azərbaycan
Respublikasının Cinayət Məcəlləsınə,
İnzibati Xətalar Məcəlləsinə və Cəzaların
İcrası Məcəlləsinə də mütərəqqi
xarakterli dəyişikliklər və əlavələr
edilmişdir. Bütün bunlar isə məhkəmə qərarlarının
icrası prosesinin daha da təkmilləşdirilməsinə, vətəndaşların
qanuni maraq və mənafeyinin daha etibarlı müdafiəsinə
yönəlmişdir.
Milli
Məclisdə qəbul olunmuş və Prezident İlham Əliyevin
2010-cu il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının məhkəmə
sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi
tədbirlər", "Məhkəmələr və hakimlər
haqqında" və "Məhkəmə-Hüquq
Şurası haqqında" Azərbaycan Respublikasının
qanunlarına dəyişikliklər və əlavələr
edilməsi barədə" Qanun da son illər respublikada həyata
keçirilən məhkəmə-hüquq
islahatlarının uğurlu davamı kimi qiymətləndirilməlidir.
"Məhkəmələr və hakimlər haqqında"
Qanuna edilmiş dəyişikliyə əsasən, Ağır
Cinayətlərə Dair İşlər üzrə Məhkəmə
bundan sonra Ağır Cinayətlər Məhkəməsi,
Ağır Cinayətlərə Dair İşlər üzrə
Naxçıvan Muxtar Respublikasının Məhkəməsi
isə Naxçıvan Muxtar Respublikasının Ağır
Cinayətlər Məhkəməsi adlandırılacaqdır.
Qanunda
digər mühüm yenilik yerli iqtisad məhkəmələrinin
adının və ərazi yurisdiksiyasının dəyişdirilməsidir.
Belə ki, 4-cü maddəyə əsasən, yerli iqtisad məhkəmələrınin
bundan sonra inzibati-iqtisadi məhkəmələr
adlandırılması nəzərdə tutulur.
Azərbaycan
Prezidentinin 2010-cu il 15 iyul tarixli "Azərbaycan
Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi
ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr
və hakimlər haqqında" və "Məhkəmə-Hüquq
Şurası haqqında" Azərbaycan Respublikasının
qanunlarına dəyişikliklər və əlavələr
edilməsi barədə" Azərbaycan Respublikasının
2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununun tətbiq
edilməsi haqqında" fərmanı əsasında bir
sıra yeni məhkəmələrin təşkil olunması
da xüsusi vurğulanmalıdır. Belə ki, fərmanla
Ağır Cinayətlərə Dair İşlər üzrə
Azərbaycan Respublikasının Məhkəməsinin əsasında
Bakı Ağır Cinayətlər Məhkəməsinin,
habelə Lənkəranda, Gəncədə, Şəkidə
ağır cinayətlər məhkəmələrinin
yaradılması nəzərdə tutulur.
Fərmanın
1.5-ci bəndinə görə isə, Naxçıvan Muxtar
Respublikasının İqtisad Məhkəməsi əsasında
Naxçıvan Muxtar Respublikasının
İnzibati-İqtisadi Məhkəməsi
yaradılmalıdır. Eyni zamanda, 1 saylı Bakı Yerli
İqtisad Məhkəməsi əsasında 1 saylı Bakı
İnzibati-İqtisadi Məhkəməsinin; 2 saylı Bakı
Yerli İqtisad Məhkəməsi əsasında 2 saylı
Bakı İnzibati-İqtisadi Məhkəməsinin; Gəncə
Yerli İqtisad Məhkəməsi əsasında Gəncə
İnzibati-İqtisadi Məhkəməsinin; Sumqayıt Yerli
İqtisad Məhkəməsi əsasında Sumqayıt
İnzibati-İqtisadi Məhkəməsinin; Şəki Yerli
İqtisad Məhkəməsi əsasında Şəki
İnzibati-İqtisadi Məhkəməsinin; Şirvan Yerli
İqtisad Məhkəməsi əsasında Şirvan
İnzibati-İqtisadi Məhkəməsinin yaradılması nəzərdə
tutulur.
Fərmanla
Məhkəmə-Hüquq Şurasına inzibati-iqtisadi məhkəmələrin
və ağır cinayətlər məhkəmələrinin ərazi
yurisdiksiyasının müəyyən edilməsinə, habelə
Azərbaycan Respublikasının məhkəmə sisteminə
daxil olan məhkəmələrin hakimlərinin say tərkibinin
artırılmasına dair təklifləri Azərbaycan
Respublikasının Prezidentinə təqdim etmək tövsiyə
olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası
Prokurorluğu fərman əsasında yeni məhkəmələrin
yaradılması ilə əlaqədar məhkəmələrdə
dövlət ittihamının müdafiəsi işinin təşkilində
müvafiq dəyişikliklər etməlidir. Fərmana əsasən,
Nazirlər Kabineti yeni təşkil edilən məhkəmələrin
fəaliyyətinə zəruri şəraitin
yaradılması üçün onların binalar,
avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər
ləvazimatlar ilə təmin edilməsi məqsədi ilə
tədbirlər görməlidir.
Dövlət
başçısının 2010-cu il 9 avqust tarixli "Azərbaycan
Respublikası apellyasiya instansiyası məhkəmələrinin,
ağır cinayətlər məhkəmələrinin,
inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin
ərazi yurisdiksiyası haqqında" fərmanı da bu
baxımdan mühüm əhəmiyyət daşıyır.
Fərman Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin,
ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi
məhkəmələrinin və hərbi məhkəmələrinin
ərazi yurisdiksiyasını müəyyənləşdirir.
Bundan əlavə, Prezident İlham Əliyevin yenə də
2010-cu il 9 avqust tarixli "Məhkəmə quruluşunda bəzi
dəyişikliklər, hakimlərin ümumi sayı və məhkəmələrin
ərazi yurisdiksiyası haqqında" fərmanı Azərbaycan
Respublikasında məhkəmə quruluşunu təkmilləşdirmək
məqsədi daşıyır. Fərmanla respublikanın məhkəmə
sisteminə daxil olan məhkəmələrin hakimlərınin
ümumi sayı 600 nəfər müəyyən olunmuş,
eyni zamanda Cəlilabad şəhərində Cəlilabad Hərbi
Məhkəməsi təşkil edilmişdir. Fərmanla
Ağır Cinayətlərə Dair İşlər üzrə
Azərbaycan Respublikası Hərbi Məhkəməsi,
Ağdam Hərbi Məhkəməsi, Qazax Hərbi Məhkəməsi,
Lənkəran Hərbi Məhkəməsi və Sumqayıt Hərbi
Məhkəməsi ləğv edilmişlər. Bakı şəhəri
Əzizbəyov Rayon Məhkəməsi, Dəvəçi
Rayon Məhkəməsi və Füzuli-Qubadlı Hərbi Məhkəməsi
müvafiq olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsi,
Şabran Rayon Məhkəməsi və Füzuli Hərbi Məhkəməsi
adlandırılmışlar.
Şübhəsiz,
regionlarda yeni ağır cinayətlər məhkəmələrinin,
habelə hərbi məhkəmələrin yaradılması,
inzibati-iqtisadi məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi
yeni dövrün tələblərindən irəli gələn,
sosial tələbatı əks etdirən mütərəqqi
islahatlardır. Son dövrlərdə bu məqsədlə
imzalanmış qanun və fərmanlar, sərəncamlar
yalnız bir məqsədə - regionlarda yaşayan əhalinin
hüquq və mənafeyinin etibarlı qorunmasına xidmət
edir. Əgər əvvəllər Bakıda ağır cinayətlərə
dair işlər üzrə yalnız bir məhkəmə fəaliyyət
göstərirdisə, hazırda bir sıra regionlarda belə məhkəmələrin
yaradılması vətəndaşların üzləşdiyi
çətinliklərin aradan qaldırılmasında həlledici
rol oynayacaqdır. Belə ki, bundan sonra regionlarda yaşayan vətəndaşların
ağır cinayətlər üzrə məhkəmə
proseslərində iştirak etmək üçün
Bakıya gəlməsinə, əlavə vaxt və vəsait
sərf etməsinə ehtiyac olmayacaqdır.
Bütün
bunlar isə Azərbaycanda həyata keçirilən
islahatların əsasında insan və vətəndaş
amilinin dayandığını əminliklə söyləməyə
əsas verir. İnanırıq ki, Azərbaycanda yeni
dövrün tələblərinə uğyun davam etdirilən
bu mütərəqqi islahatlar respublikada insan və vətəndaş
hüquq və azadlıqlarının etibarlı təminatına,
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu prosesinin sürətləndirilməsinə yeni təkan
verəcəkdir.
Rafael CƏBRAYILOV,
Milli
Məclisin deputatı
Xalq
qəzeti.- 2010.- 30 sentyabr.- S. 5.