Azərbaycanda ilk milli park

 

Ölkəmizdə təbiətin qorunması, ona qayğı və diqqət ilbəil artmaqdadır. İndi respublikamızın müxtəlif bölgələrində xüsusi qorunan ərazilər vardır ki, onlardan biri də milli parklardır. Milli parklar xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmazdan əvvəl Azərbaycan Respublikasında milli parklar mövcud deyildi. İndi Azərbaycanda akademik Həsən Əliyev adına Ordubad Milli Parkı, Şirvan, Hirkan, Göygöl və s. milli parklar yaradılmışdır.

 

Hazırda milli parklar ölkə ərazisinin 3,1 faizini təşkil edir.Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilərək, Qızılağac dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək dənizkənarı milli parkın yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda, Almaniya Federal Hökümətinin dəstəyi ilə "Qafqaz təşəbbüsü" proqramı çərçivəsində "Samur-Yalama" Milli Parkının layihəsi işlənilmiş və icrasına başlanılmışdır.

Ulu öndər Heydər Əliyevin 2003-cü il 16 iyun tarixli sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131 hektar sahəsində Ordubad Milli Parkı yaradılmışdır. Milli Parka akademik Həsən Əliyevin adı verilmişdir. 2009-cu il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Eyni sərəncamla Milli Parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılmışdır. Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir.

Zəngəzur Milli Parkının yaradılmasında məqsəd ərazidə ayrı-ayrı komponentlərin mühafizəsi, özünəməxsus iqlimə, relyefə və digər fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların, o cümlədən, endemik növlərin qorunub saxlanması ilə yanaşı ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi, turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir. Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya Zəngəzur Milli Parkının ərazisində olmaqla 3906 metrdir. Bu, eyni zamanda, Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir.

Zəngəzur silsiləsinin sonuncu - üçüncü hissəsi Soyuq dağdır ki, o da Zəngəzur Milli Parkının ərazisinə daxildir. Soyuq dağın mütləq yüksəkliyi 2000-3000 metr arasında tərəddüd edir. Bu hissə 12 km-lik bir məsafədə həm cənub, həm də qərb istiqamətində alçalır. Burada uçurumlu yamaclar, dar su ayrıcları var. Aşınmış süxurlar çox geniş yayılmışdır. Soyuq dağda qədim buzlaq relyefi azalır və relyeflərin alçalması ilə əlaqədar olaraq yox dərəcəsinə çatır.

Bu parkın ərazisinin çox hissəsi dağlıqdır. Yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvar ayında 3-10 dərəcəyə, iyulda 10-25 dərəcəyədəkdir. İllik yağıntı 300-800 mm-dir. Rayonun su şəbəkəsi Gilançay, Vənənçay, Ordubad çaylarıdır. İranla sərhəd boyu Araz çayı axır. Ərazinin torpaq örtüyü müxtəlifdir. Əsasən boz, çəmən-boz, allüvial-çəmən, dağ-meşə, çimli, dağ-çəmən torpaqları yayılmışdır.

Zəngəzur Milli Parkının su şəbəkəsini əsasən ərazidən axan çaylar təşkil edir. Ordubad rayonunun ərazisində çay şəbəkəsi bərabər inkişaf etməmişdir. Ərazidən axan çaylardan Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay, Ordubadçay, Gənzəçay, Kotamçay, Kilitçay öz mənbələrini bulaqlardan, yağış və qar sularından götürür. Başlanğıcını Göy-göldən götürən Sağarsu çayı Gilançaya tökülür.

Naxçıvan Muxtar Respublikası ərazisində suda-quruda yaşayanların 6 növü mövcuddur. Bunlardan Suriya sarımsaqiyli qurbağası, yaşıl qurbağa, adi ağac qurbağası, qısaayaq qurbağa, göl qurbağası, Zaqafqaziya qurbağası və Kiçik Asiya qurbağası yayılmışdır. 6 növ suda-quruda yaşayanların 4 növünə Zəngəzur Milli Parkının ərazisində rast gəlmək mümkündür. Bunlar Suriya sarımsaqiyli qurbağası, yaşıl qurbağa, kiçik ağac qurbağası, qısaayaq göl qurbağasıdır. Suriya sarımsaqiyli qurbağasının nəsli kəsilmək təhlükəsi olduğundan Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmişdir. Naxçıvan Muxtar Respublikası ərazisində 38 növ və yarımnöv sürünənlər mövcuddur. Bunlardan 5 növ tısbağa, 12 növ və yarımnöv ilanlara rast gəlmək olar. Xəzər tısbağası, Aralıq dənizi tısbağası, yovşanlıq girdaban kərtənkələsi, kiçik Asiya gürzəsi, kiçik Asiya kərtənkələsi, ox ilanı qorunduğu üçün "Qırmızı Kitab"a daxil edilmişdir.

Naxçıvan Muxtar Respublikası öz quş faunasının zənginliyinə görə Azərbaycan Respublikasında özünəməxsus yer tutur. Ərazidə 217 növ və yarımnöv quşa rast gəlinir ki, bunlardan 15 növü "Qırmızı Kitab"a salınmışdır. Həmin növlər aşağıdakılardır: Avropa tüvüyü, çəhrayı qutan, qıvrımlələk qutan, ərsindimdik, ağquyruq dəniz qartalı, berqud, toğlugötürən, adi ilanyeyən, şahin, Xəzər uları, dovdaq, bəzgək və s.

Burada 62-yə qədər məməli heyvan növünə və ya yarımnövünə təsadüf edilir. Bunlardan 32 növya yarımnövə Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisində rast gəlinir. Ərazidə bunlardan Blaziliusya Aralıq dənizi nalburnu, cənub nalburnu, adi uzunqanadlı, oxlu kirpi (tirəndaz), kəsəyən dağ siçancığı, bəbir, çöl pişiyi, manul pişiyi, qonur ayı, Qafqaz bezoar keçisi, dağ qoyunu (muflon) və s. məskunlaşmışdır.

Bu ərazidə 12 növ yırtıcı heyvan yayılmışdır. Bunlardan Milli Parkın ərazisində canavar, çaqqal, adi tülkü, zolaqlı kaftar, daşlıq dələsi, porsuq, meşə pişiyinə və s. rast gəlmək mümkündür. Azərbaycan sularında 100-dən artıq balıq növü yaşayır. Bunlardan Naxçıvan sularında 16 növ balığın olması müəyyən edilmişdir. Kür altağızı, Kür qumlaqçası, Araz xramulyası, Kür şirbiti, ilişkən, çəki, qızılxallı balıq, zərdəbər, Qafqaz gümüşcəsi və s. Göstərilən balıqlardan yalnız "qızılxallı balıq" Azərbaycanın "Qırmızı kitabı"na düşmüşdür. "Qızılxallı balıq" əsasən Milli Parkın ərazisində olan Çalğarsu, Əyriçay və Paraqaçayda geniş yayılmışdır.

Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi alinadir bitkilərə görə də zəngindir. Belə ki, muxtar respublika ərazisində bitən 110 növ alinadir bitkidən 77 növü Milli Parkın və yasaqlığın ərazisində mövcuddur. Bunlardan çılpaq dorema, yabanı zınbırtikan, Araz palıdı, zərif süsən, Qrossheym süsəni, Gözəl qayışləçək, Mişşenko zümrüdçiçəyi və s. 77 növ alinadir bitkilərin əksəriyyətinin adları "Qırmızı Kitab"a daxil edilmişdir. Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi fauna və floranın zənginliyi ilə yanaşı, həm də təbii və tarixi abidələr diyarıdır.

 

 

Hazırladı: M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 1 oktyabr.- S. 7.