Zaqatalada təhsilə qayğı, müəllimə
ehtiram daha böyük uğurlara real zəmin yaradır
Təhsil
Azərbaycanın davamlı inkişaf strategiyasının ən
öncül istiqamətlərindən biridir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Hələ
dövlət müstəqilliyinin 20 illiyi ərəfəsində
olan Azərbaycan Respublikası dünya ölkələri sırasında
özünəməxsus inkişaf
tendensiyaları yaradan ölkə kimi yer tutur.
Artıq planetin ən müxtəlif
guşələrini təmsil edən ekspert
və politoloqlar yazırlar ki, Azərbaycan Respublikası bu
qısa müddətdə başqa ölkələrin
50-60 ildə qazana bildiyi
uğurlara imza
atmışdır. Bu etirafla
paralel olaraq söylənilir
ki, gənc Azərbaycan dövlətinin
uğurlarının təməlində dünya
şöhrətli siyasətçi, böyük
dövlət qurucusu Heydər Əliyevin müdrik siyasi kursu dayanır. Bizim nailiyyətlərimizi açıq ürəklə
etiraf etməyi bacaran
siyasətçilərin hamısı belə fikirdədir ki, Azərbaycanın gələcəyi daha aydın, daha
işıqlıdır: "Çünki
bu ölkədə təhsilə, maarifə,
məktəbə və müəllimə dövlətin
qayğısı, xalqın dəstəyi mövcuddur".
Bu bir
həqiqətdir. Həqiqətən də bu gün qətiyyətli
inkişaf yolu ilə gedən Azərbaycanda Milli Təhsil
Konsepsiyasının icrasına yönəlmiş təhsil
islahatları uğurla davam etdirilir. Bu sahədə aparılan
islahatların miqyasına və mükəmməl nəticələrinə
görə Azərbaycan regionda lider ölkəyə
çevrilib. Ulu öndərin, "ölkənin gələcəyi
gənc nəslin çiyinləri üstündə
qurulacaq" - kəlamını həm dövlət, həm təhsil
ictimaiyyəti, həm də bütün gənclərimiz həyat
prinsipinə çeviriblər. Üstəlik, bütün
dünyada "təhsil əsri" elan edilmiş XXI əsrin
tələbləri də bizdə bu sahəyə böyük
qayğı və diqqət ayrılması məsuliyyətini
yaradır. Respublikamızda böyük vüsət
almış məktəb tikintisi, mükəmməl dərslik
siyasəti, təhsil müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi, xüsusən,
informasiya-kommunikasiya texnologiyalarının bütün
şagirdlər üçün əlçatan edilməsi
hamı tərəfindən dəstəklənir və rəğbətlə
qarşılanır. Bu sahəyə ayrılan diqqətin əsas
istiqamətlərindən biri isə peşəkar müəllimlər
ordusunun yaradılmasıdır. Zaqatala məktəblərinin,
rayon təhsil ictimaiyyətinin bəxti onda gətirib ki, 2000-ci
ildən etibarən Azərbaycan Müəllimlər
İnstitutunun bizim rayonda da filialı fəaliyyət göstərir
və rayon ictimaiyyəti həmin filialın fəaliyyətini
məmnunluqla qəbul edir.
Zaqatala
rayonunun təhsil işçiləri 2009-2010-cu dərs ilini
böyük uğurlarla başa vuraraq növbəti dərs
ilinə də məhz həmin uğurlar səviyyəsində
göstəricilər əldə etmək istəyi ilə, həm
də xüsusi məsuliyyətlə başlayıblar. Nailiyyətlər
əldə etməyimizin əsas səbəbi odur ki, biz öz
fəaliyyətimizdə Azərbaycan Respublikasının
Konstitusiyasını, Təhsil İslahatlarına dair Dövlət
Proqramlarını - Prezident İlham Əliyev təhsil sahəsinin
inkişafına dair 16 Dövlət Proqramı
imzalamışdır - ötən il qəbul edilmiş Təhsil
haqqında Qanunu, eləcə də hökumətin və
nazirliyimizin bizə dair olan hüquqi-normativ sənədlərini
əsas götürür və icra edirik. Bütün bu sənədlər
bizim gənc nəslə daha keyfiyyətli təhsil verməyimizə,
müstəqil dövlətimiz üçün kamil, vətənpərvər
vətəndaşlar yetişdirməyimizə kömək
edir.
Hazırda Zaqatalada 67 ümumtəhsil məktəbi, 49 orta məktəb (Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-lisey və humanitar fənlər təmayüllü gimnaziya da daxil olmaqla), 14 əsas məktəb, 4 ibtidai məktəb, 39 məktəbəqədər, 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Təxminən 19 min şagirdin təlim-tərbiyəsi ilə 3 min 292 müəllim məşğul olur. Rayon məktəblərinin 51-də təlim Azərbaycan dilində, 11-də Azərbaycan-rus dillərində, 4-də Azərbaycan-ingiloy dillərində aparılır. 18 məktəbdə azsaylı xalqların dilləri, 12 məktəbin ibtidai siniflərində avar dili, 6 məktəbin ibtidai siniflərində isə saxur dili tədris edilir. Mən bu faktları sadalamaqla təkcə rayonumuzun təhsil müəssisələri barədə söz açmıram. Həm də respublikamızdakı tolerantlığın, başqa xalqların öz ana dilini və mədəniyyətini qoruyub saxlaması üçün yaradılmış şəraitin dilə gətirilməsinə çalışıram. Bizim torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistandakı bütün məktəblərdə ancaq bir dil - erməni dili tədris edilir. Azərbaycanda isə istənilən azsaylı xalqın təmsilçisi öz dilini və mədəniyyətini yüksək səviyyədə qoruyub-saxlamaq imkanına malikdir. Mən fəxr edirəm ki. Zaqatalada bu imkan daha yüksək səviyyədə təmin edilmişdir.
Ötən dərs ilində məktəblərimizin məzunlarından 1268 nəfəri attestat almış, 198 nəfər isə yenə də imtahan vermək məcburiyyəti ilə üz-üzə qalmışdır. Məzunlarının hamısı attestat alan məktəblərin siyahısına Zərifə Əliyeva adına lisey, şəhər 1, şəhər 3, Qala 4 saylı orta məktəbləri, Kəpənəkçi, Müxaxkənd 1 nömrəli orta məktəbləri, humanitar fənlər gimnaziyası və başqa məktəblər daxildir. Ümumiyyətlə, 18 məktəbimiz 100 faizli nəticə qazanmışdır. Rayonun müvəffəqiyyət göstəricisi isə 88 faizdir.
Bu uğurlu tendensiya məzunlarımızın ali məktəblərə qəbul imtahanı verməsi zamanı da özünü göstərib. Belə ki, 628 nəfər zaqatalalı abituriyent ali məktəbə qəbul imtahanı verib və onların 301 nəfəri tələbə adını qazanıb. Bu da xüsusilə qeyd edilməli faktdır ki, məzunlarımızın 71 nəfəri xarici ölkələrin ali məktəblərinə qəbul olunublar. Rayon üzrə 13 nəfər 600-dən yuxarı, 34 nəfər 500-600 arası, 80 nəfər 400-500 arası, 103 nəfər isə 250-400 arası bal toplayıb. Humanitar fənlər gimnaziyasının məzunu Şamir Səfərəliyev 680 balla ən yüksək bal toplayan zaqatalalı məzun kimi ötən dərs ilinin tarixinə yazılıb.
2009-2010-cu dərs ilində Təhsil Nazirliyinin "Təhsil sahəsində müasir yanaşmaların təşəkkülü ili" layihəsi çərçivəsində işlərimizi davam etdirdik. "İlin ən yaxşı məktəbi", "İlin ən yaxşı müəllimi", "İlin ən yaxşı pedaqoji mühafizəçisi", "İlin ən yaxşı şagirdi", "İlin ən yaxşı məktəbdənkənar müəssisəsi" müsabiqələrində bütün məktəblərimiz, müəllimlərimiz və şagirdlərimiz iştirak etdilər. "İlin ən yaxşı məktəbi" adına Akademik Zərifə Əliyeva adına lisey layiq görüldü. "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramına" uyğun olaraq məktəblərə müvafiq avadanlıqlar verilib və bu təchizat davam etdirilir. "Təhsil sisteminin informasiyalaşdırılması" layihəsi üzrə keçirilən treninqlərə müəllimlər və məktəb rəhbərləri cəlb ediliblər. Bir ildə 1500-dən çox müəllim müxtəlif kurslardan keçib. Artıq Zaqatalanın müəllimləri 2010-cu ildə keçirilən Avropa İnnovativ Müəllimlər müsabiqəsinin Azərbaycan mərhələsinə qoşulublar. Bu ilin mart ayında "Ekologiya ili" ilə əlaqədar keçirilən "Təbiət məharətlə yaradılmış həyat simfoniyasıdır" adlı layihədə humanitar fənlər gimnaziyasının informatika müəllimi Bahar İsmayılova və onun şagirdi Validə Məhərrəmova qalib gələrək mükafatlandırılıblar. Fənn olimpiadalarının respublika turunun iştirakçısı olmuş məzunlarımızdan Qumral Nəzirli, Arif Ziyadov, Nihan Acuri, Abdulla Atayev, Əminə Süleymanova, Eldar Həsənov və Hürü Əhmədova öz məharətlərini, bilik-bacarıqlarını göstəriblər.
Məlum olduğu kimi dövlət başçımızın müvafiq sərəncamları ilə 2009-cu il "Uşaq ili", 2010-cu il isə "Ekologiya ili" elan edilmişdir. Bu iki məsələ ilə bağlı Zaqatalanın təhsil müəssisələrində müxtəlif tədbirlər keçirilib, çoxsaylı layihələr reallaşdırılıb. Qardaş Türkiyə Cümhuriyyətindən və respublikamızın 20-dən çox şəhər və rayonundan Zaqatalaya gəlmiş qonaqların iştirakı ilə keçirilən möhtəşəm "Dostluq və musiqi" festivalı 2010-cu ildəki ən uğurlu göstəricilərimizdən sayıla bilər. Rayon məktəblərində "Uşaq hüquqları aylığı", "Uşaqları dinləyək, onların iştirakını təmin edək" devizi altında konfranslar, seminarlar, disputlar və müsabiqələr keçirilib. "Uşaqlara yararlı dünya" forumunda 4 nəfər zaqatalalı şagird iştirak edib. Dövlət siyasətinə uyğun olaraq istedadlı uşaqların araşdırılaraq üzə çıxarılması məqsədiylə "İstedad sorağında" devizi altında gənc yazarların şeir müsabiqələri təşkil edilib, Estetik Tərbiyə üzrə Tədris Metodik Mərkəzi ilə birlikdə ümumtəhsil məktəbləri özfəaliyyət kollektivlərinə baxış-müsabiqə keçirilib. Maraqlıdır ki, həmin müsabiqənin də qalibi Zərifə Əliyeva adına liseyin "Cücələrim" ansamblı olub.
Ölkənin hər yerində olduğu kimi, Zaqatala məktəblərində də ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğ olunması daim diqqət mərkəzindədir. Rayon Təhsil Şöbəsinin təsdiq etdiyi ulu öndərin anadan olmasının 87-ci ildönümünə aid "Tədbirlər Planına" əsasən məktəblərdə toplantılar, rəsm və mahnı müsabiqələri, idman yarışları keçirilib. Keçirdiyimiz "Heydər Əliyev uşaqların gözü ilə" inşa müsabiqəsinin qalibi - 1 saylı orta məktəbin XI sinif şagirdi Günay Çingizqızı həmin mövzulu respublika müsabiqəsində də iştirak edib və onun yazısı "Heydər Əliyev uşaqların gözü ilə" kitabında nəşr edilib. Təbii ki, bütün bunların arxasında gərgin müəllim əməyi durur. Ona görə də "Mən müəllim adından şərəfli ad tanımıram" - deyən ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı, Prezident İlham Əliyev son illər zaqatalalı müəllimlərdən 5 nəfərinə "Əməkdar müəllim" fəxri adı vermiş, 4 nəfəri "Tərəqqi" medalına layiq görmüşdür. 16 müəllimimiz isə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb.
Əlbəttə, məktəbdən, təhsildən danışarkən məktəb tikintisini, mövcud məktəblərə yeni sinif otaqlarının əlavə edilməsini də mütləq qeyd etməliyik. Zaqatalalı müəllimlərin bəxti bu sarıdan da gətirmişdir. Çünki həm dövlət büdcəsinin hesabına, həm də YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə, eləcə də Təhsil Nazirliyinin xətti ilə və yerli büdcə hesabına yeni məktəb tikintisi, mövcud məktəblərdə əlavə sinif otaqlarının inşa edilməsi daim diqqət mərkəzində saxlanılıb. Ümumiyyətlə, son illər Zaqatala məktəblərinin maddi-texniki bazasının müasirləşdirilməsi işi heç zaman olmayan bir səviyyədə təşkil edilmişdir. Biz səmimiyyətlə və məmnunluqla qeyd edirik ki, bu işdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və təhsil naziri Misir Mərdanov bizə daim qayğı göstərir, dəstək verir.
Biz-Zaqatala müəllimləri bundan sonra da Azərbaycan dövlətini və xalqımızı daha aydın sabaha aparan Heydər Əliyev siyasi kursunu dəstəkləyəcək, bu kursu uğurla davam etdirən Prezident İlham Əliyevin yanında olacağıq. Bu, bizim vətəndaşlıq borcumuz, müəllimlik məsuliyyətimizdir.
Habil QURBANOV,
Zaqatala Rayon Təhsil Şöbəsinin
müdiri,
YAP rayon təşkilatının
sədri
Xalq qəzeti.- 2010.- 1 oktyabr.- S. 5.