Neft sənayesində emal kompleksinin inkişafına diqqət artırılır

 

Azərbaycan iqtisadiyyatının prioritet sahəsi sayılan neft sənayesinin sürətli inkişafı emal kompleksinin modernləşdirilməsi üçün geniş imkanlar yaratmışdır. İndi strateji əhəmiyyət daşıyan emal sənayesinin inkişaf etdirilməsi Dövlət Neft Şirkətinin qarşısında duran prioritet istiqamətlərdəndir. Son illər bu sahəyə göstərilən dövlət qayğısı şirkətin neft emalı kompleksində istehsal edilən məhsulların kəmiyyət və keyfiyyət göstəricilərinin xeyli yaxşılaşmasına səbəb olmuşdur.

 

Dövlət Neft Şirkətinin nəhəng emal müəssisələrindən sayılan "Azərneftyağ" Neft Emalı Zavodu da ölkə iqtisadiyyatının möhkəmlənməsinə sanballı töhfələr verməkdədir. Məlumat üçün bildiririk ki, hazırda zavodda 20 çeşiddə neft məhsulları istehsal olunur. Müəssisənin istehsal etdiyi ilkin emal benzininə, TS-1 markalı mühərrik və müxtəlif markalı sürtgü yağlarına, L-62 markalı dizel yanacağı distillatlarına, yol və inşaat bitumlarına yerli və xarici bazarda tələbat olduqca genişdir. Məhz buna görə də sözügedən məhsulların xeyli hissəsi ixrac olunur ki, bu da ölkəmizə böyük məbləğdə valyuta gətirir. Bütün bunlarla yanaşı, müəssisədə istehsalın təkmilləşdirilməsi prosesi daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısı İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən tədbirlər müəssisənin qarşısında geniş üfüqlər açır. Belə ki, son zamanlar zavodun ayrı-ayrı istehsal sahələrində mənəvi və fiziki cəhətdən köhnəlmiş qurğular, avadanlıqlar yeniləri ilə əvəzlənir, bir sıra səmərələşdirici təkliflər uğurla istehsalatda tətbiq olunur.

"Azərneftyağ" Neft Emalı Zavodunda istehsalın təkmilləşdirilməsi istiqamətində ardıcıl surətdə həyata keçirilən tədbirlər, yeni, daha mükəmməl qurğuların işə salınması məhsuldarlığın xeyli artmasına, kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur. Təkcə onu demək kifayətdir ki, 2010-cu ilin birinci yarısında zavodun emal qurğularında 732,7 min ton neft emal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Həmin dövrdə müəssisədə 86,5 min ton ilkin emal benzini, 68,5 min ton reaktiv mühərrik yağı və 238,8 min ton dizel yanacağı distillatları istehsal edilərək Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna göndərilmişdir. Bundan əlavə, altı ay ərzində müəssisədə 32,8 min ton sürtgü yağları, o cümlədən bazarın tələbatına uyğun olaraq 9,4 min ton sənaye yağları, 2,8 min ton turbin yağları, 6,9 min ton transformator yağları, 5,5 min ton avtotraktor yağları və 8,2 min ton silindr yağları istehsal edilmişdir. Məlum olduğu kimi, son illər ölkədə aparılan genişmiqyaslı yol tikintisi və abadlıq işləri ilə əlaqədar bituma tələbat getdikcə artır. Bu da zavodda sözügedən məhsulun istehsalının çoxalmasına səbəb olmuşdur. Təkcə onu demək kifayətdir ki, cari ilin ilk yarısında müəssisədə 96,4 min ton bitum istehsal edilmişdir. İlin əvvəlindən zavodda xammalın səmərəli istifadəsi, emal qurğularında texnoloji reqlamentə ciddi riayət edilməsi, rentabelliyin səviyyəsinin artırılması hesabına neftin emal dərinliyi 96,8 faiz təşkil etmişdir.

Hazırda Dövlət Neft Şirkətində qarşıda duran mühüm vəzifələrdən biriemal kompleksində kəmiyyət göstəriciləri ilə yanaşı, istehsal olunmuş məhsulların Avropa standartlarına uyğunlaşdırılmasından ibarətdir. Artıq bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Şirkətin emal müəssisələrində aparılan yenidənqurma və təmir-bərpa işləri neft məhsullarının keyfiyyətinin yüksəlməsinə və istehsalın artmasına şərait yaradır. Ötən müddətdə təkrar emal qurğularının istismarında tətbiq edilən yeniliklər neftin emal dərinliyi göstəricisini xeyli yaxşılaşdırmışdır.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 2010-cu ildən etibarən ölkədə istifadə edilən avtomobil yanacaqlarına Avropa standartlarının tətbiqinə başlanmışdır. Bu məqsədlə "Azərneftyağ" Neft Emalı Zavodunda da lazımi hazırlıq işləri görülüb başa çatdırılmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən müddətdə müəssisədə istehsalın səmərəsi xeyli yüksəldilmiş, təkrar emal qurğularının potensial imkanlarından səmərəli istifadə məqsədilə mühüm tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində ölkənin digər emal müəssisələri arasında inteqrasiyanın gücləndirilməsi üçün geniş imkanlar yaradır. Eyni zamanda, cari ilin ötən dövrü ərzində zavodun istilik təchizatı sistemi təkmilləşdirilmiş, sərf olunan istilik enerjisinin miqdarı azaldılmış, bir çox qurğu və avadanlıqlar yeniləri ilə əvəz edilmişdir. Müəssisədə kimyəvi təmizlənmiş suyun istehsalı məqsədilə tikilən qurğuların inşası isə başa çatmaq üzrədir.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda da texnologiyanın təkmilləşdirilməsi və köhnəlmiş əsas avadanlıqların yeniləşdirilməsi istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilmişdir. Müəssisədə, ilk növbədə, zavodun iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyan, xam neftin ilkin emalını həyata keçirən ED-AVQ qurğusunda vakuum qazoyl məhsulunun və vakuumun qazoyl çıxımının artırılmasına nail olunmuşdur. Bundan əlavə, zavodda dizel yanacaqlarının təmizlənməsi üçün ABŞ-ın "Merikem" firmasının texnologiyası müvəffəqiyyətlə tətbiq olunmuşdur.

Son zamanlar katalik krekinq və tədrici kokslaşdırma qurğularında avtomatik idarəetmə sisteminin quraşdırılması qurğularda idarəetməni xeyli asanlaşdırmış, avtomobil benzini komponentlərinin və maye qazların istehsalını artırmışdır. Bununla yanaşı, adı çəkilən qurğunun hidrotəmizləmə avadanlıqlarında aparılan yenidənqurma işləri dizel yanacağının və digər neft məhsullarının keyfiyyətinin xeyli yüksəlməsinə səbəb olmuşdur.

Müəssisədə istehsalın intensivliyiistehsalla bağlı məsələlərin kompleks həlli daim diqqət mərkəzində saxlanılır. Ötən müddətdə zavodda "Azərneftyağ" Neft Emalı Zavodundan gələn kerosin distillatının qələviləşdirilməsi bölməsi inşa edilmiş və hazırda uğurla istismar olunmaqdadır. 2009-cu ildə inşa edilmiş, ildə bir milyon ton dizel distillatının qələviləşdirilməsi prosesini həyata keçirən yeni qovşaq da artıq istismardadır. Bütün bunlardan əlavə, son illər burada neftin emalı prosesinin daha da dərinləşdirilməsinə xidmət edən bir sıra digər mühüm işlər də görülmüşdür. Bu işlər də, qeyd etdiyimiz kimi, müəssisədə istehsalın kəmiyyət və keyfiyyət göstəricilərinin xeyli yaxşılaşdırılmasına imkan yaratmışdır. Elə müəssisənin 2010-cu ilin əvvəlindən etibarən əldə etdiyi uğurlar da bunu təsdiqləyir. Belə ki, cari ilin 8 ayında zavodda 3 milyon 37,4 min ton neft emal edilərək tapşırığa 112,1 faiz əməl olunmuşdur. Bundan əlavə, hesabat dövründə müəssisədə kənardan daxil olan 847,7 min ton yarımfabrikat emal edilmişdir. İlkin emal prosesində aparılan bir sıra təşkilati-texniki tədbirlər nəticəsində açıq rəngli neft məhsullarının çıxımı planda nəzərdə tutulduğundan 0,8 faiz artıq olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi neft məhsullarının çeşidləri üzrə istehsal 350,7 min tonya 11 faiz çox olmuşdur. Hazırda müəssisədə neftin emalı sahəsində əldə olunmuş yüksək iqtisadi göstəricilərin qorunub saxlanması istiqamətində tədbirlər davam etdirilir.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunan avtomobil yanacaqlarının Avropa standartlarına uyğunlaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Artıq zavodda istehsal olunan mühərrik yanacaqları öz keyfiyyətinə görə ölkə ərazisində avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə "Avro-2"ekoloji normasının tətbiqinə tam imkan verir. Yaxın illərdə "Avro-3" və daha yüksək Avropa ekoloji normalarına cavab verən mühərrik yanacaqlarının istehsalının təşkili məqsədilə Bakı Neft Emalı Zavodunda genişmiqyaslı modernləşdirmə tədbirlərinin hazırlanıb həyata keçirilməsinə başlanılmışdır.

Dövlət Neft Şirkəti tərəfindən işlənib hazırlanmış yeni qaz proqramı hazırda uğurla yerinə yetirilir. Məhz bunun nəticəsidir ki, son illər Azərbaycanda qaz hasilatının səviyyəsi kəskin şəkildə artmışdır. Hasil olunan təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının qabaqcıl texnikatexnologiyalara əsaslanaraq rəqabətə davamlı şəkildə emalını həyata keçirən ARDNŞ-in Qaradağ Qaz Emalı Zavodunda da istehsal prosesinin modernləşdirilməsi istiqamətində konkret tədbirlər reallaşdırılır. Zavodda təbii və səmt qazlarının təmizlənməsi və emalı prosesləri ilbəil təkmilləşdirilir. Cari ilin əvvəlindən müəssisədə 2 milyard 769 milyon kubmetr qaz emal edilərək 2 milyard 727,6 milyon kubmetr təmizlənmiş qaz, 34,9 min ton maye qazqaz benzini istehsal olunmuşdur. Hazırda zavodun medernləşdirilməsi, illik gücünün 8 milyard kubmetrə çatdırılması, burada etanondan yuxarı karbohidrogenlərin maksimum istehsalının təmin olunması üçün texniki-iqtisadi əsaslandırma üzərində aparılır. Yaxın illərdə həmçinin zavoda emala daxil olan təbii qazın CO2-dən təmizlənməsi və nəmdən qurudulması, təbii qazdan məqsədli C3 komponentlərinin çıxarılmasının maksimum təmin edilməsi, desorbsiya qazlarından etanın hazır məhsul kimi maksimum dərəcədə ayrılması üçün müəssisədə bir sıra yenidənqurma işlərinin aparılması nəzərdə tutulmuşdur. Bu məqsədlə zavodda təbii qazın CO2-dən təmizlənməsi və nəmdən qurudulması qurğularının tikintisi, həmçinin bir sıra qaz emalı qurğularında yeni avadanlıqların quraşdırılması və s. işlərin həyata keçirilməsi planlaşdırılmışdır.

Bütövlükdə isə neftqaz emalı müəssisələrində həyata keçirilən modernləşdirmə işləri, qabaqcıl texnika və texnologiyaların, eləcə də bir sıra səmərələşdirici təkliflərin istehsalata tətbiqi müsbət nəticələr verməklə yanaşı, daxili bazarın neft məhsullarına olan tələbatını tam ödəməyə və ölkənin ixrac potensialını getdikcə artırmağa imkan yaradır.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2010.- 1 oktyabr.- S. 5.