Yeni il gülüşü
Gör-götür
dünyası...
Əziz dostum Cəfərqulu,
məktubunu aldım, diqqətlə oxudum. Yazırsan ki, təzə partiya
yaratmısan. Lap yaxşı eləmisən, əlinin
içindən gəlib! Başqaları gündə bir partiya
yarada bilər, sən yarada bilməzsən?!
Cəfərqulu, qardaşım,
yazırsan ki, sənin partiyan yalnız qohumlardan,
tanışlardan bir sözlə, yaxın adamlardan ibarətdir.
Lap yaxşı! Bunu alqışlamaq lazımdır.
Ağzında “partiya” deyirsən... “Partiya” “birlik”, “eyni
fikirlilik” deməkdir. Cəfərqulu, qohumlar, tanışlar,
yaxınlar bir olsa, sənin partiyan güclü olar. Gələcəkdə
partiyanız qalib gəlsə, onlar da bir gün görər, vəzifə-zad
tutarlar, adam kimi yaşayarlar.
Dərdini yazırsan, deyirsən
ki, partiyanı qeydiyyatdan keçirmirlər. Ondan narahat olma. Əzəl-axır
bir yol tapıb qeydiyyatdan da keçərsiniz. O biri partiyalar da
birdən-birə qeydiyyatdan keçməyiblər. Təzə-təzə
iqtidara müxalif olublar. Ağızlarına gələni
danışıb, yazıb iqtidardakıları “ağ yuyub,
qara səriblər”. Görüblər bir şey
çıxmır, “valın o biri üzünü
çeviriblər”. Başlayıblar iqtidardan vəzifə istəməyə.
Elə ki, vəzifə ala bilməyiblər, təzədən
keçiblər müxalifətə. Onları da qınamaq
olmaz, indiki zəmanədə vəzifəsiz yaşamaq
çox çətindir....
Cəfərqulu, partiya ki
yaratdın, tələsik partiyanın qəzetini aç. Deyəcəksən
ki, ölkədə bu qədər qəzet buraxılır,
istədiyimizi o qəzetlərə yazarıq. Belə
düşünsən, bağışlanmaz səhv edərsən.
O gördüyün qəzetlərin hamısı kimdənsə,
hansı partiyadansa, hansı qrupdansa asılıdır,
onları müdafiə etməklə məşğuldur. Sizin
yazılarınızı qəti dərc etməzlər...
Uzun sözün
qısası, Cəfərqulu, o biri partiyalar necə hərəkət
edirlərsə, siz də elə edin. Lətifəsi sizin
partiyadan uzaq, “küçük hürə-hürə it
olur”...
Məktubunda mənim işlərimlə
də maraqlanırsan. Məlumun olsun ki, çoxdan bir partiya
yaratmışam, özüm də olmuşam həmin
partiyanın başqanı! Ölkədə nə qədər
avara, sərgərdan adam var, partiyama üzv yazmışam. Niyə?
Çünki, belələrinin vəzifə ehtirası
güclü olur. Demişəm, qalib gəlsək,
hamınıza vəzifə veriləcək. Odur ki, cani-dildən
partiya üçün çalışırlar, dəridən-qabıqdan
çıxırlar. İndi seçkilərə
hazırlaşırıq. Bəlkə, deputatdan-zaddan oldum.
Bekarçılıqdansa belə işlərlə məşğul
olmaq yaxşıdır. Dünya gör-götür
dünyasıdır, Cəfərqulu!
Anlaqsız
Xoruz döyüşdürənlər,
it boğuşduranlar, quşbazlar görmüşdük, amma
siçovulları “doğma balaları” hesab edən
görüb-eşitməmişdik.
Küçəmizdə bir
kişi vardı, adına “Krisa Əli” deyirdilər.
Çünki, bu adamın ailə-uşağı
olmadığından gecə-gündüz mənzilindəki
siçovullara qulluq göstərir, onlara yemək, su verir,
onlarla bir yerdə yatırdı. Bir sözlə, Əli bu
siçovulları “öz balaları” hesab edir, onların
“nazı” ilə oynayırdı.
Qonşu arvad görür ki,
iri-iri siçovullar getdikcə artır, həyəti
başına götürür. Döşəməsilənlə
vurub onlardan dördünü öldürür. “Krisa Əli”
balalarının ölümünə dözə bilmir,
bıçağı götürüb cumur arvadın
üstünə, başını kəsib alır əlinə,
küçə ilə getməyə başlayır. Polis
işçisi bunu görüb heyrətə gəlir,
soruşur ki, əlindəki kimin başıdır? Əli də
cavab verir ki, bu, mənim dörd balamı öldürüb, mən
də onun başını kəsmişəm.
“Krisa Əli”ni tutub
basırlar “KPZ”yə. Bir neçə gündən sonra 8 Mart
— Qadınlar bayramı gəlir. “Siçovulların atası”,
polis rəisini, bu münasibətlə təbrik edir. Rəis
“Krısa Əli”ni salır təpiyinin altına, o ki var,
döyür.
Nəhayət, məhkəmə
olur. Hakim “Krisa Əli”ni göndərir ekspertizaya ki, rəy
versinlər. Ekspertiza öz haqqını alandan sonra rəy
verir ki, bəs, bu Əli anlaqsızdır. Beləliklə,
“Krisa Əli” xeyli xərcdən sonra qayıdır
“balalarının” yanına...
Dilənçi və padşah
Qədim zamanların söhbətidir.
İki dilənçi bir-biri ilə dostluq edirdilər. Dilənçiliklə
uzun ömür sürmüşdülər. Bir sözlə,
aralarından su da keçmirdi.
Bir gün dilənçilərin
yaşadığı ölkənin padşahı rəhmətə
gedir. Camaatı bir böyük meydana toplayıb, yeni padşah
seçmək üçün quş uçururlar. Quş
kimin başına qonsa, onu da padşah seçəcəkmişlər.
Dilənçilərdən
biri o birinə deyir ki, “gəl, biz də meydana gedək, bəlkə,
quş birimizin başına qondu”. O biri deyir ki, “axmaq-axmaq
danışma, dilənçini padşah qoymazlar”. Bu biri dilənçi
israr edir, “mən mütləq meydana getməliyəm” deyir və
qoşulur camaata.
Quşu uçurdular. Quş
düz gəlib qonur bu dilənçinin başına.
Keçmiş padşahın adamları deyirlər ki, “quş
səhv edib, dilənçidən padşah olmaz”. Quşu bir də
uçurdurlar, yenə gəlib dilənçinin başına
qonur. Yenə quşun səhv etdiyini aləmə car çəkib,
həmin quşu üçüncü dəfə
uçurdurlar. Quş yenə gəlib dilənçinin
başına qonur. Əlacsız qalıb dilənçini
padşah seçirlər.
Bir gün dilənçi
padşah dostunu görmək, ondan hal-əhval tutmaq
üçün sarayın qarşısına gəlir.
Padşahın adamları onu içəri buraxmırlar. Nə
qədər yalvar-yaxar eləsə də, mümkün olmur.
Deyirlər ki, “padşah hara, dilənçi hara?”
Dilənçi əlacsız
qalıb, padşahın pəncərəsinin
yaxınlığındakı böyük çinar
ağacına çıxır, əllərini yelləyir,
çağırır, lakin keçmiş dostundan —
padşahdan səs-səmir çıxmır. Kor-peşman
geri dönüb, dilənçiliyini davam etdirir.
İllər keçir.
Padşahlıq müddəti başa çatır. Padşah
olmuş dilənçi qayıdır dostunun yanına.
Giley-güzar edir ki, “padşah oldum, bir dəfə yanıma gəlib
məndən hal-əhval tutmadın”. Dostu deyir ki, “gəldim,
yanına buraxmadılar. Hətta pəncərənin
önündəki çinar ağacına çıxdım,
çağırdım, hay vermədin”. Padşah olmuş dilənçi
nə desə yaxşıdır:
— Ə, qardaş, padşah
olanda mən heç o boyda çinarı görmürdüm,
səni haradan görəydim?!
* * *
Bizə düz adam lazım deyil
Kadrlar şöbəsinin rəisi
Pirməmməd müdirin qapısını ahəstəcə
tıqqıldadıb içəri girdi. Qapının
ağzında dayanıb, icazə istədi:
— Olar, hörmətli Kamil
Kamiloviç?
— Gəl görək, əyləş.
Pirməmməd stulda düppədüz
oturub, əllərini dizlərinin üstünə qoydu. Kamil
Kamiloviç dilləndi:
— Buyur görək...
— Hörmətli Kamil müəllim,
bir nəfər işçi tapmışam, bir neçə nəfər
də iş üçün bizə müraciət edib.
Demişəm gəlsinlər.
— Tapdığın necə
adamdır?
— Təmiz adamdır, Kamil
Kamiloviç!
— De ki, bizdə iş yoxdur.
— Kamil müəllim, idarəmiz
təzə yaranıb. Necə deyim “bizdə iş yoxdur?”
Müdir kadrlar şöbəsinin
rəisinə tərs-tərs baxıb dilləndi:
— Bura bax, mənim
böyük təcrübəm var. Bu “təmiz adam”ları
başdan eləyin, getsinlər. Belələri həmişə
əl-ayağa dolaşırlar. Bizə başqa cür adamlar lazımdır.
— Nə cür adamlar, Kamil
Kamiloviç?
— Rüşvətxor,
gözükölgəli, bir neçə sifəti olan,
simasız, yaltaq, məddah, bir az da fiziki cəhətdən eybəcər
adamları götürün işə.
— Fiziki cəhətdən eybəcər?
Məsələn, nə cür, Kamil müəllim?
— Əşi,
başının tükləri tökülmüş,
qısaboy, göbələyə bənzər, dişləri
çürük, ağzının
danışığını bilməyən, savadsız,
ağılsız... Yoxsa, yenə sayım?
— Onlar sizin nəyinizə
lazımdır, Kamil Kamiloviç? Belələrini işə
götürsək, rüsvay olarıq ki!
— Əksinə, hörmətə
minərik! Bilirsən niyə? Belələrinə nə desən
“bəli”, “baş üstə” deyə cavab verərlər.
Ömründə bir sözünü iki eləməzlər.
Bir sözlə, belələrini min, çap, etiraz etməzlər.
Bu cür adamların yanında biz həmişə
böyük, ağıllı, qabiliyyətli görünərik.
Başa düşdün?
— Düz deyirsiniz, Kamil Kamiloviç,
fikirlərinizin hamısı doğrudur.
— Ay sağ ol! Get,
özün kimi adamları tap, götür, gəl.
Narahatam...
Tanıdığım vəzifəli
şəxslərdən biri mənə məktub göndərib.
Nə yazsa yaxşıdır? Bir-bir ərz eləyim
qulluğunuza, görün beləsini görmüsünüz,
yoxsa yox?!
Yazır ki, boş-bekar
qalmışdım küçələrdə,
tanışlarımdan biri məni başa saldı ki, get bir
partiyaya üzv ol. Mən də onun sözünə baxıb
partiyalardan birinə üzv yazıldım. Kaş, o gün
başıma daş düşəydi! Kaş, partiyaya gedən
ayaqlarım iflic olaydı, partiyasız qalaydım! Evim
başıma uçaydı, evsiz qalaydım! Durduğum yerdə,
işsiz-gücsüz ola-ola özümü işə
saldım! Partiya üzvü olan gündən oldum həmin
partiyanın kəbinli arvadı! Nə dedilər, məcbur
olub yerinə yetirdim. “Sür dərəyə” dedilər,
sürdüm. “Öl” dedilər, öldüm, “qal” dedilər
qaldım. Bir də yan-yörəmə baxanda eşitdim ki,
hamı mənə yaltaq deyir. Öz-özümə dedim, əşi,
cəhənnəmə ki, daha olan-olub, keçən-keçib...
Bir gün məni qoydular vəzifəyə.
Vəzifə görməmiş adam necə olar?
Başladım onu-bunu incitməyə. Adamlar məni görəndə
qorxurdular, çəkinirdilər. Müəllim olmaya-olmaya mənə
“müəllim” deyirdilər. Bir də eşitdim arxamca deyirlər:
“Görməmiş köpəyoğlu!”
Aylar keçdi, il dolandı,
işimə, evinə xırda-xırda hədiyyələr gətirməyə
başladılar. Belə şeylərə necə öyrəşmişdimsə,
bir də gördüm olmuşam əliəyrinin, rüşvətxorun
biri!
İşçilərim də
əllərindən gələni “beş qaba çəkirlərmiş”.
Nə istəyirlərmiş onu da edirlərmiş. Gəldilər,
yoxladılar, “zibillər” çıxdı ortaya. Heç demə,
mühasib də təsərrüfat müdiri ilə birləşib
idarənin büdcəsini dağıdırlarmış...
İndi yoxlama
materiallarını veriblər istintaqa. Qalmışam təpəmə,
gözümə döyə-döyə. Mənə deyən
gərək, ay zalım balası, sən hara, partiya hara? Sən
hara, vəzifə hara?
Həmin şəxs məktubunun
axırında soruşur: “İndi mən nə edim?”
Mən də ona belə bir
cavab göndərdim: “Yəqin, səni on-on beş illiyə
bir yerə göndərəcəklər, orada nə edəcəyini
düşünməyə vaxtın olacaq...!”
Heç bilmirəm,
cavabım onun xətrinə dəyər, yoxsa dəyməz?
Bircə bundan narahatam...
Xeyrəddin QOCA,
yazıçı
Xalq qəzeti.- 2010.- 1 yanvar.- S. 8.