HƏYAT
Həyat, canlılıq materiyanın mövcudluq
formalarından biri, ən mürəkkəbi, ən mütəşəkkili,
ən alisidir. Həyat bitkiləri, heyvanları və
yaranmışların əşrəfi olan insanları əhatə
edir. İnsanı başqa canlılardan fərqləndirən
şüur, təfəkkür Ulu Tanrının şah əsəridir.
İnsanın həyata gəlməsinin səbəbi, yəqin
ki, mələklərdən sonra, kainatın möhtəşəmliyinin,
əslində, Tanrının qüdrətinin
böyüklüyünün, dərk edilməsinə ehtiyac
olmasıdır. Ulu Tanrı bizə şüur bəxş
edib elmin qapılarını üzümüzə
açdığı üçün hər şeyə elmin
gözü ilə baxmağa haqqımız vardır.
Kainatda hər bir proses
ibtidaidən aliyə, sadədən mürəkkəbə
doğru prinsipi üzrə təkamül edir. Deməli, həyatın
əmələ gəlməsi, məsələn, bizim Yer
kürəsi üçün Qara dəliyin partlamasından
müəyyən müddət keçdikdən sonra baş
verməli idi. Hesab etmək olar ki, təxminən bir milyard il
bundan əvvəl Yerdə həyatın ortaya gəlməsi
üçün şərait yarandı və bu
reallaşdı. Həyat, onun mövcudluğu, sadədən
mürəkkəbə doğru inkişaf prinsipinə tabe
olduğu üçün ilk canlılar birhüceyrəlilər
idi.
Kainatda olan bütün
proseslər kimi həyat, onun təkamülü Yer səthindəki
temperaturdan asılı olmuşdur. Məsələn,
axırıncı kataklizmdən, Yerin asteroidlə
toqquşmasından sonra, yəni 60-70 milyon il bundan əvvəl
Yer səthinin istiliyi indikindən ən azı 50 dərəcə
yüksək olduğu vaxt ancaq dinozavrlar yarana və mövcud
ola bilərdi. Təxminən beş milyon il bundan əvvəl
Yer kürəsində ən ali varlığın – insanın
əmələ gəlməsi üçün lazımi şərait
yarandı. Ondan bəri keçən müddət ərzində
inkişaf prosesi insanı heyvanlardan az fərqlənən vəziyyətdən
şüurun bugünkü fantastik yüksək səviyyəsinə
qaldırdı və şübhəsizdir ki, insanın əqli
imkanları hədd bilmədən həyatının sonuna qədər
yüksələcəkdir.
Həyata nöqtəni
növbəti kataklizm qoyacaqdır. Növbəti kataklizm
bütün Günəş sisteminin hər hansı Qara dəlik
tərəfindən udulması, Günəş fəaliyyətinin
kəskin dəyişilməsi, Yerin vulkanik fəaliyyətinin
hədsiz artması, Yerin asteroidlə toqquşması və
sair nəticəsində baş verə bilər. Bunların
arasında ən yüksək ehtimala malik olan Yerin asteroidlə
toqquşması variantıdır. Yerin asteroidlə növbəti
toqquşması labüddür və bu toqquşma günü
bu gün (naməlum bir asteroidlə) və ya milyon illər
sonra baş verə bilər.
“İnsan” məqaləsində
qeyd etdiyimiz kimi, növbəti kataklizmdən sonra insanın
Yerdə yenidən meydana gəlməsi, hər şeydən əvvəl,
temperatur şəraitinə görə mümkün hesab edilə
bilməz. Bax, elə bu səbəbdən də
sivilizasiyanın özünü qorumağa
çalışması vacibdir. Məsələ
burasındadır ki, sivilizasiya öz işini düzgün
qurmaması ucbatından onun məhvi kataklizmsiz də baş
verə bilər. Belə ki, canlı aləmdə demoqrafik
partlayış adlanan məfhum vardır: Əgər
yaxşı hazırlanmış tarlaya normadan qat-qat artıq
toxum səpilsə onların hamısı cücərir, ancaq
qida maddələrinin çatışmaması üzündən
onlar yetərincə inkişaf edə bilmir və məhv olur.
Bir vaxt Avstraliyaya
aparılan dovşanlar onların sayını tənzimləyən
“düşmənləri” olmadığı üçün
sürətlə artmağa başladı. İnsanlar işə
qarışmasaydı əsl demoqrafik partlayış baş
verəcək, dovşanlar o dərəcədə artacaqdı
ki, qidanın çatışmazlığı üzündən
Avstraliyada olan başqa canlılarla birlikdə, kütləvi
sürətdə məhv olacaqdılar.
Aydındır ki, bu,
insana da aiddir, yəni onların sayının həddən
artıq artması gec-tez həyat üçün lazım
olan qida, su, hətta havanın çatışmamasına və
kütləvi sürətdə məhvinə gətirməlidir.
Çoxları hesab edir ki, sivilizasiyanın bugünkü həyat
tərzi şəraitində demoqrafik partlayış baş
vermiş və ya ən azı bu proses
başlamışdır.
Məlumdur ki, təqribən
iki milyon il dövran sürmüş ibtidai icma zamanı
birinci növbədə istehsal vasitələrinin
imkansızlığı ucbatından demoqrafik
partlayışın baş verməsi qeyri-mümkün idi. Qeyd
etmək lazımdır ki, ibtidai icma quruluşunun süqutundan
bu günə qədər sivilizasiyanın
yaşadığı qeyri-müəyyənlik dövründə
həmişə insanların müəyyən hissəsi, təqribən
üçdə-biri aclıq çəkmişdir. Məsələn,
VI əsrdə Yer kürəsində təxminən altı
yüz milyon insan yaşamış və onun təqribən
üçdə biri aclıq çəkmişdir. Bu gün
dünyada yaşayan altı milyard insanın da təxminən
üçdə biri aclıq çəkir.
Demək olar ki, əsasən
bolşevizmin araya gəlməsi nəticəsində
sivilizasiyanın kor-koranə gedən həyat tərzi öz
axarını itirdi. Bu isə öz növbəsində ətraf
mühitin qorunmadığı üçün çirklənməsinə,
insanların sayının artmasına və nəticədə
ekoloji fəlakətin sürətlə gəlməkdə
olduğu bugünkü mənzərənin yaranmasına səbəb
olmuşdur.
* * *
Belə bir fikir var ki, guya gizli Mason təşkilatı mövcuddur və o, sivilizasiyanın xilas etmək üçün bu gün yaşayan altı milyard insanın beş milyardını qırmaqla bu məsələni həll etmək, Yer kürəsində insanların sayını tənzimləmək fikrindədirlər. Onlar dünyanın müxtəlif regionlarında laboratoriyalarda müxtəlif xəstəliklərin törədicilərini yetişdirməklə, məhəlli xarakterli müharibələr törətməklə, alkoqol və narkomaniyanı yaymaqla bunu reallaşdırmaq istəyirlər. Belə bir təşkilat və ya bu fikirdə olan başqa ölkə, millət, dövlət varsa onun rəhbərləri başa düşməlidirlər ki:
1. Əgər demoqrafik partlayış baş verərsə, o, ümumbəşəri bir problemdir və beynəlxalq səviyyədə də həll edilməlidir.
2. Hər hansı gizli təşkilat ölkə, dövlət, millət nə qədər güclü olursa-olsun belə bir vəzifənin öhdəsindən gələ bilməz.
3. Belə bir işi həyata keçirmək cəhdi sivilizasiyanın xilasına deyil, onun vaxtından əvvəl məhvinə səbəb ola bilər.
4. Bu gün bəşəriyyətin istehsal etdiyi maddi nemətlər düzgün bölünsəydi o, bəşəriyyəti təmin etməyə bəs edərdi. Düzgün bölünmə və istifadənin olmaması üzündən xarab olub atılan maddi nemətlər ona ehtiyacı olanların tələbatından qat-qat artıqdır. Deməli, insanların artımı nəticəsində demoqrafik partlayışdan söhbət gedə bilməz.
5. Bu gün Yer kürəsində yaşayan insanların sayı demoqrafik partlayış təsəvvürü yaradırsa, bu, yalnız bəşəriyyətin yaşadığı qeyri-müəyyənlik dövrünün fonunda həqiqətəbənzər görünə bilər. Ali icma qurulduqdan sonra bəşəriyyətin ixtiyarında olan vəsait həm ətraf mühitin qorunması və saflaşmasına, həm də indikindən də çox insanın cənnətəbənzər bir şəraitdə yaşamasını təmin etməyə bəs edəcəkdir.
6. Bəşər tarixinə nəzər salsaq, hələ heç bir problemi güc vasitəsilə həll etmək mümkün olmayıb; quldarlıq, feodalizm, kapitalizm formasiya hesab edilsəydi belə onların heç biri zor hesabına bərqərar olmamışdır və əksinə zor gücünə qurulan bütün qurumlar, gec-tez dağılmışdır.
7. Bundan fərqli olaraq könüllülük yolu ilə yaranan dövlətlərin (ABŞ), qurumların (BMT, Avropa Birliyi) dağılması perspektivi cüzidir.
8. Bəşər tarixində ən çox insan qırğınına səbəb olan müharibə altı il davam etmiş İkinci Dünya müharibəsi olmuşdur. Lakin dünyadakı insanların sayı müharibənin sonunda onun əvvəlindəkindən çox olmuş, yəni, artım qırğını üstələmişdir. Deməli, insanların sayını azaltmaqda adi müharibələr acizdir. Kütləvi qırğın silahlarının tətbiqi isə birmənalı şəkildə sivilizasiyaya son qoyardı.
9. SPİD, quş qripi, donuz qripi məlum olan kimi bütün dünya təbabəti onlarla mübarizəyə qalxdı. Təzə xəstəliklər meydana gəlsə onlara da qarşı mübarizə aparılacaq. Başa düşmək lazımdır ki, həmişə xeyir şərdən ən azı bir faiz güclü olur. Deməli, bu yolla da insanların sayını azaltmaq olmaz.
10. Alkoqol və narkomaniya da, sağlam qüvvələrin onlara qarşı mübarizəsi nəticəsində heç bir zaman kütləvi xarakter alıb insanların sayını əhəmiyyətli dərəcədə azalda bilməz.
11.
Bütün bəşəriyyətin, birmənalı şəkildə
onu məhv etməyə gələn ekoloji fəlakət
adlı yeganə düşməni vardır. Bu düşmənlə
mübarizə aparmaq və ona qalib gəlmək
üçün dünyanın bütün dövlətləri
Avropa Birliyi ətrafında birləşərək Ali
icmanı yaratmalıdır. Ali icma bu gün bəşəriyyət
qarşısında dayanan və sonralar gələn
bütün problemləri həll etmək iqtidarında
olacaqdır.
* * *
Yuxarıda verilən məqalələrdə Ali icmanın yaranacağına şübhə yeri qoymayan elmi, dialektik və sağlam məntiqə əsaslanan konsepsiya işlənmişdir. Bəşəriyyət ən azı iki milyon il sövgi-təbii, instinktiv ədalətə arxalanan ibtidai icma formasiyasında yaşamışdır. Yarı ac, yarı çılpaq olsa da, insanlar mənəvi sıxıntısız, ruhun azad və xoşbəxt olması şəraitində ömür edirdilər. Qəbilədə, icmada hər kəs öz işini bilmiş, instinktiv olaraq onu layiqli şəkildə yerinə yetirmiş, qəbilə daxilində əmin-amanlıq şəraitində yaşamışdır. Bütün yaşlılar hörmət, bütün uşaqlar qayğı ilə əhatə edilirdilər; bax elə bu səbəblərdəndir ki, ibtidai icma elə çox mövcud olmuşdur.
İnkarı-inkar qanunu tələb edir ki, dağılmış ibtidai icma fazasının yerinə onun ali fazası, Ali icma fazası gəlsin. Ali icmanın alternativi yoxdur və o tezliklə yaradılmasa sivilizasiya ekoloji fəlakətin girdabında təsəvvürə gəlməz əziyyətlərlə məhv olacaqdır.
İnkar
edilməzdir ki, bəşəriyyətin gücü, qüdrəti
bütün dövrlərdən onun nə dərəcədə
yekdil olması ilə müəyyən edilmişdir.
Aydındır ki, mağaralarda məskən salmış ilk
insan qəbilələrindən başlayaraq, bu günə qədər
insanlıq yalnız birləşməklə inkişaf
etmişdir. Bəşəriyyətin gücü daim onun birlik
dərəcəsi ilə ölçülmüşdür.
Bu gün dünyadakı ən böyük birlik və buna
görə də ən qüdrətli insan cəmiyyəti
Amerika Birləşmiş Ştatlarıdır.
Yaxınlaşan ekoloji fəlakətdən başqa elə bir
problem yoxdur ki, ABŞ onun qarşısında aciz qalsın.
ABŞ-ın qüdrəti neçə qat artsa belə, o, yenə
ekoloji fəlakətə üstün gələ bilməz. Bu
ümumbəşəri bəlanın öhdəsindən
yalnız və yalnız ümumbəşəri güc, Ali
icma, ümumdünya birliyi gələ bilər. İyirmi il
bundan əvvəl belə məsələlər barədə
düşünərkən yazmışdım:
Gərək hamı bilsin birləşmək nədir,
O həyat
uğrunda mübarizədir!
Bu sətirlərin
aktuallığı keçən iyirmi il ərzində
günbəgün artmaqdadır.
* * *
İbtidai icmadan Ali icmaya keçid dövrünün, ən çoxu iyirmi il davam edən dövrün, başa çatmaqda olduğunu anlayan, müharibələrin tarixin yaddaşına köçməli olduğunu hiss edən ilk dövlət xadimi Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Paşa Atatürk olmuşdur. O, bəşəriyyəti onun qızıl dövrünə aparacaq olan ideyanı dörd sözlə ifadə etmişdi: “Yurdda sülh, cahanda sülh”. O dövrün dövlət başçıları və parlamentləri bu sözlərin mənasını və həyati gücünü lazımınca dərk etsəydilər, ikinci dünya müharibəsi baş verməz, bəşəriyyət bizim günlərdə ali icmada, öz əbədiyyətə qədər uzanacaq qızıl dövründə yaşayar, ekoloji fəlakət sözlərini, çox olsun ki, eşitməzdi.
Axırıncı kataklizmdən keçən 60-70 milyon il ərzində Yer üzündə yeni həyat yaranmış və bütün bu müddət ərzində pozulmayan bir tarazlıq şəraitində mövcud olmuşdur. 3-5 milyon il bundan əvvəl çox olsun ki, bütün kainat üçün ali varlıq kimi etalon olan insan Yer kürəsində də yaranmış və bu tarazlıqda öz yerini tutmuşdur. Mövcud olduğu o uzun müddət ərzində insan Yer kürəsindəki həyata nə yaxşı, nə də pis mənada təsir etməmişdir. Ən çoxu son 15-20 min il ərzində insanın sayı əhəmiyyətli dərəcədə artmağa başlamış və onun hər cür fəaliyyəti nəticəsində həyatı, harmonik axını pozulmağa başlamışdır. Bizim zamanda bu pozulma elə bir vüsət almışdır ki, Ali icma qurulmasa ən uzağı gələcək əlli il ərzində nəinki sivilizasiya, bitkilər də daxil olmaqla bütün canlılar, yəni həyat məhv olacaqdır.
Əvvəllər
dönə-dönə qeyd etdiyimiz kimi, sivilizasiyanın
xilası üçün, onun Ali icma qurmaqla birləşməsi
alternativi olmayan yeganə şərtdir. Bunun üçün
bu gün bütün millətlər, bütün dövlətlər
bir-birinə qarşı məhəbbət hisslərinə
köklənməli, hər cür düşmənçiliyə
qarşı nifrət ruhunda səfərbər
olmalıdır.
* * *
Son 60-70 milyon il
ərzində, hər biri öz vaxtında, Yer üzündəki
həyat adlı səhnədə yerini tutan canlılar on
milyon illər boyu harmonik tarazlıqda mövcud olmuşdular. İnsanın şüura yaraşmayan həyat tərzinin
nəticəsində ətraf mühitin çirklənməsi
baş vermiş, Yer üzündə həyat
üçün zəruri olan bütün tarazlıqlar
pozulmuşdur. İş o yerə çatmışdır ki,
bitki və heyvanların kütləvi sürətdə məhv
olması özünə yer almışdır. Nəticədə hər il onlarca bitki və heyvan
növü yoxa çıxır. Əksinə, hədsiz
çirklənmiş hava, su və torpaqda yeni şəraitə
uyğun mikroorqanizmlər, viruslar, bakteriyalar yaranaraq bitki,
heyvan və insanlarda indiyə kimi görünməmiş təhlükəli
xəstəliklər əmələ gətirirlər.
Ali icma qurulduqdan sora ətraf mühitin
sağlamlaşdırılması üçün ümumbəşər
səviyyəli işlər görüləcək və nəticədə
o orqanizmlər itib gedəcəkdir. Əks-təqdirdə
onların həndəsi silsilə üzrə artacağı
şübhəsizdir.
* * *
Həyat, materiyanın mövcudluğunun ali forması, əslində materiyanın, sözün əsl mənasında, sonsuz sayda olan xassələrindən biridir. Materiyanın başqa xassələri kimi həyat da onun mövcud olması üçün lazım olan şərait yaranan kimi meydana gəlir. Bu gün Günəş sistemində yalnız Yerdə həyat üçün şərait vardır və ona görə də o mövcuddur. Bir neçə milyard il bundan əvvəl şərait olduğu üçün Marsda həyat öz dövranını sürmüşdür. Bir neçə milyard il keçəcək, Yerdə həyat sönəcək, əvəzində Venerada həyat başlayacaqdır.
Bizim Qalaktikada, əslində, ulduz olan Günəşə bənzər yüz milyarddan artıq ulduz vardır və onların hər birinin planetlərindən birində həyatın olması şansı mövcuddur. Kainatda isə qalaktikaların sayı sonsuzdur. Maddə çəkisinin saxlanması, enerjinin itməməyi və tərkibin sabitlik qanunları kainatın hər yerində hakim olduğu üçün, zamanın sonsuzluğundan gəlib zamanın sonsuzluğuna gedən kainatın hər bir anında sonsuz sayda yerdə həyat mövcud olmuşdur, mövcuddur və mövcud olacaqdır. Bu, əbədi kainatın əbədi həyat tərzidir.
Qeyd etmək vacibdir ki, bizim sivilizasiya elə bu gün Kainatda mövcud olan sonsuz sayda sivilizasiyalardan biri olsa da, bizim olduğu üçün biz onu qorumağa borcluyuq. Aydındır ki, bizim sivilizasiyada həyat, gec-tez təbii təkamülünün sonuna çatıb məhv olacaqdır. Deyilən sonluq günü bu gün və ya on milyonlarla il sonra baş verə bilər. Lakin bizim düzgün olmayan həyat tərzimizin nəticəsi kimi gələn ekoloji fəlakət təbii sonluq deyil və onun qarşısı alına bilər. Bunun üçün:
1. Ali icmanın qurulması prosesi planlı surətdə şüurun köməyi ilə tezləşdirilməlidir.
2. Paralel olaraq ətraf mühitin çirklənməsinin dayandırılması ilə mübarizə başlanmalı və birinci növbədə avtomobillərin ixrac qazlarındakı zəhərli maddələri zərərsizləşdirilməsinə nail olunmalıdır.
3. Artıq çoxdan başlanmış ekoloji təmiz enerji mənbələrinin axtarışı (əsasən Günəş enerjisi) sürətləndirilməlidir.
4. Professor
İkram Kərimovun doğru söylədiyi kimi, qütblərdəki
buzların əriməsi atmosferin deyil, Yer
qabığının qızması ilə
bağlıdır. Yer qabığının
qızmasının qarşısını almaq
üçün Yer qabığını ehtizaza gətirməyən
maşın və mexanizmlər yaradılmalıdır. Bütün bunlardan çıxan nəticə budur
ki, Yer üzərində olan bütün çəkişmələr
dayandırılmalı, bəşəriyyətin bütün
gücü bir yerə səfərbər edilməklə
yuxarıdakı işlərin yerinə yetirilməsinə
yönəldilməlidir. Başa düşmək
lazımdır ki, əgər artıq gec deyilsə, bu gündən
sonra itirilən hər gün həlledici ola bilər.
* * *
Görünür ki, qalaktikaların təkamülü bir-birinə bənzəyir. Onun hər bir üzvünün, məsələn Günəşin təkamülü də başqa oxşar sistemlərin təkamülü ilə oxşardır. Düşünmək olar ki, həyatın zirvəsində dayanan şüurlu varlıqların təkamülü də eyni ssenariyə malikdir, yəni o həmişə ibtidai icma, keçid və Ali icma fazalarından keçməklə mövcud olur. Yəqin ki, normal təkamülə zidd olan “bolşevizm” kimi hadisələrin olması labüd deyil. Belə sayaq ki, o barədə bizim bəxtimiz gətirməyib və bolşevizmin araya gəlməsi normal inkişaf prosesini pozub və bizi ekoloji fəlakətlə üzbəüz qoyub.
Bizim ataların bir məsəli var; çıxmayan cana ümid çoxdur. Ümid edək ki, bəşəriyyət necə hərəkət etməli olduğu barədə elmi konsepsiya aldıqdan sonra hər şey tezliklə yoluna düşəcək, Ali icma qurulacaq və sivilizasiya ekoloji fəlakətə qalib gəlib Yer üzünü cənnətə döndərəcək, xoşbəxt əbədiyyətə yol alacaqdır.
Pənah QURBANOV,
kimya elmləri doktoru,
şair
Xalq qəzeti.- 2010.- 1 yanvar.- S. 7.