Ədəbiyyatımızın
inkişafı naminə
Hələ gənclik illərindən istedadlı bir qələm
sahibi kimi tanıdığım, uzun illər mətbuatda
imzasını maraqla izlədiyim, istər şeirlərini, istərsə
də elmi-publisistik məqalələrini, kitablarını məmnunluq
hissi ilə oxuduğum Rafiq Yusifoğlunun 60 yaşının
tamam olduğunu eşidəndə bir qədər təəccübləndim.
Düşündüm ki, illər nə tez gəlib
keçdi, dünənə qədər gənc şair kimi
tanıdığımız qələm dostumuz nə tez
ömrünün ixtiyar çağına qədəm qoydu?
Ancaq Rafiq Yusifoğlu qələminin məhsulu olan 50-yə
yaxın kitabın, o cümlədən ali məktəb tələbələri
üçün yazdığı ‘“Ədəbiyyatşünaslığın
əsasları’’, ‘“Müasir ədəbi proses və ədəbi
tənqid’’, ‘“Uşaq ədəbiyyatı’’, ümumtəhsil məktəblərinin
birinci sinifləri üçün ‘“Ana dili’’, ikinci sinifləri
üçün “Azərbaycan dili” (şərikli) dərsliklərini,
“Azərbaycan poeması: axtarışlar, perspektivlər’’
adlı sanballı monoqrafiyasını və sair
kitablarını xatırlayanda mənə aydın oldu ki, bu qədər
işi 40-50 yaşında bir adamın görməsi çox
çətindir, hətta deyərdim ki, bir qədər də
imkan xaricindədir. Bu qədər faydalı əsərləri
araya-ərsəyə gətirmək Rafiqin istedadından,
tükənməz yaradıcılıq enerjisindən, zəhmətsevərliyindən
xəbər verən danılmaz faktlardır.
Necə deyərlər,
Rafiq Yusifoğlu öz 60 illik yubileyini
alnıaçıq-üzüağ, ləyaqətlə
qarşılayır. Onun şeirləri, hekayələri,
nağılları orta məktəb dərsliklərinin, oxu
kitablarının bəzəyinə çevrilib. Dərslikləri
gənc nəslə ədəbiyyatın, nəzəriyyənin,
ədəbi prosesin, bədii yaradıcılıq üslubunun
incəliklərini öyrədir.
Bütün
ömrünü, həyatını ədəbiyyata, onun tədqiqi
və təbliğinə həsr edən Rafiq Yusifoğlu
çoxşaxəli yaradıcılıq yolu keçən
istedadlı qələm sahiblərindəndir. Onun istər
poeziya, istər uşaq ədəbiyyatı, istər bədii
tərcümə, istər jurnalistika, istərsə də ədəbiyyatşünaslıq
sahəsindəki uğurları göz qabağındadır.
İlk dəfə məktəbə
qədəm basan Azərbaycan uşaqları Abbas Səhhətin,
Abdulla Şaiqin şeirləri ilə birlikdə Rafiq
Yusifoğlunun da bir-birindən gözəl, mənalı
şeirlərini oxuyur, əzbərləyirlər. Ədəbiyyata,
şeirə-sənətə gedən yolun
başlanğıcında onlara Rafiq Yusifoğlu poeziyası bələdçilik
edir. Bu da təsadüfi deyildir. Bu gün Rafiq Yusifoğlu nəinki
çağdaş uşaq ədəbiyyatımızın
sayılıb-seçilən, görkəmli nümayəndələrindən
biri, hətta cəsarətlə deyə bilərəm ki,
birincisidir. Bu gün uşaq ədəbiyyatının
yaranması, nəşri, tədqiqi və təbliği sahəsində
Rafiq müəllimin xidmətləri çox
böyükdür. Təsadüfi deyil ki, Rafiq Yusifoğlunun
yaradıcılıq nümunələri tədqiqatçıların
da diqqətindən kənarda qalmamışdır. Müasir
uşaq ədəbiyyatı haqqında yazılan elə bir
dissertasiya yoxdur ki, orada Rafiq Yusifoğlu poeziyasından məhəbbətlə
söhbət açılmasın, şairin bənzərsiz
poetik üslubu təqdir edilməsin.
Dissertantlarımdan biri tədqiqat işi yazanda Rafiqin “Aylı cığır” kitabını mən də oxudum. Şeirlərin orijinallığı, poetik tutumu, məzmun yeniliyi məni çox məmnun etdi. Nüfuzlu məclislərin birində Rafiq müəllimi müasir uşaq poeziyamızın canlı klassiki adlandırdım və tam əminliklə dedim ki, son 50 ildə yaranan bütün uşaq kitabları bir yana, Rafiq Yusifoğlunun “Aylı cığır” kitabı isə bir yanadır.
Sonra Rafiq müəllimin uşaqlar üçün yazıb nəşr etdirdiyi bir-birindən maraqlı “Bahar qatarı’’, “Böyük arzuya gedən yol’’, ‘’Dəniz səviyyəsi’’, “Şirin yağış’’, “Çiçək yağışı’’, “Günlərimiz-aylarımız’’, “Zamanın qatarı’’, “Söz çəməni’’, “Yollar’’, “Ana dilim’’, “Daha uşaq deyiləm’’ və sair kitablarını oxuyanda fikrimdə yanılmadığıma bir daha əmin oldum. Hiss elədim ki, Rafiqin uşaq ədəbiyyatı sahəsində qazandığı uğurlar xoşbəxt bir təsadüfün yox, parlaq istedadın, yorulmaz müşahidənin, sistemli axtarışların, gərgin əməyin qanunauyğun nəticəsidir.
Rafiqin şeirlərinin dili lakonikdir, obrazlıdır. Şair bədii təsvir və ifadə vasitələrindən, təşbehlərdən, metaforalardan, epitetlərdən məharətlə istifadə etməyi bacarır. İlk nəzərdə quru təsir bağışlayan mövzular şairin sehirli qələmi nəticəsində poetik məzmun kəsb edir. Məsələn, “Dəmir yumaqlar’’ şeirinə fikir verək:
Yolbasan yola çıxıb, küçəmiz təzələnir.
Təkərləri elə bil yumaqdı, çözələnir.
Aldatmıram mən sizi, gəlin baxın, uşaqlar.
Fırlandıqca, açılıb küçə olur yumaqlar...
Bu xüsusiyyət təkcə Rafiqin uşaqlar üçün yazdığı şeirlər üçün yox, bütün yaradıcılıq nümunələri üçün xarakterikdir.
Yarım gərək incə gələ, incə vara,
Sahib ola qəlbimdəki
incə vara.
Söz demişəm, ürəyinə
toxunmuşam,
Qəlbi safdı, küsən
deyil incəvara...
Rafiq
Yusifoğlu folklordan, klassik ədəbiyyatımızdan, eləcə
də dünya ədəbiyyatının incilərindən
yaradıcı şəkildə bəhrələnməyi
bacaran qələm sahiblərindəndir. Onun şeirlərinin
cövhərində folklor ruhu, folklor ab-havası, folklor
müdrikliyi vardır:
Çən gəldi,
çisəklədi,
Gözlərim
çiçəklədi.
Dərd məni üstələyib,
Bayatıya
köklədi.
Yağış deyiləm
yağam,
Bu dərdə
dözdüm, dağam.
Həsrətin dörd əli
var,
Mənimsə bircə
yaxam...
Dərd çox, sevinc kəm
oldu,
Ağlar
gözüm nəm oldu.
Sözdən bir qala tikdim,
Pəncərəsi
qəm oldu.
Klassik
poeziyamıza yaxından bələdlik “Qəm karvanı” kimi
sanballı bir poemanın yaranmasına səbəb olmuşdur. Ustad təfəkkürünün
məhsulu olan maraqlı fikirləri öz poetik
düşüncələri ilə yoğuraraq yenidən həyata
qaytaran şair Füzuli dünyasına bələdçilik
edir. Poemanın hər bəndi oxucunu
düşündürür, onun ruhunu təzələyir,
poetik ovqatını yüksəldir.
Sözümü pas tutmaz
ötsə də min il,
İlahi, nə
qədər odlanım, yanım?
Məndə can qoymayıb bu
şeyda könül,
Verim bir gözələ,
qurtarsın canım.
Hicranı ömrümü
etsə də yarı,
Kimsəyə
uymadım, - sədaqəti gör.
Qiyamət günündə
görməsəm yarı,
Saqi, sən özün gəl
qiyaməti gör!
Alovlar püskürən qəlbimin
başı
Buxar etməsəydi
gözümdə nəmi,
Göz açıb yumunca,
gözümün yaşı
Bir anda tutardı
bütün aləmi...
Dünya ədəbiyyatının
görkəmli nümayəndələrindən Bayronun,
Lorkanın, Yeseninin və başqalarının şeirlərini
dilimizə ustalıqla tərcümə edən Rafiq
Yusifoğlunun öz poeziyasına da həmin şairlərin əsərlərinin
təsiri yaxşı mənada duyulmaqdadır. Rafiq
Yusifoğlu həm folklordan, klassik ədəbiyyatdan, həm də
dünya ədəbiyyatından yaradıcı şəkildə
bəhrələnməyi bacarır. Dünya
ədəbiyyatına yaxından bələdlik Rafiq
Yusifoğlu poeziyasını əyalətçilik çərçivəsindən
uzaqlaşdırır, elə buna görə də onun qələminin
məhsulu olan əsərlər mahiyyətcə ümumbəşəri
xarakter daşıyır.
Rafiq
Yusifoğlu nədən yazırsa-yazsın, hansı problemin bədii
təsvirini verirsə-versin daim özünə, öz poetik
üslubuna, düşüncə tərzinə sadiqdir. Rafiqin folklor,
klassik ədəbiyyat və dünya poeziyasının təsiri
altında formalaşan poetik üslubu ənənəyə
söykənsə də bənzərsizdir, fərdidir.
-Qaldır kirpiyini, səbrim
yox daha,
Görüm
gözlərini bir yol yaxından.
-Mənim kirpiklərim qalxa
bilmir ha
Sənin
baxışının ağırlığından...
Rafiq
Yusifoğlu yaradıcılığının mövzu və
problematikası çox zəngindir. Xalqımızın kəşməkeşli
taleyi onun poeziyasında özünəməxsus bir
çalarda öz bədii əksini tapmışdır. Rafiqin bu qəbildən olan şeirləri vətəndaşlıq
poeziyamızın maraqlı nümunələri hesab oluna bilər.
Azərbaycan torpağının gözəlliklərinə
həsr etdiyi şeirlər peyzaj lirikamızın gözəl
nümunələri sırasındadır. Onun şeirləri insanları Vətənin hər
otunu, çiçəyini sevməyə, xalqımızın
adına layiq ləyaqətli oğullar, qızlar olmağa səsləyir.
Ən
yaxşı cəhət budur ki, Rafiq müəllim hansı
mövzuda yazırsa-yazsın, təsvir elədiyi hadisələrin
ən incə, xarakterik məqamlarını ön plana gətirməyi
bacarır. Bu cəhət həm onun uşaqlar, həm də
böyüklər üçün yazdığı şeirlərin
demək olar ki, hamısı üçün xarakterikdir.
Əslində, Rafiq Yusifoğlu
yaradıcılığında uşaq şeiri, böyük
şeiri şərti bölgüdür. Bu
şeirlərin hamısının ana xəttində incə
ruhlu bir şairin duyğuları, dərin zəka sahibinin
düşüncələri dayanır. Rafiq
ən adi həyat həqiqətlərini belə mənalandırmağı
bacarır. Ona görə də şeirlərinin
əksəriyyətinin əsas məna yükünü öz
üstünə götürən misraların əksəriyyəti
poetik kəşflər səviyyəsinə yüksəlir.
Başqa sözlə desək, Rafiqin alimliyi
şairliyinə, şairliyi alimliyinə dayaq durur, onun poetik
üslubunu şərtləndirən ən aparıcı amillər
kimi özünü göstərir.
Qədim Qəbələ
şəhərinin xərabələrinin bir tərəfindən
Qaraçayın, digər tərəfindən
Qocalançayın axması adi həyat həqiqətidir. Görün şair bu həqiqəti
necə mənalandırır, necə poetik həqiqət səviyyəsinə
yüksəldə bilir:
Qəbələ bir
yüyrükdü
Onu zaman tərpədir.
Qaraçay, Qocalançay
Sanki
yüyrük ipidir.
Qaraçay, Qocalançay
Həzin-həzin
oxuyar.
Bu yüyrüyün
içində
Tarix gedib yuxuya...
Rafiq
Yusifoğlu kənd həyatını, təbiəti, xalq
yaradıcılığını yaxşı bilən
şairlərimizdəndir. Elə buna görə
də onun təsvirləri öz milli koloriti, cazibədarlığı
ilə diqqəti cəlb edir.
O, dilimizin incəliklərini,
sözün məna çalarlarını çox gözəl
bilir. Elə buna görə də onun poetik
nümunələri içərisində
sözçülükdən əsər-əlamət yoxdur.
Xarakterik bir cizgi, detal mənanı sözün
zahiri biçimindən onun alt qatına ötürür.
Şeirin mövzusuna, məzmununa uyğun bənzərsiz,
xarakterik bədii təsvir və ifadə vasitələri,
orijinal qafiyələr tapıb işlətməsi onun ədəbi
üslubuna bir orijinallıq gətirir. Rafiq
istər əruz, istər heca vəzninin müxtəlif
ölçülərindən, istərsə də sərbəst
şeirdən məharətlə istifadə etməyi
bacarır.
İşıq arzulayan toxum
meydan oxuyur qabığa,
Günəşə
dal çevirənin kölgəsi düşər qabağa.
Sevən sevdiyinə sarı
ayağı yalınca gedər,
Üzü Günəşə
qaçanın kölgəsi dalınca gedər...
Rafiq
Yusifoğlu öz taleyinin, ağrı-acılarının,
sarsıntılarının şairidir. Xalqımızın
başına gətirilmiş müsibətlər, itirilmiş
torpaqlarımız, bir-birindən ayrı düşən
doğmalarımızın, əzizlərimizin gözündə
qalan arzuları şairin poeziyasının qəm
yükünü bir qədər də
ağırlaşdırır:
Hərəmiz bir eşqin
şirin barıyıq,
İllər
üstümüzə çökür toz kimi.
Məhəbbət
daşıyan eşq qatarıyıq,
Zaman çəkir
bizi paravoz kimi.
Bərq vurur saçımda
illərin qarı,
Sükut qəbristanda
xəyala dalıb.
Sərnişini düşən
eşq vaqonları
Zaman qatarından
açılıb qalıb...
Qəlbini atdılar oda
anamın,
Arzuları
düşdü hey pərən-pərən.
Qəbri ayrı düşən
ata-anamın
Ruhları
qovuşa bilibmi görən?
Rafiqin poeziyası
ağrı-acı ilə, dərd-kədərlə
yoğrulsa belə, onun şeirlərinin ümumi ruhu nikbindir,
insanları gələcəyə, qurub-yaratmağa, sevib-sevilməyə,
həyatın qədrini bilməyə, ulu yaradanan verdiyi
fürsətdən yetərincə bəhrələnməyə
həvəsləndirir:
Get dayan dənizlə
nəfəs-nəfəsə,
Eşit ləpələrin
pıçıltısını.
Meşənin qoynunda
düşüb həvəsə,
Dinlə
yarpaqların xışıltısını.
Bu necə
cığırdı, bu necə yoldu? -
Yarır
toranlığı durnanın döşü.
Qardaş, bir
başını yuxarı qaldır,
Ayın
danışdığı nağılı eşit...
Rafiq
Yusifoğlu gənclərin, tələbələrin çox
sevdiyi şairlərdəndir. İstər
Sumqayıt Dövlət Universitetində, istərsə də
Azərbaycan Dövlət Pedaqoji Universitetində mühazirələr
oxuması onu gənclərə, gəncləri ona daha da
yaxınlaşdırıb. Tələbələrin
sevimli müəllimi həm də gənclərin sevimli
şairinə çevrilib. Rafiq müəllimə
gələn saysız-hesabsız oxucu məktubları onun
yaradıcılığının təsir gücündən,
əhatə dairəsindən xəbər verir. Rafiqin gənclərin məktubları, mesajları əsasında
yazdığı şeirlər müasir sevgi
lirikamızın gözəl nümunələridir. Bu şeirlər gənc oxucuların ürəyindən
xəbər verdiyi üçün çox sevilir, çox
oxunur. Daim gənclər arasında olması Rafiq
Yusifoğlunun poetik ilhamını kökdən düşməyə
qoymur, onu daim gənclik eşqi ilə yazıb-yaratmağa,
sevda göylərində qanad çalmağa səsləyir:
Bənövşə arzular
boynu bükülü,
Nəfəsin
ayrılıq küləyi olub.
O ötən ayların, illərin
külü
Arzu közlərimin
bələyi olub.
Həsrətin əlində
qalıbdır yaxam,
Bu dərdə,
ağrıya dözürəm hələ.
Yayından ayrılan
qızıl bir oxam,
Sevda göylərində
süzürəm hələ...
Azərbaycan
Respublikasının Əməkdar mədəniyyət
işçisi, “Göyərçin” jurnalının baş
redaktoru, filologiya elmləri doktoru, professor
Rafiq Yusifoğlu ömrünün,
yaradıcılığının ixtiyar
çağlarını yaşayan istedadlı bir qələm
sahibidir. Ədəbi, eləcə də pedaqoji
ictimaiyyətimizdə özünəməxsus nüfuzu,
çəkisi olan qələm dostumuzu qarşıda hələ
yeni-yeni axtarışlar, yeni-yeni elmi, ədəbi uğurlar
gözləyir. Ədəbiyyatımızın, elmimizin
inkişafı naminə Rafiq Yusifoğluya uzun ömür, can
sağlığı arzulayırıq.
Nizami CƏFƏROV,
AMEA-nın müxbir üzvü,
filologiya elmləri doktoru, professor
Xalq qəzeti.- 2010.- 1 yanvar.- S. 7.