Müasir ədəbiyyatımızda ədəbi – bədii maarifçilik problemi

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı məqaləsi Azərbaycan elmi ictimaiyyətinin hər bir üzvünü narahat etməyə bilməz, başqa sözlə, rəğbətlə qarşılanmaya bilməz. Ona görə ki, hər bir insanın elmə ehtiyacı var. Elm adamlarına gəlincə, qeyd etmək lazımdır ki, onlar təkcə elmi həyatı, dünyanı dərk etmək üçün öyrənmirlər. Onlar həm də elmi ona görə öyrənirlər ki, cəmiyyəti irəliyə doğru apara bilsinlər, insan şüurunun inkişafına xidmət göstərsinlər, gələcək nəsli xoşbəxt etsinlər, maarifə, biliyə olan ehtiyacı ödəsinlər, dünyanı iqtisadi, maddi və mənəvi cəhətdən zənginləşdirsinlər.

 

Elm öyrənmək həqiqət aləminə baş vurmaqdır, təbiəti və cəmiyyəti dərk etməkdir, əxlaqi və mənəvi cəhətdən kamilləşməkdir, cəhaləti, nadanlığı, xurafatı məhv etməkdir, yaxşılığa, inkişafa doğru boy artımını stimullaşdırmaqdır. Elm olan mühitdə dini cəmiyyətlər və təriqətlər, firqə və partiyalar yoxa çıxır, həqiqəti sevənlərin sayı artır, həqiqət yalanı, riyakarlığı, mövhumatı, geriliyi ayaqları altına salır, fikir azadlığı həddini aşmaqla yanaşı, həm də həddini tanıyır, müqəddəs olan hər bir şey ölçüyə və dəyərə çevrilir.

Dünyada hər bir şeyin öz yaranma, yaşama tarixi var. Elmin yaranması zülməti yarmağa bənzəyir, yaşaması isə insanlara, cəmiyyətə, dövlətə, bir sözlə, bəşəriyyətə xoşbəxtlik gətirir. Azərbaycanda ədəbi proses həmişə ədəbi mühitin, oxucuların marağında olubdur. Ədəbi proses ədəbiyyatımızın nə ilə nəfəs aldığını, nəyə xidmət etdiyini müəyyən edir. Ədəbi prosesin səviyyəsi ədəbi zövqü formalaşdırmaqla yanaşı, ədəbi gəncliyi də öyrədir, onların çiyinlərinə böyük bir yük, məsuliyyət qoyur. Təsadüfi deyildir ki, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, Mirzə Fətəli Axundovun, Hüseyn Cavidin, Mikayıl Müşfiqin və digər klassiklərimizin adı gələn yerdə ən nüfuzlu şair və yazıçılarımız abır-həya ediblər. Heç zaman şair və yazıçı olduqlarını dilə gətirməyiblər. Onların yazıb - yaratdıqları geniş oxucu kütləsinin ədəbi zövqünü formalaşdırıb, şair, yazıçı adı oxucular tərəfindən verilibdir. Oxucular oxuduqlarının ədəbi dəyərini verərək ədəbi simaların ədəbiyyat aləmindəki yerlərini müəyyən ediblər.

Hər bir ədəbi simanın yazdıqlarına bir geniş oxucu kütləsi, bir də peşəkarlar, mütəxəssislər qiymət verirlər. İstər-istəməz ədəbi sima, geniş oxucu kütləsi, peşəkar və mütəxəssislər barəsində düşünməli oluruq. Ona görə düşünməli oluruq ki, görəsən, müasir ədəbiyyatımızda nə çatmır, nəyin qıtlığı var: ədəbi simanınmı, geniş oxucu kütləsininmi, peşəkar və mütəxəssislərinmi? Hər şeydən əvvəl, ədəbi simanın (şair və yazıçının) yaradıcılığı ədəbiyyatımıza nə gətirir? Bu barədə fikirləşəndə və müasir yazarların böyük əksəriyyətinin əsərlərini oxuyanda görürük ki, onların yaradıcılığı insanları maarifləndirmir. Məncə, öz yaradıcılığı ilə bir, beş, on, yüz, min nəfəri maarifləndirən şair və yazıçı xoşbəxtdir. Belələri bir, beş, on, yüz, min nəfərin ədəbi-bədii cəhətdən maariflənməsinə xidmət edir, elə bu cür də qəlbə yol tapır, xoş ədəbi-bədii toxumu səpir. Bu mənada müasir ədəbiyyatımızda ədəbi simaların (şair və yazıçıların) yaradıcılığında oxucuları təmin edən ədəbi-bədii maarif çatışmır. Bizim hər birimiz klassiklərin yaradıcılığını təhlil etsək, görərik ki, onların əsərlərindən nə qədər maariflənməli oluruq. Məhz bu ədəbi-bədii, elmi bilgilər klassiklərin yaradıcılığını əsrlər boyu yaşadır və yaşadacaqdır. Bu mənada müasir ədəbiyyatımız klassik ədəbiyyatla, ən azı əlli, yüz il bundan qabaqkı dövrün ədəbiyyatı ilə müqayisə oluna bilməz. Açığı demək lazımdır ki, müasir ədəbiyyatımızın ədəbi-bədii səviyyəsini istər klassik ədəbiyyatla, istərsə də əlli, yüz il bundan əvvəlki dövrün ədəbiyyatı ilə müqayisə etmək ədalətsizlik olardı. Əgər bu cür müqayisəni aparsaq, onda görərik ki, müasir ədəbiyyatın ədəbi-bədii səviyyəsinin çəkisi olduqca yüngüldür.

Müasir ədəbiyyat gələcək nəsillərə ədəbi-bədii və elmi bilgi çatdırmır. Halbuki ədəbiyyatın ən ümdə missiyalarından biri də onun gələcək nəsilləri ədəbi-bədii, lap elə elmi cəhətdən maarifləndirməsidir. Belə olarsa, ədəbiyyatın gələcək üfüqləri indidən görünə bilər və bu görünüşə nəzər salsaq, onda hiss edərik ki, ədəbi-bədii səviyyə enən xətlə hərəkət edir. Əlbəttə, qalxan xətlə hərəkət edən ədiblərə və ədəbi - bədii əsərlərə ehtiyac vardır.

Müasir ədəbiyyatdakı ədəbi simaların böyük bir qismi oxucularda ölçü, meyar rolunu oynayan zövqün yaranmasına maneçilik göstərirlər. İctimaiyyətin, geniş oxucu kütləsinin zövqünü heçə endirirlər. Bununla da onlar həm ədəbiyyatı, həm də ədəbi-bədii zövqü korlayırlar. Bu, geniş oxucu kütləsinin, ictimaiyyətin ədəbi-bədii zövqünü oğurlamaq, eyni zamanda hüququnu tapdalamaqdır. Bir sözlə, müasir ədəbiyyatdakı ədəbi simaların böyük əksəriyyətində ədəbi zövq çatmır. Ədəbi zövqü olmayan belələri ictimaiyyətin və oxucuların zövqünü oğurlamaqla bəd əməlləri ilə həm müasirlərini, həm də gələcək nəsilləri ədəbi əsərləri oxumaqdan uzaqlaşdırırlar. Məncə, ədəbi zövq ədəbiyyatımızın sərvətidir. Bu sərvətə xələl gətirənlər yazmasalar daha yaxşı olar. Onlar yazmaqla günah edirlər. Günahın ən ciddi cəzası elə yazmamaqdır. Bəlkə yazmamaq onlar üçün ən yüngül cəza növüdür.

Müasir ədəbiyyatda öz “xidmət”ləri ilə lovğalanan ədəbi simalar (yazıçılar, şairlər) az deyildir. Onlar lovğalanaraq “hünər” göstərmək istəyirlər. Nəticədə çox şeylərə iddia etməyə başlayırlar. Özlərini fəxri adlara, təqaüdlərə, orden və medallara layiq görürlər. Nə yazırlarsa, onu da utanmadan, çəkinmədən cəmiyyətə “təqdim etməyə” çalışırlar. Qeyd etmək yerinə düşər ki, müasir ədəbiyyatımızda təqdimat adlı mərasim bir dəbə çevrilibdir. Yazanların bir çoxu yazdıqlarının ədəbi dəyərinə varmadan isti-isti onu təqdim etmək əməliyyatına başlayırlar. Beləliklə, vaxtilə yazıçını da, şairi də, oxucunu da, tənqidçini də məsuliyyətli olmağa vadar edən disputların əvəzinə təqdimatlar baş qaldırır. Yeni təqdim olunan, oxunulmamış əsər barəsində təriflər baş alıb gedir. Məzmun, ədəbi-bədii dəyər qalır bir kənarda, müəllif isə bolluca təriflənir, bəzən dahi səviyyəsinə qaldırılır. Ucuz təriflərə geniş meydan verilir. Yeni təqdim olunan bir əsər haqqında bu qədər ucuz təriflər müəlliflə yanaşı, həm də özümüzdən qaynaqlanır. Belə alınır ki, təriflənmək üçün yalnız və yalnız istənilən bir əsəri utanmadan, çəkinmədən ortalığa qoymaq lazımdır. Sonra isə, buyurun, tərifləyin işarəsini hərəkətə gətirməkdir. Bəs onda görəsən klassiklərin yaradıcılığını kimlər təqdim edəcək və onlar fiziki cəhətdən həyatda yoxdurlarsa, onları kim tərifləyəcək?! Onların xidmətlərinin layiqincə qiymətləndirilməsinə bu cızma-qara yazanların təqdimatları nə vaxt imkan verəcək?! Ancaq bir şeyi bilməliyik ki, hər bir əməlin nəticəsi ümuminin xeyrinə olmalıdır. Hər bir əsər ümumilikdə ədəbiyyatımızı zənginləşdirməlidir. Heç kəsin haqqı yoxdur ki, ədəbiyyatda haqqı olanlar sırasında özünü lovğalıqla, “hünər” göstərməklə, “təqdim etmək”lə yaşatmağa çalışsın, cəmiyyətin gözünə kül üfürsün. Eyni zamanda heç kəsin haqqı yoxdur ki, xidməti olmadan özünü canla-başla ədəbiyyata xidmət edənlərə bərabər tutsun. Müasir ədəbiyyatımızda xidməti olan şair və yazıçılarımız var. Onların adlarını çəkmək fikrindən uzağam. Ona görə ki, bu da bir çoxlarına, hətta “hünər” göstərmək istəyənlərə tərif kimi görünə bilər. Mən isə bu yazımda ad çəkmək, tərif söyləməkdən uzağam. Çünki müasir ədəbiyyatımızdakı problemlər uğurlarımızı çox üstələyibdir. Ayrı-ayrı şair və yazıçıların uğurlarını isə ümumilikdə müasir ədəbiyyatımızın müvəffəqiyyəti kimi təqdim etmək yenə də xidməti olmayanları, istedadı olmayanları, cəmiyyətin marağına və sosial sifarişə cavab verə bilməyənləri əsl şairlərlə, yazıçılarla eyniləşdirmək deməkdir.

Müasir ədəbiyyatın ictimaiyyətin marağına və sosial sifarişə cavab verə bilməməsinin səbəbləri vardır. Bu səbəblər sırasında az qala hamının kitab çap etdirməsi xüsusi “yer” tutur. Prüalizmin və demokratiyanın imkanlarından istifadə edərək bir çoxları bədii əsər yazmağı və çap etdirməyi xobbiyə çevirib. Biz güclü əsər istəyiriksə, istədiyini yazanları, istədiyi kimi yazanları, bir sözlə, ədəbiyyata aidiyyatı olmayanları rədd etməliyik. Bu qəbildən olan müəlliflərin əsərləri heç nəşriyyata buraxılmamalıdır. Əsərlərin içərisində adları formal şəkildə yazılmış redaktorların, korrektorların, nəşrə məsul olan şəxslərin məsuliyyətini artırmalıyıq. Bu cür münasibət həqiqət olduğu üçün çoxlarına acı gələcəkdir. Ancaq acı həqiqət əsl ədəbiyyatı müdafiə edəcək, yazmaq xatirinə yazan xobbilərin əməllərinə sədd çəkəcəkdir. Analoji olaraq onu da qeyd etmək olar ki, elmi əsərlərin çapında (xüsusilə, dərsliklərin, dərs vəsaitlərinin, metodik göstərişlərin) müəyyən dərəcədə nəzarət vardır. Düzdür ki, bu da tam şəkildə hər birimizi razı salan, təmin edən səviyyədə deyildir. Ancaq heç olmazsa, müəyyən qədər məsuliyyət hissini artırmağa yardımçı vasitədir. Elmi əsərlər müvafiq kafedralardan, müvafiq elmi-metodik şuralardan keçir və nəhayət, nazirliyin qrifi əsasında çap olunur. Məncə, bədii əsərlərin müvafiq qurumların senzurasından keçərək çap olunması ilə bağlı bir sistem hazırlanmasına ehtiyac vardır.

Müasir ədəbiyyat müasir gəncliyi ələ ala bilmir. Vaxtilə ədəbiyyat gəncliyi tərbiyə edib, həyata hazırlayıbdır. İndi isə ədəbiyyatın gəncliyə xidməti sıfır səviyyəsindədir. Müasir ədəbiyyat gəncliyin zövqünü oxşamır, onları ələ ala bilmir, onları bədii əsər oxumağa vadar etmək gücü çatmır. Halbuki vaxtilə gənclik dövrün tələblərinə cavab verən əsərləri əl-əl gəzdirir, oxuyur və oradakı obrazlara bənzəmək istəyirdi. Bununla da ədəbiyyat gəncliyə xidmət etmiş olurdu. Indi isə bu xidməti müasir ədəbiyyat bacara bilmədiyi üçün internet klublarına, məzmunsuz şoulara geniş meydan verilmişdir. Əslində, bu gün ədəbi əsərlərin (təbii ki, müasir ədəbi əsərlərin) oxunmamasının, yaxud da çox az oxunmasının səbəblərindən biri də cəmiyyətin belə əsərlərə “yox” deməsidir. Ya da ki, cəmiyyətin minlərlə üzvlərinin senzurasıdır. Bəzən qanunların qadağa edə bilmədiklərini cəmiyyətin özü qadağa edir. Bu mənada müasir bədii əsərlərin oxunmaması, çox az oxunması sübut kimi əsl həqiqəti deyir.

Azərbaycan ədəbiyyatında tərcümə məsələsi həmişə yaxşı bir niyyət kimi dəyərləndirirlib və dünya ədəbiyyatının çox güclü əsərləri dilimizə tərcümə olunubdur. Yəni tərcümə ədəbiyyatı ədəbiyyatımızın bir qolu kimi böyük uğur və müvəffəqiyyət qazanıbdır. İndi isə ən dəyərli bədii əsərləri ya dilimizə tərcümə etməyə cəsarət etmirlər, ya da tərcümə olunan bədii əsərlər olduqca zəif bir şəkildə tərcümə olunur. Mənə elə gəlir ki, bu gün tərcümə ədəbiyyatının xidmətinə daha geniş yer vermək lazımdır. Doğma ana dilimizin imkanlarını, zənginliklərini üzə çıxarmaq üçün tərcümə ədəbiyyatının əvəzsiz xidməti vardır. Bu məsələdə yəqin ki, biz dəqiq şəkildə bilməliyik: nəyi tərcümə edirik, necə tərcümə edirik, kim üçün tərcümə edirik. Bax, bunların analizi və sintezi əsasında bədii əsərlərin tərcüməsini aparsaq, çoxlu uğur əldə edərik, eyni zamanda ictimaiyyətin, cəmiyyətin bədii tələbatını ödəmiş olarıq. Bir sözlə, tərcümə prosesində tərcümə olunacaq bədii əsərlər cəmiyyətin sifarişini və tələbatını nəzərə almaqla həyata keçirilməlidir. Məncə, tərcümə məsələsində pərakəndəliyə, dağınıqlığa yol vermək olmaz. Tərcüməçi nəyi istəyirsə, onu da tərcümə edə bilməz. Tərcüməçi nəzərə almalıdır ki, cəmiyyət, ictimaiyyət nəyi istəyir, hansı tələblərlə yaşayır.

Bu gün bədii əsərlərin dili, eləcə də kütləvi informasiya vasitələrinin dili ürəkaçan vəziyyətdə deyildir. Açığı qeyd etmək lazımdır ki, şairlik və yazıçılıq sənətini öz əvvəlki əzəmətindən uzaq salan səbəblərdən biri də dilimizin qayda-qanunlarına riayət etməmək, ədəbi dilin üslub normalarına əməl etməməkdir. Bədii fikir həm də o zaman tutarlı olur ki, onu ifadə edən, yazan şair və yazıçının beyni dumanlı olmasın, eyni zamanda zəngin, şirin, təsirli, bir sözlə, güclü bədii dili olsun. Bədii dilin güclü olması oxucunu özünə çəkir, istənilən bədii materialı sevdirir, nəticədə oxucunu öz arxasınca aparır, sehirləyir, tilsimə salır. Belə olduqda oxucu şair və yazıçının istedadına qibtə edir. Əslində istedadlı şair və yazıçı öz yazdığı əsərlərin dili ilə həm özünün səviyyəsini, həm də dilimizin imkanlarını ortalığa qoya bilir.

Şair və yazıçıların əsərlərinə şöhrət qazandıran onların dilinin poetikliyi, həm də yazdığı bədii nümunələrin texnologiyasıdır. Müasir ədəbiyyatımızın şöhrət qazanması üçün bədii dilin imkanlarına, bədiyyatın texnologiyalarına ciddi fikir vermək lazımdır. Həmişə bədii əsərin və onun müəllifinin şöhrət qazanması düşündürücü bir mövzu olmuşdur. Bu mənada Aleksandr Nikolayeviç Radişşevin “Peterburqdan Moskvaya səyahət” əsərindəki belə bir məqamı xatırlamaq yerinə düşər: “Lomonosov İovu və ya Zəbur oxuyanı daktil vəzni ilə nəzmə çəksəydi, yaxud Sumarokov “Semira” və ya “Dmitri” əsərlərini xorey vəzni ilə yazmış olsaydı, Xeraskov da, yamblardan fərqli olan başqa cür şeirlər yazar və özünün səkkiz il zəhmət çəkib yaratdığı əsərində Kazanın alınmasını mənzum dastan şəklində təsvir etmiş olsaydı daha artıq şöhrət qazanardı”.

Məncə, müasir ədəbiyyatda, xüsusilə, ədəbiyyata yeni gələnlər klassik ədəbiyyatı dərindən oxuyub mənimsəməli, dünya ədəbiyyatının nadir incilərini dönə-dönə mütaliə etməlidirlər. Belə bir yol onların ədəbi-bədii düşüncəsini formalaşdıra bilər, təfəkkür və təxəyyül qabiliyyətlərinə stimul verə bilər. Qeyd edək ki, Sovet dövründə M.Qorki adına Ədəbiyyat İnstitutu şair və yazıçıların formalaşmasında müstəsna xidməti olan bir təşkilat olmuşdur. Burada şair və yazıçılar həm təcrübə toplamış, həm bilik əldə etmiş, həm də geniş dünyagörüşə yiyələnmişlər. M.Qorki adına Ədəbiyyat İnstitutunda kurs keçən şair və yazıçıların böyük əksəriyyəti keçmiş Sovetlər İttifaqının müxtəlif ərazilərində sayılan və seçilən ədiblərə çevrilmişlər. Vaxtilə mövcud olan bu ənənə indi, təbii ki, yoxdur. Yaxşı olardı ki, AMEA-nın müvafiq institutlarında (Ədəbiyyat İnstitutunda, Dilçilik İnstitutunda) bu istiqamətdə zamanın tələblərinə cavab verən layihələr hazırlansın və mütəxəssislər ora cəlb olunsun, kurslar təşkil olunsun. Belə olarsa, yazıçı və şairlər həmin kursların dinləyiciləri kimi çox böyük təcrübə əldə edə bilərlər. Nəticədə müasir ədəbiyyatımız qazanır, peşəkar şair və yazıçılarımız ədəbi mühitin nüfuz sahiblərinə çevrilə bilərlər.

Müasir ədəbiyyatda şeir yazmaq xəstəliyinə tutulanların sayı gün-gündən artır. Yazılan şeirlərin böyük əksəriyyətinin məna və məzmunu ah-fəğan motivlərindən qaynaqlanır. Bu qəbildən olan şeirlərin məzmunu ağıdan ibarətdir. Belə ağılar isə oxucunu yaxşı mənada kökləyə bilmir, onun əhval-ruhiyyəsini qaldıra bilmir, pessimizmin imkanlarına geniş meydan verir. Ağı söyləməklə oxucunu ruhlandırmaq olmaz. Oxucunu mübariz etmək üçün şeirlərin məzmunu dəyişməli, ümid, inam dolu hissləri artırmağa xidmət etməlidir. Düzdür, bu qəbildən olan şeirlərin də öz oxucuları vardır. Ancaq həmin oxucular üçün belə şeirlərin məzmunu nə qədər şirin olsa da, yenə də ağı ədəbiyyatı kimi yeni heç nəyi demir, təsvirçilik yolu ilə getməklə əslində ədəbiyyatı korlayır. Belələri öz şeirlərində zarıyır, hərdən bir əsib-çoşur, kükrəyir, ancaq ədəbiyyat bununla nəfəs almır. Beləliklə, onlar ədəbiyyatın inkişafında bir buxova çevrilir. Məncə, müasir ədəbiyyatda bu buxovu dağıtmağa ehtiyac vardır.

 

 

Buludxan XƏLİLOV,

filologiya elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2010.- 6 yanvar.- S. 7.