Lerik: zəngin tarixi var, gözəl növrağı...

 

Zirvələrdə qərar tutan Lerik öz gözəlliyi ilə hər kəsi heyran edir. Hətta, bir qayda olaraq, sərt keçən qışın vurduğu “naxış”lar da bu gözəlliyi poza bilmir. Mən dumana bürünmüş dolama yollarla “dağlar gözəli”nin görüşünə gedə-gedə fikirləşdim ki, səyyahlar, şairlər Leriki vəsf edərkən təşbeh və bənzətmələrsiz ötüşə bilməyiblər. Kimi buranı açıq təbiət muzeyi, kimi arxeoloji cənnət, kimi də nadir yaşıl aptek adlandırıb. Bütün bənzətmələr bu diyara yaraşandır.

 

Bu ilin avqustunda ucqar bölgədə Lerik inzibati rayonunun yaradılmasının 80 ili tamam olacaq. Amma möcüzəli dağların qoynunda insanlarin ilk dəfə məskən salmalarından min illər ötür.

Bu yaxınlarda Buzeyir kəndində bizim eradan əvvəl 1-ci minilliyin ilk yarısına aid edilən daş sərdabə aşkar olunub. Arxeoloqların dediyinə görə, Qurutəpə adlanan ərazidə tapılan həmin sərdabə tunc və erkən dəmir dövrünə aiddir. Qutu sərdabədə çeşidli tunc və minerallardan hazırlanmış bəzək əşyaları,naxışlı saxsı qablar,məişət əşyaları aşkarlanıb. Tapıntılar Bakıda tədqiq edildikdən sonra Lerik tarix-diyarşünaslıq muzeyinə təhvil veriləcək.

Lerikdə çoxsaylı tarixi abidələr var. Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi 14-cü əsrin yadigarıdır. Cəngəmiran kəndunə gedən yolun üstündəki Cabir məqbərəsi bir az da qədimdir. Dağların qaşında daşdan yonulmuş qoç heykəlləri zəmanəmizə qədər salamat qalıb.Lerikin ucqar kəndlərində qədim ağaclar da tarixi abidələr kimi qorunur.

Məşhur fransız yazıçısı Aleksandr Düma vaxtilə Qafqaza səyahət edərkən Lerikin Cəngəmiran kəndini də ziyarət etmiş, Xəlifə Zəkəriyyə məqbərəsinə baxmış, kənd sakinləri ilə söhbət etmişdir. Düma əsərlərinin birində bu kənddə yaşayan qadınlardan birinin cəsarətini-balta ilə pələngi öldürməsi hadisəsini geniş təsvir etmişdir... Yol Günəşli kəndindən bir qədər yuxarı diklənəndən sonra dağ ucalığında rayon mərkəzi göz önündə canlanır. Lerik sanki özü boyda bir qədimi xalçadır. Adama elə gəlir ki, bu əzəmətli zirvələrdən əlini uzatsan, göyə çatar. Dağlar, meşələr, çay və şəlalələr, təmiz hava, bərəkətli torpaqlar təbiətin bizə bəxş elədiyi əvəzsiz sərvətlərdir. Əgər payızın sonunda və qışda heç yerdə qara rast gəlməsən, Lerikə gəlib görə bilərsən. Bu mövsümdə Talış dağlarına artıq iki dəfə qar yağıb. Dekabrın əvvəlində yağmış qarın “ayaq” izləri şəhəri əhatə edən dağların ətəklərində ağarır. Qarın qalınlığı şəhərdə 20, ucqar kəndlərdə 40-45 santimetr olub. Şair demişkən, yer göyə bir az da yaxınlaşıb.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov görülmüş işlərdən söhbət açaraq dedi ki, artıq tarixə dönmüş daha bir il uğurla başa çatıb. Nəzərdə tutulan işlərin böyük əksəriyyəti həyata keçirilib.Rayonun sosial-iqtisadi inkişafı naminə atılan addımlar leriklilərin həyat şəraitinin daha da yaxşılaşmasını təmin edib.Dövlətimizin qayğısı sayəsində Lerik beləcə ilbəil gözəlləşir.Amalımız bu yürüşü 2010-cu ildə də eyni vüsətlə davam etdirməkdir.

Rövşən müəllimdən ayrılandan sonra ondan eşitdiklərimi bir daha gözlərimlə görüb fərəhləndim. İndi rayon mərkəzini yaxşı mənada tanımaq olmur. Cəmi iki ay öncə baş meydandan çəkdiyim fotoşəkillər də, necə deyərlər, artıq köhnəlib. Çünki onda yeni binaların üstündəki ünvan bildirən iri ad göstəriciləri yox idi. Bu gün Lerikin mərkəzi meydanına baxanda qəsəbəyə cəmi bir il əvvəl şəhər adı verilməsinə inana bilmirsən. Zövqlə tikilmiş yaraşıqlı binalar, güllü-çiçəkli xiyabanlar, “fəvvarə”ağaclar, səliqə ilə düzülmüş səki daşları, qəşəng işıq dirəkləri göz oxşayır.

Son illərdə sosial-məişət qayğıları xeyli azalmış leriklilərin də üzü gülür. Aralarında gözəlliklərdən ilham alıb qələmə sarılan, doğma yurdu ürəkdən vəsf edənlər də var. Onlardan biri-Livədirqə kəndinin sakini, şair Mais Təmkin icra hakimiyyətinin başçısı Rövşən Bağırovun yaxından köməyi ilə çap etdirdiyi yeni kitabını mənə bağışladı. Kitaba tanınmış şair İlyas Tapdıq ön söz yazıb, dağlar oğlunun təbini lazımınca dəyərləndirib. Əl havasına açdığım səhifədəki şeirdən bir bəndi həvəslə oxudum:

 

Baharda seyr etdim az çiçəkləri,

Küləklər uçurdu tez çiçəkləri,

Göylərə sovrulan yaz çiçəkləri

Qışda qara dönüb başıma yağdı...

 

Sanki ətrafdakı dağların ətəklərində ağaran qarı təsvir eləyib Mais Təmkin. Başqa bir şeirində isə o, Lerikin qış gözəlliklərini qələmə alıb:

 

Qışın da bahardır, ətirli yazdır,

Axşamın lacivərd, sübhün bəyazdır,

Vəsfinə nə qədər söz desəm, azdır,

Ruhumun səcdəsi, Lerik, səndədir...

 

Bu yerdə yadıma Mikayıl Müşfiqin “Mənim dostum” poeması düşdü. Həmin poemanın qəhrəmanı bir müddət Lerikdə, Zuvand dağlarının qoynunda yaşamış və bu yerlərin gözəlliklərindən vəcdə gəlmişdi. Bəzi bəndləri xatırladım:

 

Zuvand meşələri olduqca qalın,

Bakıya getməsin sənin xəyalın.

Göylərdə lacivərd, əlvan buludlar,

Yerlərdə meşələr, boylu palıdlar.

 

Hər tərəf yaşıllıq, hər tərəf orman,

Dağların başında seyrək bir duman.

Ardında süzülür günün baxışı,

Dərədə bir çayın məxmər axışı...

 

Mən nakam şairimiz Mikayıl Müşfiqin nə vaxtsa Lerikdə olub-olmadığını dəqiq bilmirəm. Amma bu gözəllikləri görüb valeh olmadan belə heyrətamiz təsvirləri verməyin mümkünlüyünə də inanmıram.

Yeri gəlmişkən, 1969-cu ildən Zuvand 15 min hektar ərazini əhatə edən dövlət yasaqlığı kimi mühafizə edilir. Burada dağ, quru bozqır şəraitdə qaya keçisi, kaftar, çöl donuzu, dovşan, canavar, tülkü, qırqovul, kəklik və sair quşlar qorunur. Bir neçə ay bundan əvvəl isə respublika Nazirlər Kabineti zəngin flora və faunası ilə tanınan Lerikdə daha bir qoruğun-Rvarud Dövlət Təbiət Yasaqlığının yaradılması barədə qərar verib.Bu qərar ölkə ərazisində xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişafına xidmət edir.Yasaqlıq Çayrud bələdiyyəsinin mülkiyyətində olan və Rvarud, Anzolu, eləcə də Veri kəndlərinin ərazilərində 1333 hektar sahəni əhatə edəcək. Respublikamızda “Ekologiya ili” elan edilmiş 2010-cu ildə bu yasaqlığın təşkili həqiqətən də əhəmiyyətli bir iş olacaq.

Bəs, ötən il Lerik camaatı üçün nə ilə yadda qalıb? İcra hakimiyyəti başçısının dediklərini xatırlayıram: il ərzində rayonda 450-dək yeni iş yeri yaradılıb. Bu, 450 ailəyə aybaay məvacib gəlməsi və uşaqlı-böyüklü minlərlə adamın etibarlı sosial müdafiəsi deməkdir. 1024 nəfər vətəndaşa isə ünvanlı dövlət sosial yardımı təyin edilib. Ümumilikdə rayon üzrə 1616 ailənin 9416 üzvünə orta hesabla 169,3 min manat ünvanlı yardım ödənişi aparılıb. Bu da hər ailəyə 105 manat təşkil edir. Başqa sözlə desək, yoxsulluq səviyyəsinin xeyli aşağı düşməsi təmin edilib.

Keçən il Lerikin Çayrud kəndində tikilmiş 200 yerlik, Novil kəndində inşa edilmiş 120 yerlik yeni məktəb binaları dərs ilinin əvvəlindən şagirdləri qoynuna alıb. Rayon mədəniyyət evi əsaslı təmir olunub. İnişil də, ötən il də Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binası tikilib. Rayon mərkəzinə xüsusi yaraşıq verən tarix-diyarşünaslıq muzeyinin qarşısındakı fəvvarə kompleksi, N.Nərimanovun abidəsinin ucaldıldığı bağ isə sakinlərin sevimli istirahət yerlərinə çevrilib. Heydər Əliyev Mərkəzinin, icra hakimiyyəti aparatı üçün ucaldılmış üçmərtəbəli binanın təvəllüdü də 2009-cu ilə düşüb. Nərimanov, Qarayev və Cabbarlı küçələrində iş adamları tərəfindən müasir üslubda iaşə obyektləri, mağazalar tikilib. Ulu öndərin adını daşıyan meydanın yaxınlığında Azərbaycan Respublikasının Dövlət Bayrağı meydanı inşa edilib. Şəhərin işıqlandırma sistemi təzələnib. Kəndlərdə daxili imkanlar hesabına feldşer-mama məntəqələri tikilərək istifadəyə verilib.

Lerikin abadlaşdırılmasına köməyini əsirgəməyən Dövlət Neft Şirkətinin vəsaiti hesabına ötən il rayon mərkəzi xəstəxanasının əsaslı təmiri uğurla başa çatdırılıb. Baytarlıq idarəsinin, Uzunömürlülər muzeyinin yeni binaları tikilib. Şəhərin əksər küçələrinə asfalt döşənib. İstinad divarları milli naxışlarla yenidən hörülüb.Yaşıllaşdırma işləri də Lerikin gözəlliyinə yeni rəng qatıb. Abadlıq və quruculuq tədbirləri ilboyu davam edib. Dövlət Neft Şirkətinin əvəzsiz köməkliyi bütün bu işlərdə özünü göstərib.

 

* * *

 

Bir neçə kəlmə də Lerikin qış qayğıları barədə. Rayonda mövsümə hazırlıqla bağlı lazımi tədbirlər görülüb. Buna baxmayaraq, dekabrın 13-də və mənim Lerikə səfərimdən bir neçə gün sonra, yəni yanvarın ilk günlərində qasırğa ilə müşayiət olunan güclü küləklər Lerik və Yardımlı rayonlarının elektrik təsərrüfatına ciddi ziyan vurub.Küləyin sürəti saniyədə 45 metrə çatıb. Yüksək gərginlikli elektrik xətlərində baş verən qəza üzündən qonşu rayonların da bəzi yaşayış məntəqələri bir sutka işıqsız qalıb.Yüzlərlə elektrik dirəyi aşıb, on kilometrlərlə naqil sıradan çıxıb. Telefon rabitəsində də müvqqəti problemlər yaranıb. Lerikin Bırkandul meşə massivində beş hektaradək sahədə yanğın baş verib. Yanğınsöndürənlər və yerli sakinlər yanğının qarşısını almağa nail olublar. Fövqəladə Hallar nazirliyinin qüvvələri, digər təşkilatlar bütün tədbirləri görüblər ki, təbii fəlakətin nəticələri tezliklə aradan qaldırılsın. Rayonda həyat normal məcraya düşür. Beləliklə, dövlət orqanlarının operativ köməkliyi, adamların fədakarlığı sayəsində ucqar bölgə daha bir qış sınağından layiqincə çıxır.

Amma leriklilər hər zaman irəliyə baxmağı sevirlər. İnanırıq ki, bu amil yeni ildə daha böyük uğurlara yetmək üçün onlara qol-qanad verəcək.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2010.- 6 yanvar.- S. 6.