2009-cu il Azərbaycan tarixinə böyük siyasi uğurlarla yazıldı

 

Mənim dostum, bütün türk xalqlarının ən görkəmli simalarından olan Heydər Əliyev heç zaman zamanın arxasınca düşüb getməmişdir. O, zamanı qabaqlamağı bacaran siyasətçidir. İnanıram ki, onun qurub-yaratdığı dövlət və onun siyasətini davam etdirən dövlət xadimləri heç zaman zamanın arxasına düşüb getməyəcəklər.

 

Süleyman DƏMİRƏL,

Türkiyənin dövlət və siyasi xadimi

 

Dünyanın görkəmli politoloqları siyasəti memarlıqla müqayisə ediblər. Çox maraqlı müqayisədir. Bu müqayisənin ardınca gələn açıqlama isə daha maraqlıdır: “Ən möhkəm və ən mükəmməl memarlıq nümunələri belə zəif təməl üzərində qurulubsa, mütləq həmin əsəri fəsadlar gözləyir”. Yəni siyasət kimi memarlığın da əsası mükəmməl şəkildə düşünülmüş təməldir. Azərbaycan tarixinin 1993-cü ildən sonrakı səhifələri indicə qeyd etdiyimiz tezisin müəlliflərinin nə qədər haqlı olduğunu göstərir.

 

Ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan dövləti bu gün ona görə ictimai, siyasi, sosial həyatda bir-birini əvəz edən çoxsaylı uğurlar qazanır ki, bu dövlətin siyasi təməli mükəmməldir. 1993-cü ildən bəri sıralanan uğurların ən geniş siyahısının 2009-cu ilin bəxtinə düşməsi də təbiidir. Çünki həm ulu öndərimizin özünün proqnozlarında göstərilirdi ki, yeni əsrin ilk onilliyinin sonlarında Azərbaycan dövləti hərtərəfli inkişafın yüksək səviyyəsinə nail olacaqdır, həm də dövlət başçımızın siyasi iradəsi belə bir inkişafa zəmin yaradır.

Ötən il Azərbaycan tarixində kifayət qədər ictimai-siyasi və sosial-iqtisadi hadisələr baş verdi. Bu hadisələr silsiləsi hələ yanvarın son günlərindən start götürmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də İsveçrənin Sürix şəhərində Ermənistan Prezidenti Serj Sarkisyanla görüşmüş, rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpasından başqa heç bir variantla həllinə razı olmayacağını işğalçı dövlətin başçısına bir daha başa salmışdı. Sürixdən Davosa gələn Prezident İlham Əliyev 2009-cu ildə Avrasiya ölkələrinin hamısını, ümumilikdə bütün dünyanı maraqlandıracaq məsələlər barədə iqtisadi forumda iştirak etmişdir. Davos iqtisadi forumu çərçivəsində keçirilən “Enerji Outlook-2009” və ”Neft-qaz siyasəti-xəritə dəyişikliyi” adlı iclaslarda Azərbaycan Prezidenti çox böyük hörmət və ehtiramla qarşılanırdı. Çünki hər iki məsələ bilavasitə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı idi. Bu məsələdə isə Azərbaycana bəslənən ümidlər getdikcə böyüyür və Azərbaycan da həmin ümidləri doğruldur. Prezident İlham Əliyevin İsveçrəyə Macarıstandan — Budapeştdə keçirilən “Nabukko” layihəsinə dair sammitdə iştirak etdikdən sonra getməsi də Davosdakı görüşlərin hamısında əsas mövzulardan biri kimi tez-tez yada düşürdü. Ümumiyyətlə, 2009-cu il boyu dünya miqyasında keçirilən əksər tədbirlərdə Azərbaycan söz sahibi kimi çıxış etmiş, beynəlxalq təşkilatların və aparıcı dövlətlərin ölkəmizə olan marağı aydan-aya artmışdır.

Ekspertlər yazırlar ki, Prezident İlham Əliyevin 2009-cu ildə göstərdiyi siyasi iradə bir çox dövlət başçıları üçün nümunə olacaq bir səviyyədədir. Məsələn, Azərbaycan xarici siyasətdə bütün dünya ölkələri ilə, əsasən də qonşuları ilə münasibətlərdə prinsipial və müstəqil siyasət yürütməyin nümunəsini yaratmışdır. 2009-cu ilin elə bir ayı olmayıb ki Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Gürcüstan, hətta, işğalçı Ermənistanın rəsmi şəxsləri ilə Azərbaycan rəsmilərinin görüşü olmasın. Hətta, bir müddət əvvəl rəsmi Aşqabadın ifratçılığı nəticəsində soyumuş Aşqabad-Bakı münasibətləri son üç ildəki yaxşılaşma prosesinin məntiqi nəticəsinə 2009-cu ildə çatmışdır. Türkmənistan Prezidenti Qurbanqulu Berdimühəmmədovun Bakıya səfəri Aşqabad və Bakıda şadyanalıqla qarşılansa da, bu əməkdaşlığı gözü götürməyən qüvvələr tərəfindən böyük narahatlıqla qəbul edilmişdi.

Yaxud, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə Xəzəryanı ölkə rəhbərlərinin (İran istisna olmaqla) Astanada keçirilən görüşü və Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan Sammiti bədxahlarımız tərəfindən qısqanclıqla qarşılanmaya bilməzdi. Sammitin Naxçıvanda keçirilməsinin əhəmiyyəti Azərbaycanla bərabər bütün türkdilli ölkələrdə yüksək qiymətləndirilirdi. Eyni zamanda beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan Ermənistan—Türkiyə sərhədlərinin açılması məsələsi müzakirə edilərkən dünya siyasətçiləri bir həqiqətin şahidi oldular: “Azərbaycan istənilən dövlətlə və dövlətlərlə münasibətlər zamanı öz xalqının mənafelərini hər şeydən üstün tutmağı, müstəqil siyasət yeritməyi bacaran ölkədir”.

2009-cu il Azərbaycanın xarici siyasətində çoxsaylı uğurlarla yadda qaldı. Ancaq daxili siyasətdə də mühüm nailiyyətlər və irəliləyişlər əldə edilmişdir. Xüsusən, cəmiyyətin daha da demokratikləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən maraqla qarşılanır. Ölkə vətəndaşlarının seçmək və seçilmək hüququnun daha yüksək səviyyədə təmin edilməsi üçün Konstitusiyaya edilən bəzi dəyişiklik və əlavələr (17 mart referendumu) və yerli özünüidarəetmə orqanlarının yenidən formalaşdırılması (23 dekabr bələdiyyə seçkiləri) beynəlxalq müşahidəçilər tərəfindən böyük diqqət və maraqla qarşılanmışdır.

Azərbaycanda baş verən ictimai-siyasi proseslərlə maraqlanan əcnəbi siyasətçilər və beynəlxalq təşkilatlar söz, fikir və mətbuat azadlığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri də yüksək qiymətləndirirlər. 2009-cu ilin aprel ayında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılanda Avropa ekspertləri bu addımı yüksək qiymətləndirmişdilər. Həmin fond kütləvi informasiya vasitələrinin onlarla layihəsini dəstəkləyəndə isə bu quruma olan beynəlxalq inam daha da artmışdı. İlin sonunda – dekabrın 25-də isə KİVDF özünün növbəti böyük layihəsi ilə beynəlxalq ekspertlərin daha bir alqışını qazanmış oldu. Belə ki, fərdi müəllif yazıları üçün hələ noyabrın əvvəlində elan edilmiş müsabiqəyə yekun vuruldu və yazılı KİV-i təmsil edən 33 nəfər həmkarımız müsabiqənin qalibi kimi diplom və pul mükafatına layiq görüldü. Ekspertlərin fikrincə, MDB ölkələrinin heç birində analoqu qeydə alınmayan bu layihənin üstün cəhətlərindən biri də o idi ki, burada jurnalistlərin çalışdığı mətbuat vasitəsinin siyasi mənsubiyyəti qətiyyən nəzərə alınmamışdı. “Xalq qəzeti” və “Yeni Azərbaycan” qəzeti ilə yanaşı, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin əməkdaşları da qaliblər sırasında idi. Bu isə ölkədəki fikir, söz, mətbuat azadlığının səviyyəsindən xəbər verirdi.

Bir sözlə, Azərbaycan dövləti 2009-cu ildə cəmiyyət həyatının bütün sahələrinə aid olan məsələlərdə çoxsaylı siyasi uğurlara imza atdı. Ən başlıca uğurumuz isə ondan ibarət oldu ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması zamanı rəsmi Bakının indiyədək elan edilmiş güzəştlərdən əlavə heç bir güzəştə getməyəcəyini hamıya başa saldı. Bəli, təmsil etdiyi ölkənin və beynəlxalq təşkilatın böyük-kiçikliyindən asılı olmayaraq hamı başa düşdü ki, Azərbaycan bu məsələdə heç bir güzəştə getməyəcək. Bu isə bizim ən böyük siyasi uğurlarımızdan biridir. Deməli, Azərbaycan dövləti və Prezidentimiz zamanın arxasınca düşüb getməyən, əksinə, zamanı qabaqlayan siyasət yeritməyi bacarır. Bu isə Heydər Əliyev siyasi məktəbinin bizə öyrətdiklərinin nəticəsidir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 6 yanvar.- S. 1.