Dağıstanda onu doğma bir insan kimi sevirdilər
Böyük alim və
nüfuzlu dövlət xadimi Əziz Əliyev
Dağıstanın yüksəlişi yolunda fədakarlıqla
çalışmışdır
Əziz Əliyev
bizim üçün müəmma idi. Çoxlu suallar doğurdu: Əziz
Əliyev kimdir, haralıdır? Ancaq o, cəmi yarım il işləmişdi ki, hər şey məlum
oldu. Sualları heyrət əvəz etdi.Bu
insanın sirri nədədir, istedadı, hünəri nədədir?
Bu insan ömrünün 45 ilində öz Vətənində
təcrübə, cəsarət, müdriklik əldə
etmiş və bütün bunları ürək genişliyi
ilə, sədaqətlə digər xalqa, Dağıstana
vermişdir.
Rəsul HƏMZƏTOV,
Dağıstanın xalq şairi
Əziz Əliyev
dağıstanlılar üçün istedadlı rəhbər,
səmimi və xeyirxah yoldaş, beynəlmiləlçi,
respublikamızın rifahı naminə çoxlu qüvvə
və enerji sərf etmiş yüksək mənəvi keyfiyyətlərə
malik insan olmuşdur və onların qəlbində bu cür də
yaşayacaqdır.
Məhəmmədəli MƏHƏMMƏDOV,
Dağıstanın dövlət xadimi
Böyük Vətən müharibəsinin
ilk illərində Dağıstanın müdafiəsi ilə
bağlı ağır problemlər Moskvanı ciddi narahat
edirdi. Stalin həyəcan
içində hey düşünürdü. Almanlar
Şimali Qafqazı darmadağın və zəbt etmiş,
Dağıstanın girəcəyinə
yaxınlaşmışdılar. 1942-ci ildə
alman qoşunları Qafqaz torpağında, Mineralnıye
Vodıda azğınlıq edirdilər. Reyxin
alpinistləri Elbrus dağının zirvəsinə üzərində
faşist nişanı olan bayraq sancmışdılar. Bütün dünya Orconikidze
yaxınlığında baş vermiş tank
döyüşünün şahidi olmuşdu.
Qroznı bombalanır,
Xasavyurd od tutub yanırdı,
Mahaçqalanın müdafiə xətlərinə alman təyyarələri
amansız hücumlar edirdi. Həmin təyyarələrin
üzərində bu sözlər yazılmışdı:
“Fürerin məğlubedilməz qoşunu tezliklə
Mahaçqalada olacaq. Alman qoşunları sizə çörək
və iş verəcəklər.” Vahiməyə
düşənlər, fərarilər və quldurlar var idi.
Belə bir vaxtda Dağıstanın ən yaxşı
qüvvələrini, vətənpərvərlərini, ləyaqətli
adamlarını, müdrik yaşlılarını, yurdsevər
gənclərini öz ətrafında birləşdirib vahid
yumruğa çevirə biləcək, otuzdan artıq
xalqın və etnik qrupun yaşadığı respublikaya rəhbərlik
etmək üçün təcrübəli, canıyanan bir
insan lazım idi.
Dağıstan
bomboş idi.
Evlərini tərk etmiş kişilər,
qadınlar, yaşlılar, qocalar, cavanlar canlarını
faşist işgəncələrindən qurtarmaq
üçün dağlara pənah aparmışdılar.
Dağıstan sükut içində idi. Məmurların Dağıstanı xilas etmək
gücü tükənmişdi. Bir yandan
da aclıq və xəstəlik insanlara ağır zərbələr
vurmaqda idi. Əslində, Dağıstan
alman faşizmi üçün elə bir güclü hədəf
deyildi. Məqsəd Bakı idi. Dünyanı heyrətə gətirən neft
Bakısı və Bakı nefti.
Üzərində
xəritə təsvir olunan tortun Bakı hissəsini kəsib
asanlıqla həzm edən Hitler düşünmürdü
ki, Azərbaycanın paytaxtını zəbt etmək ona nəsib
olmayacaq, bu şirin arzusu “boğazında qalacaq”.
Stalin həyəcan
içində idi. Nə etməli? Vəziyyətdən
necə çıxış yolu tapmalı? Yol verdiyi ciddi nöqsanlara görə Dağıstan
rəhbərliyindən uzaqlaşdırılan Nikolay Linkundan
sonra kimə etibar etməli? Bu sualların
cavabını axtararkən Moskvada Əziz Əliyevin namizədliyi
üzərində dayanmışdılar. Yalnız
ona inanmaq olardı. Lakin Əziz Əliyev
heç zaman Dağıstanda yaşamayıb, respublikanın
ab-havasına bələd deyil. Yox, yalnız o, Əziz Məmmədkərim
oğlu Əliyev...
Stalin haqlı
qərar vermişdi. Bu seçimdə və təyinatda əsla
yanılmamışdı. Əslində, Dağıstan
Vilayət Partiya Komitəsinin birinci katibi təyin olunmaqla,
“olum və ya ölüm” səddi ilə üz-üzə
dayanan Əziz Əliyevinsə üzərinə müsəlman,
türk, azərbaycanlı övladı olaraq iki məsuliyyət
düşürdü: Dağıstanı, eləcə də
Bakını qorumaq, Azərbaycan xalqının adını,
şərəf və ləyaqətini bir daha ucaltmaq.
Faşistlərin
niyyətinə görə, nə olursa-olsun, Bakı və
Bakı nefti xətər yetirilmədən ələ
keçirilməli idi. Stalinin də sərtliyi bəlli idi.
Belə çıxırdı ki, Bakı ələ keçsə
onu da Stalinqradın aqibəti, Azərbaycanı isə əsl
faciə gözləyir... Əlbəttə, Əziz Əliyev
olmasaydı...
Əziz Məmmədkərim
oğlu Əliyevin qarşısında çox ağır,
çətin, məsuliyyətli, qayğı, zəhmət və
həyəcan dolu yol uzanırdı. Bu yola isə onun
üzündəki nur, ziya işıq saçırdı.
Müxtəlif xarakteri, fərqli adət-ənənələri
olan xalq və etnik qrupları, o cümlədən avarları,
ləzgiləri, darginləri, qumuqları, lakları, azərbaycanlıları,
noqayları, rutulları, tabasaranları, tatarları bir ailədə
birləşdirib Dağıstanın müdafiəsinə səfərbər
etmək ən vacib məsələ idi. Birinci
katib həm də müsəlman övladı kimi yaxşı
bilirdi ki, dağlı xalqların Allahdan sonra səcdə
etdiyi ikinci varlıq varsa, o da ağsaqqallar, müdrik
qocalardır. Onların sözü xalq
üçün yazılmamış bir qanun idi.
Hər bir ləyaqətli adam yaxşı anlayır ki, xalq ölkənin
ürəyidir. Dağıstan xalqları
üçün milli şərəf ən yüksək mənəvi
dəyər idi. Əziz Əliyev konstruktiv addım ataraq
ilk öncə qocaları, hörmətli kişiləri, din
xadimlərini toplayıb onlarla məsləhətləşdi,
onların köməyinə və tövsiyələrinə
arxalanmaqla əhalini yaşayış yerlərinə qaytara
bildi. Camaat tədricən kəndlərə, evlərinə
qayıtdı. Respublikanın ərazisində
hərbi hissələr yaradıldı. 15
min nəfərdən çox könüllü ordu
sıralarına yazıldı. Dağıstanın
840 min nəfər əhalisindən könüllülər də
daxil olmaqla, 130 min nəfəri cəbhəyə yollandı.
Dağıstanda
özünümüdafiə dəstələri təşkil
edildi. Dağ cığırları müəyyənləşdirildi.
Respublikada yerləşən hərbi qoşun hissələrinə
yerli bələdçilər təhkim olundu. Düşmən paraşütçüləri,
casusları və təxribatçılarını aşkara
çıxarıb zərərsizləşdirmək
üçün qırıcı dəstələri
yaradıldı. Mübarizəyə mərdliyi
və cəsarətinə görə kişilərdən
heç də geri qalmayan qızlar və qadınlar da qoşuldu.
Bir çox qadın əsgər şineli geyinərək
dağlarda mühüm strateji obyektləri qoruyub, rabitə sahələrində
növbə çəkdilər.
1942-ci ildə
Dağıstanda 91-ci atıcı diviziyası yaradıldı
və sonralar ona “Melitopol” adı verildi. Diviziyanın
keçdiyi bütün döyüş yolu ilə Əziz Əliyev
yaxından maraqlandı. Əsgərlər məktubların
birində Əliyevə yazırdılar: “Biz Dağıstan zəhmətkeşlərinin
gündəlik qayğısını hiss edirik. Bu qayğı düşmənlə vuruşmaq
üçün bizə yeni qüvvə verir. Dağıstan zəhmətkeşlərinin
diviziyamızla yaxın əlaqəsi bizi qüvvətli və
yenilməz etmişdir.”
Əziz Əliyevin
təşəbbüsü ilə Dağıstanda vətəndaş
müharibəsi qəhrəmanı Qara Qarayevin
komandanlığı altında milli süvari eskadronu da
yaradıldı. Eskadron cəbhəyə yola salınan
zaman birinci katib əsgərlərə “Əlahiddə
Dağıstan könüllü süvari eskadronu” sözləri
yazılmış qırmızı bayraq təqdim etdi. Dağıstanlı döyüşçülər
dağlı xalqlarının etimadını doğruldaraq
verilən tapşırığı şərəflə
yerinə yetirəcəklərinə, al bayrağı məğlub
olmuş Berlinin üzərinə sancacaqlarına söz verdilər
və bu andlarına sadiq qaldılar. Öz
döyüş yolunu cənubi Mozdokun İşşer
stansiyasından başlayan eskadron onu Berlində başa vurdu.
416-cı Taqanroq diviziyasının tərkibində
zərbə bölməsi kimi fəaliyyət göstərən
Dağıstan süvariləri ən mühüm
döyüş tapşırıqlarını yerinə
yetirirdilər. Diviziya komandiri vilayət partiya komitəsinin
birinci katibi Əziz Əliyevin adına göndərdiyi məktubda
yazırdı: “Dağıstanlı əsgərlər bizim
sıralarımızda mətanətlə, mərdliklə
döyüşərək vətənimizin düşmənlərinə
güclü zərbə vurmuşlar. Diviziyanın
bütün şərəfli döyüş yolunda
dağıstanlı süvarilər gözlənilməz zərbələri
ilə, düşmən arxasında sürətli reydləri
ilə fərqlənmişlər.”
Əziz Əliyevin
rəhbərliyi ilə Dağıstanda təşkil
olunmuş azərbaycanlılardan ibarət diviziya,
Dağıstan alayları və digər ordu birləşmələri
öz vətənpərvərlik və insanpərvərlik
borclarını şərəflə yerinə yetirdilər. Düşmənin
Dağıstan ərazisinə, oradan da Azərbaycan
torpağına girməsinə heç cür imkan
yaratmadılar. Onlar digər ordu hissələri
ilə birlikdə hücuma keçərək Şimali Qafqazın,
Dağıstan zəhmətkeşləri
düşməndən azad edilmiş respublikalara, diyar və
vilayətlərə 28 min baş qoyun, 1100 at, 1200 baş qaramal
göndərdilər. Müharibə illərində
Dağıstan cəbhəyə 150 vaqondan çox isti
pal-paltar və 140 vaqon hədiyyə yolladı. 1944-cü ildə Sevastopolun bərpası
üçün respublikada fond təşkil edildi. Dağıstanlılar sevastopollulara 12 vaqon tikinti
materialı və xeyli miqdarda pulla kömək etdilər.
Təkcə Stalinqrad traktor zavodunun bərpasında
250 nəfər dağıstanlı oğlan və qız
iştirak etdi.
Azərbaycanda səhiyyənin
böyük təşkilatçısı kimi zəngin təcrübə
qazanmış Əziz Əliyev Dağıstanda yeni
hospitalların yaradılmasına nail olmuşdu. Bütün hospitalların dəqiq, rəvan işinə
böyük diqqət yetirirdi. Onun
tövsiyəsi ilə hospitallarda həkimlər və tibb
bacıları ilə bərabər, məsul işçilər
də daim növbə çəkir, xəstəxanaları ərzaq
məhsulları, dava-dərman, yanacaqla fasiləsiz təchiz
edirdilər. Müharibə illərində
hospitallara 130 mindən çox yaralı gətirilmiş,
onlardan 100 min nəfərə qədəri
sağalmışdı.
Əziz Əliyev
hərbi qulluqçuların və cəbhədə
olanların ailələrinə daim diqqət göstərirdi. Onlara kömək
etmək üçün respublikada böyük işlər
görülmüşdü. Hərbçilərin
ailələrinin 5 min nəfərdən çox üzvü
işlə təmin olunmuşdu. 2 minədək
ailəyə fərdi bostan yeri verilmiş, 30 min ailəyə
maddi köməklik göstərilmişdi.
Dağıstanlılar
həmişə qədirbilənliklə qeyd edirlər ki, Əziz
Məmmədkərim oğlu Əliyev uzaqgörən, parlaq zəkaya
malik insan idi.
Qeyriləri üçün təhlükəli,
Dağıstan xalqı üçün isə müqəddəs
sayılan Şeyx Şamil hərəkatına düzgün
qiymət verərək ona müdrikcəsinə
yanaşırdı. Bu comərd
qafqazlıya müsbət münasibətini kimsədən gizlətmirdi.
Rəsul Məhəmmədov o vaxtlar Şamil hərəkatı
haqqında əsər yazmışdı. Bu
əsəri müəyyən qüvvələr pis
qarşılanmışdı. Əziz Əliyev
bu əsəri oxuyandan sonra onu müdafiə etdi, dəyərləndirdi.
Beləliklə, söz-söhbətlərə
son qoyuldu. O, Rəsul Məhəmmədovun cəbhədən
qaytarılmasına nail oldu və onu maarif naziri təyin etdi. Rəsul Məhəmmədov qayıtdı və həmin
illərdə Dağıstan üçün çox işlər
gördü. Əziz Əliyev Abdulla
Süleymanovu da cəbhədən geri çağırdı,
o, Dağıstan Yazıçılar İttifaqının sədri
oldu. Əziz Əliyev 22 yaşlı Abilovu
da nəzərdən qaçırmadı, onu Vilayət
Komsomol Komitəsinin birinci katibi təyin etdi. Yerlərdə milli kadrların yerləşdirilməsi
işini uğurla davam etdirdi.
Əziz Əliyev
bütün Dağıstan xalqlarının adət-ənənələrini,
milli dəyərlərini və xüsusiyyətlərini
yüksək qiymətləndirir, onları çox sevirdi. Dağıstanlılara
daim ehtiramla yanaşırdı. Dağlıların
milli dirçəlişinə sevinir, bu yolda köməyini əsirgəmirdi.
Bütün sahələrdə olduğu kimi,
respublikada milli kadrların yetişməsinə ən vacib və
ən əhəmiyyətli məsələlərdən biri
kimi baxırdı. Bu baxımdan
“Dağıstanın yerli xalqlarından kadrların
hazırlanması, yetişdirilməsi və irəli çəkilməsi”
barədə qərar müstəsna rol oynadı. Bu qərarın yerinə yetirilməsi sonralar
Dağıstanın gələcək taleyini məhz
dağlılara həvalə etdi. Heyrətamiz
dərəcədə incəqəlbli insan olan Əziz Əliyev
Dağıstan Muxtar Respublikasının 25 illiyi zamanında
bir qrup dağıstanlını — Əbilovu, Şamxalovu,
Kaçkayevi və başqalarını Ali Partiya Məktəbinə
oxumağa göndərdi. Bir qədər
sonra isə Əziz Əliyevin təşəbbüsü ilə
Mahaçqalada Vilayət Partiya Məktəbi
açıldı.
Dağıstanın
xalq şairi Rəsul Həmzətov qeyd edir ki, Əziz Əliyev
vətənimizin böyük vətəndaşı idi. O, insanlara qarşı
çox həssas və qayğıkeş bir adam
kimi böyük nüfuz qazanmışdı. Mən
öz ailəmizdən danışmıram. Hərçənd
atam oğlunu müharibədə itirən kimi Əliyev dərhal
bizə gəlib başsağlığı, anama təskinlik
və ürək-dirək verdi. Mənim, qardaşımın və bacımın
başını sığalladı. Demək
olar o, hər gün gəlirdi — gah büro üzvləri ilə
birlikdə, gah da təkcə özü. O, hər bir evə
baş çəkirdi.
Dağlılar
həmçinin qeyd edirlər ki, Əliyevin Dağıstan
üçün gördüyü bütün işləri
lazımınca qiymətləndirmək çətindir. O, özü ilə Azərbaycanın
və azərbaycanlıların ən yaxşı cəhətlərini
gətirmişdi. Həmin vaxtlar Azərbaycandan Səməd
Vurğun, Bülbül Dağıstanı ziyarət etdilər.
Dağıstanlılar Rəşid Behbudovu ilk dəfə
olaraq səhnədə gördülər, Niyazini
alqışladılar.
Əziz Əliyev
Mahaçqalanı mədəniyyət mərkəzinə
çevirdi. Qumuq teatrı, Avar teatrı buraya gəldi. O,
Dağıstan yazıçılarına, rəssamlarına
çox qayğı ilə yanaşırdı. Onun icazəsi ilə görkəmli rəssamların,
yazıçıların çörək
kartoçkalarındakı pay artırılırdı. Əliyevin dövründə Dargin teatrı
yaradıldı, Lak teatrı təzələndi. Dağıstan Dövlət Filarmoniyası işə
başladı. Məhz onun dövründə
Dövlət tədris – pedaqoji nəşriyyatının
bünövrəsi qoyuldu. Dağıstanın
ədəbiyyat və incəsənət xadimlərinə fəxri
adlar verilməsi haqqında qərar qəbul edildi. Tahir
Xürüklü Dağıstanın xalq şairi, Patimat
Daniyalova əməkdar artist, Qotfrid Həsənov, Əsgər
Sarıca və başqaları əməkdar incəsənət
xadimi fəxri adlarına layiq görüldülər. O,
“Dağıstanın görkəmli adamlarının həyatı”
silsiləsindən kitablar buraxılmasını təklif etdi.
Elmin müxtəlif
sahələrinə, xüsusən, Dağıstan tarixinə,
dillərinə, etnoqrafiyasına dair ciddi elmi tədqiqatlara
başlandı. Mahmudun, Yetim Eminin, Süleyman Stallının,
Abutalıbın və başqa yazıçıların əsərləri,
folklor topluları nəşr olundu. Həmin illərdə
çox gənc və istedadlı şair olan Rəsul Həmzətovun
ilk kitabı işıq üzü gördü. Əziz Əliyev onu Moskvaya, Qorki adına Ədəbiyyat
İnstitutuna oxumağa göndərdi. 1944-cü
ildə, müharibə dövründə birinci katib
Dağıstanın tanınmış şairi, Lenin ordeni ilə
təltif olunmuş Həmzət Sadasanın yubileyinin — ədəbi
fəaliyyətinin 50 illiyinin keçirilməsini təşkil
etdi. Beləliklə, Əliyev
dağıstanlıları daha da yüksəldib ucaldır və
Dağıstanın şan-şöhrətini
qaldırırdı.
Əziz Əliyevin
dərin təfəkkürü, rəhbərlik məharəti
Dağıstan xalqlarını bəlalardan qorudu. Dağlılar
Krım tatarlarının, Mesxeti türklərinin,
çeçenlərin, inquşların, kalmıkların
acı taleyini yaşamadılar. O, Dağıstan
xalqlarını Stalin repressiyalarından, deportasiyalarından
qurtardı. Onlara yeni, işıqlı həyat
bəxş etdi.
Cəmi 6 il
ərzində Əziz Məmmədkərim oğlu Əliyevin
Dağıstan Muxtar Respublikasında iqtisadiyyatın, mədəniyyətin,
elm və təhsilin inkişafına verdiyi böyük
töhfəni dağlı xalqları minnətdarlıqla
xatırlayırlar. O, Mahaçqalada Akademik Mərkəzin
yaradılmasına böyük səy göstərdi ki,
sonralar həmin mərkəzin əsasında SSRİ Elmlər
Akademiyasının Dağıstan filialı, indi isə Rusiya
Elmlər Akademiyasının Elmi Mərkəzi təşkil
edilmişdir. Onun bilavasitə iştirakı ilə
Dağıstanda Elmi-Tədqiqat Məktəblər
İnstitutu, Qadın Müəllimlər İnstitutu, Pedaqoji məktəb
açılmışdır.
Ciddi həyat və
zəngin bacarığı Əziz Əliyevi
Dağıstanın ləyaqətli rəhbəri etdi. Onunla işləyən
və görüşən bir çox dağlılar Əziz
Əliyevin ilk növbədə özünə qarşı hədsiz
tələbkarlığını, mühüm məsələlərin
həllində son dərəcə səriştəli
olmasını və hər cür problemin aradan
qaldırılmasında böyük məsuliyyət hiss etməsini
indi də yaxşı xatırlayırlar. O,
respublikanın spesifik şəraitini dərindən başa
düşürdü. Bu, təbii ki, Azərbaycan
və Dağıstan xalqlarının dostluğunun,
qardaşlığının daha da möhkəmlənməsində
böyük rol oynadı. Əziz Əliyevin
xidmətlərini yüksək qiymətləndirən
Dağıstan zəhmətkeşləri onu 1946-cı ildə
SSRİ Ali Sovetinə, 1947-ci ildə isə Dağıstan Ali
Sovetinə deputat seçdilər. Təltif
olunduğu çoxsaylı mükafatlar onun həyat səhifələrini
bəzədi.
1948-ci ildə
Dağıstandan əvvəlcə Moskvaya, sonra isə
Bakıya gələn Əziz Məmmədkərim oğlu
qardaş respublika ilə əlaqələrini kəsmir, onun həyatı
ilə əvvəlki kimi dərindən maraqlanır,
ömrünün sonunadək müntəzəm olaraq
“Daqestanskaya pravda” qəzetinə abunə yazılırdı. Bu
anlarda dağıstanlı professor Abutalıb Əbilovun xatirəsini
yada salmamaq mümkün deyil: “Mənim üçün
yaddaqalan və Əziz Məmmədkərimoviçi yüksək
mədəniyyətə, nəcibliyə və mənəviyyata
malik insan kimi səciyyələndirən hadisə haqqında
danışmaya bilmərəm. Mən 1960-cı
ildə Azərbaycan Dövlət Universitetində dissertasiya
müdafiə etməli idim. O vaxtkı qaydalara uyğun
olaraq, ”Bakı" axşam qəzetində
bu barədə kiçik bir elan dərc edilmişdi. Müdafiə günü salona elmi şuranın
bütün üzvlərindən əvvəl əlində
böyük bir gül dəstəsi ilə Əziz Məmmədkərimoviç
gəlmişdi. Şuranın üzvləri
məni əvvəlcədən müdafiə münasibətilə
təbrik etdilər. Çünki belə mötəbər,
son dərəcə hörmətli bir adam
şuranın iclasına hamıdan əvvəl gəlmişdi.
Müdafiə, həqiqətən, çox
gözəl keçdi və bu münasibətlə məni
birinci olaraq Əziz Məmmədkərimoviç təbrik
etdi."
Azərbaycan və
Dağıstan vətəndaşları hər iki xalqın
sevimlisi və xilaskarı olan Əziz Məmmədkərim
oğlu Əliyevi daim hörmətlə xatırlayır və
nəsillər dəyişdikcə də hər zaman ehtiramla
xatırlayacaqlar. Əziz Əliyevin Dağıstanda keçirilən 100
illik yubileyi mərasimində Rəsul Həmzətovun
çıxışındakı bu məqamlar çox ibrətlidir:
“Dünyaya Nizami, Füzuli, Mirzə Fətəli Axundov, Şəhriyar,
Səməd Vurğun, Rəsul Rza, Mehdi Hüseyn, Məmməd
Rahim kimi görkəmli xadimlər və qədir-qiyməti hələ
axıradək lazımınca dəyərləndirilməmiş,
əziz xatirəsi qarşısında borclu qaldığımız
Əziz Məmmədkərimoviç Əliyev kimi görkəmli
şəxsiyyət verdiyinə görə Azərbaycan
xalqına böyük minnətdarlığımızı
bildiririk.”
İnanırıq
ki, yaxın gələcəkdə xalqımızın şərəfli
övladının istər Azərbaycandakı, istərsə
də qardaş Dağıstandakı fəaliyyət və
xidmətləri daha dərindən araşdırılacaq,
lazımınca dəyərləndiriləcəkdir.
Reyhan MİRZƏZADƏ,
publisist-politoloq
Xalq qəzeti.- 2010.- 6 yanvar.- S. 3.