Zərdab: keçən ilin
uğurları yeni ilin möhkəm təməlidir
Kürqırağı bölgənin qışın
oğlan çağında da özgə büsatı var. Erkən
payızda səpilmiş taxıl bir boy cücərib və
qış yuxusuna gedib. Şumlanıb arata qoyulmuş əkinlər,
sanki, agır yükünü yerə qoymuş adam kimi dincini
alır. Qamışlıqlarda yarpaqları
tökülmüş bağ-bağçalarda quşların
səs-sədası kəsilmir.Yovşanlı-yulğunlu
qışlaq sahələrində sürülər,
naxırlar bolluq-bərəkət timsalı kimi
ötüb-keçənlərdə məmnunluq doğurur.
Beləcə, ötüb-keçdiyimiz obalarda qışın
soyuğuna qəribə bir hərarət qatan bu mənzərələri
seyr edə-edə Zərdab şəhərinə daxil oluruq.Təbiətin
min bir rəngi solub-itsə də, insan əli ilə
yaradılmış gözəlliklərin əlvan
çalarları daha artıq nəzərə
çarpır.Yola saldığımız il bu bölgəyə
yeni naxışlar əlavə etmiş, hər sahədə
yeniləşmə, yüksəliş, xoş izlər
qoymuşdur. Dost-tanışlarla yeni il təəssüratımızı
bölüşəndən sonra rayon rəhbərliyi ilə
görüşdük, ötən ilin başlıca
yekunları barədə məlumat topladıq.
İnkişafın dinamikası
Zərdab Rayon İcra
Hakimiyyətinin başçısı Lütvəli Babayev
yola saldığımız 2009-cu ilin başlıca
yekunlarından söz açaraq bildirdi:
— Son illərdə
respublikamızda gedən intensiv inkişaf prosesi rayonumuzdan da
yan keçməmişdir. 2009-cu ildə iqtisadiyyatın
bütün sahələrində müsbət irəliləyişlər
baş vermişdir. Makroiqtisadi göstəricilər rayonun həm
iqtisadi, həm də sosial sahələrinin daha dinamik və
sürətlə inkişaf etdiyini göstərir. Məhsul
istehsalının həcmi artmış, xidmət sahələrinin
fəaliyyəti genişləndirilmiş, əhalinin həyat
səviyyəsi xeyli yüksəlmişdir. İstehsal
olunmuş məhsul və xidmətlərin 69,1 faizi kənd təsərrüfatının,
18,3 faizi ticarətin, 9 faizi tikintinin, 1,8 faizi sənayenin, 1,3
faizi nəqliyyatın, 0,5 faizi poçt və rabitələrin
payına düşmüşdür. İqtisadiyyatın
bütün sahələrində məhsul
buraxılışı əvvəlki ilə nisbətən
artaraq 6,9 faiz təşkil etmişdir. Həyata keçirilən
tədbirlər nəticəsində 2009-cu ildə rayonda 250-dək
daimi iş yeri yaradılmışdır.
Rayonumuzda iqtisadiyyatın, o
cümlədən ticarət və xidmət sahələrinin
sürətli inkişafı, sahibkarlıq fəaliyyətinin
genişlənməsi üçün dövlətimizin
göstərdiyi diqqət və qayğıdan bəhrələnərək,
ardıcıl tədbirlər həyata keçirilmişdir.
Son illər ticarət və xidmət sektoru sürətlə
inkişaf etmişdir. Əhalinin gəlirlərinin
çoxalması ilə əlaqədar alıcılıq
qabiliyyəti artmış, rayonda çoxsaylı müasir
tipli ticarət və ictimai iaşə obyektləri tikilib
istifadəyə verilmişdir. Əvvəlki illə müqayisədə
5,7 faiz çox istehlak malları satılmışdır.
Adambaşına düşən bir günlük əmtəə
dövriyyəsi 2,73 manat olmuşdur.
Rayon iqtisadiyyatının
aparıcı sahəsi olan kənd təsərrüfatında
ötən il müsbət irəliləyişlər baş
vermiş, məhsul istehsalı üçün münbit
şərait yaradılmışdır. 2009-cu ildə sahələrin
uçotu aparılmış, əkin altında 33971 hektar
torpaq olduğu müəyyənləşdirilmişdir. Bu da
2008-ci ilə nisbətən 2482 hektar çoxdur. Keçən
il rayonda 189 hektar kartof, 243 hektar tərəvəz, 13 hektar
qarğıdalı əkilmişdi. 19163 hektar zəmidən
40486 ton buğda, 11896 ton arpa olmaqla, 52382 ton taxıl istehsal
edilmiş, hər hektardan 27,3 sentner məhsul
toplanmışdır. 2008-ci ilə nisbətən hər
hektardan məhsuldarlıq 0,2 sentner artmış, taxıl
istehsalı 12255 ton çox olmuşdur. Rayonda adambaşına
orta hesabla 774 kiloqram buğda düşmüşdür. Bu,
respublika üzrə ən yüksək göstəricidir.
Rekord göstəricilərdə dövlət büdcəsi
hesabına məhsul istehsalçılarına yanacaq və
motor yağlarına görə subsidiyaların verilməsinin
xüsusi rolu olmuşdur.
Keçən il rayonda 5,3 ton
barama istehsal olunmuşdur. 225 hektarda pambıq əkilmiş, məhsul
qonşu rayonlara təhvil verilmişdir. 13848 hektar
yoncalıqdan 103304 ton qaba yem, 189 hektardan 3228 ton kartof, 243
hektardan 3399 ton tərəvəz, 290 hektardan 9026 ton bostan məhsulu
istehsal edilmişdir.
Torpaqların münbitliyinin
artırılması üçün fermerlər pay
torpaqlarına 78 min tondan çox üzvi gübrə
vermişlər. “Aqrolizinq” ASC-nin Zərdab filialı mülkiyyətçilərə
143 ton azot gübrəsi satmışdır. Alaq otlarına
qarşı mübarizə məqsədi ilə mülkiyyətçilərə
herbisidlərin verilməsi təmin olunmuşdur. Həyətyanı
400 hektar meyvə bağlarında yeni ağaclar əkilmiş,
təzə bağlar salmaqla meyvəliklər 471 hektara
çatdırılmışdır. Həmin bağlardan 296
ton meyvə və 31 ton üzüm istehsal edilmişdir.
Daha sonra öyrəndik ki,
ötən illərdə Zərdabda məhsul
istehsalçılarını, xüsusən,
taxılçıları yüksək reproduksiyalı toxum materialı
ilə təmin etmək məqsədilə 16 özəl
toxumçuluq təsərrüfatı
yaradılmışdır. Onlardan 14-də 2008-ci ilin
payızında 770 hektarda yüksək reproduksiyalı arpa və
buğda əkilmişdi. Bu sahələrdən ötən il
2111 ton toxum istehsal edilmişdir. Kondisiyalı çəkidə
1924 ton arpa və buğda toxumu hazırlanmış, fiziki və
hüquqi şəxslərə satılmışdır.
Özəl toxumçuluq təsərrüfatları hər
hektardan 33,3 sentner taxıl tədarük etmişlər ki, bu
da rayon göstəricisindən 6,1 sentner çox olmuşdur.
Heyvandarlığın
inkişafı və məhsulların emal edilməsi
regionların sosial-iqtisadi inkişafı və əhalinin ərzaq
məhsulları ilə təminatı dövlət
proqramlarında mühüm yer tutur. Son illər rayonda
mal-qaranı qaba və qüvvəli yemlə təmin etmək
üçün yonca və arpa əkini genişləndirilmişdir.
2009-cu ildə iri mal 784 baş artaraq 52469-a, qoyun-keçilər
2464 baş çoxalaraq 106090-a, quşlar 3500 baş artaraq
173500-ə çatmışdır.
Torpaq mülkiyyətçilərinin
suvarma suyuna olan tələbatının optimal müddətlərdə
ödənilməsi şəbəkələrin normal işləməsindən
bilavasitə asılıdır. Dövlət proqramında Zərdab
rayonunda suvarma-drenaj sisteminin bərpası nəzərdə
tutulmuşdur. Suvarma Sistemləri İdarəsinin balansında
olan suvarma-drenaj şəbəkələri, kollektorlar Kürdəmirdə
yaradılmış idarəyə təhvil verilmişdir. Həmin
idarə Gəlmə və Kəndəbil sudan istifadəedənlər
birlikləri ərazisində kollektor-drenaj şəbəkələrinin
bərpası və yenidən qurulması işlərinə
başlamış və indiyədək 1,5 milyon manatlıq
iş görmüşdür.
Məlikumudlu,
Qızlıq-Qobu, Alıcanlı, Şahhüseynli,
Qoruqbağı, Seyidlər kanallarında 220 metr məsafə
lildən təmizlənmişdir. 28 hidrotexniki qurğu, 3
hidropost təmir olunmuşdur. Kür çayı boyunca
Sarıqaya kəndi ərazisində 300 metr məsafədə
bəndin yeri dəyişdirilmişdir. Lələağacı
kəndində 500 metr məsafədə yeni mühafizə bəndi
tikilmişdir. Əlibəyli kəndi ərazisində isə
400 metr məsafədə bəndin yamacı əsaslı təmir
olunmuşdur. Həmin bəndlərdə qayakəsmə
işləri aparılmışdır. Sarıqaya kəndi ərazisində
beton məmulatı ilə sahilbərkitmə işləri
görülmüşdür. Siləyli, Alıcanlı kəndlərində
Türyançayın sol-sağ sahilində 20 kilometr məcra
təmizlənmiş və bəndlər təmir
edilmişdir.
Bu ilin sentyabr — oktyabr
aylarında yağan leysan yağışlar, Kür,
Türyançay və Göyçay çaylarında suyun səviyyəsinin
normadan artıq qalxması ilə əlaqədar rayon rəhbərliyi
respublika orqanları qarşısında operativ məsələ
qaldırmışdı. Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin göstərdiyi
köməklik, daxili imkanlar hesabına görülən bəndbərkitmə
işləri nəticəsində rayonda kənd təsərrüfatına
və əhaliyə heç bir ziyan dəyməmişdir.
Zərdab Regional Meşəsalma
müəssisəsi ötən il 90 hektarda meşə
zolağı salmışdır. 2 hektar şitillikdə
yetişdirilən ağaclar meşə salınması
üçün nəzərdə tutulmuş ərazilərin,
kəndarası yolların kənarlarının və rayon mərkəzində
küçələrin
yaşıllaşdırılmasını təmin edəcəkdir.
Rifah yüksəlir
Respublikamızda olduğu
kimi, Zərdabda da iqtisadiyyat sosial yönümlüdür. Həyata
keçirilən bütün tədbirlər insanların
rifahının yüksəldilməsinə yönəldilmişdir.
Əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi
sahəsində ötən il Dövlət Sosial Müdafiə
Fondunun rayon şöbəsi də lazımi tədbirlər həyata
keçirmişdir. 7675 nəfər əmək
pensiyaçısının orta aylıq pensiya məbləği
50 faiz artaraq 87 manat olmuşdur. Yeni sığorta-pensiya
sisteminin fəaliyyətə başladığı 2006-cı
il yanvarın 1-dən əmək pensiyalarının baza hissəsi
davamlı olaraq artırılmış, 25 manatdan 75 manata
çatdırılmışdır. Pensiyaların bankomatlar
vasitəsilə ödənilməsinə nail olunmuşdur.
Sosial müavinətlərin təyin olunması, hesablanması
və vaxtında ödənilməsi təmin edilmişdir.
2009-cu il əhalinin aztəminatlı hissəsinə
ünvanlı sosial yardımın verilməsi davam
etdirilmişdır. Müraciət edən 760 ailədən
742-nə ünvanlı sosial yardım təyin olunmuşdur.
İl ərzində xidmət
sahələrinin, o cümlədən elektrik və qaz təsərrüfatının
inkişaf etdirilməsi, əhalinin içməli su ilə təminatının
yaxşılaşdırılması istiqamətində də
xeyli iş görülmüşdür. Elektrik təsərrüfatında
əhalini və iqtisadiyyatı fasiləsiz elektrik enerjisi ilə
təmin etmək üçün təmir və xidmət
işlərinin keyfiyyətinə diqqət artırılmışdır.
İlin əvvəlindən başlayaraq qəza vəziyyətinə
düşmüş dayaqlar yeniləri ilə əvəz
olunmuş, rayon ərazisində 10/0,4 kv-luq hava elektrik xətlərinin
normal istismarı təmin olunmuşdur. Sıradan
çıxmış transformatorları əsaslı təmir
edilməklə qısa müddətdə yerinə bərpa
edilmiş, texniki qulluq və cari təmir işləri
vaxtında həyata keçirilmişdir. Son aylarda əhalinin
istehlak etdiyi elektrik enerjisinin dəyərinin artıqlaması
ilə ödənilməsi təmin edilmişdir.
Əhalinin fasiləsiz və
keyfiyyətli qazla təmin edilməsi üçün də
bir sıra tədbirlər həyata keçirilmişdir. Qaz xətləri
və qurğuları üzərində təmir işləri
aparılmışdır. İtkilərin
qarşısının alınması, əhalinin normal və
təhlükəsiz qazla təmin edilməsi üçün
zəruri tədbirlər görülmüşdür. Rayonda təbii
qazın dəyəri də davamlı olaraq ödənilir.
Rayon əhalisinin içməli
suya olan tələbatının ödənilməsi də
diqqət mərkəzindədir.
2009-cu ildə Yuxarı Seyidlər,
Məlikli və Gödəkqobu, Məmmədqasımlı və
Yarməmmədbağı kəndlərində modul tipli sutəmizləyici
qurğular tikilərək əhalinin istifadəsinə
verilmişdir. Həmin kəndlərdə içməli suya tələbat
xeyli yaxşılaşdırılmışdır. Otmanoba,
Şəhtəhal, Kəndəbil, Qaravəlli,
İsaqbağı, Gəlmə, Sarıqaya, Dəli
Quşçu kəndlərində və Bəyimli qəsəbəsində
də belə qurğuların tikintisi üçün layihə
sənədləri Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə təqdim edilmişdir.
2009-cu ildə şəhər
və kənd yollarının təmiri və yenidən
qurulması istiqamətində xeyli iş
görülmüşdür. Daxili imkanlar hesabına 2310
kubmetr çınqıl daşınaraq kənddaxili yollara
verilmişdir. Bu məqsədlə 46,5 min manat vəsait xərclənmişdir.
Məmmədqasımlı, Şəftəhal,
Şühhüseynli, Aşağı Seyidlər, Nəzəralılı,
Şıxbağı, Yuxarı Seyidlər, İsaqbağı
kəndlərində 50,2 kilometr məsafədə kəndarası
yollar qreyderlənmişdir.
Zərdab şəhərinin
R.Kərimov, C.Cabbarlı, 1 May, Azadlıq, Azərbaycan, X.Məmmədov,
Babək, Şəhriyar, B.İsmayılov, B.Allahverdiyev, Zərdabi,
S.Abdullayev, A.Mustafayev küçələrinə, Heydər Əliyev
prospektinə 24960 kvadratmetr asfalt salınmış, bu işlərə
431,7 min manat vəsait xərclənmişdir. Bundan əlavə,
şəhərin küçə və parklarında 210,2 min
manatlıq təmir və abadlıq işləri
aparılmışdır. Kəndəbil kəndi ərazisində
beton kanal üzərində körpü əsaslı təmir
olunmuşdur.
Rabitə müəssisələri
üçün də ötən il uğurlu olmuşdur.
Telekommunikasiya Qovşağının xidmətdən əldə
olunan gəliri əvvəlki illə müqayisədə 9,7
faiz artmışdır. 220 abonentə telefon çəkilmiş
və 1644 analoq tipli ATS nömrəsi yeni EATS nömrəsi ilə
əvəz olunmuşdur. Sürətli internet xidmətinin təşkili
məqsədilə mərkəzi EATS-də tutumu 16 port olan
DSLAM avadanlığı qurulmuşdur. Qovşaq üzrə
elektronlaşdırma səviyyəsini yüksəltmək məqsədilə
Alcanlı, Çallı və Şahhüseynli kəndlərinin
hər birində tutumu 256 nömrə olan EATS alınması və
quraşdırılması üçün podratçı
şirkətlə müqavilə bağlanmışdır.
Qaravəlli kəndində tutumu 200 nömrə analoq tipli ATS
rekonstruksiya olunaraq 256 nömrəlik olan EATS-lə əvəz
olunmuşdur. Pərvanlı kəndində də tutumu 256
nömrəlik EATS qurulmuşdur. Çallı kəndində
müasir tipli yeni poçt şöbəsi tikilərək əhalinin
istifadəsinə verilmişdir.
Sosial sahədə irəliləyiş
2009-cu ildə rayonun təhsil,
səhiyyə və mədəni-maarif müəssisələri
üçün də uğurlu olmuşdur. Zərdab şəhər
3 saylı məktəb “İlin ən yaxşı ümumtəhsil
məktəbi” adını almış və 10 min manat pul vəsaiti
ilə mükafatlandırılmışdır. Məktəbin
dil-ədəbiyyat müəlliməsi Cəvahir
İsmayılova isə “Tərəqqi” medalı ilə təltif
edilmişdir. Keçən il orta məktəbi bitirən məzunların
78 nəfəri tələbə adı qazanmışdır.
Gənclərin vətənpərvərlik tərbiyəsində
böyük rol oynayan hərbi idman oyunlarına son illərdə
rayonda diqqət artmışdır. Gəlmə kənd orta məktəbinin
“Cəsurlar” komandası respublika turunun final mərhələsində
I yeri, Zərdab şəhər 1 saylı orta məktəbin
“Şahin” komandası isə fəxri yeri tutmuşdur.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının
86-cı ildönümünə həsr olunmuş Prezident
kuboku uğrunda idmanın “karate-do” növü üzrə beynəlxalq
turnirdə rayon idmançıları 1 qızıl, 2
gümüş, 4 bürünc medala layiq
görülmüşlər. Rayon şahmatçısı
İzzət Rəhimli isə Yunanıstanın Saloniki şəhərində
keçirilən məktəblilərin Dünya
olimpiadasında V yeri tutmuşdur.
İl boyu təhsil, səhiyyə
və mədəni-maarif müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində
də bir sıra işlər görülmüşdür. Ağabağı
kənd ibtidai, Çallı və Əlibəyli kənd orta
məktəblərində, Çallı kənd uşaq
bağçasında cari təmir işləri
aparılmışdır. Topçubaşov adına Elmi-Tədqiqat
Eksperimental Cərrahiyyə İnstitutu Rayon Mərkəzi Xəstəxanaya
humanitar yardım xətti ilə 54928 manatlıq tibbi ləvazimat
göndərmişdir. Mərkəzi Xəstəxananın həyətində
xeyli yaşıllaşdırma və abadlıq işləri
aparılmışdır. Əhaliyə göstərilən
tibbi xidmətin səviyyəsini yüksəltmək məqsədilə
hər həftənin şənbə günləri tibb
işçiləri kəndlərə gedərək əhaliyə
yaşadıqları ərazidə xidmət göstərirlər.
Mədəniyyət sahəsində
də son illər ərzində xeyli iş
görülmüşdür. Tarix-Diyarşünaslıq
Muzeyində cari təmir işləri
aparılmışdır. Mədəni-maarif müəssisələrinin
maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə
15392 manatlıq inventar, o cümlədən kompyuter, kondisioner,
faks aparatı və s. alınmışdır. Əhalinin asudə
vaxtının səmərəli təşkili ilə
bağlı həyata keçirilən mədəni-kütləvi
tədbirlərin dairəsi genişlənmiş, keyfiyyəti
yaxşılaşmışdır. Akademik Milli Dram
Teatrının kollektivinin mədəniyyət evindəki
çıxışlarını sakinlər razılıqla
qarşılamışlar.
Tikinti-quruculuq işləri
genişlənir
Rayonda sosial-mədəni obyektlərin tikintisi 2009-cu ildə də davam etdirilmişdir. Alıcanlı kəndində smeta dəyəri 1 milyon 172 min manat olan 360 yerlik məktəb binası istifadəyə verilmişdir. Çilovxanlı və Xanməmmədli kəndlərində smeta dəyəri 262 min 900 manat olan 80 şagird yerlik ibtidai məktəb binaları tikilmişdir. Xanməmmədli kənd məktəbinin də ötən dərs ilində açılışı olmuşdur.
Ulu öndərin doğum günü ərəfəsində Zərdab Rayon İcra Hakimiyyəti və Əhalinin Sosial Müdafiəsi Mərkəzi üçün tikilmiş yeni inzibati binalar istifadəyə verilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan 16 mənzilli yaşayış binasında da tikinti işləri də ötən il başa çatdırılmışdır. Heydər Əliyev parkı ərazisində Heydər Əliyev İdeoloji Mərkəzinin binası ulu öndərin doğum günü ərəfəsində istifadəyə verilmişdir.
Tikintisinə 2007-ci ilin dekabr ayında başlanmış, smeta dəyəri 750 min manat olan 200 yerlik Uşaq İncəsənət Məktəbinin tikintisi 2009-cu ildə başa çatdırılmışdır. 14 oktyabr 2009-cu il tarixdə açılışı olmuşdur.
Əsaslı təmirdən sonra şəhər 2 saylı uşaq bağçası istifadəyə verilmişdir. Heydər Əliyev və Zərdabi adına parklarda, Şəhidlərin Xatirə kompleksində, Sahil parkında, küçələrdə xeyli abadlıq, təmir və yaşıllaşdırma işləri aparılmışdır.
Rayonda olarkən öyrəndik ki, ümumiyyətlə, son 2 ildə əhalinin sosial problemlərinin həllinə diqqət artmış, rayon mərkəzində və kəndlərdə geniş tikinti-quruculuq işləri həyata keçirilmişdir. 5 kənddə yeni məktəb binası tikilmişdir. 1 məktəb və 1 bağça əsaslı təmir edilmiş, 3 məktəbin istilik sistemi təmir olunmuşdur. 3 məktəbdə isə bərpa olunmuşdur.
Zərdab şəhərində Heydər Əliyev prospekti yenidən qurulmuşdur. Heydər Əliyev parkında işıqlı fontan quraşdırılmış, xeyli yenidənqurma işləri aparılmışdır. Həmyerliləri Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmova abidə büstü qoymuşlar. Qumlu yaşayış massivinə 18 ildən sonra 14 kilometr qaz xətti çəkilmişdir. Yollara 60 min kvadratmetr asfalt örtük döşənmişdir. Zərdab — Mollakənd yolu təmir olunur. Kənddaxili yollar qaydaya salınır. Göyçay — Ucar — Zərdab elektron telefon xətti çəkilib. Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi üçün yeni inzibati bina inşa olunur. Rayon ötən ildən bu ilə çoxsaylı tikinti-quruculuq işlərini davam etdirməklə qədəm qoyub.
Yeni uğurlara doğru
Bu il həyata keçiriləcək işlərin də miqyası geniş, həcmi böyükdür. Zərdablılar Prezident İlham Əliyevin ciddi nəzarəti ilə həyata keçirilən dövlət proqramlarında nəzərdə tutulan tədbirləri vaxtında yerinə yetirməklə yanaşı, daxili imkan və ehtiyatlardan da bacarıqla istifadə edirlər. Sosial-iqtisadi uğurlar artdıqca quruculuq-abadlıq işləri də çoxalır, adamların həyat şəraiti əsaslı surətdə yaxşılaşır. Bütün bunların nəticəsidir ki, Zərdab rayonu 2009-cu ili yüksək göstəricilərlə yola saldı, yeni ili böyük arzularla, sabahı dərin inamla qarşıladı. Bu yol zərdablıları daha xoş günlərə aparır.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 6 yanvar.- S. 4.