Mərhəmətlə,
qayğı ilə əhatə olunan uşaqlar
İki ananın kövrək söhbətləri məni
bu sətirləri qələmə almağa vadar etdi. Analar
fiziki cəhətdən qüsurlu - lal və kar olan bir
istedadlı uşaq barədə yanıqlı-yanıqlı
danışırdılar. Onun həssaslığına, zəkasına,
ağıllı mühakiməsinə sevinsələr də
fiziki qüsuruna təəssüflənirdilər.
Ancaq onlar ümidlərini
itirməyiblər. Məktəbdə uşaqlara yaradılan
gözəl şərait, göstərilən diqqət və
qayğı onların nisgilini azaldır və bu
uşaqların gələcəkdə kamil insan kimi yetişmələrinə
böyük ümid bəsləyirlər.
Söhbət Bakı
şəhəri Nizami rayonundakı kar uşaqlar
üçün respublika 1 saylı internat məktəbindən
gedirdi. Valideynlərin arzuları və təklifləri ilə
internat məktəbə getdik. Məktəb elə ilk
baxışdan xoş təsir bağışladı. Səliqə-sahmanlı
idi. Foyedə və dəhlizlərdə məktəbin
ümumi fəaliyyətini əks etdirən şəkillər,
cədvəllər, diaqramlar, məlumat və təhsil barədə
müdriklərin kəlamları vurulmuşdu. Bir neçə
valideyin uşaqlarına baş çəkməyə gəlmişdi.
Bir qrup uşaq isə müəllimin müşayiəti ilə
siniflərə aparılırdı.
Xoşsifət bir nəfər
bizə yaxınlaşdı:
–Hansı uşaqla
maraqlanırsınız?
–Hamısı ilə.
O təəccüblə
üzümə baxdı... Dedim: Kövrək anaların
nisgili, lal, kar uşaqların duyğuları məni bura gətirib.
Tanış olduq. Məktəbin
direktoru Tarverdi Əliyev idi.
Bizim heç
bir sirrimiz, məxfi işimiz yoxdur, – dedi. Buyurun gəzin, baxın, müəllimlərlə
tanış olun, şagirdlərlə söhbət edin, iş proqramlarımız da göz qabağındadır...
– Əyani tanışlıq
öz yerində. Yaxşı
olardı ki, məktəbdə tədrisin
təşkili və fəaliyyəti barədə
məlumat verəsiniz,
– dedim:
– Məlum
olduğu kimi, Azərbaycan müstəqillik
qazandıqdan sonra, bütün sahələrdə
olduğu kimi, təhsil sahəsində də çox uğurlu islahatlar aparılmışdır. İlk öncə
ulu öndər Heydər Əliyevin təhsilə və bu sahədə çalışanlara - müəllimlərə
verdiyi yüksək qiyməti, göstərdiyi
qayğını və
diqqəti xüsusi qeyd etməliyik. Sevindiricidir ki, cənab Prezident İlham Əliyev dahi rəhbərimizin ideyalarını
daha uğurla davam etdirir. Ölkə rəhbərinin elmin, təhsilin inkişafına,
milli-mənəvi dəyərlərə,
eləcə də müəllimlərə yüksək
qayğı və diqqət yetirməsi bizi daha həvəslə
işləməyə ruhlandırır.
Müsahibim söhbətinə
davam edib dedi: – Direktoru olduğum 1 saylı respublika internat məktəbi 1932-ci ildən
fəaliyyət göstərir.
Respublikanın bütün
rayonlarından,eləcə
də kəndlərdən
bizim məktəbə
pənah gətirənlər
vardır. Məktəbdə əsasən qulaqdan
qüsurlu- kar və lal uşaqlar
təhsil alırlar.
Bura beynəlmiləl məktəb
olduğundan Azərbaycan
31, rus bölməsində
isə 12 sinif fəaliyyət göstərir.
Ümumilikdə bu tədris
ocağında 400 nəfər
şagird oxuyur. Onların təlim-tərbiyəsi ilə
160-a yaxın müəllim
və tərbiyəçi
məşğul olur.
Uşaqların sağlamlığına da çox ciddi
nəzarət edilir.
Məktəbin nəzdində
yaradılmış tibbi-müayinə
və müalicə otağında 2 ali
təhsilli həkim, 2
tibb bacısı və xadimə şagirdlərimizə nümunəvi
xidmət göstərirlər.
Onu da qeyd edim
ki, kar və
lal uşaqlar çox həssasdırlar.
Onlar insanları və ümumən ətrafı
daha tez duyurlar. Onların xətrinə dəymək
olmaz! Ona görə də
bunların təlim-tərbiyəsi
ilə məşğul
olanlar zəngin biliyə malik, daha savadlı, səbirli, bacarıqlı
mütəxəssislər olmalıdır.
Məhz bu prinsiplərə görə
müəllimlərimiz Bakıda,
Moskvada, Sank-Peterburqda və digər MDB respublikalarının ali məktəblərində
defektologiya ixtisaslarına
yiyələnib təkmilləşiblər.
Onu da xüsusi qeyd etməyi vacib bilirəm ki, məktəbimizin maddi-texniki bazası ilbəil zənginləşir.
Bu tədris ocağına
xüsusi qayğı
göstərən Heydər
Əliyev Fondunun prezidenti YUNESKO-nun xoş məramı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. O, 2005-ci ilin
yanvarında internat məktəbə gəlmişdi.
Qayğılarımız, arzu
və təkliflərimizlə
yaxından tanış
oldu. Onun qayğısı sayəsində məktəbimizə
əavə 5 sinif otağı tikildi, idman zalı və yeməkxana əsaslı təmir edildi və yenidən quruldu. Demək olar ki, şəraitimiz
əsaslı şəkildə
yaxşılaşdırıldı.
Bunu özünüz də gördünüz. Fiziki cəhətdən
qüsurlu uşaqların
təhsil aldığı
bu məktəbdə komputer zalı yaradıldı. 2006-cı ildə Milli Paralimpiya Komitəsinin 10 illik yubileyi münasibətilə keçirilən
yarışlarda şagirdlərimiz
futzal turniri qalibi oldular. Məktəbimizin komandası kubok
aldı.
Təhsil naziri Misir Mərdanov
bu təhsil ocağı ilə daha yaxından əlaqə saxlayır. O, diqqət
və qayğısını
pedaqoji kollektivdən və qayğıya möhtac olan bu şagirdlərdən əsirgəmir. Məhz nazirliyin yaxından
köməyi ilə məktəbimizdə dərslik
problemi tam həll edilmişdir.
Alimlərimiz də sağ olsunlar. Onların bu istiqamətdə
apardığı işlər
işimizi xeyli canlandırdı. Filologiya
elmləri doktoru,
professor Nizami Xudiyev və pedaqoji elmlər namizədi Tamella Ağayevanın yazıb hazırladıqları
4-cü, 5-ci, 6-cı siniflər üçün “Ana dili” və VI sinif üçün “Azərbaycan
dili” dərslikləri
tədrisin keyfiyyətinə
müsbət təsir
göstərmişdir.
Təhsil Nazirliyinin
təşəbbüsü ilə M. Maqomayev adına Dövlət
Filarmoniyasında xeyriyyə
konserti keçirildi. Konsertdən toplanan vəsait hesabına Danimarkanın istehsalı olan eşitmə dərəcəsini
müəyyən etməkdən
ötrü audiometr aparatı alınıb internat məktəbinə
hədiyyə verilmişdir.
Məktəbdə görülən tədbirlər,
təchizatın yaxşılaşdırılması,
təlim-tərbiyə işlərinin
gücləndirilməsi şagirdlərin
fəallığını artırır. Məsələn,
ötən il Moskvada keçirilən “Qəlbim oxuyur”adlı birinci Beynəlxalq Jestli Mahnı Festivalında şagirdlərimiz
“Sarı gəlin” mahnısı ilə çıxış etdilər.
83 ölkənin nümayəndələrinin iştirakı
ilə keçirilən
bu əlamətdar tədbirdə məhz 1 saylı internatımızın
şagirdləri “Qran Pri” mükafatına layiq görüldülər.
Bunu da müsbət
hal kimi qeyd etmək olar ki, hər
il müxtəlif
orta ixtisas təhsil ocaqlarına bizim məzunlar da daxil olurlar.
2009-cu dərs ilində iki məzunumuz Rəssamlıq
Akademiyasının İncəsənət
Kollecinə daxil olub. Məhz bu uğurların nəticəsidir ki, məktəbin bir qrup müəllimi müxtəlif fəxri adlara layiq görülmüş,
medal və pul mükafatı almışdır.
Eləcə də mən
2005-ci ildə hörmətli
Prezidentin sərəncamı
ilə “Tərəqqi”medalı
aldım.
Ən əsası pedaqoji kollektivimizdə sağlam ab-hava mövcuddur. Müəllim və tərbiyəçilər
daim öz üzərində çalışır,
biliyini artırır,
məktəbin bütün
işlərində fəallıq
göstərirlər. Hər bir pedaqoq
yaxşı bilir ki, məktəbimizdə təhsil alan
bu uşaqlar danışa bilməsələr
də, eşitməsələr
də bizi hamıdan yaxşı duyur və dərk
edirlər.
Onların hər birinin arzusunu yaşatmaq və çiçəkləndirmək mənəvi borcumuzdur!
Söhbəti qələmə aldı:
Məzahir ƏLİYEV,
jurnalist
Xalq qəzeti.- 2010.- 7 yanvar.- S. 8.