Azərbaycan dövləti qüdrətləndikcə
qeyri-hökumət təşkilatlarının fəaliyyəti
də genişlənir
Gənc Vətənpərvərlər
Birliyi özünün 10 illiyini yüksək əhval-ruhiyyə
ilə qeyd etdi
Ötən hər il bütün
azərbaycanlılar kimi bizim üçün də əlamətdar
və yaddaqalan hadisələrlə tarixə yazılır.
“Bizim üçün” — dedikdə mən ən əvvəl
ölkədə fəaliyyət göstərən
çoxsaylı qeyri-hökumət təşkilatlarını,
sonra isə konkret olaraq öz birliyimizi nəzərdə
tuturam. Ulu öndər Heydər Əliyevin region ölkələri
üçün analoqu olmayan dövlətçilik kursunun
uğurla davam etdirilməsi, eləcə də müasir
dünya siyasətində qətiyyətli dəst-xətti və
nüfuzu olan Prezident İlham Əliyevin idarəçilik
prinsipləri dövlətimizə və xalqımıza yeni
nüfuz qazandırır, baş ucalığı gətirir.
Ölkənin ictimai-siyasi həyatında özünəməxsus mövqeyi olan Gənc Vətənpərvərlər Birliyi bu imkanlardan bir neçə istiqamətdə bəhrələnir. BİRİNCİ: Bu gün Azərbaycan dövləti ölkə əhalisinin sosial-rifah halının yaxşılaşdırılması məqsədiylə çoxsaylı tədbirlər həyata keçirir və nəticələr beynəlxalq təşkilatlar tərəfindən yüksək səviyyədə təqdir olunur. Biz — GVB üzvləri də ölkənin bütün vətəndaşları kimi bu nəticələri böyük məmnunluqla qəbul edirik və onlardan bəhrələnirik. İKİNCİ: Prezident İlham Əliyevin siyasi kursunun mühüm istiqamətlərindən biri də ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dövlət qayğısı göstərilməsi, bu fəaliyyətin stimullaşdırılmasıdır. Biz Gənc Vətənpərvərlər Birliyi olaraq bu qayğını daim görür, yüksək qiymətləndiririk. Bəri başdan qeyd edim ki, birliyimizin bütün üzvləri həmin qayğının cavabı olaraq öz xidmətlərində dövlətə və dövlətçiliyə müəyyən töhfələr verirlər. Bu töhfələrin dövlət tərəfindən yüksək qiymətləndirilməsi isə bizi daha da ruhlandırır. ÜÇÜNCÜ: 1993-cü ilin yayından sonra (son beş ildə isə daha intensiv olaraq) ölkədə həyata keçirilən Dövlət Gənclər Siyasəti ölkə gənclərinin yaradıcı potensialının ortaya çıxarılması üçün mühüm zəmin kimi hamı tərəfindən alqışlanır. Gənclər Təşkilatları Milli Şurasının dekabrın 26-da Qubada keçirilmiş növbəti qurultayında qeyd edildiyi kimi, Azərbaycan dövlətinin Gənclər Siyasəti SSRİ dağılandan sonra yaranmış müstəqil dövlətlərin heç birində olmayan bir səviyyədə qurulmuşdur. Biz — Gənc Vətənpərvərlər Birliyi dövlətimizin Gənclər Siyasətindən də bəhrələnirik və bu siyasəti məmnuniyyətlə dəstəkləyirik. Deməli, dövlətin siyasəti, həyata keçirdiyi istənilən tədbir ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, xüsusən, gənclərlə bağlı olan qurumların daha geniş və daha səmərəli fəaliyyət göstərməsinə əlverişli zəmin yaradır.
Fəaliyyətimizin bütün dövrü kimi 2009-cu il də bizim üçün uğurlu oldu. Belə ki, adından da göründüyü kimi Gənc Vətənpərvərlər Birliyinin fəaliyyət sahəsi ölkənin sabahını təmin edəcək nəslin — gənclərin vətənpərvərlik tərbiyəsində böyüməsinə nail olmaqdan ibarətdir. Bu tərbiyə isə dünya təcrübəsində olduğu kimi təkcə nəzəri məsələlərdən ibarət olmalı deyil, həm də əməlli işlərlə göstərilməlidir. Vətənpərvərlik tərbiyəsi ictimai-siyasi işin mühüm tərkib hissələrindən olduğuna görə 2009-cu ildə bizim əməli fəalityyət göstərməyimiz üçün geniş meydan yaranmışdı. Əvvəla, hələ yanvar ayından etibarən Azərbaycan Respublikasının Konstitusiyasına bəzi əlavə və dəyişikliklər edilməsi üçün keçiriləcək 17 mart referendumuna böyük hazırlıq işləri gedirdi. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər Azərbaycanın daha qüdrətli sabahını təmin etmək məqsədi daşıdığına görə və bu məqsəd bizim təşkilatın da əsas məramlarından biri olduğuna görə Gənc Vətənpərvərlər Birliyi referenduma hazırlıq prosesində, referendum aktı layihəsinin müzakirələrində geniş iştirak etmiş, öz təklif və təşəbbüsləri ilə fəallıq göstərmişdir.
Qeyd edim ki, Gənc Vətənpərvərlər Birliyi rəsmi olaraq 1999-cu ilin dekabrında qeydiyyata alınsa da mən və tərəfdarlarım 1993-cü ilin yayından etibarən ölkədə keçirilən bütün seçkilərdə fəal iştirak etmiş, dövləti və dövlətçiliyi yüksək səviyyədə dəstəkləmişik. Birlik sədri və sıravi azərbaycanlı kimi mənim ömrümün ən mənalı anları ulu öndər Heydər Əliyevin (1998-ci il) və cənab Prezident İlham Əliyevin (2003—2008-ci il seçkiləri) seçki qərargahlarında gördüyüm işlərdir. Eləcə də tərcümeyi-halımın ən şərəfli cizgiləri bu iki böyük insanla görüşdüyüm, onlardan Gənc Vətənapərvərlər Birliyi haqqında təqdiredici fikirlər eşitdiyim anlardır. Mətbuat vasitələri həm ulu öndər Heydər Əliyevin, həm də cənab Prezident İlham Əliyevin Gənc Vətənpərvərlər Birliyi haqqında söylədiyi yüksək fikirləri yayandan sonra bizim təşkilata üz tutan könüllülər sürətlə artmağa başlamış, bizə olan inam və etimad qat-qat çoxalmışdır.
2009-cu ildə bizim fəaliyyətimizin daha mühüm hissələrindən biri də aprel ayına təsadüf etdi. Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan təcavüzkar Ermənistan dövlətini iqtisadi tənəzzüldən qurtarmaq istəyən bəzi beynəlxalq qüvvələr bunun üçün ən yaxşı variant kimi Türkiyə—Ermənistan sərhədlərinin açılmasını üstün tutdular. Bu istiqamətdə konkret addımlar atılarkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev misilsiz bir siyasi iradə nümayiş etdirdi. Fikrimizcə Ali Baş Komandımız cənab İlham Əliyevin həmin günlər nümayiş etdirdiyi lider qətiyyəti Azərbaycan tarixinin ən şərəfli anlarından idi. Prezident İlham Əliyev dünyanın aparıcı dövlətlərinə sübut etdi ki, Azərbaycan xalqının mənafeyinə cavab verməyən heç bir addım atmayacaqdır. Cənab Prezidentin həmin addımı Azərbaycan gəncləri üçün ən böyük, misli olmayan bir vətənpərvərlik nümunəsi idi. Məhz o səbəbdən də bizim həm paytaxtımızdakı, həm də regionlardakı şöbə və bölmələrimizin hamısında dövlət başçımızın siyasətini dəstəkləyən müvafiq tədbirlər keçirildi, Ali Baş Komandanımızın nümayiş etdirdiyi vətənpərvərlik nümunəsinin bütün gənclər arasında örnək kimi təbliğ edilməsinə nail olundu.
2009-cu ildə
Azərbaycan gənclərindən ibarət 5 nəfərlik
güləş komandamızın İrəvan şəhərində
keçirilən Avropa çempionatında qazandığı
şanlı qələbələr, işğalçı
dövlətin paytaxtında beş dəfə Azərbaycan
bayrağının qaldırılması, bir dəfə
qüdrətli Azərbaycan himninin səsləndirilməsi
Respublika gəncliyinin ən şərəfli səhifələrindən
biri idi. Mən özüm peşəkar idmançı
olduğuma, uzun illər, elə indi də şərq əlbəyaxa
döyüşləri üzrə məşqçi müəllim
kimi fəaliyyət göstərdiyimə görə, eləcə
də Gənc Vətənpərvərlər Birliyinin nizamnaməsinin
əsas müddəalarından birinin fiziki tərbiyə məsələsi
olduğuna görə birliyimizdə idmançı gənclərin
sayı daha çoxdur. Ona görə də gənc güləşçilərimizin
İrəvanda qazandığı uğurlar bizim təşkilatın
fəalları tərəfindən daha böyük sevinclə
qarşılandı. Şöbələrimizin
hamısında fiziki tərbiyənin təbliği məsələsi
gündəliyə gətirilərkən güləşçilərimizin
İrəvan zəfəri bir nümunə kimi göstərilirdi.
Xüsusilə istinad etdiyimiz arqument ondan ibarət idi ki, İrəvanda
beş dəfə Azərbaycan bayrağını
qaldıraraq düşmənə göz dağı çəkən
pəhləvanlarımızın hamısı məhz yerli gənclər,
Azərbaycan övladları idi. Onların arasında heç bir nəfər də olsun
legioner yox idi.
Başqa bir məqam. Yeni Azərbaycan
Partiyası sədrinin müavini Əli Əhmədov hələ
2008-ci ilin oktyabrında bəyan etmişdi ki, 2009-cu ilin
dekabrında ölkədə keçiriləcək bələdiyyə
seçkilərində daha çox gənclərin və
qadınların namizədliyinin irəli sürülməsi məsələsi
gündəliyə gətiriləcək. Həmin tezisi əsas
götürən GVB rəhbərliyi gənclər arasında
yerli özünüidarəetmə orqanı olan bələdiyyə
seçkilərinin mahiyyəti, bu seçkilərdə gənclərin
iştirakının əhəmiyyəti, ümumiyyətlə,
gənclərin ictimai-siyasi həyatda fəallığının
artırılması məsələləri ilə
bağlı çoxsaylı tədbirlər keçirmiş,
müzakirə, dialoq və diskussiyalar
aparılmışdır. Ancaq bizim üçün 2009-cu il
daha çox rəsmi olaraq fəaliyyət göstərməyimizin
10 ilinin tamam olması ilə yadda qaldı.
Gənc Vətənpərvərlər
Birliyinin fəaliyyət tarixçəsinə qısaca da olsa
nəzər salaraq fikrimizi davam etdirək. Kreml rəhbərliyinin
SSRİ-də yaşayan xalqlara qarşı
ayrı-seçkiliyinin bariz nümunəsi olan 20 Yanvar faciəsinin
ertəsi günü bütün azərbaycanlıların
ümummilli lideri olan Heydər Əliyev Moskvadakı Azərbaycan
nümayəndəliyinə gələrək bu hərbi-siyasi
aksiyanı lənətləyən bəyanat verdi. Həmin bəyanat
bütün azərbaycanlılar kimi bizi də
ruhlandırdı. Biz — hazırda Azərbaycan Milli Olimpiya Komitəsinin
vitse-prezidenti vəzifəsində çalışan Xəzər
İsayev (20 Yanvar faciəsində onun qardaşı
Müşfiq İsayev də həlak olmuşdu), Şuşa
ziyalısı Zəki Salayev, hazırda Respublika Həmkarlar
İttifaqları Konfederasiyasında sədr müavini vəzifəsində
çalışan Cavanşir Alxasov, Tacəddin Mehdiyev və
başqaları birlikdə “Koroğlu” Cəmiyyəti adlı
müstəqil bir qurum yaratdıq. Əsas məqsədimiz
fiziki cəhətdən sağlam, əqidəcə Azərbaycan
dövlətinə və dövlətçiliyinə sədaqətli
olan gəncləri öz ətrafımıza toplayaraq yeni nəslin
vətənpərvərlik ruhunda tərbiyə edilməsinə
nail olmaqdan ibarət idi. Bu təşkilat sonrakı xaos illərində
özünəməxsus fəaliyyət göstərdi. Məhz
həmin xidmətlərimizə görə mən 1992-ci ilin
noyabrında Dövlət Maddi Ehtiyatlar Komitəsində tutduğum
vəzifədən kənarlaşdırıldım. 1993-cü
ilin yayından sonra ölkədə vəziyyət
durulmağa başladı və ulu öndər Heydər Əliyev
1994-cü ildə Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyi yaradılması barədə fərman
imzaladı. Ölkədə pərakəndə şəkildə
fəaliyyət göstərən bütün gənclər təşkilatları
həmin nazirlik ətrafında birləşdirildi və gənclərin
milli dövlətçilik naminə təşkilatlanmasının
birinci mərhələsi başlandı. Bu mərhələ
bilavasitə ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri
nəticəsində möhtəşəm uğurlarla yadda
qaldı.
Həmin mərhələdə
mən Gənclər və İdman Nazirliyinin məsul
işçisi kimi 1996-cı ildə keçirilən Gənclər
Forumunda çıxış etmişdim. Fiziki və mənəvi
tərbiyənin bütün sahələrini əhatə edən
həmin çıxışım rəhbərlik və gənclik
tərəfindən yüksək qiymətləndirilmişdi. İki
il sonra isə — 1998-ci ildə Gənc Vətənpərvərlər
Birliyinin təsis konfransını keçirərək bu
qurumu rəsmiləşdirdik. 1999-cu ildə birliyimiz dövlət
qeydiyyatına alındı və biz ölkə gənclərinin
təşkilatlanmasının ikinci mərhələsinə
mütəşəkkil bir qurum kimi qatıldıq.
Gənc Vətənpərvərlər
Birliyi ölkədə fəaliyyət göstərən Gənclər
Təşkilatlarının Milli Şurası, Qeyri-hökumət
Təşkilatları Assosiasiyası, Gənclər və
İdman, Müdafiə, Təhsil, Mədəniyyət nazirlikləri,
eləcə də Respublika Hərbi Komissarlığı ilə
birlikdə silsilə vətənpərvərlik tədbirləri
həyata keçirmişdir. Ölkədə gənclərlə
bağlı keçirilən elə bir kütləvi tədbir
olmaz ki, orada Gənc Vətənpərvərlər Birliyi
yüksək səviyyədə təmsil olunmasın. Xüsusən,
ulu öndərimizin adını daşıyan Heydər Əliyev
Fondunun tədbirlərində iştirakımız birlik
üzvlərinin böyük məmnunluğu ilə
qarşılanır. Yeri gəlmişkən, Gənc Vətənpərvərlər
Birliyinin sonuncu toplantısında Heydər Əliyev Fondunun
Moskva şəhərindəki nümayəndəsi Leyla
xanım Əliyevanın “İlin vətənpərvər xanımı”
adına layiq görülməsi barədə qərar
yekdilliklə qəbul edilmişdir.
Əlbəttə, bütün təşkilatlarda olduğu kimi GVB-də də fəaliyyətin mühüm hissəsini ən fəal üzvlərimiz reallaşdırırlar. İdarə Heyətimizin üzvlərindən professor Rafiq Baxşəliyev (ADPU-nun prorektoru), tanınmış jurnalist Azər Sarıyev (MSK-nın mətbuat xidmətinin rəhbəri), əməkdar məşqçi Mirəli Seyidov və başqaları qarşıya qoyduğumuz məqsədlərin reallaşdırılması üçün böyük fəallıq nümayiş etdirirlər. Şöbə müdirlərimizdən Elçin Axundov (Gəncə regional şöbəsi), Natiq Qaçayev (humnitar və mədəniyyət şöbəsi), İsgəndər Əliyev (fiziki və psixoloji hazırlıq şöbəsi) və Nuru Quliyev (beynəlxalq əlaqələr şöbəsi) çoxsaylı könüllülərimizin təşkilatlanmasında xüsusi rol oynayırlar. On illiyimiz ərəfəsində keçirilən növbəti qurultayımızda birliyin İdarə Heyətinə yeni üzvlər seçilmiş, yeni ictimai-siyasi məzmun kəsb edən növbəti illərdəki fəaliyyətimizin istiqamətləri müəyyənləşdirilmişdir. Ən əsası odur ki, Azərbaycan dövləti qüdrətləndikcə qeyri-hökumət təşkilatlarının fəaliyyət meydanı da genişlənir.
Müqamət ƏLİYEV,
Gənc Vətənpərvərlər Birliyinin sədri,
Azərbaycan Respublikası fəxri bədən
tərbiyəsi və idman işçisi
Xalq qəzeti.- 2010.- 7 yanvar.- S. 7.