Aydın KAZIMZADƏ — 70
Ömür də kino kimidir
Tanınmış kinoşünas, əməkdar incəsənət
xadimi Aydın Kazımzadənin yubileyi ilə bağlı bu
yazını qələmə alanda xatirimdə bu gözəl
insanla birgə işlədiyim 20 ilə yaxın bir dövr
canlandı. Bu dövrün özəlliyi onda idi ki, Azərbaycanda
kino sənəti çox sürətli inkişaf yolunda idi və
biz də bu inkişafa öz töhfəmizi verməyə
çalışırdıq.
Aydın müəllimlə ilk tanışlığım Respublika Kinoprokat İdarəsinin indiki İzmir küçəsində yerləşən binasında oldu. Prokat İdarəsinə 1975-ci ildə redaktor təyin olunduğum ilk gündən mən Aydın müəllimin xeyirxahlığı, himayəsi ilə üzləşdim və az keçməmiş məni direktoru olduğu Məlumat-Reklam Bürosuna redaktor vəzifəsinə təyin etdi. 20 ildə Aydın müəllimdən çox şey öyrəndim. İnsanlıq, dostluq, yoldaşlıq, xeyirxahlıq, idarəçilik, humanistlik və s. kimi keyfiyyətlər bu insanda cəmləşmişdi. Mən deyərdim ki, o ömrünün ən qiymətli illərini milli-mənəvi dəyərlərimizin çox əhəmiyyətlisi olan kino sənətinə həsr etmişdi və milli kinomuzun fədaisi kimi bu gün də öz missiyasını ləyaqətlə yerinə yetirir.
Yaradıcı adamların ömür yolu asan olmur. Aydın müəllim də hamar həyat yolu keçməyib. Atası müharibədən qayıtmayıb, ana himayəsində böyüyüb. Ona görə də orta məktəb illərindən ağır zəhmətə qatlaşıb ailəni dolandırmalı olub. Ailədə iki qardaş idilər. Yaşca böyük olduğundan ailənin qayğıları da onun üzərinə düşüb.
Aydın müəllimin əmək kitabçasında, mən bilən, kino təşkilatlarından özgə bir iş yeri yoxdur. O, bütün varlığı ilə bu sənətə bağlanıb, onu sevib, bilik və təcrübəsini bu sənətin inkişafına həsr edib.
Uzun illər Azərbaycan kinosunun təbliği ilə məşğul olan Məlumat-Reklam Bürosu onun rəhbərliyi ilə milli kinomuzun ən yaxşı filmlərinin plakat, fotomontaj, bukletlərini hazırlayıb bütün respublikada yaymışdır. Aydın müəllim həmin təşkilatın çap etdiyi “Kino yenilikləri” qəzeti və “Yeni filmlər” jurnalının da baş redaktoru olmuşdur. Bu nəşrlər son illərə qədər kino sənəti barədə yeganə mətbu orqanları olmuş və çox böyük tirajla çap edilmişdir.
Aydın Kazımzadə peşəcə jurnalistdir. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirmişdi. Amma hərdən ona deyirdim ki, siz, bəlkə də, gözəl rəssam olardınız, çünki həm də gözəl rəssamlıq qabiliyyəti var bu insanda. Ümumiyyətlə, hansı sənətdə olsaydı, istedadı, qabiliyyəti onu öncüllər sırasına çıxaracaqdı.
Hələ Sovetlər dönəmində İttifaq miqyasında keçirilən kino tədbirlərində Aydın Kazımzadə milli kinomuzun təmsilçiləri sırasında olmaqla öz təbliğatçı və təşkilatçı missiyasını məharətlə yerinə yetirərdi. BAM, Tümen, Moskva, Sankt-Peterburq, Orta Asiya respublikalarında keçirilən Azərbaycan kinosu günlərini buna misal göstərmək olar.
Aydın Kazımzadə bir neçə il Azərbaycan televiziyasının “Kino” redaksiyasında çalışmış, onun hazırladığı verilişlər bu gün də tamaşaçıların yaddaşından silinməmişdir.
Bu zəhmətkeş, istedadlı tədqiqatçının yaradıcılığında bir məqamı diqqətə çəkmək istərdim. Belə ki, Azərbaycan filmlərinin kataloqunu yaratmaq missiyası da onun üzərinə düşdü. Azərbaycan kinosunun dəqiq yaranma tarixini müəyyənləşdirmək, filmlərin tam kataloqunu yaratmaq üçün onun tədqiqatlarının çox mühüm əhəmiyyəti oldu.
Aydın müəllim ilk dəfə Azərbaycan kino tarixinin məhz 1898-ci il avqustun 2-dən başlandığını üzə çıxardı və sübuta yetirdi. Bu vaxta qədər nəşr olunan kataloqda və digər mənbələrdə isə bizim kinonun tarixi 1916-cı ildə yaradılan “Neft və milyonlar səltənətində” filmi ilə müəyyən olunurdu. Ancaq Aydın müəllimin apardığı davamlı axtarışlar öz nəticəsini verdi və o müəyyən etdi ki, Aleksandr Mixayloviç Mişon hələ 1988-ci ildə Bakıda film çəkərək nümayiş etdirmiş və elə kino tariximiz də həmin ildən başlamışdır. Bu tarix sonradan kino işçilərinin bayramı günü kimi təqvimə daxil edildi.
Böyük axtarışlardan sonra II cildlik “Azərbaycan filmlərinin salnaməsi”ni tərtib edən Aydın müəllim xeyli çətinliklə onların nəşrinə nail ola bildi. Bu gün kino tarixçiləri, tənqidçilər bu vəsaitdən nadir mənbə kimi istifadə edir, ondan kifayət qədər yararlanırlar.
Aydın müəllim həmişə Azərbaycan kinoşünaslığında müəyyən boşluqlar olduğundan narahatçılığını bildirirdi. Bu boşluğun doldurulması missiyası da onun üzərinə düşdü. Azərbaycan müstəqillik qazandıqdan sonra bu işgüzar tədqiqatçının bir-birinin ardınca milli kinomuzun tarixi ilə bağlı kitabları nəşr olundu. “Azərbaycan kino tarixi oçerkləri” (2001), Azərbaycanfilm kinostudiyasının tarixini əks etdirən “Bizim Azərbaycanfilm” (2004), “Kinorejissor Nazim Rza İsrafiloğlu”, “Azərbaycan kino sənətində ədəbi əsərlərin təcəssümü”, “Azərbaycan kinematoqrafçıları”, “Rasim Ocaqov”, “Heydər Əliyev və kinematoqraf”, “Üzeyir Hacıbəyov və kino” kimi kitabları milli kinomuzun tarixinin tədqiqinin fundamental nəşrləridir. Bu kitabların hər birini vərəqlədikcə təkcə kino tariximizin deyil, eləcə də bütövlükdə mədəniyyət tariximizin inkişaf tendensiyasını izləmək mümkün olur.
Milli kinoşünaslığımızın yaranması və inkişafında böyük xidmətləri olan Aydın Kazımzadənin daha bir dəyərli töhfəsini də diqqətə çatdırmaq istərdim. Bu da “Azərbaycan Kino Ensiklopediyası”nın yaradılması istiqamətində onun apardığı tədqiqatlardır. Belə bir nəşrin yaranması ona görə əhəmiyyətlidir ki, 112 illik tarixi olan milli kinomuzun ilk ciddi məlumat nəşrinin ortaya çıxarılması müstəqil Azərbaycan mədəniyyətinə dəyərli bir töhfədir. Aydın müəllimin ötən əsrin 90-cı illərindən bu nəşr üzərində necə məsuliyyətlə işləməsinin canlı şahidiyəm. Məhz onun ciddi axtarışları nəticəsində ensiklopediyanın “Sözlüyü” bir neçə il əvvəl çap olunmuşdur. Lakin ensiklopediyanın nəşri hələ də baş tutmasa da, deyəsən, bu intizar da sona yetməkdədir. Aydın müəllimin sözlərinə görə iki cilddə nəzərdə tutulmuş “Azərbaycan Kino Ensiklopediyası”nın yaxın zamanlarda işıq üzü görəcəyi gözlənilir. Bu günlər ensiklopediyanın materialları yenidən redaktə olunur, məlumatlar dəqiqləşdirilir. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə çap olunacaq bu nəşr milli kino sənətimiz haqqında, onun yaradıcıları barədə müfəssəl məlumat nəşri olacaqdır.
Aydın Kazımzadə hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinoşünaslıq kafedrasının dosentidir. Eyni zamanda, Azərbaycan Dövlət Film Fondunun baş mütəxəssisidir. “Azərbaycan kino tarixi” fənnindən dərs aparır. Hazırda bu fənn üzrə yeni dərsliyin hazırlanması da Aydın müəllimə həvalə edilmişdir. O, gözəl pedaqoqdur. Onun tələbələri bu gün milli kinomuzun inkişafına ləyaqətlə xidmət edirlər.
Bu gün Azərbaycan mətbuatında tez-tez Aydın müəllimin publisist yazıları ilə qarşılaşırıq. Onun milli kinomuzun müxtəlif problemlərinə həsr olunmuş məqalələri kino tariximizin kütləviləşməsi baxımından olduqca əhəmiyyətlidir. Bu məqalələrin sayı yüzlərlədir. Və mən inanıram ki, onlar gələcək kino tədqiqatçılarımız üçün çox əhəmiyyətli mənbə olacaq. Aydın Kazımzadə Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.
Onun daha bir fəaliyyət sahəsi Dövlət Film Fondu ilə bağlıdır. Burada keçirilən bütün tədbirlərin təşkilində Aydın müəllimin əməyi olduqca böyükdür. Xüsusilə yubiley tədbirlərində onun çıxışları iştirakçılar tərəfindən həmişə yüksək maraqla qarşılanır.
Bu gün 70 yaşını qeyd etdiyimiz görkəmli kinoşünas alimi televiziya tamaşaçıları da yaxşı tanıyır və sevirlər. Onun hazırladığı verilişlər öz məzmunu, yüksək dəyəri ilə tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanmışdır.
Aydın Kazımzadə həm də bir neçə sənədli filmin müəllifidir. Kino-ssenarilərində doğma xalqımıza məhəbbət duyğuları tərənnüm olunur.
Aydın Kazımzadənin kinomuza uzun illər göstərdiyi xidmət dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, əməkdar mədəniyyət işçisi kimi fəxri adlara layiq görülmüş, “Humay”, “Qızıl qələm”, “Qızıl çıraq” mükafatları laureatıdır.
Milli kinomuz onun əməyindən çox bəhrələnib. Çoxsaylı kitablar müəllifi, kinojurnalistikamızın yaradıcılarından biri, milli kino arxivinin yaradıcısı olan Aydın Ələsgər oğlu Kazımzadə bu gün də müstəqil Azərbaycan kino sənətinin, kinoşünaslığımızın tərəqqisinə xidmət edir. Ona bu yolda uğurlar arzulayırıq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 7 yanvar.- S. 7.