Moskvadan “Yubiley medalı” və fəxri diplom
Əsrlərdən bəri Azərbaycan mədəniyyətinin
və ədəbiyyatının dünya arenasına
çıxmasında mühüm vasitə olmuş rus dili bu
gün də yaradıcı ziyalılarımızın beynəlxalq
aləmdə təbliğ olunmasında özünəməxsus
rol oynayır. Müstəqilliyin ilk illərində yol
verilmiş bəzi səhvlər istisna olmaqla Azərbaycan —
Rusiya mədəni əlaqələri daim yüksək səviyyədə
olmuş, qarşılıqlı təcrübə mübadiləsi
hər iki mədəniyyətin zənginləşməsinə
xidmət etmişdir. Xüsusən, ulu öndər Heydər Əliyevin
1993-cü ilin payızında söylədiyi “Azərbaycan və
rus mədəniyyətlərini əsrlərin
sınağından çıxmış əməkdaşlıq
telləri bir-birinə möhkəm bağlayır” — ifadəsi
tarixi kökləri olan əlaqələrin daha da genişlənməsinə
zəmin yaratmışdır.
Təsadüfi deyil ki, son illər
Rusiya mədəniyyətinin və ədəbiyyatının
görkəmli nümayəndələri Azərbaycanda, azərbaycanlı
yaradıcı ziyalılar isə Rusiyada geniş şəkildə
təbliğ olunur, yüksək qiymətləndirilirlər.
Bu baxımdan Azərbaycan, Türkiyə və Rusiya
Federasiyası yazıçılar birliklərinin, eləcə
də Avrasiya Yazıçılar Liqasının üzvü,
yazıçı-filosof Hacı Fərhad Mirzənin
yaradıcılığının dost ölkədə
maraqla qarşılandığı Azərbaycan oxucularına
yaxşı məlumdur. Soydaşımızın Ankarada
Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər
Akademiyasının xətti ilə nəşr edilmiş “Kəlamlar”
kitabı rusiyalı mütəxəssislərin də diqqətini
çəkmişdir. Bu kitab Rusiya Federasiyası
Yazıçılar İttifaqı Moskva şəhər təşkilatının
sifarişiylə rus dilinə tərcümə edilmiş və
Moskva mətbuatında azərbaycanlı müəllifin
kitabı haqqında təsdiqedici fikirlər səsləndirilmişdir.
Kitabı ruscaya fəlsəfə elmləri doktoru, professor Əli
Abbasov tərcümə etmişdir. Diqqət çəkən
xüsusi məqamlardan biri də odur ki, “Kəlamlar” kitabı
ingilis dilinə də Azərbaycan dilindən deyil, məhz rus
dilindən tərcümə olunmuşdur. Bu fakt isə
yazının əvvəlində qeyd etdiyimiz kimi, Azərbaycan
ədiblərinin dünya arenasına çıxmasında rus
dilinin oynadığı rolun təsdiqi kimi qəbul edilir.
Yeni ilin ilk ongünlüklərində
“Kəlamlar” kitabı Moskvada çap edilərək Rusiya oxucularına
təqdim olunacaq. 2009-cu ilin son günlərində isə
Moskvadan Bakıya — Hacı Fərhad Mirzənin ünvanına
xoş xəbər gəlmişdir. Rusiya Federasiyası
Yazıçılar İttifaqı Moskva şəhər təşkilatı
idarə heyətinin sədri V.Qusev və bu təşkilatın
baş direktoru Vladimir Boyarinovun imzası ilə göndərilən
məktubda göstərilir: “Hacı Fərhad Mirzə (Azərbaycan)
ölkə ədəbiyyatına inamlı xidmətlərinə
görə ”Rusiya Yazıçılar İttifaqı Moska
şəhər təşkilatının 55 illiyi —
1954-2009" yubiley medalı təqdim olunmaqla 2009-cu ilin Fəxri
Diplomuna layiq görülür".
Qeyd edək ki, azərbaycanlı
müəllifin bu kitabı indiyədək ölkə, Avropa və
Avrasiya miqyaslı bir çox mükafatlara layiq
görülmüşdür. Ancaq BMT yanında İctimai Təltiflər
Şurasının Hacı Fərhada verdiyi “A.S.Puşkin
adına Qızıl medal” Rusiyanın ədəbiyyat xadimləri
tərəfindən daha yüksək qiymətləndirilir. Azərbaycanı
beynəlxalq aləmdə layiqincə təmsil edən
bütün soydaşlarımıza yeni-yeni uğurlar
arzulayırıq.
Əlibəy MÜSƏDDİQ
Xalq qəzeti.- 2010.- 7 yanvar.- S. 6.