Azərbaycanın dövlət
torpaq kadastr sistemi dünya standartlarına cavab verir
Canlı aləmin yaşam tərzi üçün əvəzolunmaz
təbii təbiət cismi olan torpaq, biosferin vacib tərkib hissəsi
olaraq maddi nemətlərin istehsalında müstəsna əhəmiyyət
kəsb edir. Tarixin bütün mərhələlərində
torpaq insanların istehlak etdiyi maddi nemətlər mənbəyidir.
Maddi nemətlərin heç bir obyekti bəşəriyyət
üçün torpağı əvəz edə bilməz. Təbiətin
bir hissəsi olan torpaq, digər təbii sərvətlər
kimi xalqın əvəzsiz sərvəti olaraq
özünü göstərir. Torpaq münbitliyinin və
biopotensialının bəşəriyyətin həyatında
rolu o qədər böyükdür ki, onların əhəmiyyətini
hər hansı bir dəyər ölçüsü ilə
müqayisə etmək mümkün deyil. Qədim zamanlardan əkinçilər
ağır zəhmətlə torpağı şumladıqca, əkib
becərdikcə, onun barəsində topladıqları bilikləri
nəsildən-nəslə ötürərək
torpağın sirlərini öyrənməyə
başlamışlar. Bu mənada təbii sərvətlərin
uçota alınması insanın təsərrüfat fəaliyyəti
ilə bilavasitə əlaqədar olmuşdur. Əslində
torpaq haqqında biliklərin toplanması, ərazilərin
uçota alınması həm də torpaq haqqında bilgilərin
toplanmasına xidmət etmişdir.
Torpaq ehtiyatlarının mühafizəsində, onlardan səmərəli istifadə edilməsində torpaq kadastr tədbirlərinin həyata keçirilməsinin çox mühüm əhəmiyyəti vardır. Kadastr - fransız sözü olub, hərfi mənası qeydiyyat deməkdir.
“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda deyilir ki, torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur.
Dövlət torpaq kadastrının düzgün və elmi əsaslarla aparılması üçün torpaq kadastrının bütün tərkib hissələrinə aid olan işlərin düzgün icra edilməsi olduqca vacibdir.
Torpaq kadastrı aşağıdakı tərkib hissələrindən ibarətdir:
I. Torpağın qeydə alınması;
II. Torpağın kəmiyyət və keyfiyyətcə uçota alınması;
III. Torpaqların bonitirovkası (keyfiyyətcə qiymətləndirilməsi);
IV. Torpağın iqtisadi cəhətdən qiymətləndirilməsi;
V. Torpaq kadastr xəritələrinin tərtib edilməsi.
Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı dövlət torpaq kadastrının hüquqi tərəfidir. O, Azərbaycan Respublikasının sərhədləri daxilində mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq üzərində hüquqlarının qorunması prinsipini təmin edir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının uçot-qeydiyyat vahidi kimi torpaq sahəsi götürülür. Torpaq sahəsinin uçot-qeydiyyat vahidi kimi götürülməsi onun torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün həm torpaqdan istifadə hüququnun obyekti, həm də təsərrüfat və digər fəaliyyət növünün obyekti kimi çıxış etməsi ilə əlaqədardır.
Torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir.
Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı, dövlət torpaq kadastrının tərkib hissəsi kimi torpaqların hüquqi baxımdan öyrənilməsini təmin edir. Ona görə də torpaq ehtiyatlarının təkcə hüquqi baxımdan deyil, həm də təbii və təsərrüfat baxımından öyrənilməsi dövlət torpaq kadastrının əsas vəzifələrindən biridir.
Torpaqların kəmiyyət və keyfiyyət uçotu isə torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı dövlət torpaq kadastrının tərkib hissəsi kimi, torpaqların hüquqi baxımdan öyrənilməsini təmin edir. Torpaqların kəmiyyət və keyfiyyət uçotunun dəqiqlik dərəcəsi torpaqlardan istifadənin xarakterindən və torpaq resurslarının potensial imkanlarından asılıdır.
Kənd təsərrüfatı yerlərinin (uqodiyaların) uçotu torpaq örtüyünə, normativ vəziyyətinə, ot durumunun tərkibinə və başqa xassələrinə görə aparılır. Bu zaman əkin, dincə qoyulmuş torpaqlar, çoxillik əkmələr, biçənəklər və örüş yerlərinin keyfiyyəti səciyyələndirilir.
Konkret desək, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu torpaq ehtiyatlarının miqdarı, yerləşməsi və təsərrüfat istifadəsi haqqında geniş məlumatların toplanması, sistemləşdirilməsi və təhlili ilə bağlı dövlət torpaq kadastr tədbiridir.
Torpaqların bonitirovkası torpağın istehsal vasitəsi kimi özünəməxsus xüsusiyyətlərə malik olması, digər tərəfdən kənd təsərrüfatı istehsalının sənaye istehsalından fərqli olaraq müqayisəli şəkildə qiymətləndirilməsini zəruri edir. Belə ki, eyni miqdarda sərf olunmuş əmək və məsrəf müqabilində əkinçinin əldə etdiyi məhsul və ya gəlir torpaqların münbitliyindən və əməyin daha çox sərf edildiyi torpaqda əlavə gəlir və ya renta digərlərindən çox olur.
Torpaqların bonitirovkası - münbitliyə görə 100 ballı sistem üzrə torpaqların müqayisəli şəkildə keyfiyyətcə qiymətləndirilməsidir. Bu da torpaq kadastrının çox vacib tərkib hissəsidir. Torpaqların bonitirovkası aşağıdakı vəzifələri həyata keçirir.
1. Respublika, region, inzibati rayon, təsərrüfatlar səviyyəsində torpaqların və kənd təsərrüfatı yerlərinin (uqodiyaların) keyfiyyətinə görə müqayisəli şəkildə bal ilə ifadə olunmuş genetik-istehsal qiymətini tapmaq (ümumi bonitirovka);
2. Kənd təsərrüfatı bitkilərinin elmi əsaslarla yerləşdirilməsi məqsədilə torpaq sahələrini və əraziləri (taxılçılıq, pambıqçılıq, üzümçülük, çayçılıq, meşə, yay və qış otlaqları və digər sahələrin xüsusi bonitirovkası) müəyyən etmək;
3. Relyef, iqlim, torpaq şəraiti nəzərə alınmaqla kənd təsərrüfatında səmərələşdirici sistemlərin (dağ əkinçiliyi, aqromeşəmeliorasiya, eroziya əleyhinə meşə zolaqları və s.) layihələndirilməsinə və tətbiqinə kömək etmək;
4. Kənd təsərrüfatına yararlı torpaqlara dəymiş ziyanın həcmini, həmçinin torpaq vergilərini və torpaqların normativ qiymətlərini hesablayarkən obyektiv göstərici kimi çıxış etmək;
5. Fermerlərə müxtəlif təbii xassəli torpaqlar üçün qısa və uzun müddətli istehsal planlarını tərtib etməkdə yardımçı olmaq.
Dövlət torpaq kadastrının ən əhəmiyyətli tərkib hissələrindən biri torpaqların (torpaq yerinin) iqtisadi qiymətləndirilməsidir. Torpaqların iqtisadi qiymətləndirilməsi kənd təsərrüfatında əsas istehsal vasitəsi olan torpaq yerinin münbitliyinin iqtisadi göstəricilər əsasında səciyyələndirilməsidir. Başqa sözlə, torpağın keyfiyyətinin pulla ifadəsidir.
Torpaqların iqtisadi qiymətləndirilməsinin torpaqların bonitirovkasından əsas fərqi odur ki, torpaqların bonitirovkası torpağı təbiət cismi kimi, kənd təsərrüfatı istehsalının iqtisadi şəraitini nəzərə almaqla öyrənir. Torpağın qiymət göstəricisi kimi məhsuldarlığın kənd təsərrüfatı istehsalının bir sıra məsələlərinin həllində böyük əhəmiyyəti var. Lakin yalnız müxtəlif keyfiyyətli torpaqlara eyni miqdarda xərc qoyulduğu şəraitdə torpaqların keyfiyyətini əks etdirir.
Hesablamalar torpaq (keyfiyyət) qrupları üzrə əkin üçün ümumi, kənd təsərrüfatı bitkiləri üçün fərdi qiymətləndirmə şkalaları qurulmaqla aparılır.
Torpaqların normativ (pulla) qiymətinin müəyyən edilməsi həm torpaq istifadəçilərini, həm də dövləti maraqlandıran məsələdir. Respublikamızda torpaq islahatından sonra təşəkkül tapan yeni torpaq-mülkiyyət münasibətləri bu məsələni daha vacib etmişdir.
Torpaqların bonitiovkası və iqtisadi qiymətləndirilməsindən fərqli olaraq respublikamız da daxil olmaqla keçmiş Sovetlər İttifaqında torpaqların normativ qiymətləndirilməsi sahəsində kifayət qədər təcrübə olmamışdır.
Respublikamızda torpaqların normativ qiymətinin müəyyən edilməsinin bu qaydası ulu öndərimizin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Torpaq - kadastr xəritələrinin tərtibi kadastrın sonuncu mərhələsidir. O, kadastrın tərkib hissəsi olan torpağın qeydə alınması, kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası, iqtisadi qiymətləndirilməsi işlərinin məcmusu kimi çıxış edir.
Torpaq kadastr sisteminin isə 5 tərkib hissəsi, iki əsas növü vardır. Torpaq kadastrının əsas vəzifəsi torpaqların hüquqi, təsərrüfat və təbii vəziyyəti haqqında ilkin məlumatları toplamaq və yaxud mövcud olanları dəqiqləşdirmək və onları torpaq kadastrı sənədləri üzərinə keçirməkdən ibarətdir. Təsdiq olunmuş torpaq kadastr sənədləri doldurulduqdan sonra həyata keçirilir. Zəruri olan hallarda mövcud materiallarda düzəlişlər edilir və yaxud çatışmayan informasiyanı əldə etməkdən ötrü əlavə işlər görülür. Beləliklə, əsas torpaq kadastrı vahid torpaq fondu haqqında dəqiq informasiya verməklə ondan düzgün və səmərəli istifadə üçün geniş imkanlar açır.
Cari torpaq kadastrı isə əsas torpaq kadastrı kimi torpaq qanunçuluğuna uyğun olaraq torpaqların dövlət, bələdiyyə və xüsusi mülkiyyətə bölünməsi prinsipi əsasında formalaşmış torpaq münasibətlərini qoruyur və tənzimləyir, torpaq ehtiyatlarından səmərəli istifadəyə nəzarət edir.
Cari torpaq kadastrında əsas
torpaq kadastrının materiallarından istifadə olunur.
Yalnız torpaqların vəziyyətində və onlardan
istifadədə dəyişikliklərin baş verdiyi ərazilərdə
sahə ölçmə işləri və dəqiqləşmələr
aparılır. Beləliklə, cari torpaq kadastrı əsas
torpaq kadastrından görülən işlərin həcminə
və xarakterinə görə də fərqlənir. Cari
torpaq kadastrında da əsas torpaq kadastrındakı dəqiqlik
gözlənilməlidir. Tələb olunan dəqiqlik gözlənilmədikdə
torpaq kadastr sənədlərinin keyfiyyəti və əhəmiyyəti
aşağı düşür.
Dövlət torpaq
kadastrının əsas prinsipləri belədir:
Torpaq kadastrının
vahidliyi.
Torpaq kadastrının
qanuniliyi.
Torpaq kadastrının fasiləsizliyi.
Torpaq kadastrının
obyektivliyi.
Torpaq resurslarından səmərəli
istifadənin təşkilində əsas şərt vahid
torpaq fondu üzərində dövlət idarəçiliyini
və nəzarətini möhkəmlətmək, dövlətin
səlahiyyətli orqanlarını, həmçinin torpaq
mülkiyyətçilərini, istifadəçilərini və
icarəçilərini torpaqların vəziyyəti
haqqında mötəbər, dürüst və elmi əsaslarla
əldə edilmiş məlumatlarla təmin etməkdir.
Dövlət torpaq kadastrı aparılarkən torpaq
ehtiyatlarının elmi əsaslarla hüquqi, təbii və təsərrüfat
baxımından öyrənilməsi bir sıra prinsiplərin
gözlənilməsini tələb edir. Dövlət torpaq
kadastrının əsas prinsipləri onun vahidliyi, qanuniliyi,
fasiləsizliyi, obyektivliyi, əyaniliyi və sadəliyidir.
Torpaq kadastrının
vahidliyi prinsipi dövlət torpaq kadastr tədbirlərinin
bütün ölkə ərazisini əhatə etməklə
vahid sistem əsasında aparılmasıdır. “Dövlət
torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu
haqqında” Azərbaycan Respublikasının Qanununda deyilir ki,
“dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan
və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının
hüdudları daxilində yerləşən bütün
torpaq sahələrində mütləq, müstəqil və
vahid sistem üzrə aparılır”. Bu, vahid torpaq fondunun vəziyyətini
və paylanmasını düzgün analiz etməyə və
müxtəlif ərazi vahidləri daxilində torpaq
ehtiyatlarından səmərəli istifadənin
yollarını planlaşdırmağa imkan verir. Lakin dövlət
torpaq kadastrının vahidliyi bütün torpaq
kateqoriyaları və torpaq mülkiyyətçiləri,
istifadəçiləri və icarəçiləri
üçün torpaq kadastr məlumatlarının eyni
cür detallaşdırılması demək deyildir. Torpaq
kadastr məlumatlarının detallaşma dərəcəsi və
dolğunluğu torpağın istehsalat və digər fəaliyyət
sahələrində əhəmiyyəti və həmçinin
dövlət, bələdiyyə və xüsusi mülkiyyətçilərin
ona olan tələbi ilə ölçülür. Ona görə
də torpaq kadastrında kənd təsərrüfatı təyinatlı
torpaqlar, yaşayış məskənləri və meşə
fondu torpaqları haqqında daha dolğun və dəqiq məlumatların
toplanmasına üstünlük verilir. Sənaye, nəqliyyat
və digər qeyri-kənd təsərrüfatı
torpaqları ümumi şəkildə də
detallaşdırılmadan səciyyələndirilir.
Dövlət torpaq
kadastrının aparılmasının
düzgünlüyü və onun məlumatlarından istifadə
dövlət hakimiyyəti orqanları tərəfindən təmin
edilir. Torpaq kadastrının vahidliyini təmin etmək və
mülkiyyət növlərindən asılı olmayaraq
bütün torpaq ehtiyatlarından səmərəli istifadəyə
nəzarət Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi tərəfindən həyata keçirilir.
Dövlət torpaq
kadastrına mərkəzi rəhbərliklə yanaşı,
bu prinsipin həyata keçirilməsində torpaq kadastr sənədlərinin
uçot və hesabatında vahid qaydaların tətbiqinin də
əhəmiyyəti olduqca böyükdür. Lakin torpaq kadastr
sisteminin vahidliyi müxtəlif təbii-iqtisadi zonalarda
torpağın və ondan istifadənin özünəməxsus
xüsusiyyətlərinin torpaq-kadastr sənədlərində
əks etdirilməsini inkar etmir. Bu xüsusiyyətlər torpaq
kadastrında köməkçi sənədlər şəklində
əlavələrdə verilir.
Torpaq kadastrının
qanuniliyi. Dövlət torpaq kadastrı aparılarkən
bütün mülkiyyət növlərinin keşiyində
duran qanunilik prinsipinin gözlənilməsi məsələsinə
xüsusi diqqət yetirilir. Bu prinsipin yerinə yetirilməsi Azərbaycan
Respublikasının torpaq qanunvericiliyi vasitəsilə həyata
keçirilir. Dövlət torpaq kadastrının qanuni fəaliyyətini
təmin edən hüquqi sənədlərə “Azərbaycan
Respublikasının Torpaq Məcəlləsi”, “Dövlət
torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu
haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaqların
münbitliyi haqqında”, “Torpaq icarəsi haqqında” qanunlar,
“Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin
hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamə,
“Örüş, otlaq və biçənək sahələrinin
istifadəyə və icarəyə verilməsi, habelə
istifadə edilməsi qaydaları” və başqaları
daxildir.
Dövlət torpaq
kadastrı fasiləsizlik prinsipi əsasında fəaliyyət
göstərməlidir. Yəni o, vahid torpaq fondunda baş verən
istənilən dəyişikliklər haqqında daim məlumat
verməlidir. Bu o deməkdir ki, torpaq kadastr məlumatları
torpaq örtüyünün təbii, təsərrüfat və
hüquqi vəziyyətində baş verən bütün dəyişiklikləri
əks etdirməklə mütəmadi olaraq dəqiqləşdirilməlidir.
Torpaq kadastr məlumatlarını həm müasir səviyyədə
saxlamaq, həm də eyni zamanda bu məlumatların müəyyən
müddət ərzində sabitliyinə nail olmaqdan
ötrü dəyişikliklər və əlavələr
torpaq kadastr sənədlərinə ildə bir dəfə əlavə
edilir.
Dövlət torpaq
kadastrı obyektiv, torpaq kadastr sənədlərinin göstəriciləri
dürüst və həqiqətə tam uyğun
olmalıdır. Kənd təsərrüfatı yerləri
haqqında məlumat onların faktiki vəziyyətini əks
etdirməlidir. Yalnız torpağın hüquqi rejiminə, təbii
vəziyyətinə və təsərrüfat istifadəsinə
dair obyektiv məlumatlar ölkənin vahid torpaq fondunun idarə
edilməsində və ondan istifadə ilə bağlı məsələlərdə
uğurla istifadə edilə bilər. Ona görə də
torpaq kadastr sənədlərinin ilkin doldurulması və həmçinin
cari dəyişikliklərin sənədlərə daxil edilməsi
dəyişiklikləri təsdiq edən sənədlər əsasında
həyata keçirilir. Bununla da torpaq kadastr məlumatlarının
mötəbərliyi və onların torpaqdan istifadənin
faktiki vəziyyətinə tam uyğunluğu əldə
edilir.
Torpaq kadastr məlumatlarından
gündəlik istehsalat fəaliyyətində geniş istifadə
etməkdən ötrü o, kənd təsərrüfatı
mütəxəssisləri üçün kifayət qədər
əyani şəkildə verilməli, əlavə göstəricilərdən
azad olmalıdır. Yalnız qeyd edilən prinsiplərin
gözlənilməsi torpaq kadastrının düzgün
aparılmasını və torpaqdan istifadəyə nəzarəti
təmin edə bilər.
Əsas və cari torpaq
kadastrı torpaq-kadastr sənədləri sisteminə uyğun
aparıla bilər. Azərbaycan Respublikasında dövlət
torpaq kadastrını formalaşdıran vahid torpaq-kadastr sənədləri
sistemi var:
- torpağa mülkiyyət
hüququna dair dövlət aktı;
- torpaqdan daimi istifadə
hüququna dair dövlət aktı;
- torpağın mülkiyyətə
verilməsinə dair şəhadətnamə;
- torpaqdan müvəqqəti
istifadə hüququna dair şəhadətnamə;
- notarial qaydada təsdiq
edilmiş və qeydiyyata alınmış icarə müqavilələri.
Azərbaycan
Respublikasının inzibati-ərazi vahidləri üzrə
aparılan torpaq üzərində mülkiyyət və
torpaqlardan daimi istifadə hüququna dair dövlət
aktlarının, habelə icarə müqavilələrinin
qeydiyyat kitabları və plan-xəritə materialları və
sair kəmiyyət və keyfiyyət göstəriciləri
üzrə uçotunun illik hesabat formaları, şəhərsalma
kadastrının məlumatları və materialları nəzərə
almaqla torpaq sahələrinin ölçülərini,
kateqoriyalarını kəmiyyət və keyfiyyət göstəriciləri
və sair sənədlər isə texniki sənədlər
hesab edilir.
Torpağa mülkiyyət
hüququna dair dövlət aktı torpaq islahatı ilə
bağlı, kənd təsərrüfatı müəssisələrinin
və bələdiyyə ehtiyat fondunun özəlləşdirilən
torpaqlarının mülkiyyətçilərinə, habelə
xüsusi mülkiyyətdə olan torpaqların
alqı-satqısı və ya digər özgəninkiləşdirmə
qaydasında əldə edilən Azərbaycan
Respublikasının fiziki və hüquqi şəxslərinə
verilir.
Bütün bunlar və bu
kimi dövlət və bələdiyyə mülkiyyətində
saxlanılan və öz fəaliyyətini həyata
keçirmək üçün verilən torpaqlara görə
onun istifadəçilərinə verilən kadastr sənədlərinin
həyata keçirilməsi, dövlət aktlarının,
şəhadətnamələrin hazırlanmasına, verilməsinə,
dövlət qeydiyyat kitablarının doldurulmasına, habelə
saxlanılmasına ümumi rəhbərlik və nəzarəti
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi həyata keçirir.
Bütün bu cür
hüquqi sənədlərin qeydiyyatı kitabları və
plan kartoqrafiya materialları, rayon və şəhərlər
üzrə torpaq sahələrinin ölçülərini,
kateqoriyalarını, kəmiyyət və keyfiyyət göstəricilərini
əks etdirən torpaq-kadastr kitabları və kartoqrafik materiallar
texniki kadastr sənədlərinə aiddir. Vahid torpaq kadastr sənədləşməsi
sistemini tamamlayan başqa texniki sənədlər də
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
tərəfindən hazırlanır.
Torpaq fondu və ondan istifadənin
vəziyyətinə dair dəqiq və obyektiv məlumatlar
almaqdan ötrü torpaq kadastrının
aparıldığı bütün mərhələlərdə
səhvlərə yol verilməməsi olduqca vacib şərtlərdən
biridir.
Azərbaycanda dövlət
torpaq kadastr tədbirlərinin həyata keçirilməsinə
keçən əsrin 30-cu illərində başlanmasına
baxmayaraq, bu iş əsasən respublikamız ikinci dəfə
müstəqilliyini əldə etdikdən sonra ulu öndərimiz
Heydər Əliyev tərəfindən
düşünülmüş və həyata keçirilməyə
başlanmışdır. Dövlət torpaq kadastr xidmətlərinin
yeni şəraitlərə uyğun olaraq hüquqi, elmi-nəzəri,
praktiki əsaslarının işlənməsi, torpaq kadastr
xidmətinin yenidən qurulması problemlərində cəmləşdirilmiş
və bu sahədə elmi əsaslarla geniş
araşdırmalar aparılmış və
aparılmaqdadır.
Müstəqilliyimizin ilk illərində
torpaq kadastr tədbirlərinin zəifləməsi, torpaqdan
istifadə üzərində nəzarətin olmaması bir
sıra regionlarda torpaqların qanunsuz olaraq zəbt
olunmasına geniş yollar açmışdı. Yalnız
ulu öndərimiz hakimiyyətə gəldiyi ilk gündən
Azərbaycanın həyati məsələləri ilə məşğul
olmağa başladı. Ölkənin dağılmaqda olan iqtisadiyyatını
yeni elmi əsaslarla bərpa etdi, ölkədə bazar iqtisadi
sisteminin qurulmasını təmin etmək məqsədilə
köklü iqtisadi islahatlara başladı.
Məhz bu zərurət Azərbaycan
Respublikasının “Torpaq islahatı haqqında” 16 iyul
1996-cı il tarixli 155 İQ saylı Qanununun qəbul edilməsinə
səbəb oldu.
“Torpaq islahatı haqqında”
Qanun əsasında Azərbaycan Respublikasında torpaq payı
almaq hüququna malik olan şəxslərə torpaq sahəsi
dəyəri ödənilmədən verildi. Bu qanunla təşəkkül
tapmaqda olan yeni torpaq münasibətlərinə uyğun olaraq
dövlət, torpaq kadastr sisteminin
formalaşdırılması üçün də möhkəm
zəmin yaradıldı.
Azərbaycan Respublikasında
dövlət torpaq kadastrı, torpaqların monitorinqi və
yerquruluşu işlərinin aparılmasının hüquqi tənzimi
baxımından “Dövlət torpaq kadastrı, torpaqların
monitorinqi və yerquruluşu haqqında” Azərbaycan
Respublikası Qanununun 22 dekabr 1998-ci ildə qüvvəyə
minməsi isə respublikamızda çox böyük əhəmiyyət
kəsb edən hadisəyə çevrildi.
“Dövlət torpaq
kadastrı, torpaqların monitorinqi və yerquruluşu
haqqında” Qanun Azərbaycan Respublikasının vahid torpaq
fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin həyata
keçirilməsinin hüquqi əsaslarını müəyyən
etməklə yanaşı, bu sahədə təşkilat və
idarəetmənin tənzimlənməsinə geniş imkanlar
yaratdı. Belə ki, torpaq kadastrında torpaq mülkiyyətçiləri,
istifadəçiləri və icarəçilərinin sərəncamında
olan torpaqların ümumi sahəsi, kənd təsərrüfatı
yerlərinin tərkibi, torpaqların keyfiyyəti,
torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi
haqqında məlumatlardan ibarət sənədlər və
materiallar toplanılır, təhlil edilir və sistemləşdirilir.
Torpaq kadastrı vahid torpaq
fondu haqqında dəqiq və dolğun informasiya verməklə
ondan daha düzgün və səmərəli istifadə
üçün geniş imkanlar açır. Uçot
zamanı az məhsuldar və yaxud şorlaşma, şorakətləşmə
və eroziyaya müxtəlif dərəcədə məruz
qalması, torpaq sahələri, kənd təsərrüfatı
yerləri haqqında məlumatın ayrıca verilməsi
olduqca böyük əhəmiyyət kəsb edir.
“Dövlət torpaq
kadastrı, monitorinqi və informasiya Mərkəzi”, “Torpaq
kadastrı, torpaq məlumat bankı və
avtomatlaşdırılmış informasiya Mərkəzi”nin
yenidən təşkil edilməsi haqqında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 26 fevral 1999-cu il tarixli
17/5659 - 10/14 nömrəli göstərişinə, Dövlət
Torpaq Komitəsinin 6 aprel 1999-cu il 8 nömrəli kollegiya
iclasının qərarına və bu qərarın icrası
barədə Dövlət Torpaq Komitəsinin 10 may 1999-cu il
tarixli 14 nömrəli əmrinə əsasən Dövlət
Torpaq Komitəsinin Yerquruluşu Layihə İnstitutunun nəzdində
fəaliyyət göstərən mərkəzləşdirilmiş
“Torpaq kadastrı, torpaq məlumat bankı və
avtomatlaşdırılmış informasiya Mərkəzi”
Yerquruluşu Layihə İnstitutunun tabeliyindən
ayrılıb müstəqil müəssisə kimi təşkil
olundu və “Dövlət Torpaq Kadastrı, Monitorinqi və
İnformasiya Mərkəzi” yenidən təşkil edildi.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
25 may 2002-ci il tarixli 1 nömrəli kollegiya iclasının qərarına
əsasən Dövlət Torpaq Kadastrı və Monitorinqi
Elm-İstehsalat Mərkəzi yaradıldı.
Dövlət Torpaq
Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzində
əsasən Azərbaycan Respublikasında dövlət torpaq
kadastrını formalaşdıran, hüquqi və texniki
kadastr sənədlərindən ibarət olan vahid torpaq kadastr
sənədləşmə sistemi tətbiq olunur.
Dövlət Torpaq
Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi müstəqil
fəaliyyət göstərməklə 2003-2008-ci illərdə
beynəlxalq layihələrdə fəal iştirak
etmişdir. Mütləq qeyd etmək lazımdır ki,
1999-2003-cü illər ərzində Azərbaycanın 1:50000
miqyaslı rəqəmli ümumcoğrafi xəritəsinin
yaradılması məqsədilə Yaponiya hökumətinin
qrantı hesabına Azərbaycan Respublikasının 60 000
kv.km ərazisinin ümumcoğrafi xəritəsi Dövlət
Aerogeodeziya Müəssisəsinin iştirakı ilə tərtib
edildi. Bu layihənin yerinə yetirilməsində DTXK-nın
Aerogeodeziya Müəssisəsinin mütəxəssisləri
ilə birlikdə Yaponiyadan gələn mütəxəssislər
də bir yerdə çalışdılar. Yaponiya qrantı
çərçivəsində Azərbaycan Respublikasında
müasir rəqəmli xəritəçilik texnologiyaları
yerinə yetirmək üçün müasir kompyuter
proqramları və avadanlıqlar alındı. Layihə
1:40000 miqyaslı aerofotoşəkillərdən istifadə etməklə
yerinə yetirilmişdir. Bu layihə çərçivəsində
sözü gedən ərazilərin relyefinin rəqəmli
modeli də yaradılmışdır. 1:50000 miqyaslı
ümumcoğrafi xəritələrdə tətbiq edilmək
üçün şərti işarələrin elektron
versiyası da hazırlanmışdır. 1:50000 miqyaslı
ümumcoğrafi xəritələrdən istifadə etməklə
Azərbaycan Respublikasının bir sıra ərazilərinin
topoqrafik xəritələri hazırlanmışdır.
Beləliklə, ilk dəfə
olaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi və
uzaqgörən siyasəti nəticəsində respublikamızda
elektron-kadastr xəritələrinin hazırlanmasına start
verildikdən sonra Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi bu işləri vaxtında həyata keçirmək
məqsədilə ən müasir, qlobal mövqe müəyyənetmə
cihazları (CPS) aldı ki, bu da görülən işləri
xətasız yerinə yetirməyə imkan verir. Həm də
bu xəritələr üzərində mövcud coğrafi,
fiziki və sair zəruri məlumatları əldə etməklə
bərabər ayrı-ayrı mülkiyyət formalarına dair
mühüm göstəricilər də burada öz həllini
tapır.
Azərbaycan Respublikası
Prezidentinin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq
edilmiş “Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”na əsasən və regionlarda yeni iş yerlərinin
açılması və əhaliyə xidmət səviyyəsinin
daha da yaxşılaşdırılması üçün
hazırda regionlarda 19 regional mərkəz
açılmış və yeni iş yerləri, lazımi
avadanlıqlarla təmin edilmişdir. Regional kadastr mərkəzlərinin
texniki bazası gücləndirilmiş, iş
potensialının artırılması üçün yerlərdə
mütəxəssislərə müasir avadanlıqlarla
işləmək üçün həm çöl işlərində,
həm də kameral işləri yerinə yetirmək
üçün təlimlər keçirilmişdir. Eyni
zamanda, mərkəzə mütəxəssislərin işə
götürülməsi istiqamətində 39 mütəxəssis
işlə təmin olunmuşdur.
Azərbaycan Respublikası
Prezidentinin 25 may 2006-cı il tarixli 411 nömrəli fərmanına
qədər Dövlət Torpaq Kadastrı və Monitorinqi
Elm-İstehsalat Mərkəzində 15.945 Dövlət
Aktı, 578763 şəhadətnamə, daimi istifadə
üçün 707, icarə üçün 6892,
alqı-satqı üçün isə 30531 sənəd
verilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin 28 fevral 2007-ci il tarixli 536 nömrəli “Torpaq sahəsinin
planı və ölçüsü nümunələrinin təsdiq
edilməsi haqqında” fərmanına əsasən Torpaq
Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzində
torpaq sahələri üzərində kompleks 114
yaşayış məntəqəsi, 50264 sənəd, fərdi
52297 torpaq sahəsinin planı və ölçüsü
hazırlanmış, bələdiyyələrə texniki sənədlərin
verilməsi 530-a çatmışdır.
(ardı növbəti sayımızda)
Qərib MƏMMƏDOV,
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri, akademik
Xalq qəzeti.- 2010.- 7 yanvar.- S. 3.