Qadınlara qarşı
zorakılıq insanlığa qarşı cinayətdir
Azərbaycanda qadınlara qarşı
zorakılığın aradan qaldırılması istiqamətində
daim siyasi iradə nümayiş etdirilmiş, bu istiqamətdə
bir çox təsirli tədbirlər həyata
keçirilmiş, mühüm əhəmiyyətli qərarlar
qəbul olunmuşdur. Ölkəmiz qadınlara qarşı
zorakılıqla mübarizədə bir sıra konvensiyalara
qoşulmuş, 2006-cı ildən Avropa Şurasının və
BMT-nin bu istiqamətdə həyata keçirdikləri
kampaniyalarda fəal iştirak etmişdir. Avropa Şurası,
BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar
qadın hüquqlarının müdafiəsi və məişət
zorakılığına qarşı mübarizədə
vahid mövqe nümayiş etdirirlər. Azərbaycanda bu sahə
dövlətin daim diqqət mərkəzində
saxladığı prioritet məsələlərdəndir.
Azərbaycan
qadını öz iradəsi, mərdliyi, sədaqəti və
namusu ilə cəmiyyətimizin həyatında,
xalqımızın milli-mənəvi dəyərlər
sisteminin formalaşdırılmasında müstəsna rol
oynamışdır. Hələ orta əsrlər
dövründə qadınlarımızın fəaliyyəti
özünü büruzə vermişdir. O dövrdə də
Azərbaycan mədəniyyətinin və elminin inkişafında
xalqımızın milli-mənəvi ənənələrinin
qorunub saxlanılması və zənginləşdirilməsində
bu zərif cinsin nümayəndələrinin böyük rolu
olmuşdur.
XIX əsr Azərbaycanın
ictimai-siyasi həyatında qadınların fəallığı
və böyük yaradıcılıq uğurları ilə
yadda qalıb. Həmin əsrdə ölkəmizdə baş
verən iqtisadi, siyasi və mədəni proseslər
qadınların maariflənməsinə, həmçinin
ictimai həyatda daha fəal iştirak etməsinə ciddi təsir
göstərdi. Anadilli məktəblərin, qadın
gimnaziyalarının təşkili, demokratik mətbuatın və
digər amillərin yaradılması Azərbaycan
qadınlarının hərtərəfli inkişafı
üçün əlverişli şərait yaratdı. 1918-ci
ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə
Azərbaycan qadınının demokratik cəmiyyətin fəal
üzvünə çevrilməsi üçün geniş
imkanlar yarandı. Sovet hakimiyyəti dövründə də
qadınlarımız çox mürəkkəb və şərəfli
bir yol keçmişlər. Qadınlar arasında
savadsızlığın mütəşəkkil surətdə
aradan qaldırılması məhz həmin dövrə təsadüf
edir. Azərbaycan qadınlarının müxtəlif peşələrdə
— müəllim, həkim, mühəndis və digər sahələrdə
çalışmasına şərait yaradıldı. Onlar cəmiyyətdə
kişilərlə bərabər hüquqlara malik oldular. Həmçinin
qadınların maariflənməsi, ictimai fəallığının
artırılması istiqamətində mühüm əhəmiyyətli
tədbirlər həyata keçirildi. 1923-cü ildə
“Şərq qadını” jurnalının nəşrə
başlaması Azərbaycanda qadın hərəkatı
tarixində ən əlamətdar hadisə hesab edilir. Bundan
sonra qadınlarımızın ictimai-siyasi hərəkatları,
fəaliyyəti xeyli yaxşılaşdırıldı,
onların fəallığı artdı.
Azərbaycan qadınları həmişə öz namusu, isməti, sədaqəti, etibarı, mərdliyi və cəsarəti ilə digər xalqların zərif cinsli nümayəndələrindən fərqlənib. Mən İkinci Dünya müharibəsi dövründə qadınlarımızın göstərdiyi qəhrəmanlıqları xatırlatmaq istərdim. O dövrdə bir çox sahələrdə cəbhəyə getmiş kişiləri qadınlar əvəz etdi. Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədova və Sona Nuriyeva kimi təyyarəçilər, Şövkət Səlimova kimi qadın gəmi kapitanı yetişmişdir. Müharibə dövründə qadınlarımız ön cəbhədə böyük mərdliklə, qəhrəmanlıqla döyüşmüş, arxa cəbhədə əmək rəşadəti, fədakarlıq nümayiş etdirmiş, düşmənlərə ciddi zərbə vuran kişilərə mənəvi dayaq olmuşlar. Bütün bunlar Azərbaycan qadınının mərdliyini və dözümlülüyünü təcəssüm etdirən faktlardır.
Sovet hakimiyyəti illərində Azərbaycan qadını daha fəal olmuş, elm və mədəniyyət sahələrində, əmək meydanlarında böyük nailiyyətlər, uğurlar əldə etmişlər. Qadınlarımızın qazandığı uğurlar respublikamızın hüdudlarını aşaraq digər ölkələrə də yayılmışdır. O dövrün mədəniyyət və incəsənət xadimləri, zəhmət adamları, əmək qəhrəmanları bu gün də böyük hörmət və ehtiramla yad edilirlər. Onların əksəriyyətinin adları əbədiləşdirilərək böyük küçələrə, təhsil və səhiyyə müəssisələrinə verilib.
Sovet hakimiyyəti dövründə Azərbaycan qadınlarının üç qurultayı keçirilib. Bu qurultaylar Azərbaycanda qadın hərəkatının inkişafında, onun daha mütəşəkkil formalaşmasında böyük rol oynamışdır. XX əsrdə qadınlarımız sürətli inkişaf yolu keçmişlər. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində çox böyük dəyişikliklər baş vermişdir. Neçə-neçə əmək adamları o dövrün ən şərəfli, yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, habelə digər dövlət mükafatları ilə təltif olunmuşlar. Qadınlarımız SSRİ Ali Sovetinə deputat seçilmişlər. Azərbaycanın adının İttifaq miqyasında daha uca zirvələrə yüksəlməsində qadınlarımızın müstəsna rolu olmuşdur. Həmin dövrdə Azərbaycan qadınlarına böyük etimad göstərilərək, yüksək vəzifələrdə işləməsinə şərait yaradılırdı. Rəşadətli, şərəfli yol keçmiş belə qadınlarımız zaman-zaman yetişən gənc nəslə, qızlarımıza gələcəkdə seçdikləri yolda örnək olmuşlar.
Bütün bunlara baxmayaraq, Azərbaycan qadınlarını da respublikamızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü daim düşündürmüşdür. Rus imperiyasının təsiri altından çıxmaq, müstəqil Azərbaycan dövləti qurmaq qadınlarımızı düşündürən əsas məsələlərdən biri olmuşdur. 1988-ci ildən Azərbaycanda müstəqillik, istiqlaliyyət uğrunda başlanan mübarizədə qadınlarımız ön sıralarda olmuşlar. Həmin vaxt respublikamızda cərəyan edən mürəkkəb proseslərdə qadınlarımız kişilərlə bərabər mübarizə aparırdılar. SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun respublikamızın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə cəhd göstərməsinə dözməyən qadınlarımız öz haqq səslərini qaldırmış, müstəqillik uğrunda böyük əzmkarlıq göstərmişlər. SSRİ-nin dövlət başçısı M. Qorbaçovun millətlər arasında açıq-aşkar ayrı-seçkilik etməsinə dözməyən xalqımızın haqq səsi Kremli silkələdi. Bundan qorxuya düşmüş M. Qorbaçov təpədən-dırnağadək silahlanmış imperiya ordusunu əliyalın xalqın üstünə göndərdi. 1990-cı ilin 20 yanvar günü Azərbaycan tarixinə qanla yazıldı. Azadlıq, istiqlaliyyət, ərazi bütövlüyü uğrunda mərd oğullarımızla bərabər qadınlarımız da cəsarətlə mübarizə apardılar. Onlar imperiya ordusunun qarşısından qaçmadılar, azadlıq və müstəqillik uğrunda şəhidlik zirvəsinə ucaldılar.
20 Yanvar faciəsi Azərbaycan qadınının etibarlı, sədaqətli, alicənab olmasını bir daha təsdiqlədi. Bakının ən uca yerində salınmış Şəhidlər Xiyabanına gedənlərin diqqətini ilk növbədə gəlinlik duvağı hələ başından düşməmiş, buz kimi məzarın baş daşında gülümsər çöhrəsi əks olunmuş Fərizənin şəkli cəlb edir. O, ərinin şəhid olduğunu eşitdikdən sonra bu ayrılığa dözə bilməyib həyatının qalan hissəsini ona qurban verdi. Bax, budur Azərbaycan qadınının sədaqəti, etibarı, namusu, qeyrəti! Hansı bir xalqın zərif cinsli nümayəndəsi belə bir yol seçər, canını qurban verərdi? Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıq zirvəsinə ucalan qadınlarımız hər birimizin qəlbində əbədi yaşayacaqdır! Mən milli qəhrəmanlar jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərovanın adlarını xüsusi qeyd etmək istərdim. Onlar yeni dövrün fədakarlıq rəmzi olaraq həyat durduqca yaşayacaqlar.
Ermənistan silahlı qüvvələrinin ərazimizin 20 faizini işğal etməsi nəticəsində öz doğma yurd-yuvalarından, isti ocaqlarından, dədə-baba evlərindən didərgin düşmüş bir milyondan çox soydaşımızın çox çətin və dözülməz qaçqın və köçkünlük həyatının ağırlığı ilk növbədə anaların, bacıların, qız-gəlinlərin üzərinə düşür. Bütün bu çətinliklərə baxmayaraq, onlar yurd həsrəti ilə yaşayırlar, əzab-əziyyətlərə sinə gərirlər. Həmişə sülhün, əmin-amanlığın carçısı olmuş, müharibəyə “yox!” deyən Azərbaycan qadınları respublikamızda baş vermiş mürəkkəb ictimai-siyasi proseslərin gedişində daim milli dövlətçilik mövqeyindən çıxış edirlər.
1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli xahişi ilə yenidən siyasi hakimiyyətə gəldikdən sonra ölkənin ictimai-siyasi həyatında qadınların daha fəal iştirakına, onların müxtəlif vəzifələrdə çalışmalarına, seçkili orqanlarda iştirakına şərait yaradıldı. Məhz qüdrətli şəxsiyyətin rəhbərliyi ilə öz təsdiqini tapmış müstəqil Azərbaycanın ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsbit etdi və demokratik dövlət quruculuğu prosesində onların iştirakının hüquqi bazasını yaratdı. Cəmiyyətdə gedən demokratikləşmə prosesində qısa müddət ərzində müasir dövrün tələblərinə uyğun çoxlu sayda qadın təşkilatları meydana gəldi. Bu təşkilatların əsas məqsədi Azərbaycan qadınının ictimai-siyasi həyatda rolunu daha da artırmaq, onların sosial-iqtisadi problemlərinin həlli, qadın zorakılığının, məişət zorakılığının qarşısını almaq idi.
Bütün bunlarla bərabər sirr deyil ki, respublikamızın bir sıra rayonlarında, paytaxtda qadınlarımız məişət zorakılığına məruz qalır, qızlar yeniyetmə dövrlərində, 15-16 yaşlarında ərə verilirlər. Ümumiyyətlə, dünyanın elə bir ölkəsi yoxdur ki, orada məişət zorakılığı faktı qeydə alınmasın. Məişət zorakılığı sağlam cəmiyyətin formalaşmasına ciddi əngəllər yaradır. Bunun qarşısının alınması üçün BMT-nin 1999-cu ildə qəbul etdiyi qərara əsasən hər il noyabrın 25-i məişət zorakılığına qarşı beynəlxalq mübarizə günü elan olunub. 1992-ci ildən BMT-nin üzvü olan Azərbaycan söz və vicdan azadlığının təmin edilməsi ilə əlaqədar öhdəlik götürmüş və bu sahədə üzərinə düşən vəzifələri uğurla icra edir. Biz nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da bunun şahidi oluruq. İctimaiyyət nümayəndələrinin təklifləri əsasında “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsinin hazırlanması da ölkəmizin beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin və qoşulduğu konvensiyaların tələblərinin uğurla yerinə yetirilməsindən xəbər verir. Qeyd etmək istərdim ki, Azərbaycanda məişət zorakılığı istiqamətində həyata keçirilən tədbirlər, görülən işlər beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Bu sahədə hazırlanan qanunlar Avropa standartlarına uyğunlaşdırılır. “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlər cəmiyyətin maarifləndirilməsində böyük rol oynayır. Belə tədbirlər bu günlərdə Milli Məclisdə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Dövlət İdarəçilik Akademiyasında və digər yerlərdə keçirilmişdir. Belə tədbirlər böyük əhəmiyyət kəsb edir. Keçirilən tədbirlərdə də qeyd olunmuşdur ki, Azərbaycan dövləti qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində siyasi iradə nümayiş etdirmiş, bu sahədə bir çox təsirli tədbirlər həyata keçirilmişdir. Gələcəkdə qadın zorakılığının qarşısının alınması üçun daha zəruri tədbirlərin həyata keçirilməsi, qanunvericilik aktlarının qəbul olunması nəzərdə tutulub.
Respublikada qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin fərmanı ilə Dövlət Komitəsinin əhatə dairəsi daha da genişləndirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çevrildi. Bundan sonra qadınlarımızın müstəqil dövlətimizin ictimai-siyasi həyatındakı roluna daha əlverişli şərait yaradıldı.
Hazırda yeni-yeni qadın təşkilatları formalaşır. Fəaliyyətdə olan qadın təşkilatları isə öz əhatə dairəsini daha da genişləndirirlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi məntiqli daxili və xarici siyasəti sayəsində respublikada istər sosial, istərsə də iqtisadi baxımdan böyük yüksəliş, uğurlu nailiyyətlər əldə olunmuşdur. Bu siyasətin təsdiqi olaraq son illər ölkəmizdə gender bərabərliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmiş və bu sahədə dövlət proqramları qəbul olunmuşdur. Belə zəruri sənədlər qadınların ictimai-siyasi həyatdakı rolunu, onların fəaliyyətini daha da artırmışdır. Bu gün Azərbaycan qadınının səsi, sədası, xoş sorağı dünyanın ən yüksək tribunalarından eşidilməkdədir. Bu, bizim hər birimiz üçün böyük fəxrdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr, dövlət qadın siyasəti istiqamətindəki çoxşaxəli fəaliyyəti qadınlarımızın səs-sədasının daha yüksək tribunalardan eşidilməsinə təkan verir. Ölkənin birinci xanımının yorulmaz fəaliyyəti, diqqət və qayğısı sayəsində qadın siyasətinin gerçəkləşməsində əsaslı dönüş yaranıb. Bütün bunlar qadınlara qarşı zorakılığın qarşısının alınmasında böyük rol oynayır. Qadınlara qarşı zorakılıq insanlığa qarşı cinayətdir. Azərbaycan dövlətinin ardıcıl həyata keçirdiyi tədbirlər, siyasi iradə nümayiş etdirməsi bu cinayətin qarşısının alınmasında öz təsirini göstərməkdədir.
Sona MƏMMƏDBƏYOVA,
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının
mətbuat xidmətinin rəhbəri,
filologiya elmləri namizədi
Xalq qəzeti.- 2010.- 7 yanvar.- S. 2.