Azərbaycanın sənaye müəssisələrində rəqabət qabiliyyətli məhsul istehsal edilir

 

Bu gün ölkəmizdə böyük imkanlara malik istehsal gücləri, sənaye obyektləri mövcuddur. Hazırda əsas məqsəd həmin güclərdən — sənaye potensialından səmərəli istifadə etməklə istər daxili, istərsə də xarici bazarda rəqabət qabiliyyətli, beynəlxalq standartlara uyğun məhsul istehsalını reallaşdırmaqdır. Neft, maşınqayırma, kimya, emal müəssisələrinin bir qismində bu məsələ artıq öz müsbət həllini tapıb. Başqa sözlə, bazar iqtisadiyyatı münasibətləri şəraitində buraxılan bəzi neft-mədən avadanlıqları, kimya məhsulları təkcə respublika daxilində deyil, həm də xaricdə yüksək keyfiyyətlərinə görə alıcıların diqqətini cəlb edib.

 

Ölkəmizdə əsaslı iqtisadi islahatların davam etdirilməsi, özəlləşdirmə və bazar iqtisadiyyatı istiqamətində həyata keçirilən tədbirlərin nəticələri sənaye potensialının artmasına öz müsbət təsirini göstərir. Sənaye müəssisələrinin istehsalı gücləndirməsi, xarici bazarla əlaqələri möhkəmləndirməsi sabitliklə, iqtisadiyyatımızdakı dinamik proseslərlə bağlıdır. Ölkənin sənaye müəssisələri də bu sabitlikdən, iqtisadi islahatlardan yararlanaraq, istehsalı artırmaq, keyfiyyəti yüksəltmək, dünya bazarına çıxmaq əzmindədir. Bunu Dövlət Statistika Komitəsinin bu ilin on bir ayının yekunlarını əks etdirən məlumatı da aydın göstərir.

Hesabat dövründə iqtisadiyyatın sənaye sahəsində təsərrüfat subyektləri tərəfindən 19,8 milyard manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Əsas sənaye məhsulları olan xam neftin həcmi 13,5 faiz səviyyəsində artaraq 46,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 1,3 faiz artaraq 14,8 milyard kubmetr olmuşdur.

Hesabat dövründə sənaye məhsulunun beşdə dörd hissəsi özəl bölmənin payına düşmüş, ümumi istehsalın 92,7 faizi sənaye mallarının, 7,3 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Sənaye fəaliyyətinin 75,5 faizi mədənçıxarma, 19,2 faizi emal, 5,3 faizi isə elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində həyata keçirilmişdir.

Sənayedə fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin məhsul istehsalı 737,7 milyon manat olaraq, ümumi buraxılışın 3,7 faizini təşkil etmişdir.

Sənayenin mədənçıxarma bölməsi ölkə iqtisadiyyatı üçün xüsusi önəm daşıyır və bu sahədə istehsalın həcmi 15 milyard manat olmaqla ötən ilin müvafiq dövrünü 12,4 faiz qabaqlamışdır.

Yanvar-noyabr aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən 38,6 milyon ton neft və ya 17 faiz çox, 9,1 milyard kubmetr və ya 12 faiz çox əmtəəlik təbii qaz hasil edilmişdir. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən müştərək müəssisələr xam neft hasilatını 0,8 faiz artırmışlar.

Hasilatına bu il başlanmış və iqtisadiyyat üçün xüsusi önəmi olan qızılın hasilatı artmış və ötən aylar ərzində mədənlərdən 277 kiloqram qızıl hasil edilərək təmizlənməyə göndərilmişdir.

Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən on bir ay ərzində 2,9 milyon ton çınqıl, qırma daş, xırda çay daşı, 731,4 min ton tikinti qumu və s. istehsal edilmişdir.

Sənayedə ikinci böyük xüsusi çəkiyə malik emal bölməsinin müəssisələri və fərdi sahibkarları tərəfindən 3813,4 milyon manatlıq məhsul istehsal olunmuş, sənaye xarakterli xidmət göstərilmişdir. Qida məhsullarından şəkər istehsalı 2,8 faiz artaraq 262,8 min ton, çay 21,8 faiz artaraq 7,1 min ton, ət 8,3 faiz artaraq 153,7 min ton, süd 3 faiz artaraq 48,5 milyon dekalitr olmuşdur.

Toxuculuq, tikiş, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən on bir ay ərzində 72,5 milyon manatlıq məhsul istehsal edilmişdir. Yanvar-noyabr aylarında pambıq ipliyin istehsalı 1,2 faiz, pambıq yataq ağlarının istehsalı 2,5 dəfə artmışdır. Geyim istehsalında yüksək artım müşahidə olunur. Kişi şalvarının istehsalı 3,7 dəfə, palto, gödəkçə və plaş istehsalı 6,9 faiz artmışdır.

Emal sənayesində ikinci böyük xüsusi çəkisi olan neft məhsullarının istehsalı sahəsində 1214,2 milyon manatlıq məhsul istehsal olunmuşdur. Dövr ərzində 1132 min ton avtomobil benzini, 562,2 min ton ağ neft, 2139,8 min ton dizel yanacağı istehsal edilmişdir. Avtomobil yollarının çəkilişi üçün mühüm əhəmiyyətə malik olan neft bitumunun istehsalı yanvar—noyabr aylarında 13,1 faiz artmış, 224,3 min ton təşkil etmişdir.

Hesabat dövründə kimya sənayesi müəssisələri tərəfindən 146,5 milyon manatlıq məhsul istehsal edilmişdir. Metallurgiya sənayesi müəssisələrində isə 158,7 milyon manatlıq məhsul istehsal olunmuş, xidmətlər göstərilmişdir.

Maşın və avadanlıqların buraxılışında da müsbət göstəricilər əldə edilmişdir. On bir ay ərzində ölkədə traktor istehsal edilərək istehlakçılara satılmışdır. Yanvar-noyabr aylarında 8361 ədəd televizor istehsal olunmaqla 17,9 faiz çoxalmış, kassa aparatlarının istehsalı isə ötən dövrlə müqayisədə artaraq 265 ədəd olmuşdur.

MDB Dövlətlərarası Statistika Komitəsi isə ümumi daxili məhsul (ÜDM) və sənaye məhsulu istehsalına dair 10 aylıq göstəriciləri açıqlayıb. Açıqlamada qeyd olunur ki, yanvar-oktyabrda ÜDM üzrə ən yüksək göstərici - 8,3 faiz Azərbaycanda qeydə alınıbdır. Xatırladaq ki, Dünya İqtisadi Forumunun “2009-2010-cu illərdə dünya ölkələrinin rəqabət qabiliyyətli iqtisadiyyatları haqqında hesabat”ında da Azərbaycanın iqtisadi göstəricilərinə görə mövqeyinin xeyli möhkəmləndirildiyi bildirilirdi. Forumun nəticələrinə əsasən, ölkəmiz rəqabət qabiliyyətli iqtisadiyyata malik dövlətlər sırasında 34-cü pillədən 13-cü pilləyə yüksəlmiş və iqtisadi göstəricilərinə görə, hətta bir çox inkişaf etmiş ölkələri geridə qoymuşdur. Bu, ilk növbədə ölkədə düzgün müəyyənləşdirilmiş davamlı iqtisadi siyasətin nəticəsində mümkün olub. Dünya İqtisadi Forumu ilə paralel olaraq Dünya Bankının (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) tərtib etdikləri sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqi də (“Biznesin aparılması-2010: çətin vaxtda islahatlar” (“Doinq Business-2010") açıqlamışdır. Bu reytinqdə isə Azərbaycan 183 ölkə arasında 38-ci yeri tutubdur. Hesabatı tərtib edən ekspertlər belə hesab edirlər ki, biznes sahəsində son islahatlar Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradılmasına imkan verib. MDB Dövlətlərarası Statistika Komitəsinin son açıqlamasında o da bildirilir ki, Azərbaycan MDB məkanında yeganə ölkədir ki, sənaye məhsulları istehsalında artım əldə edilib. Belə ki, ötən 10 ayda respublikada sənaye məhsulları istehsalının artımı 2008-ci ilin eyni dövründəkindən 7,4 faiz çox olub.

Ölkəmizdə istər sənaye, istərsə də digər sahələrdə inkişafın təmin edilməsi birbaşa vətəndaşların rifah halının yüksəldilməsinə xidmət edir. Ötən 10 ayda sənaye işçilərinin orta aylıq nominal əməkhaqqı 441 manat təşkil etmişdir ki, bu da 2008-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çox deməkdir. İqtisadi inkişafın yeni mərhələyə qədəm qoyması Azərbaycanın dünyanın qabaqcıl ölkələri ilə rəqabət aparmaq bacarığını ortaya qoyur, ölkənin beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir. Bunu son illər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan iqtisadiyyatının möhkəmlənən və bazar iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində ciddi uğurlara imza atan ölkə kimi səciyyələndirilməsi də sübut edir.

Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişafı respublikamızı bölgənin əsas güc mərkəzinə çevirmiş, iqtisadiyyatda aparılan genişmiqyaslı, köklü islahatlar sayəsində sənaye sahəsində mühüm nəticələr əldə olunmuşdur. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Son illər ərzində aparılan köklü islahatlar, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılan praktiki addımlar bugünkü iqtisadi artımı şərtləndirib. Böhranlı ildə iqtisadiyyatın 6,1 faiz səviyyəsində artması çox gözəl göstəricidir. Deyə bilərəm ki, bölgədə yerləşən ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 15 faiz, 18 faiz səviyyəsindədir. Azərbaycanda isə biz bütün imkanları səfərbər edib iqtisadiyyatımızı inkişaf etdiririk.

Bununla bərabər, ölkədə sənaye istehsalı da artıb. Bu onu göstərir ki, Azərbaycanda aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verir. Biz çalışırıq ki, sənaye sahəsində də müxtəlif yeni müəssisələr işə düşsün. Xarici və daxili investisiyalar cəlb edilir. Azərbaycanda aparılan çox böyük infrastruktur layihələri, xüsusilə Azərbaycanın bölgələrində aparılan infrastruktur layihələri sənaye istehsalının artırılmasına gözəl şərait yaradır. Söz yox ki, sənaye artımının təməlində, eyni zamanda, dövlət tərəfindən özəl sektora verilən güzəştli kreditlər də mühüm rol oynayır. Bu kreditlər verilir. Kreditlərin məbləği artırılır. Belə olan halda bəzi yerli sahibkarlar üçün də çox gözəl şərait yaradırıq".

Ölkəmizdə sənayenin inkişafından danışarkən, yeni müəssisələrin yaradılmasına xüsusi diqqət yetirilməsini vurğulamaq istərdik. Məsələn, Balaxanı qəsəbəsində artıq tikintisinə start verilmiş Bakı bərk məişət tullantıları zavodu sənaye potensialının artmasında mühüm rol oynayacaqdır. Qeyd edək ki, 20 hektar ərazini əhatə edir. Zavodda Bakı şəhəri üzrə il ərzində 500 min ton məişət tullantısı emal olunacaqdır. Bu, inkişaf etmiş ölkələrdə olduğu kimi, ekoloji tarazlığı yüksək səviyyədə qorumağa və tullantıları xammala çevirməyə imkan verəcəkdir. Zavodda emal prosesi bir neçə mərhələdə həyata keçiriləcəkdir. Məişət tullantıları yoxlama-nəzarət prosesindən keçərək bunkerlərə boşaldılacaq, sonra isə tullantılar zərərli qazların ətraf mühitə təsirinin azaldılması məqsədilə çeşidləmə prosesinə ötürüləcək. Tullantılar xüsusi konteynerlərə yerləşdiriləcəkdir. Bu tullantılar 1000 dərəcə istilikdə emal olunacaqdır. Zavodda hər biri 33 ton-saat gücə malik 2 emal xətti fəaliyyət göstərəcək, ikipilləli tüstü-qaz təmizləmə sistemi daim fəaliyyətdə olacaqdır. Yandırılacaq tullantılardan ildə 231 min 500 meqavat elektrik enerjisinin alınması planlaşdırılıb. Zavodun daxilində də ekoloji vəziyyəti tənzimləyən havalandırma və susoyutma turbinləri quraşdırılacaq. Avropa İttifaqının istismar və ekoloji tələblərinə tam cavab verən müasir texnologiyalar əsasında inşa edilən zavodda tullantıların yandırılmasından yaranan kül isə əvəzsiz xammal kimi yol tikintisində istifadə ediləcək. Zavodun tikintisinə ilkin mərhələdə 400 nəfər işçi qüvvəsi cəlb olunacaq. Müəssisə istismara verildikdən sonra işin texnologiyasına uyğun olaraq əlavə iş yerləri açılacaqdır... Yanğın təhlükəsinin qarşısının alınması məqsədilə zavodun emal sahələrinin yaxınlığında su anbarları, bundan əlavə, yarımstansiya, anbar, yağış sularının yığılması üçün xüsusi quyular inşa olunacaqdır.

Zavodun təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev inşaatçılarla görüşündə demişdir: “Mən çox şadam ki, məşhur Fransa şirkəti bu zavodun tikintisində əsas podratçı kimi iştirak edəcəkdir. Bu şirkət müxtəlif ölkələrdə bir neçə belə böyük zavod tikib, onların böyük təcrübəsi vardır. Əminəm ki, bu zavod vaxtında və böyük keyfiyyətlə tikiləcəkdir. Zavodun tikintisi zamanı yüzlərlə yeni iş yeri açılacaqdır. Eyni zamanda, zavodun istismarı zamanı da iş yerləri açılacaqdır”.

Müəssisənin istifadəyə verilməsi nəticəsində Bakı və Abşeron yarımadasında ekoloji vəziyyət xeyli dərəcədə yaxşılaşacaqdır. Bakı və Abşeron yarımadası təmiz bölgəyə çevriləcək. Yaşıllıqların salınması, ağacların əkilməsi, bu zavodun inşası, habelə bölgələrdə, çaylarda sutəmizləyici qurğuların quraşdırılması, Bakının kanalizasiya sisteminin yenidən qurulması və digər bu qəbildən olan qlobal layihələr insanların sağlamlığına, bütövlükdə ekoloji tarazlığın qorunmasına hesablanmışdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 7 yanvar.- S. 1.