İnsan amili, iqtisadi inkişaf və sosial problemlərin
həlli
Söhbət Ağdaş rayonunda bu sahədə
toplanmış müsbət təcrübədən gedir
Bu gün Ağdaş Rayon İcra Hakimiyyətinin, onun
yerli strukturlarının iş üslub və metodlarında, təşkilat-idarəetmə
məsələlərində diqqəti daha çox cəlb
edən nədir? Yəqin ki, bu suala müxtəlif yöndən
cavab vermək olar. Daha doğrusu, hər kəs nəyi daha
vacib hesab edirsə, nəyi görür və nümunəvi
hesab edirsə ondan çıxış edir. Ancaq böyük
əksəriyyətin qəbul etdiyi mütləq həqiqətlər,
həlledici, aparıcı cəhətlər də var.
Məhz bunlara əsaslanıb
deyə bilərik: Ağdaş Rayon İcra Hakimiyyətinin,
onun yerli strukturlarının iş üslub və
metodlarında, təşkilat-idarəetmə məsələlərində
diqqəti cəlb edən, xüsusilə fərqli cəhətlər
aşağıdakılardır: iqtisadi və sosial məsələlərin
həllinə elmi, yaradıcı, kompleks yanaşma, hadisələri
qabaqlamaq cəhdi: əgər belə demək mümkünsə
işin ağırlıq mərkəzini bilavasitə yerlərə
keçirmək; adamların qəbulunda, onların təklif və
məktublarına münasibətdə maksimum konkretlik və
yüksək icra intizamı. Özü də
biz bu sətirləri yazarkən təkcə öz
müşahidə və düşüncələrimizi,
şahidi olduqlarımızı, gördüklərimizi əsas
götürməmişik. Ağsaqqallarla,
ziyalılarla, gənclərlə apardığımız
söhbətlər, fikir mübadiləsi, təhlil və
müqayisələrin yekunu olaraq belə bir nəticəyə
gəlmişik.
Canlı ünsiyyət
Yuxarıda biz
“hadisələri” qabaqlamaq ifadəsini işlətdik. Bu, heç də
təsadüfi deyil. Fikrimizin təsdiqi üçün
belə bir fakt göstərək: Bu gün Ağdaşda
hansı küçənin asfaltlaşması, hansı kəndə
yol çəkilməsi, tamet döşənməsi və s.
kimi məsələlərlə maraqlanmaq və nəyi isə
soruşmaq bir qədər yersiz görünür. Ona görə ki, bu bölgədə artıq həmin
məsələlər çoxdan öz həllini tapıb.
Elə buradaca onu da əlavə edək ki,
hazırda respublikamızın bütün şəhər, rayon,
qəsəbə və kəndlərini bürüyən
tikinti-abadlıq, quruculuq və səliqə-sahman işlərinin
ilk pionerlərindən biri məhz Ağdaş rayonu
olmuşdur.
Əlbəttə,
biz heç də onu demək istəmirik ki, Ağdaşda
bütün iqtisadi və sosial məsələlər, necə
deyərlər, yüz faiz həll olunub. Görüləsi
işlər, həllini gözləyən məsələlər
də mövcuddur. Hazırda onların uğurlu həlli
istiqamətində ardıcıl, sistemli iş gedir. Söhbət həmin işləri vaxtında və
məqamında görə bilməkdən, ilk növbədə,
aktual olanlarını seçib diqqəti ona yönəltməkdən
gedir.
Məsələnin
başqa bir tərəfinə diqqət yetirək. Son illər
Ağdaşda vətəndaşların qəbulu, onların ərizə,
şikayət və məktublarına baxılması sahəsində
maraqlı təcrübə toplanılıb. Məsələnin mahiyyəti nədən ibarətdir?
Sözsüz ki, hər yerdə olduğu kimi,
burada da rayon icra hakimiyyəti başçısının
konkret qəbul günü var və həmin vaxt vətəndaşların
qəbulu dəqiq təşkil olunur. Bundan
başqa, icra başçısının yerlərdə də
qəbul günləri keçirilir. Ancaq
son vaxtlar məhz bu məsələdə bir qədər fərqli
yanaşma tətbiq olunur. Toplanmış təcrübə
göstərir ki, bu öz müsbət nəticələrini
verməkdədir.
Məsələn,
rayon icra hakimiyyətinin başçısı günün hər
hansı bir vaxtında yolunu heç bir hazırlıq
görülmədən və heç kimin xəbəri
olmadan hansısa qəsəbəyə, kəndə, kollektivə
sala bilər.
Maraqlıdır, belə qəfil gəlişlər
nə ilə nəticələnir? Hər şeydən əvvəl,
real vəziyyəti dəqiqliklə görmək və bilmək
imkanı, heç nəyi gizlətmək, ört-basdır etməyə
macal vermədən adamların günü-güzaranı,
qayğı və problemləri ilə bilavasitə yerində
tanışlıq və s. Hər şey, necə deyərlər,
güzgü kimi aydın görünür, hər hansı məlumata,
arayışa, islahata ehtiyac qalmır. Bir də
ki, qeyri-rəsmi şəraitdə keçən
görüş və söhbətlərdə adamlar
onları düşündürən, narahat edən
qayğı və problemlərdən, duyğu və
düşüncələrdən ürəklə, çəkinmədən
söhbət açır. Səmimi,
yoldaşcasına aparılan fikir mübadiləsi çox
şeyi aydınlaşdırır.
Bu fikirlərimizlə
səsləşən daha bir maraqlı fakt. Dəfələrlə
Ağdaş Rayon İcra Hakimiyyəti
başçısının qəbul saatlarında mən də
iştirak etmişəm və sözün düzü, təəccüblənmişəm.
Ona görə ki, icra
başçısının qəbuluna gələnləri
barmaqla saymaq olardı. Səbəb məlumdur:
adamları düşündürən, narahat edən məsələlər
onların yaşadıqları qəsəbədə, kənddə
icra başçısının bilavasitə iştirakı
ilə keçirilən görüşlərdə öz
müsbət həllini tapıb. Deməli, daha
vaxt və vəsait itirməyə, rayon mərkəzinə gəlməyə
ehtiyac yoxdur. İşin bu cür operativ və
sistemli qurulmasının, dəqiq icra mexanizminin
yaradılmasının nəticəsidir ki, son illər vətəndaşların
qəbula gəlməsi, o cümlədən ərizə və
şikayətlərin sayı azalan xətt üzrə gedir.
Ağdaş
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev
maraqlı və zəngin bir həyat yolu keçib. Təcrübəli,
səviyyəli, praqmatiq adamdır. Söhbət
təkcə icra başçılığından getmir.
Bir insan və ziyalı olaraq onun zəngin daxili
aləmini, intellekt və dünyagörüşünü, həyata,
hadisələrə, insanlara münasibətini nəzərdə
tuturuq. İcra başçısının gündəlik
fəaliyyəti, onun iş üslubu barədə aydın təsəvvür
yaradır. Bununla belə, söhbətimizin bir məqamı bu
yazı üçün çox maraqlı idi:
— İndi adamlarla əmrlə,
göstərişlə danışmaq dövrü deyil. Axı, biz hər hansı sənət, peşə,
vəzifə sahibi olmazdan əvvəl insanıq —
qayğıya, diqqətə, həssas və insani münasibətə
daha çox ehtiyacı olan insan. Uzun illərin
təcrübəsi göstərir ki, adamlar açıq, səmimi
münasibəti, yoldaşcasına, bəzən dostcasına
fikir mübadiləsini daha çox qiymətləndirirlər.
Bu barədə
danışarkən böyük qürur və iftixar hissi ilə
deyə bilərik ki, başqa sahələrdə olduğu
kimi, burada da bütün dövrlər üçün
örnək olası nümunələrimiz var.
Xalqımızın böyük oğlu, ulu öndər Heydər
Əliyevin hamımız üçün zəngin məktəbə
çevrilmiş həyat və fəaliyyəti bu dediklərimizə
ən gözəl misaldır. Orta və
yaşlı nəslin nümayəndələri indi də
ümummilli iliderin ötən əsrin 70-80-ci illərdə
Ağdaşa olan tarixi səfərlərini, keçirdiyi
görüş və söhbətləri indi də dərin
məhəbbət və minnətdarlıq hissi ilə
xatırlayırlar.
Azərbaycan
xalqı bir də ona görə xoşbəxtdir ki, bu
böyük məktəb, zəngin və həmişəyaşar
nümunə bu gün daha geniş və uğurlu şəkildə
davam etməkdədir. Ölkə Prezidenti İlham Əliyev elə
bir bölgə yoxdur ki, ora səfər etməsin, özü
də bir neçə dəfə. Bu tarixi
səfərlər, görüş və söhbətlər
insanların yaddaşına əbədi həkk olunur, silinməz
— pozulmaz tarixlərə çevrilir. Ölkə
rəhbərinin rayonumuza tarixi səfəri, müxtəlif təyinatlı
obyektlərin açılışında və təməlqoyma
mərasimlərində iştirakı, rayon ictimaiyyətinin
nümayəndələri, ağsaqqallarla, ziyalılarla, gənclərlə
görüşləri, məsləhət və tövsiyyələri
hər bir ağdaşlının qəlbində əziz bir
xatirə kimi yaşamaqdadır.
Milli Olimpiya
Kompleksindən tutmuş şəhərimizi bəzəyən
ən mühüm obyektlərədək məhz Prezidentin
xeyir-duası ilə başa gəlmişdir. Ağdaşlılar
ölkə rəhbərinin bu diqqət və
qayğısını heç vaxt unutmurlar, öz sədaqət
və məhəbbətlərini təkcə sözlə
deyil, konkret əməli işlə sübut edirlər. Son illər rayonumuzun iqtisadi, sosial və mədəni
sahədə əldə etdiyi böyük uğurlar bu dediklərimizin
əyani sübutudur.
İqtisadiyyat güclənir, güzaran
yaxşılaşır
Əvvəlcə bəzi
statistik rəqəmlərə diqqət yetirək: ötən
il həyata keçirilən ardıcıl tədbirlər nəticəsində
əvvəlki ilə nisbətən ümumi məhsul
istehsalı 22 faiz və ya 14 milyon 511 min manat artaraq 80 milyon 471
min manat, sənaye məhsulu istehsalı 87,7
faiz və ya 4 milyon 684 min manat artaraq 10 milyon 26 min manat, pərakəndə
əmtəə dövriyyəsi 20,3 faiz və ya 10 milyon 818
min manat artaraq 64 milyon 59 min manat təşkil etmişdir.
2009-cu ilin əvvəlindən
rayon üzrə bütün maliyyə mənbələri
hesabına əsas kapitala 48 milyon 360 min manat həcmində,
2008-ci ilə nisbətən 19 milyon 460 min manat və ya 67,3
faiz çox investisiya qoyulmuşdur. Ümumiyyətlə,
2004-cü ildən bugünə kimi rayonda 11832 yeni iş yeri
açılmışdır ki, bunun da 4339-u daimidir.
Ağdaş ənənəvi
kənd təsərrüfatı rayonudur. Təsadüfi
deyildir ki, iqtisadiyyatın əsasını təşkil edən
kənd təsərrüfatının inkişafı daim diqqət
mərkəzində saxlanılmışdır. Ötən
il 15561 hektar taxıl sahəsinə
aqrotexniki qulluq göstərilmiş, biçinin optimal müddətdə
aparılması təmin edilmiş, 46853 ton taxıl istehsal
olunmuşdur. Rayonda taxıl məhsullarına
olan tələbatın daxili imkanlar hesabına ödənilməsi
məqsədilə toxumçuluğun inkişaf etdirilməsi
sahəsində də bir sıra əlavə tədbirlər
görülmüşdür. Tərtərdəki
toxumçuluq təsərrüfatlarından 515 ton buğda
toxumu əldə olunmuşdur. 2010-cu ilin məhsulu
üçün 7776 hektara yaxın sahədə səpin
aparılmışdır.
Heyvandarlığın
daha çox imkansız ailələr hesabına
inkişafı sahəsində xeyli işlər
görülmüşdür. Mal-qaranın qüvvəli və
qaba yemlə təmin olunması məqsədilə 4802 hektar
arpa, 2488 hektar qarğıdalı, 4783 hektar təzə yonca əkilmişdir.
Mövcud olan 7775 hektar yonca sahəsində
aqrotexniki tədbirlər vaxtında aparılmışdır.
Fermerlərə və fərdi torpaq sahiblərinə
“Aqrolizinq” ASC-nin Ağdaş filialında 21 kənd təsərrüfatı
texnikası vasitəsilə aqroservis xidməti göstərmişdir.
Hazırda “Aqrotexservis” üçün yeni
inzibati binanın və bazanın tikintisinə
başlanılmışdır. 2009-cu ilin
doqquz ayında Bakı şəhərində keçirilən
yarmarkaya rayonun fermerləri 350 tona yaxın keyfiyyətli və
ucuz qiymətlərlə müxtəlif növ kənd təsərrüfatı
məhsulları çıxarmışlar.
Heyvandarlığın
inkişafına göstərilən diqqət və
qayğının nəticəsində 2009-cu ilin doqquz
ayında rayonda iri maın sayı 1742 baş artaraq 72 min 501
xırda malın sayı isə 1695 baş artaraq 87 min 979
olmuşdur.
Meliorasiya və
Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
ilə birlikdə təsdiq edilmiş plana uyğun olaraq təsərrüfatlararası
kanalların lildən təmizlənməsinə
başlanılmış və indiyə kimi 314 kilometr
uzunluğunda suvarma kanalında lildəntəmizləmə
işləri görülmüşdür. Pirəzə
Mexaniki Suvarma İdarəsi rayonun 11 kəndinin əkinlərini
mexaniki üsulla suvarma suyu ilə təmin etmişdir.
Kotavan kəndinin su çatışmazlığı nəzərə
alınaraq Kotavan kanalında 6 kilometr və Xınaxlı
qolunda 7 kilometr uzunluğunda ərazidə 2 dəfə tam lildəntəmizləmə
işləri aparılmışdır.
Yaşıllıq
zolaqlarının salınması və Ağdaş şəhərinin
mərkəzi küçələrində
gül-çiçəklərin əkilməsi işləri
daha da sürətlənir. Yaşıllıq
zonaların artırılması məqsədilə 8 min
şam və müxtəlif bəzək ağacları əkilmişdir.
Bundan əlavə, 35 hektar sahədə meşə
əkini aparılmışdır.
Tikinti-quruculuq
və abadlıq işləri ötən ildə də sürət
və keyfiyyətlə davam etdirilmişdir. Heydər Əliyev
adına istirahət parkında, Heydər xiyabanında
abadlıq və yenidənqurma işləri
görülmüşdür. Ağdaş
şəhərinin “Karvan yolu”, İ.Millətoğlu və
M.Füzuli küçələri asfaltlaşdırılmışdır.
Bütün kənd yaşayış məntəqələrinin
daxili yollarına çınqıl
tökülmüşdür. Beynəlxalq
“İpək yolu” layihəsinin tərkib hissəsi olan
Ucar-Yevlax yolunun rayon ərazisindən keçən hissəsində
tikinti və yenidənqurma işləri davam etdirilmişdir.
İnsan amilinə diqqət
İnsan amili, əhalinin
vacib sosial ehtiyaclarının daha etibarlı təminatı sahəsində
Ağdaşda ardıcıl, sistemli iş qurulmuş, konkret vəzifələr
müəyyən olunmuş, möhkəm icra intizamı
yaradılmışdır. Rayon İcra Hakimiyyəti
başçısının şura iclasında qış
mövsümünə qarşıda duran vəzifələr
geniş müzakirə edilmiş, əlaqədar idarə və
müəssisə rəhbərlərinin hesabatı dinlənilmiş,
müşahidə edilən nöqsan və
çatışmazlıqların tezliklə aradan
qaldırılması üçün ciddi məsuliyyət tələb
edilmiş, real addımlar atılmışdır.
Elektrik enerjisi ilə təminatı
yaxşılaşdırmaq məqsədilə təmir işləri
davam etdirilmiş, 2,8 kilometr uzunluğunda
elektrik verilişi xətti yenidən qurulmuş, 59,6 kilometr
uzunluğunda elektrik xətti və 74,7 kilometr elektrik
verilişi xətləri təmir olunmuşdur. 1.05
kilometr uzunluğunda kabel çəkilmişdir. Təbii qaz yanacağı ilə təminatı
yaxşılaşdırmaq məqsədilə 13 yeni qaz tənzimləyici
şkaf qoyulmuşdur. Dəhnəxəlil,
İkinci Aral və Yeniarx kəndlərində yaşayan
abonentlərin mənzillərinə qaz sayğacları quraşdırılaraq
təbii qaz yanacağı verilmişdir. Beləliklə,
rayonun təbii qaz yanacağı ilə təmin olunan kəndlərinin
sayı 28-ə çatmışdır.
Rabitə xidmətinin
yaxşılaşdırılması sahəsində də
müəyyən işlər görülmüşdür. 271 yeni telefon
çəkilmiş, rabitə olmayan kəndlərdə və
yeni xəttin çəkilməsi mümkün olmayan şəhər
ərazisində 116 abonentə CDMA telefonları
quraşdırılmışdır. Rayonda
Mərkəzi Avtomat Telefon Stansiyasının 4192 nömrəlik
elektron ATS-lə əvçəz edilməsi sahəsində
tamamlanma işləri başa
çatdırılmışdır. Aralbir kəndində
50 nömrəlik ATS yeni 128 nömrəlik elektron ATS-lə əvəz
olunmuş, Kotavan kəndində 48 nömrəlik və
Qaradeyin kəndində 96 nömrəlik yeni elektron ATS
quraşdırılmışdır. Yuxarı Qəsil,
Aşağı Ləki və Ağdaş şəhərində
yeni poçt şöbələrinin binalarının tikintisi
davam etdirilir.
Ağdaş
şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması
layihəsi çərçivəsində suqəbuledici
qurğu, nasos stansiyası, su anbarları tikintisi, şəbəkəyədək
olan magistral boru xətlərinin dəyişdirilməsi, eləcə
də su kanal idarəsi üçün yeni inzibati binanın
və istehsal bazasının tikintisi işləri
görülmüşdür. Qaradeyin kəndində
əhalinin içməli su ilə təminatını
yaxşılaşdırmaq üçün artezian quyusu
qazılmışdır.
Aztəminatlı ailələrin
sosial müdafiəsinə ölkə Prezidentinin
qayğısı nəticəsində hazırda rayonda 2 min
290 ailənin 10 min 700 üzvünə ayda 240 min manat
ünvanlı dövlət sosial yardımı verilir ki, bu da
keçən ilin eyni dövründəkindən 1,8 dəfə
çoxdur. Dövlət büdcəsi vəsaiti hesabına əhalinin
aztəminatlı və güzəştli hissəsinə
ödənilən sosial müavinətlərin həcmi də əvvəlki
ilin eyni dövründəkinə nisbətən 1,6 dəfə
artaraq ötən ilin 9 ayı ərzində 4 milyon 215 min manat
təşkil etmişdir. 7 min 177 nəfərin
pensiyalarının sığorta hissəsində indeksləşmə
aparılmış və hər ay əlavə olaraq 17,4 min manat vəsait ödənilmişdir. Hazırda rayonda 18 min 57 nəfər pensiya və
sosial müavinət alır. Bu işə
Dövlət büdcəsindən və Dövlət Sosial
Müdafiə Fondundan 14 milyon 768 min manat vəsait sərf
olunmuşdur. Bu da əvvəlki ilin eyni dövründəkindən
3 milyon 713 min manat və ya 33,6 faiz
çoxdur.
Savadlı, sağlam nəsil yetişir
Təhsilin səviyyəsinin
yüksəldilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi
ötən il də diqqət mərkəzində
saxlanılmışdır. Belə ki, 360
şagirdlik Yuxarı Ləki kənd orta məktəbi tikilib
istifadəyə verilmişdir. Hazırda
360 şagirdlik Qaradeyin kənd orta və 180 şagirdlik
Gürcuva kənd əsas məktəb binalarının
tikintisi davam edir. Yeni dərs ilinin
başlanmasına hazırlıqla əlaqədar rayonun məktəblərinə
500 ədəd parta, 31466 ədəd dərslik gətirilmişdir.
Məktəb kitabxanalarına 18 adda 4 min ədəd
bədii və elmi ədəbiyyat alınmışdır.
Ötən il rayonun orta təhsil məktəblərini
bitirmiş gənclərin 205 nəfəri ali təhsil müəssisələrinə,
221 nəfəri isə orta ixtisas məktəblərinə qəbul
olunmuşdur. Bu da əvvəlki ildəkindən
müvafiq olaraq 19 və 21 nəfər çoxdur.
Böyüməkdə
olan gənc nəslin təhsillə əhatə olunması,
elmi biliklərə yiyələnməsi ilə yanaşı,
onların sağlam böyüməsində ölkəmizdə
daim diqqət mərkəzindədir. Gənclərin
sağlam inkişafı isə onların idmana
marağının artırılmasından
asılıdır. Məhz buna görə
də ölkədə yeni idman komplekslərinin tikintisi,
müxtəlif beynəlxalq yarışların keçirilməsi
gənclərin sağlamlığına dövlət
qayğısının parlaq nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığı əsasında rayonda inşa edilən
Olimpiya İdman Kompleksi ağdaşlı gənclərə
böyük hədiyyədir.
Ötən il
tibbi xidmətin yaxşılaşdırılması
üçün də müəyyən işlər
görülmüş, rayon Mərkəzi Xəstəxanasında,
Doğum evində və uşaq poliklinikasınıda təmir
və abadlıq işləri aparılmışdır. Ağdaş şəhərində müasir tipli 100
çarpayılıq xəstəxana binasının isə
layihə sənədləri hazırlanmışdır.
Bütün
bunlar adamları yeni quruculuq işlərinə
ruhlandırır.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 8 yanvar.- S. 5.