Azərbaycanın dövlət torpaq kadastr sistemi dünya standartlarına cavab verir

 

(əvvəli ötən sayımızda)

 

Respublikanın rayonlarında (63 təsərrüfatda) kadastr məlumatlarının ilkin vahid bazasının yaradılması işlərinə başlanılmış, dövlət mülkiyyətində olan 749060 hektar torpaq sahəsinin isə kadastr məlumatları elektron formata keçirilmişdir. Komitənin Aerogeodeziya, topoqrafiya və kartoqrafiya müəssisələri tərəfindən 2008-ci ildə 545 məntəqədə I-IV sinif trianqulyasiya və poliqonometriya məntəqələrinin müşahidəsi (təyini), 329,5 km I-IV sinif nivelirləmə işləri, 575 topoqrafik planaalma və planların təzələnməsi, 235 vərəq topoqrafik planların xəritətərtibatı, 925 vərəq topoqrafik planların və xəritələrin nəşrə hazırlanması və 30 layihə-smeta işləri yerinə yetirilmişdir.

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində İsveçrə hökumətinin qrantı ilə uğurla həyata keçirilmiş “Azərbaycanda Kadastr layihəsi”nin davamı olaraq 2008-ci ildə Mərkəz tərəfindən Abşeron yarımadasının ortofotoplanları işlənib hazırlanmışdır. Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanmış materiallar Abşeron Regional Kadastr Mərkəzinə istifadə olunmaq üçün təqdim olunmuşdur. Təqdim olunmuş ortofotoplanlardan istifadə etməklə regionu əhatə edən rayonlar barədə bütün məlumatlar toplanmış və hal-hazırda rəqəmli torpaq kadastr xəritəsi üzərində mütəmadi olaraq işlər davam etdirilir. Belə rəqəmli torpaq kadastr xəritəsi imkan verir ki, torpaq hərrac və müsabiqələrin keçirilməsi üçün çöl şəraitində ölçü aparıldıqdan sonra tez bir zamanda sifarişçiyə “torpaq sahəsinin planı və ölçüsü” ilə yanaşı, rəqəmli kadastr xəritəsindən də çıxarış verilməsi təmin olunur. Bu işlər digər regionlarda da aparılacaqdır.

2003-2008-ci illərdə İsveçrənin ayırdığı qrant hesabına İsveçrə layihəsi çərçivəsində Abşeron yarımadasının ortofotolarının hazırlanması üçün iki pilot ərazidə (Xırdalan şəhəri və Novxanı qəsəbəsində) işlər davam etdirilmiş və Siyəzən rayonunun ortofotolarının hazırlanması işləri görülmüşdür.

Eyni zamanda, Azərbaycan Respublikası vasitəsilə Dünya Bankının krediti əsasında “Daşınmaz əmlakın kadastr layihəsi” çərçivəsində “C” komponenti üzrə ortofotoplanların hazırlanması, daimi fəaliyyət göstərən stansiyaların qurulması üçün texniki tapşırıqların hazırlanması işlərində yaxından iştirak edilmişdir. Hazırda qarşıda duran qlobal işlərin yerinə yetirilməsi üçün daha müasir avadanlıqlar alınmışdır.

Komitə tərəfindən təkcə 2008-ci ildə 3 elmi-məlumat atlasları (Bakı şəhərinin 1:10000 miqyasda rəqəmli Turist atlası, Azərbaycan Respublikasının Kompleks atlası və Azərbaycan Respublikasının Turist atlası) və 15 ümumcoğrafi xəritə (1:300000 və 1:600000 miqyaslı Azərbaycan Respublikasının siyasi-inzibati xəritələri, Gədəbəy, Tovuz, Oğuz, Qəbələ, Qax, Şəki, Ağsu, Balakən, İsmayıllı, Şamaxı və Zaqatala rayonlarının ümumcoğrafi xəritələri, Azərbaycan regional çatlılığı, faydalı qazıntı yataqlarının proqnozlaşdırılması xəritəsi, 1:200000 miqyaslı Qafqaz regionunun ümumcoğrafi xəritəsi) hazırlanmışdır.

Bələdiyyə torpaqlarına hüquqi və texniki sənədlərin hazırlanması ilə əlaqədar olaraq Mərkəzə 2311 bələdiyyə sənədi daxil olmuş, onlardan 1166 bələdiyyəyə Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı, 1102 bələdiyyəyə isə bələdiyyənin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemi hazırlanıb təhvil verilmiş (cəmi 2268 bələdiyyə), 33 bələdiyyə sənədi iş prosesindədir.

Azərbaycan Respublikası ilə Dünya Bankının həyata keçirdiyi “Daşınmaz əmlakın kadastr layihəsi”nin “c” komponenti üzrə (Bu komponent üzrə məsul təşkilat Dövlət Torpaq və Xəritəçəkmə Komitəsidir) bütün ölkə boyu (təqribən 65000 kv.km ərazi) ortofotoplanların hazırlanması işi davam etdirilir və bu ilin sonuna qədər başa çatdırılacağı nəzərdə tutulur. Onu da qeyd etmək istərdik ki, “Daşınmaz əmlakın kadastr layihəsi” çərçivəsində komitə əməkdaşları çox yaxından iştirak edir. Bu istiqamətdə hal-hazırda Abşeron rayonu ərazisində həyata keçirilən pilot layihədə əməkdaşlarımız istər çöl işlərində, istərsə kameral işlərdə iştirak edirlər. “Daşınmaz əmlakın kadastr layihəsi”nin “C” komponenti üzrə daimi fəaliyyət göstərən stansiyaların (38 stansiya) qurulacağını nəzərə alaraq və bu işlərin gələcəkdə tətbiqinin dərindən mənimsənilməsi üçün Dünya Bankı tərəfindən təlimlərin keçirilməsi istiqamətində işlər aparılır. Eyni zamanda, vətəndaşların müraciətinin vaxtlı- vaxtında və dəqiq yerinə yetirilməsi üçün komitənin texniki bazasının yeniləşdirilməsi istiqamətində də işlər görülür. 20 ədəd işçi stansiyası, 6 ədəd GPS, kompyuter şəbəkəsi yeniləşmiş, 3 tera bayt həcmində yeni server quraşdırılmış, məlumatların təhlükəsizliyini qorumaq və idarə olunması üçün müvafiq işlər görülmüşdür.

Koreya Respublikası Prezidentinin 2006-cı ilin may ayında ölkəmizə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Koreya Respublikasına 2007-ci ilin aprel ayında etdiyi rəsmi səfərlər zamanı hər iki dövlət arasında geniş sahələri əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. O cümlədən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Koreya Respublikasının Kadastr Xidməti Korporasiyası arasında anlaşma memorandumları ölkələrimiz arasında iqtisadi əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün çox möhkəm hüquqi baza yaratmışdır.

Bundan başqa Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə Koreya Xarici İşlər və Ticarət Nazirliyinin Kadastr Xidməti Korporasiyası arasında “Azərbaycanda Torpaq Kadastr Sisteminin inkişafı” haqqında qarşılıqlı anlaşma memorandumu imzalanmışdır.

2007-ci ildən başlayaraq, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) və Koreyanın Kadastr planaalma Korporasiyası (KcSc) arasında əlaqələr yaradılmışdır. Qeyd edim ki, 1938-ci ildən fəaliyyət göstərən Koreyanın Kadastr planaalma Korporasiyası dövlət təşkilatı olaraq, ən yeni qabaqcıl texnologiyalardan istifadə etməklə dəqiq kadastr məlumatlarına malikdir. Məhz bu baxımdan Koreya dünya kadastr sisteminin inkişafında ən qabaqcıl ölkələr sırasındadır. Koreyanın Kadastr planaalma Korporasiyası iş proseslərinin standartlara uyğunluğu barədə İSO 9001 (Standartlaşma üzrə beynəlxalq təşkilat) sertifikatına malikdir. Koreya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (KOİcA)-nın dəstəyi ilə Koreyanın Kadastr planalma Korporasiyası Mərakeş, Laos, Kamboca, Monqolustan kimi ölkələrdə bu sahədə bir çöx layihələr həyata keçirmiş və Azərbaycanda bu sahənin inkişaf etdirilməsinə önəmli yer verməsi əlamətdar hadisədir.

DTXK-nın əməkdaşları Koreyaya səfər zamanı bu sahədə görülən işlərlə yaxından tanış olmuş, komitədə bu səfərlə bağlı “H.Əliyev Torpaq İslahatı Məktəbi”ndə geniş təqdimat keçirilmiş və qərara alınmışdır ki, bu sahədə əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində işlər davam etdirilsin. Bunun nəticəsi kimi Koreya tərəfinə müraciət olunmuş və Azərbaycanda torpaq kadastrının aparılması ilə daha yaxından tanış olmaq üçün Koreya mütəxəssisləri Azərbaycana dəvət olunmuşlar. 3 ay müddətində DTXK-da Azərbaycan mütəxəssisləri ilə birgə fikir mübadilələri, araşdırmalar aparılmış və “Azərbaycanda Torpaq Kadastr Sisteminin təkmilləşdirilməsi layihəsi”nin zəruriliyi barədə birgə razılıq əldə olumuşdur. İlkin razılaşmalar barədə hər iki tərəf öz hökumətlərinə müraciət etmiş və layihə öz müsbət həllini tapmışdır. Bunun təsdiqi olaraq 2008-ci ildə Koreya Respublikasının böyük nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri zamanı Azərbaycanla Koreya arasında bir neçə mühüm sənəd imzalandı ki, bunlardan da biri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) və Koreyanın Kadastr planaalma Korporasiyası (KcSc) arasında bağlanmış “Azərbaycanda torpaq kadastrı sisteminin təkmilləşdirilməsi” üzrə anlaşma memorandumu idi. Bu imzalama ərəfəsində Koreyanın Kadastr planaalma korporasiyasının Prezidenti Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində olmuş, gələcək əməkdaşlıqlar barədə səmimi danışıqlar aparılmışdır.

Layihə Koreyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı (KOİcA) tərəfindən həyata keçirilir. Koreya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (KOİcA) inkişaf etməkdə olan ölkələrdə dövlət qrant yardımı və texniki əməkdaşlıq proqramları həyata keçirməklə Koreya qrant yardımı proqramlarının rolunu artırmaq məqsədilə 1991-ci il aprelin 1-də dövlət təşkilatı olaraq yaradılmışdır. Azərbaycanda torpaq kadastrı üzrə pilot layihənin həyata keçirilməsi və müasir kadastr sisteminin yaradılması, habelə torpaq kadastrı üçün münasib metodologiyanın öyrənilməsi və tətbiqi, əməkdaşların potensialının gücləndirilməsinin dəstəklənməsidir ki, Koreyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı (KOİcA) tərəfindən ayrılmış qrant hesabına 18 ay müddətinə həyata keçirilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində aşağıda göstərilən nəticələr gözlənilir:

*Pilot ərazidə Kadastr İnformasiya Sisteminin yaradılması

*Kadastr xidməti üçün lazım olan avadanlığın təchizatı

*Kadastr İnformasiya Sistemi ücün kompyuterlərin alınması

*Kadastr İnformasiya Sistemi üçün proqram təminatının alınması və Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılması

*Çöl işlərini yerinə yetirmək üçün avadanlıqların alınması və mütəxəssislərə təlimin keçirilməsi

*Kadastr xidməti və xəritəçəkmədə Total Station, GPS və aerofotoqrametriyadan istifadə etməklə torpaq kadastr xəritələrinin yaradılması.

Layihənin reallaşması nəticəsində pilot ərazidə əldə edilmiş torpaq ehtiyatlarının tərkibi, vəziyyəti və hərəkəti haqqında ətraflı kadastr məlumatı dövlət torpaq kadastrının müasir texniki və texnoloji səviyyədə aparılmasını təmin edəcək, torpaq ehtiyatları haqqında həqiqi və dolğun məlumatın olması, torpağa görə ödəmələrin edilməsi, torpaq və mülkiyyətin mədəni alqı-satqısı, vətəndaşların və hüquqi şəxslərin torpaq üzərində hüquqlarının qorunmasına səbəb olacaqdır.

Hesab edirik ki, Koreya kimi inkişaf etmiş ölkənin texniki dəstəyi ilə həyata keçiriləcək “Azərbaycanda torpaq kadastr sisteminin təkmilləşdirilməsi” layihəsi də ölkəmizdə layiqincə başa çatdırılmaqla dünya standartlarına cavab verəcək və bu sahədə əməkdaşlıq ölkələrimiz arasındakı münasıbətləri daha da dərinləşdirəcəkdir.

23 iyun 2009-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında “Azərbaycanda Torpaq Kadastr Sisteminin təkmilləşdirilməsi layihəsi”nə dair qrant razılaşması məqsədilə keçirilmiş tədbirdə bu işlər bir daha özünü təsdiq etdi.

Koreya Respublikası kimi inkişaf etmiş ölkənin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi, ölkəmizin iqtisadi inkişafına, potensialına böyük marağı bir daha onu göstərir ki, Azərbaycanın beynəlxalq aləmdə rolu daim artmaqdadır və ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, xüsusilə də tarixə Heydər Əliyev torpaq islahatı kimi düşmüş torpaq islahatı, əldə edilmiş uğurlar artıq beynəlxalq birlik, o cümlədən sürətli inkişafa nail olmuş Koreya Respublikası kimi ölkə tərəfindən də yüksək qiymətləndirilir.

Bütün bunlar bir daha sübut edir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş torpaq islahatının nəticələri çox müsbətdir. Dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, ölkəmizdə əldə edilmiş uğurların davamı kimi hal-hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində ərzaq təhlükəsizliyi proqramları və eləcə də regionların sosial-iqtisai inkişafına dair proqramların mərhələləri çox böyük müvəffəqiyyətlə həyata keçirilir. Bu bir daha onu göstərir ki, ölkəmizdə həyata keçirilən torpaq islahatı və dövlət torpaq kadastr sistemi dünya standartlarına cavab verməklə beynəlxalq aləmdə də qəbul edilir.

 

 

Qərib MƏMMƏDOV,

Dövlət Torpaq və Xəritəçəkmə

Komitəsinin sədri, akademik

 

Xalq qəzeti.- 2010.- 8 yanvar.- S. 4.