Ötən il Azərbaycanın
maliyyə sektorunda sabitlik müşahidə edilmişdir
Ötən ilin sonunda Azərbaycan Mərkəzi
Bankının yaydığı bəyanatda qeyd edilir ki,
2009-cu il dünya iqtisadiyyatı üçün dərin
maliyyə böhranı, maliyyə sektoru və kapital
bazarlarının fəaliyyətinin pozulması, iqtisadi tənəzzül
və işsizliyin artması ilə səciyyəvi
olmuşdur. Bu şəraitdə məcmu qlobal tələbi
dəstəkləmək üçün bir çox ölkələrdə
əlahiddə maliyyə sabitləşdirilməsi və
iqtisadiyyata yardım proqramları həyata
keçirilmişdir. Bununla belə, qlobal iqtisadiyyatın bərpası
hələ də ləng, qeyri-sabit və qeyri-bərabər
gedir, əhəmiyyətli risklər hələ də
qalmaqdadır. Qlobal böhran dünya iqtisadiyyatına sıx
inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatı
üçün də əhəmiyyətli risklər
yaratmışdır.
Lakin dövlət başçısı İlham Əliyev tərəfindən son illər uğurla həyata keçirilən inkişaf və modernləşdirmə strategiyası sayəsində Azərbaycan iqtisadiyyatı qlobal böhrana yüksək dözümlülük nümayiş etdirərək öz müvazinətini itirməmiş, artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi antiböhran siyasəti makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına imkan vermişdir.
Bəyanatda o da xatırladılır ki, böhran Azərbaycana da müəyyən təsir göstərmiş və milli iqtisadiyyat bir sıra risklər ilə üzləşmişdir. Qlobal böhranın ölkəyə təsiri əsasən neftin və digər qeyri-neft ixrac məhsullarının qiymətinin aşağı düşməsi, bank sisteminə xarici kredit axınlarının kəskin məhdudlaşması, xaricdən pul baratlarının azalması vasitəsilə özünü göstərmişdir. Bütövlükdə, məcmu tələbin demək olar ki, bütün xarici maliyyələşmə mənbələrində azalma baş vermişdir. Qlobal böhran milli iqtisadiyyatda, xüsusilə valyuta bazarında və bank sektorunda mənfi nəticələrə səbəb olmuş, ölkə iqtisadiyyatı makroiqtisadi sabitliyin pozulması (milli valyutanın devalvasiyası və inflyasiyanın yüksəlməsi); maliyyə sabitliyinin pozulması (bankların kredit portfelinin keyfiyyətinin əhəmiyyətli pisləşməsi və əmanətlərin bank sektorundan qaçışı, bankların ödəniş qabiliyyətinin pisləşməsi, iqtisadiyyatın kreditləşməsinin dayanması); iqtisadi resessiyanın baş verməsi, yaradılmış iş yerlərinin itirilməsi riskləri ilə üzləşmişdir.
Azərbaycan iqtisadiyyatı qlobal böhranı kifayət qədər hazırlıqlı və güclü müdafiə resursu ilə qarşılamışdır. Bu, böhran ərəfəsində ölkədə həyata keçirilmiş rasional makroiqtisadi və monetar siyasət, yaradılmış valyuta ehtiyatları, maliyyə risklərinin qabaqlayıcı rejimdə idarə olunması sayəsində mümkün olmuşdur. Bütün bunlar iqtisadiyyatın “təhlükəsizlik yastığı”nı əhəmiyyətli dərəcədə gücləndirməklə makroiqtisadi və maliyyə sabitliyi potensialını artırmışdır.
Ötən il Mərkəzi Bankın pul siyasəti antiböhran xarakter daşıyaraq makroiqtisadi sabitliyin qorunmasına, maliyyə sabitliyinin gücləndirilməsinə, iqtisadiyyata likvidliyin təmin edilməsinə, sistem əhəmiyyətli bankların və müəssisələrin fəaliyyətinin sabitləşdirilməsinə yönəlmişdir. Ölkəyə xarici maliyyə axınlarının əhəmiyyətli azalmasına, qonşu ölkələrdəki devalvasiya dalğasının psixoloji təsirinə baxmayaraq, manatın məzənnəsinin sabitliyi qorunmuşdur. Manatın sabitliyini qorumaq üçün Mərkəzi Bank valyuta bazarında tələb və təklifi vaxtında tarazlaşdırmış, nəticədə manatın məzənnəsinin kəskin ucuzlaşmasının qarşısı alınmışdır. Manatın məzənnəsinin sabitliyi idxalın və daxili istehsalda istifadə olunan xarici mənşəli əmtəələrin kəskin bahalaşmasının qarşısını almışdır. Daxili istehlak bazarında idxalın xüsusi çəkisinin əhəmiyyətli olması şəraitində yeridilmiş məzənnə siyasəti cari ilin on bir ayında orta illik inflyasiyanın 1,5 faiz səviyyəsində saxlanmasında mühüm rol oynamışdır. Aşağı inflyasiya və məzənnə sabitliyi əhalinin sosial vəziyyətinin qorunmasına imkan vermiş, əhalinin pul gəlirlərinin real artımı bu müddətdə 6 faiz olmuşdur. İnflyasiyanın aşağı səviyyəsi və çoxtərəfli məzənnənin əlverişli olması ölkənin rəqabət qabiliyyətliyinin saxlanılmasına imkan vermiş, cari ilin on bir ayında manatın çoxtərəfli real məzənnəsi 5,5 faiz ucuzlaşmışdır. Manatın məzənnəsinin sabitliyi həm də əhalinin əmanətlərinin dəyərsizləşməsinin, xarici valyutada borc yükünün artmasının, manata etimadın azalmasının və iqtisadiyyatda yüksək dollarlaşmanın qarşısını almışdır. 2009-cu ildə Mərkəzi Bank haqqında qanuna mühüm dəyişikliklərin edilməsi əsasında pul siyasətinin çevikliyinin daha da artırılması və iqtisadiyyata likvidliyin təmin edilməsi iqtisadi artımın qorunmasında mühüm rol oynamışdır.
Mərkəzi Bank banklara daha uzun müddətə və müxtəlif valyutalarda kreditlər, o cümlədən subordinasiya kreditləri vermək imkanlarını əldə etmişdir. Qurum başlıca makroiqtisadi tendensiyaları və real sektorda fəaliyyət göstərən müəssisələrin mikroiqtisadi monitorinqinin nəticələrini nəzərə alaraq uçot dərəcəsini ötən ilin sonlarından bəri 15 faizdən 2 faizə, məcburi ehtiyat normalarını isə 12 faizdən 0,5 faizə endirmişdir. Ümumilikdə, dolayı və birbaşa alətlər hesabına Mərkəzi Bank iqtisadiyyata 2008-ci ilin oktyabrından başlayaraq təqribən 1,8 milyard manat həcmində likvidlik vermişdir. Bu likvidlik dəstəyi bank sistemi ilə yanaşı, sistem əhəmiyyətli real sektor müəssisələrini (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azəralüminium ASC) də əhatə etmiş, bu şəraitdə cari ilin on bir ayında ölkədə iqtisadi artım 9 faiz təşkil etmişdir. Manatla geniş pul kütləsi cari ilin II rübündə 2,8 faiz, III rübdə 7,2 faiz, oktyabr-noyabr aylarında isə 6,8 faiz artmışdır. Bu şəraitdə kreditlər üzrə orta faiz dərəcələri iyun ayından bəri azalmağa doğru meyil göstərir. Ölkədə ipoteka kreditləşməsinin aktivləşməsi Mərkəzi Bankın antiböhran proqramının mühüm alətlərindən biri olmuş, tikinti sektoru və daşınmaz əmlak bazarına stabilləşdirici təsir göstərmişdir.
Bəyanatda xatırladılır ki, orta və uzunmüddətli dövrdə iqtisadiyyatın, məşğulluğun, büdcə və ixrac gəlirlərinin yüksək dərəcədə şaxələnməsinə nail olmaq, bu əsasda ölkədə uzunmüddətli makroiqtisadi dayanıqlığı təmin etmək və yuxarı orta gəlirli ölkələr qrupuna daxil olmaq ölkə qarşısında duran əsas vəzifədir. Bununla əlaqədar olaraq Mərkəzi Bank 2010-cu ildə aşağıdakı hədəfləri reallaşdıracaqdır: inflyasiyanın aşağı səviyyədə saxlanması; manatın məzənnəsinin sabitliyinin qorunması; bank-maliyyə sektorunda sabitliyin dərinləşdirilməsi; inflyasiya hədəfi çərçivəsində iqtisadiyyatın pula tələbatının ödənilməsi.
2010-cu ildə Mərkəzi Bank öz mandatından irəli gələrək 3 faiz səviyyəsində orta illik rəsmi inflyasiya proqnozunun reallaşmasına dəstək verəcəkdir. Bu hədəfin reallaşması orta və uzunmüddətli iqtisadi dayanıqlığın təmin olunmasında mühüm vasitədir. 2010-cu ildə də manatın məzənnəsinin sabitliyinin qorunması siyasəti həyata keçiriləcəkdir. Neftin qiymətinin proqnozunun ən konservativ ssenarisində belə, ölkənin tədiyə balansında kifayət həcmdə profisitin proqnozlaşdırılması manatın məzənnəsinin sabitliyi üçün fundamental əsasdır. Məzənnə siyasəti yeridilərkən ölkənin beynəlxalq rəqabət qabiliyyətinin qorunması da nəzərə alınacaqdır. Yeni ildə iqtisadiyyatın kredit və likvidlik ehtiyaclarının çevik ödənilməsi təmin ediləcək, real sektorun dəstəklənməsinin yeni likvidlik mexanizmləri yaradılacaq, faiz dərəcələrinin azalması istiqamətində də tədbirlər həyata keçiriləcəkdir.
Bəyanatda bildirilir ki, ölkədə maliyyə infrastrukturunun inkişafı üzrə tədbirlər davam etdiriləcəkdir. Yeni poçt-bank maliyyə xidməti və vasitəçiliyi şəbəkəsi işə salınacaqdır. Qeyri-nağd ödənişlərin miqyasının artırılması, o cümlədən, kommunal ödənişlərin vahid ödəniş sistemi arxitekturasına inteqrasiyası davam etdiriləcəkdir. Ortamüddətli dövrdə bank nəzarətinin qlobal vəzifələrə tam uyğunlaşması təmin olunacaqdır.
Bütün bu vəzifələrin uğurla həyata keçirilməsi üçün Mərkəzi Bank özündə də makroiqtisadi və maliyyə sabitliyinin idarə olunması potensialını artıran institusional proqramları və layihələri reallaşdıracaq, insan kapitalının idarə olunması və gücləndirilməsi üçün mühüm innovasiyaları təşviq edəcək, ayrı-ayrı funksiyalar üzrə idarəetmə və biznes proseslərini əsaslı təkmilləşdirəcəkdir. Bankda risk menecment üzrə yeni standartlar tətbiq olunacaq, yeni elektron statistika və hesabatlıq, bank nəzarətində yeni məlumat informasiya sistemləri yaradılmağa başlanacaqdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 8 yanvar.- S. 4.