İslam Konfransı Təşkilatının
yaradılmasından 40 il, Azərbaycanın bu beynəlxalq təşkilata
qəbul olunmasından 18 il keçir
Azərbaycanın
İslam Konfransı Təşkilatı ilə əməkdaşlığı
genişlənir. İslam Konfransı Təşkilatı
müasir beynəlxalq münasibətlər sistemində mühüm
rol oynayır, dünyada sülhün və əmin-
amanlığın bərqərar olması naminə
ardıcıl səylər göstərir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
1965-ci ildə Səudiyyə
Ərəbistanın kralı Feysəl bin Əbdüləziz
müsəlman ölkələrinin başçılarına
bu dövlətlərin vahid təşkilatda birləşməsi
təşəbbüsü ilə müraciət etdi. 1969-cu
ilin avqust ayında İslam dünyasının iki qibləsindən
biri və onun üçüncü müqəddəs ocağı hesab
edilən Qüdsdəki Əl-Əqsa məscidinin
yandırılmasından bir neçə gün sonra 14 müsəlman
ölkəsinin xarici işlər nazirləri Qahirədə
görüşərək, Yaxın Şərqdə
yaranmış vəziyyətin müzakirəsi ilə əlaqədar
islam dövlətlərinin yüksək səviyyədə
Zirvə konfransının keçirilməsi haqqında irəli
sürülmüş təklifi qəbul etdilər.
İslam həmrəyliyi
çərçivəsində beynəlxalq təşkilat
yaratmaq ideyası 1969-cu il sentyabrın 22-25-də Mərakeşin
paytaxtı Rabatda keçirilən 25 müsəlman ölkəsinin
dövlət və hökumət
başçılarının birinci konfransında
özünün siyasi həllini tapdı.
Zirvə
toplantısında qəbul edilmiş bəyanatda
görüşdə iştirak edən dövlətlər
arasında iqtisadiyyat, elm, mədəniyyət və başqa
sahələrdə əməkdaşlıq, eləcə də
qarşılıqlı yardım üzrə məşvərətlər
keçirilməsi, yarana biləcək problemlərin BMT-nin
prinsipləri əsasında həll edilməsi barəsində
öhdəliklər əks olunmuşdur.
İslam Konfransı Təşkilatının
(İKT) Nizamnaməsi qəbul edilənə qədər
1970-ci ilin mart ayında Kəraçi şəhərində
təşkilatın üzvü olan dövlətlərin xarici
işlər nazirlərinin birinci konfransında İKT Baş
Katibliyi təsis edildi. 1972-ci ilin mart ayında Ciddədə
keçirilmiş xarici işlər nazirlərinin
üçüncü konfransında İKT Nizamnaməsi 30
dövlət tərəfindən qəbul olundu.
Nizamnaməyə əsasən
İKT-nin ali orqanı dövlət və hökumət
başçılarının Zirvə konfransıdır. Fəaliyyət
göstərdiyi müddətdə üzv ölkələrin
dövlət və hökumət başçılarının
11 toplantısı: 1969-cu ildə Rabatda, 1974-cü ildə
Lahorda, 1981-ci ildə Məkkədə və Taifdə, 1987-ci
ildə Küveytdə, 1991-ci ildə Dakarda, 1994-cü ildə
Kasablankada, 1997-ci ilin mart ayında (növbədənkənar)
İslamabadda, 1997-ci ilin dekabr ayında Tehranda, 2000-ci ildə
Dohada, 2003-cü ildə Putraçayada, 2008-ci ldə isə
Dakarda keçirilmişdir.
Zirvə
toplantısında Nizamnaməyə əsasən islam
dünyasının vacib problemləri müzakirə edilir, həmin
məqsədlə təşkilatın siyasəti əlaqələndirilir.
İKT-nin Zirvə toplantısında sənədlərin qəbulu
konsensus əsasında, yəni qərar və qətnamələr
iştirakçıların mövqeyinin
razılaşdırılması yolu ilə həyata
keçirilir və hər hansı iştirakçı tərəfindən
rəsmi etiraz olmadıqda sənəd qəbul edilmiş hesab
olunur.
İKT-nin siyasi
orqanı xarici işlər nazirlərinin konfransıdır. Nizamnaməyə
əsasən konfrans xarici işlər nazirləri və ya
akkreditə olunmuş nümayəndələr səviyyəsində
ildə bir dəfə , eləcə də zəruri hallarda təşkilatın
üzvü olan hər hansı bir dövlətdə
toplanır. Hər hansı üzv dövlətin və Baş
katibin tələbi ilə üzv dövlətlərin 2/3-nin
razılığı əsasında, xarici işlər nazirlərinin
növbədənkənar konfransı keçirilir. Bununla
yanaşı, xarici işlər nazirlərinin konfransı
dövlət və hökumət
başçılarının Zirvə toplantısının
çağırılması təklifini verə bilər. Xarici
işlər nazirlərinin konfransı ümumi siyasətin həyata
keçirilməsi vasitələrinin müzakirəsi, qəbul
edilmiş qərarların icrasına nəzarət, təşkilatın
Nizamnaməsinin məqsəd və vəzifələrinə
uyğun, eləcə də qarşılıqlı maraq kəsb
edən məsələlər üzrə qərar qəbul
etmək və s. məsələlər üçün
toplanır. İndiyə kimi xarici işlər nazirlərinin
36 konfransı (sonuncu 2009-cu il mayın 23-25-də Dəməşq
şəhərində) keçirilmişdir.
İKT-nin icraçı orqanı isə Baş katiblikdir. Baş katiblik üzv dövlətlər arasında əlaqəni həyata keçirməklə ümumi maraq kəsb edən məşvərətlər, fikir mübadiləsi və məlumatların yayılması üçün şərait yaradır. Bununla yanaşı, qəbul edilən qətnamə və qərarların yerinə yetirilməsinə nəzarət edərək bu haqda konfransa məruzə təqdim edir. Baş katibliyin iqamətgahı Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşir. Baş katiblik xarici işlər nazirləri konfransının təyin etdiyi Baş katib tərəfindən 4 il müddətinə idarə edilir. 2005-ci ildən bu vəzifəni Ekmələddin İhsanoğlu icra edir.
İKT-nin məqsədi təşkilatın üzvü olan dövlətlər arasında islami həmrəyliyi möhkəmləndirmək; elmi, mədəni, sosial, iqtisadi və digər həyati əhəmiyyətli sahələrdə üzv dövlətlər arasında əməkdaşlığı müdafiə etmək, həmçinin beynəlxalq təşkilatlarda üzv dövlətlər arasında məsləhətləşmələr keçirmək; irqi ayrı-seçkiliyin və müstəmləkəçiliyin bütün formalarının ləğv edilməsinə yardım etmək; ədalət əsasında beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi; işğal olunmuş müqəddəs yerləri azad etmək və toxunulmazlığını təmin etmək uğrunda mübarizəni əlaqələndirmək; Fələstin xalqının öz hüquqlarının qaytarılması və ərazısınin azad edilməsi yolundakı mübarizəsini dəstəkləmək; bütün islam xalqlarının öz ləyaqət, istiqlaliyyət və milli hüquqlarını qorumaq yolundakı mübarizəsini dəstəkləmək; üzv ölkələrin digər ölkələrlə əməkdaşlıq və qarşılıqlı anlaşması üçün şərait yaratmaqdır.
İslam Konfransı Təşkilatı hazırda 57 dövləti özündə birləşdirir. Bundan əlavə, bəzi ölkələrin müsəlman icmalarının, eləcə də bir sıra beynəlxalq və regional təşkilatların nümayəndələri İKT yanında, müşahidəçi statusuna malikdirlər. İKT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir və 1975-ci ildən BMT yanında müşahidəçi statusu almışdır. BMT Baş Məclisinin 36-cı sessiyasında “BMT ilə İKT arasında əməkdaşlıq haqqında” qətnamə qəbul edilmişdir. İKT üzvü olan dövlətlərin ümumi əhalisi bir milyard nəfərdən çoxdur və bir yerdə götürüldükdə bu dövlətlər böyük mənəvi, siyasi, iqtisadi, elmi və mədəni potensiala malikdir.
Azərbaycan Respublikası 1991-ci il dekabrın 8-də İKT-nin Dakarda keçirilən dövlət və hökumət başçılarının 5-ci konfransında 46-cı tamhüquqlu üzv kimi təşkilata qəbul olunmuşdur. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq İKT hüququnun subyekti kimi qəbul olduğu ilk beynəlxalq təşkilatdır.
Həmin dövrdə Azərbaycanın İKT-yə üzv qəbul olunması həm erməni təcavüzünə məruz qalmış, eləcə də informasiya təbliğat imkanları zəif olan ölkəmizin öz haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması, həm də İKT-nin Ermənistan-Azərbaycan münaqişəsinə münasibət bildirməsi üçün əsas verməklə yanaşı, islam dövlətləri tərəfindən dəstəklənməsi üçün çox zəruri idi.
Buna görə də təşkilata üzv qəbul edildikdən üç ay sonra Azərbaycan hökumətinin müraciətinə cavab olaraq İKT-nin Baş katibi Həmid əl-Qabid öz müavini Məhəmməd Möhsinin rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdəki ictimai-siyasi vəziyyət və Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üçün mövcud imkanlarla tanış olmaq üçün regiona göndərdi.
İKT nümayəndə heyəti Azərbaycanda, Ermənistanda, Türkiyədə, İranda, Rusiyada olmuş, bu ölkələrin xarici işlər nazirliklərinin vəzifəli şəxsləri ilə, eləcə də, BMT-nin xüsusi nümayəndəsi Sayruns Venslə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məsləhət xarakterli görüşlər keçirmişdir. Bunun nəticəsi olaraq, 1992-ci il martın 31-də İKT-nin Baş katibi Dağlıq Qarabağda vəziyyətlə əlaqədar bəyanatla çıxış etmiş və Azərbaycanın bu bölgəsində münaqişə ilə əlaqədar dərin narahatlıq keçirdiyini ifadə etmiş, üzv dövlətlərə, humanitar təşkilatlara Dağlıq Qarabağa yardım göstərilməsi ilə bağlı müraciət etmişdir.
1992-ci ilin sentyabr ayında Nyu-Yorkda BMT Baş Məclisinin sessiyası zamanı İKT üzvü olan dövlətlərin xarici işlər nazirlərinin əlaqələndirmə toplantısında qəbul edilmiş yekun sənədinə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar bir maddə salınmışdır.
1993-cü il aprel ayının 25-29-da Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilmiş İKT xarici işlər nazirlərinin 21-ci konfransında Ermənistan-Azərbaycan münaqişəsi üzrə qətnamə qəbul edildi. Qətnamədə Ermənistanın ölkəmizə qarşı təcavüzü pislənmiş, erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından təcili çıxarılması tələb olunmaqla münaqişənin sülh yolu ilə aradan qaldırılmasının vacibliyi bildirilmişdir.
1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə genişmiqyaslı hücumu və torpaqlarımızın işğalı ilə əlaqədar noyabr ayının 23-də BMT iqamətgahında İKT-nin üzvü olan ölkələrin xarici işlər nazirlərinin əlaqələndirmə toplantısı keçirilmiş, burada Azərbaycan Prezidenti Heydər Əliyevin erməni təcavüzü ilə əlaqədar ölkəmizin düşdüyü ağır vəziyyət barədə toplantı iştirakçılarına dərin məzmunlu müraciəti oxunmuş və Ermənistanın son təcavüzü ilə bağlı bəyanat qəbul edilmişdir.
Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbədə ümrə ziyarəti, kral Fəhd bin Əbdüləzizlə apardığı danışıqlar, İKT Baş katibliyinin rəhbərliyi ilə keçirdiyi səmərəli görüşlər Azərbaycana islam aləmində olan maraq və diqqəti daha da artırdı. Nəticədə, İKT-nin beynəlxalq aləmdəki nüfuz və imkanlarından lazımi səviyyədə istifadə edə bilməsi istiqamətində Azərbaycanın mövqeyini daha da möhkəmləndirərək əməkdaşlığın gələcək inkişafına zəmin yaratdı.
Bunun nəticəsi olaraq 1994-cü il sentyabrın 7-9-da Pakistan İslam Respublıkasının İslamabad şəhərində İKT-nin fövqəladə sessiyası keçırildi. Sessiyada Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qətnamə qəbul edildi. Qətnamədə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazisinin 20 faizdən çoxunun işğalı qətiyyətlə pislənildi. Bununla yanaşı, Ermənistan Respublikasından BMT Nizamnaməsinin və Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul edilmiş müvafiq qətnamələrınin dönmədən yerinə yetirilməsi, Ermənistan silahlı qüvvələrınin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ciddi surətdə tələb olunmuşdur. Azərbaycan Respublikasının ərazisindəki bir milyondan çox qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsinin zəruriliyi qeyd edilmişdir.
1994-cü ilin noyabr ayının axırlarında İKT-nin Baş katibi Həmid əl-Qabid Azərbaycana səfər etdi. Səfər zamanı o, Azərbaycanın İslam Konfransı Təşkilatı ilə əlaqələri və bu təşkilatda tutduğu yer haqqında Azərbaycan Prezidenti Heydər Əliyevlə müzakirələr apardı. Həmid əl-Qabid İKT-nin Ermənistanın Azərbaycana qarşı təcavüzünü pislədıyini və münaqişənin dinc siyasi vasitələrlə həll olunmasına tərəfdar olduğunu bildirdi.
1994-cü il dekabrın 13-14-də Mərakeş Krallığının Kasablanka şəhərində İKT-yə üzv olan ölkələrin dövlət və hökumət başçılarının 7-ci Zirvə toplantısı Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın üzv dövlət kimi ilk dəfə iştirak etdiyi Zirvə konfransında çıxış edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dərin məzmunlu çıxışı, keçirdiyi görüşləri ilə ölkəmizin bu təşkilat daxilində mövqeyini xeyli möhkəmləndirdi.
Konfransda Azərbaycanla əlaqədar iki qətnamə qəbul edildi. Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul edilən qətnamədə Ermənistanın Azərbaycana təcavüzü kəskin şəkildə pislənmiş, bu təcavüzə son qoyulması tələb olunmuş və zor gücünə ərazi ələ keçirilməsinin yolverilməz olduğu bildirilməklə, ilk dəfə olaraq Ermənistan beynəlxalq səviyyədə təcavüzkar kimi qiymətləndirilmişdir.
Konfransda qəbul edilən ikinci qətnamədə Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan artıq qaçqınla əlaqədar Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsi öz əksini tapdı. Konfransın qəbul etdiyi Yekun bəyannaməyə isə Ermənistanın Azərbaycana təcavüzü haqqında geniş bir bölmə daxil edildi.
İKT-yə üzv olan ölkələrin xarici işlər nazirlərinin İndoneziyanın Cakarta şəhərində 1996-cı il dekabrın 9-13-də keçirilən 24-cü konfransında da Azərbaycanla bağlı bir neçə qətnamə qəbul edilmişdir. Ölkə rəhbərliyinin apardığı məqsədyönlü fəaliyyət nəticəsində 1993-cü ildən başlayaraq İKT konfranslarının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul etdiyi qətnamələrin adı dəyişdirilərək, “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münaqişə haqqında” qətnamə əvəzinə, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” qətnamə adlandırılmağa başlandı.
Əvvəlki qətnamələrdə olduğu kimi, Ermənistanın təcavüzkarlığını pisləyən bu qətnamədə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrin yerinə yetirilməsi, Azərbaycanın işğal olunmuş ərazilərindən, o cümlədən Şuşa və Laçından Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması təkidlə tələb edilirdi.
Cakarta konfransında bu qətnamədən başqa Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında başqa bir qətnamə də qəbul edildi. Konfransın yekun sənədində isə Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması prinsipləri – Azərbaycanın ərazi bütövlüyü, Azərbaycan Respublikası tərkibində Dağlıq Qarabağa muxtariyyət verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunması prinsipləri barədə Lissabon sammıtində qəbul edilmiş ATƏT sədrinin bəyanatının yekdilliklə müdafiə olunması haqqında maddə öz əksini tapdı.
1997-ci il martın 23-də İKT-yə üzv olan ölkələrin dövlət və hökumət başçılarının İslamabadda ölkənin müstəqilliyinin 50 illiyinə həsr edilmiş növbədənkənar toplantısında qəbul edilmiş bəyannamənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 10-cu maddəsində Ermənistan tərəfindən ölkəmizə qarşı edilən təcavüz qətiyyətlə pislənmiş, işğal edilmiş ərazilərin azad olunması tələb olunmuşdur. Bundan əlavə, 1997-ci il oktyabrın 4-də BMT Baş Məclisinin 52-ci sessiyası çərçivəsində BMT iqamətgahında keçirilmiş İKT xarici işlər nazirlərinin əlaqələndirmə toplantısının yekun bəyanatında İslam dünyasının digər problemləri ilə yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi də öz əksini tapdı.
İKT ölkələrinin dövlət və hökumət başçılarının İran İslam Respublikasının Tehran şəhərində 1997-ci il dekabrın 8-11-də keçirilən 8-ci Zirvə konfransı əvvəlki qətnamələrin müddəalarına istinad edərək Ermənistan Respublıkasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında daha bir qətnamə qəbul etdi.
Tehran Zirvə konfransında qəbul edilən bu qətnamə Cakarta konfransında qəbul edilmiş qətnaməni bir daha təsdiq etdi. Bundan başqa, İKT-nin 8-ci Zirvə toplantısında qəbul edilmiş Tehran bəyannaməsinin 8-ci maddəsi də Azərbaycana aid idi. Burada deyılirdi ki, İKT üzvü olan dövlətlər Ermənistan Respublıkasının Azərbaycan Respublikasına təcavüzü faktını bir daha təsdiq edir və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmasına, münaqişənin tezliklə və sülh yolu ilə həll edilməsinə çağırırlar.
Tehran Zirvə toplantısının yekun bəyannaməsinin 56-cı maddəsində isə göstərilirdi ki, konfrans Ermənistan və Azərbaycan arasında münaqişənin nizama salınmasına dair ATƏT sədrinin 1996-cı il Lissabon sammitində qəbul edilmiş bəyanatında ifadə olunmuş üç prinsipə tərəfdar olduğunu bir daha təsdiq edir və bu addımı Azərbaycana qarşı təcavüzün ciddi nəticələrinin dərhal aradan qaldırılmasının təmınatı kimi qiymətləndirir. Beləliklə, Tehranda qəbul edilən sənədlərdə Azərbaycanın mənafeyi bütünlüklə müdafiə olundu.
Azərbaycan Prezidenti Heydər Əliyev Tehran Zirvə konfransındakı nitqində İKT-nin müsəlman dünyasında və beynəlxalq aləmdə apardığı işlərə böyük əhəmiyyət verərək üzv dövlətləri fəal əməkdaşlıq etməyə, müsəlman ölkələrində davam edən münaqişələrin sülh yolu ilə həllində, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında, eləcə də sabit inkişafa nail olunmasında əməkdaşlığın daha da artırılmasının zəruriliyini qeyd etmişdir. Bununla yanaşı, Azərbaycanın dövlət başçısı İKT rəhbərliyinə və üzv dövlətlərin başçılarına təşkilatın yüksək səviyyəli toplantılıarında Ermənistanın təcavüzkar siyasətini pisləyərək, ədalətli qərarlar qəbul etdiklərinə görə təşəkkürünü bildirmişdir.
İKT-nin xarici işlər nazirlərinin 1998-ci il martın 15-17-də Qətər dövlətinin paytaxtı Dohada keçirilən 25-ci konfransında Tehran Zirvə toplantısında qəbul olunmuş qətnaməyə Azərbaycan tərəfinin etdiyi yeni düzəliş və əlavələr edilmişdir. Konfrans bir daha Ermənistanın təcavüzkar siyasətini pisləməklə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə çağırmışdır.
Bundan əlavə, konfransda “Azərbaycan Respublikasına maliyyə və iqtisadi yardım haqqında” qəbul edilmiş qətnamədə bütün üzv dövlətlərə, islam institutlarına və beynəlxalq təşkilatlara Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsi üçün müraciət edilmişdir. Kofnransın yekun bəyanatında isə, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair bənd öz əksini tapdı.
1999-cu il iyunun 28-dən iyulun 1-dək Burkino-Faso Respublikasının Uaqaduqu şəhərində keçirilmiş İKT xarici işlər nazirlərinin 26-cı konfransı Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı 3 mühüm qətnamə qəbul etdi.
Azərbaycanın maraqlarına tam şəkildə uyğun olan və ölkəmizin ədalətli mövqeyini beynəlxalq səviyyədə dəstəkləyən həmin sənədlər İKT-nin üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 2000-ci il noyabrın 12-13-də Dohada keçirilən Zirvə toplantısında bir daha təsdiq edilərək qəbul olundu. İKT-nin Zirvə toplantısında ilk dəfə olaraq Ermənistanın təcavüzü nəticəsində ölkəmizin tarix və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması ilə əlaqədar qətnamənin qəbul edilməsi çox zəruri və təqdirəlayiqdir.
Ümumiyyətlə, İslam Konfransı Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar qəbul edilmiş sənədlər bu təşkilatın müntəzəm keçirdiyi toplantılarda hər dəfə Azərbaycan tərəfinin təklifi ilə yeni bəndlər əlavə edilərək xeyli təkmilləşdirilmişdir. Belə ki, İKT xarici işlər nazirlərinin Kuala-Lumpur (2000), Bamako (2001), Xartum (2002), Tehran (2003), İstanbul (2004), Səna (2005), Bakı (2006), İslamabad (2007), Kampala (2008), Dəməşq (2009), eləcə də İKT-nin üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Putracaya (2003) və Dakarda (2008) keçirilən növbəti zirvə toplantılarında Azərbaycanla əlaqədar çox mühüm əhəmiyyət kəsb edən sənədlər qəbul edilmişdir.
Son illər Azərbaycanın İKT ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Heç şübhəsiz ki, təşkilata üzvlüyün ilk illərində Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanın xarici siyasətinin əsas məqsədi bu işğalın səbəb və məqsədlərinin, onun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı olmuşsa da, İKT ilə əməkdaşlıq təkcə bu problemin həlli üçün siyasi sənədlərin qəbul edilməsi ilə məhdudlaşdırılmamış, çoxşaxəli, qarşılıqlı maraq əsasında əməkdaşlıq əlaqələri genişləndirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilmiş 3-cü fövqəladə Zirvə görüşündə iştirakı, eləcə də dövlət başçısının təşəbbüsü ilə 2006-cı il iyunun 19-21-də İKT xarici işlər nazirlərinin növbəti 33-cü konfransının Bakıda keçirilməsi Azərbaycanın bu təşkilatla əlaqələrinin inkişafında mühüm rol oynamışdır.
2006-cı il sentyabrın 11-də İKT-nin üzvü olan dövlətlərin turizm nazirlərinin V konfransı, 2007-ci il aprelin 26-da “Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında KİV-nin rolu” mövzusunda beynəlxalq konfrans, 2008-ci il iyunun 10-11-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum, 2008-ci il oktyabrın 6-8-də İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransı, 2009-cu il aprelin 21-22-də İKT-nin üzvü olan ölkələrin hüquq mühafizə orqanları rəhbərlərinin konfransı, 2009-cu il oktyabrın 13-15-də İKT-nin üzvü olan ölkələrin mədəniyyət nazirlərinin VI konfransı və digər tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın İslam Konfransı Təşkilatı ilə əlaqələrinin yüksək səviyyədə olması və bu təşkilatla əməkdaşlığın genişlənməsini təsdiq edən amillərdəndir.
Azərbaycanla İKT-nin müxtəlif strukturları arasında münasibətlərin inkişaf edib möhkəmləndirilməsində Heydər Əliyev fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsidir ki, 2006-cı il noyabrın 26-da İSESKO-nun baş direktoru Əbdüləziz Bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban xanım Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplomu təqdim etmişdir.
Bundan əlavə, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2006-cı il iyunun 10-11də “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq forumda iştirak edən İKT-nin Baş katibi Ekmələddin İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımını “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplomla təltif etmişdir.
Mehriban xanım Əliyevanın İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadını olması olduqca əlamətdardır. Onu da qeyd etmək lazımdır ki, Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı qərar da İKT ilə əməkdaşlığın bəhrəsi və Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir.
İslam Konfransı Təşkilatının 2008-ci il martın 13-14-də Seneqalın Dakar şəhərində keçirilmiş 11-ci Zirvə konfransı, həmin il iyunun 18-20-də Uqandanın Kampala şəhərində İKT xarici işlər nazirlərinin 35-ci konfransı, eləcə də 2009-cu il mayın 23-25-də Suriyanın Dəməşq şəhərində keçirilmiş İKT xarici işlər nazirlərinin 36-cı konfransı Azərbaycanın maraqlarına tam uyğun olan qətnamələr qəbul etmiş, bu sənədlərdə üzv dövlətlər bir daha erməni təcavüzünü qətiyyətlə pisləmiş, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etmişlər.
Bununla yanaşı, İKT-nin Dakarda keçirilən 11-ci Zirvə konfransında təşkilaltın yeni Nizamnaməsi qəbul edilmişdir. İKT-nin bu əsas sənədinin məqsəd və məramları bölməsində Azərbaycan nümayəndə heyətinin fəaliyyəti nəticəsində ərazisi işğal altında olan dövlətlərin öz ərazi bütövlüyünü bərpa etməsi hüququnun üzv dövlətlər tərəfindən birmənalı dəstəklənməsi barədə müddəanın təsbit edilməsi ölkəmiz üçün müstəsna əhəmiyyətə malikdir. Təsadüfü deyildir ki, Dakar toplantısının keçirildiyi günlərdə, yəni 2008-ci il martın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında Azərbaycan nümaynədə heyətinin təqdim etdiyi “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamənin qəbul edilməsində İKT-yə üzv olan dövlətlərin mövqeyi mühüm rol oynamışdır.
Bütün bunlar onu göstərir ki, Azərbaycanı İslam Konfransı Təşkilatının üzvü olan ölkələrlə yalnız milli mənəvi dəyərlər deyil, beynəlxalq siyasi arenada birgə fəaliyyət də ciddi şəkildə bağlayır. İslam Konfransı Təşkilatı və ona üzvü olan dövlətlər Azərbaycanın haqq işinin tərəfdarı kimi benyəlxalq səviyyədə Ermənistan-Azərbaycan münaqişəsinin ədalətlə, yəni sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü prinsipləri əsasında həll edilməsinə dəstək verməklə təşkilatın Nizamnaməsində nəzərdə tutulmuş islami həmrəylik ideyasına sadiqdir.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası
beynəlxalq münasibətlər və xarici siyasət
kafedrasının dosenti, siyasi elmlər namizədi
Xalq qəzeti.- 2010.- 8 yanvar.- S. 3.