Prezident İlham ƏLİYEV: “Əminəm
ki, yeni ildə də Azərbaycan sürətlə inkişaf
edəcək”
Ölkəmizdə reallaşdırılan
sosial-iqtisadi siyasət əhalinin rifahının yüksəlməsinə
səbəb olmuşdur
2009-cu il bir sıra mühüm siyasi və iqtisadi
hadisələrlə yadda qaldı. Ən əsası ötən
il dünyanın hər bir sakininə təsir göstərməsi
baxımından qlobal maliyyə böhranının baş
verməsilə tarixə düşdü. Başa vurduğumuz
il beynəlxalq maliyyə-iqtisadi münasibətlərin subyekti
kimi Azərbaycan üçün də asan olmadı. Lakin digər
ölkələrdən fərqli olaraq, Azərbaycan vətəndaşları
dünyanın çökən maliyyə sisteminin
ağırlığını hiss etmədilər. Hökumətin
həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində
nəinki qarşıda dayanan proqramların yerinə yetirilməsi
davam etdirildi, həmçinin əhalinin rifahının,
xüsusilə də sosial müdafiəsinin gücləndirilməsinə
yönəlmiş addımlar da atıldı.
Hər bir vətəndaşın
yaxşı və rahat yaşamaq hüququ var. Xalqın iradəsini
əks etdirən hər bir iqtidar vətəndaşın bu təbii
hüququnu rəhbər tutaraq ölkədə sosial-iqtisadi
mühitin yaxşılaşdırılması istiqamətində
mühüm addımlar atır. Sosial ədalətlilik
prinsipinin sosial-iqtisadi siyasətində prioritet xətt kimi
göz önündə saxlayan Azərbaycan iqtidarı da əhalinin
həyat səviyyəsinin yüksəldilməsinə və
sosial müdafiəsinin güclənləndirilməsinə
yönəlmiş zəruri tədlbirləri həyat
keçirməkdə davam edir.
Beynəlxalq maliyyə
böhranının tüğyan etməsinə baxmayaraq, Azərbaycan
hökuməti 2009-cu ildə də ölkənin sosial-iqtisadi
həyatında cərəyan edən proseslərin axarında
getməsi üçün tələb olunan addımları
atmışdır. Bundan başqa, bütün kateqoriyalardan
olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi,
əhalinin aztəminatlı təbəqələrinə
dövlət qayğısının göstərilməsi və
yoxsulluğun aradan qaldırılması işi də davam
etdirilmişdir.
Ümumiyyətlə,
son beş il Azərbaycanın hərtərəfli
inkişafı keyfiyyət və mahiyyət baxımından
yeni, daha önəmli mərhələsi kimi tarixə
düşmüşdür. Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan qısa zaman kəsiyində bütün
sahələrdə böyük nailiyyətlərə imza
atmışdır. Daxili və xarici siyasətdə çox
böyük uğurlar əldə olunmuşdur. Neft-qaz sektoru
ilə yanaşı, qeyri-neft sektoru, xüsusən də nəqliyyat
sistemi özünün tərəqqi dövrünü
yaşayır. Təsadüfi deyil ki, dünyanın enerji təhlükəsizliyi
məsələlərinə öz layiqli töhfəsini verən
Azərbaycan hazırda müasir yol-nəqliyyat kompleksinə,
möhkəm bazaya, lazımı maddi-texniki imkanlara və
güclü iqtisadiyyata malikdir. Bu möhkəm baza ümummilli
liderimiz Heydər Əliyevin hələ ötən əsrin
70-ci illərinin əvvəllərindən başlayaraq
yaratdığı, müstəqillik illərindəsə
qloballaşan dünyanın tələbləri nəzərə
alınaraq nəzəri və praktiki cəhətdən daha da
təkmilləşdirdiyi mükəmməl sosial və iqtisadi
potensiala söykənir.
Xüsusi qeyd edilməlidir
ki, Prezident İlham Əliyevin diqqət və
qayğısı iqtisadiyyatın bütün sahələrində
olduğu kimi, yol nəqliyyat kompleksinin dinamik inkişafı
üçün böyük imkanlar yaradır. Bu sahənin
inkişafını dövlətimizin siyasətinin prioritet
istiqaməti kimi önə çəkən Prezident İlham Əliyev
demişdir: “Neft sektorundan sonra nəqliyyat ölkə
üçün ən mühüm sahədir və burada
inkişaf perspektivləri çox gözəldir. Biz
bütün imkanlarımızdan istifadə edərək nəqliyyat
sektorunu daha sürətlə inkişaf etdirəcəyik. Azərbaycan
Şərqlə Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri
layihələrinin həyata keçirilməsində fəal
rol oynayır. Hesab edirəm ki, gələcəkdə tranzit
ölkə kimi bizim bölgədəki və dünyadakı
mövqelərimiz daha da güclənəcəkdir. Beləliklə,
indi Azərbaycanda bütün sferaların, o cümlədən
nəqliyyatın inkişafı üçün kifayət qədər
münbit şərait var”.
Belə diqqət və qayğının nəticəsidir ki, ötən dövrdə Bakı şəhərində müasir körpü və keçidlərin inşası uğurla davam etdirilmişdir. İnşaat zamanı ən müasir, son dünya texnologiyalarından istifadə olunması da xüsusi olaraq vurğulanmalıdır. Hökumətin təsdiqlədiyi “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı”na uyğun olaraq paytaxtda sərnişindaşımanın təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə əlaqədar mərhələli işlər də uğurla həyata keçirilir.
Müasir dövrün ən aktual nəqliyyat vasitəsi olan Bakı Metropoliteni də diqqətdən kənarda qalmamışdır. Demək olar ki, son altı ildə Bakı Metropoliteni fəaliyyətinin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Metropolitenin maddi-texniki bazasının gücləndirilməsinə, xüsusilə də vaqon parkının genişləndirilməsinə nail olunmuşdur. Bu, hələ son deyil. Belə ki, hazırlanmış layihəyə əsasən 2040-cı ilədək Bakıda metro stansiyasının sayının 70-ə çatdırılacağı nəzərdə tutulur. Reallaşdırılacaq bütün layihələrin paytaxt sakinlərinin şəhər daxilində hərəkət etmələrini daha da yaxşılaşdıracağı şübhə doğurmur.
Qürurla vurğulanmalıdır ki, digər dövlətlər böhranın nəticələrini aradan qaldırmaqla məşğul olduqları halda, Azərbaycanda əmək və kapitaltutumlu layihələrin icrası qrafikə uyğun həyata keçirilmişdir. “Azadlıq prospekti” metrostansiyasının açılışında iştirak edən Prezident İlham Əliyev ölkədə aparılan quruculuq prosesini belə qiymətləndirmişdir: “Hər yerdə tikinti, quruculuq aparılır, yeni müəssisələr, xəstəxanalar, zavodlar, fabriklər, məktəblər, idman ocaqları istifadəyə verilir. Baxmayaraq ki, 2009-cu il bütün dünya üçün ağır il, sınaq ili oldu. Azərbaycan bütün sınaqlardan həmişə olduğu kimi şərəflə çıxdı”.
Ötən ildə iqtisadiyyatın artdığını, sosial məsələlərin öz həllini tapdığını vurğulayan dövlət başçısı xüsusi olaraq qeyd etmişdir ki, əldə olunan nailiyyətlər Azərbaycanın öz hesabına uğurla yaşaya biləcəyini göstərir. Prezident İlham Əliyevin “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi tədbirləri barədə” fərman imzalamasını da əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış mürəkkəb vəziyyətin tənzimlənməsilə yanaşı, Azərbaycan iqtidarının müstəqil iqtisadi siyasət yürütdüyünün və yalnız milli potensiala arxalandığının göstəricisi kimi də qiymətləndirmək mümkündür.
Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında ölkə iqtisadiyyatının gələcəkdə neftdən asılılığının azaldılması və qeyri-neft sektorunun inkişafı məsələsini əsas vəzifə kimi ön plana çəkmişdir. Hazırda sənayenin qeyri-neft bölməsində də irəliləyişlər əldə edilmiş, bu sahədə sənaye məhsulu istehsalı hər il artmışdır. Son illər Bakıda və regionlarda yüksək keyfiyyətli müxtəlif gön-dəri məmulatları istehsal edən müəssisələr, müasir standartlara cavab verən zavod və fabriklər, o cümlədən regionlarda modul tipli elektrik stansiyaları istismara verilmişdir. Bununla bağlı Prezident İlham Əliyevin fikirləri maraq doğurur: “Bəzən bizdə – Azərbaycanda iqtisadi uğurlarımızı enerji sektoru ilə bağlayırlar. Amma baxın, Azərbaycanda qeyri-neft sektoru neft sektorundan daha böyük templərlə artır. Nə üçün?! Çünki biz öz imkanlarımızdan səmərəli istifadə edə bilmişik, infrastruktur layihələrinə vəsait ayırmışıq. Kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün böyük vəsaitlər ayrılır, yardımlar edilir və beləliklə, Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf edir”.
Ümummilli lider Heydər Əliyevin hazırladığı strateji xəttin uğurlu davamı və yeni keyfiyyət halına yüksəldilməsi Azərbaycan dövlətinə ən əlverişli maliyyə imkanları yaratmışdır. Dövlətin əlverişli makromaliyyə imkanlarına malik olmasına onun strateji valyuta ehtiyatlarının 18 milyard dollardan çox olması əyani sübutdur. Ümumiyyətlə, Prezident İlham Əliyevin sosial siyasətinin fəlsəfəsi ondan ibarətdir ki, ölkədə yoxsul, aztəminatlı insan olmasın. Vətəndaşların rifahının hər keçən il yaxşılaşması onu göstərir ki, dövlət başçısının sosial siyasət fəlsəfəsinin ruhuna uyğun həyata keçirilən sosialyönümlü tədbirlər özünü doğruldur. Aparılmış sosial-iqtisadi siyasət nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 13 faizə enmişdir. 800 minə yaxın iş yerlərinin yaradılması da bu prosesə öz müsbət təsirini göstərmişdir.
Əldə olunmuş nailiyyətlər və yerinə yetirilməkdə olan dövlət proqramları və layihələr bir daha təsdiqləyir ki, Azərbaycanın hərtərəfli inkişafı dönməz xarakter almışdır. Yeni İl münasibəti ilə Azərbaycan xalqına təbrikində Prezident İlham Əliyev bildirmişdir ki, 2009-cu ildə ölkəmizdə iqtisadi artım 9 faizdən çox olmuşdur. Bu, böhranlı ildə çox böyük göstəricidir. Bütün bölgədə yaşanan böhran və bölgədə müxtəlif istiqamətlərdə aparılan islahatlar hər bir ölkənin iqtisadi və siyasi potensialını ortaya qoydu. Böhran ili kimin nəyə qadir olduğunu çox açıq və aydın şəkildə göstərdi. Dövlət başçısı xüsusilə vurğulamışdır ki, Azərbaycan öz hesabına yaşayan ölkələrdəndir: “Biz xalqımızın istedadına arxalanırıq, aparılan islahatlara arxalanırıq, Azərbaycan xalqının iradəsinə arxalanırıq”.
Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurları beynəlxalq maliyyə təşkilatları da təsdiqləyirlər. Beynəlxalq maliyyə təşkilatlarının hesablamalarına görə, qarşıdakı altı il ərzində Azərbaycanda adambaşına düşən gəlir dünyada ən sürətli templə artacaq. 2013-cü ildə ümumi daxili məhsul İstehsalının adambaşına düşən hissəsi 3663 dollardan 12915 dollara qədər yüksələcək. Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar və dövlət proqramları Azərbaycan xalqının rifahının yüksəldilməsini təmin etməklə yanaşı, ölkənin inkişaf sürətinin artmasına da şərait yaratmışdır.
Səbuhi MƏMMƏDOV
Xalq qəzeti.- 2010.- 8 yanvar.- S. 1.