“...Çünki Füzuli SÖZ-ü bütün sözlərdən öndədir”

 

Azərbaycan füzulişünaslığının beş əsrlik tarixinə yeni elmi baxış

 

Bu sətirləri qələmə alarkən məşhur elmi jurnallardan birində oxuduğum maraqlı fakt yadıma düşdü. Məzmun belə idi ki, 70 yaşı tamam olan ingilis aliminin ünvanına dostları çoxsaylı xoş ifadələr işlədir. Bütün ifadələri cavabsız qoyan filosof təkcə bir məsələyə münasibət bildirir. Fikir belə idi: “Siz hələ Britaniya elmində öz sözünüzü deyəcəksiniz”. Alimin münasibəti çox orijinaldır: “Əsl britaniyalı alim 40 yaşınadək elmdə öz sözünü deyir. 50 yaşınadək həmin sözün həqiqət olduğunu sübut etməyə çalışır və sonra alim kimi yaşayır”.

 

Bu məqamın indi haqqında söz açdığımız alimə dolayısı ilə olsa da aidliyi var. Üstəlik, bu yazının qəhrəmanı 40 yaşınadək elmdə öz sözünü deməklə yanaşı həmin sözün həqiqət olduğunu da çoxdan sübut edib. Yəni daha on illik dəlil-sübut təsdiqinə ehtiyac qalmayıb. Ona görə də elə indidən alim kimi yaşaya bilər.

Filologiya elmləri doktoru Gülşən Əliyeva — Kəngərlinin “Çaşıoğlu” nəşriyyatında işıq üzü görmüş “Azərbaycan füzulişünaslığı” kitabını Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin ötən il “Ədəbiyyat qəzeti”ndə verilmiş “Füzulişünaslıq: tarixilik və poetika” adlı əhatəli elmi məqaləsini oxuduqdan sonra əldə etdim. Daha doğrusu, akademikin məqaləsi məndə həmin kitaba maraq oyatdı. Xatırladım ki, həm adı çəkilən kitab çap olunanda, həm də hörmətli akademikin gənc alimin yaradıcılığı barədə dərin elmi təhlillərə əsaslanan məqaləsi qəzetdə veriləndə Gülşən xanım hələ filologiya elmləri namizədi idi. Yəni gənc bir alimin bu boyda ağır elmi işin çətinliklərindən qorxmayaraq, ədəbiyyat tariximiz üçün gərəkli, füzulişünaslıq elminin zənginləşdirilməsi baxımından mühüm olan bir işə girişməsi sözün həqiqi mənasında cəsarət tələb edirdi. Çünki alim Məhəmməd Füzulinin özündən üzü bəri, bizim günlərimizədək Füzuli sözü haqqında söylənilmiş fikirləri bir monoqrafiyada, üstəlik yeni müstəvidə dəyərləndirmək istəyirdi. Bəri başdan deyək ki, alim öz məqsədinə kifayət qədər müfəssəl bir şəkildə nail olmuşdur.

Çox təbii bir məqam yaranır. Füzulidən söz açanda “heyrət”dən danışmamaq mümkün deyil. Adı çəkilən məqaləni və haqqında söhbət açdığımız kitabı oxuyanda da bizdə bir heyrət hissi yarandı. Əstağfürullah, bu heyrətin Füzuli heyrətinə yaxınlığı və ya dəxli yox idi. Sadəcə hələ heç 40 yaşı olmayan bir alimin öz elmi işini mükəmməl şəkildə ərsəyə gətirmək üçün üç yüzədək elmi mənbəyə istinad etməsi (onların 50-dən çoxu rus və türk dillərindədir), üstəlik həmin mənbələrdəki fikirlərin bir-biri ilə müqayisəli şəkildə tədqiq edilməsi, Füzulinin təkcə Azərbaycan, türk və ya şərq mədəniyyətinin deyil, bütövlükdə bəşər mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri olduğunu təsdiq edən faktları ümumiləşdirməsi heyrətli dərəcədə prinsipiallıq və əzmkarlıq tələb edən bir iş idi. Heyrət, sənə, sözün sehri.

Oxucunu heyran edən ikinci məqam isə akademik İsa Həbibbəylinin məqaləsinin elə birinci abzasında verilmiş yüksək qiymətləndirmələrdir: “Gülşən Əliyeva — Kəngərlinin ”Çaşıoğlu" nəşriyyatında çapdan çıxmış “Azərbaycan füzulişünaslığı” monoqrafiyası ədəbiyyatşünaslıq elmində mövcud olan boşluğu aradan qaldıran birinci monoqrafik tədqiqat kimi mühüm əhəmiyyət kəsb edir. Bu, Gülşən Əliyeva — Kəngərlinin gərgin zəhmətinin, ciddi axtarışlarının, aydın elmi təfəkkürünün nəticəsi əsasında meydana çıxan dəyərli füzulişünaslıqnamədir. Təqdim olunan monoqrafiya həm də Azərbaycanda ədəbiyyat haqqında elmin tarixində şünaslıq səviyyəsində yaranmış ilk sanballı və ümumiləşmiş əsərdir. Söz mülkünün sultanı olan Məhəmməd Füzuli irsinin və qüdrətli sənətkara həsr olunan əsərlərin əsas ana xətlərini, zəruri problemlərini əks etdirən “Azərbaycan füzulişünaslığı” monoqrafiyası geniş mənada füzulişünaslığa qiymətli əlavədir”. Diqqət yetirin, hörmətli akademik yüz illərdən bəri mövcud olan dünya füzulişünaslığının fonunda tədqiq edilmiş və qiymətli nəticələr əldə edilmiş “Azərbaycan füzulişünaslığı” monoqrafiyasını geniş mənada füzulişünaslığa əlavə kimi qiymətləndirir. Nə üçün töhfə kimi deyil, məhz əlavə kimi? Çünki bu əsər həqiqətən füzulişünaslıqdakı bir çox boşluqların doldurulması və bu elmin zənginləşdirilməsi baxımından əhəmiyyətlidir. Məlumdur ki, səhifədəki boşluqlar mütləq oraya edilən əlavələrlə doldurulur. Bunun üçün isə ilk növbədə müəllifin — alimin tədqiq etdiyi predmeti yüksək səviyyədə dərki, haqqında söz açdığı mənbələrə elmi münasibəti, çoxsaylı müqayisələrdən sonra məhz öz təfəkkürünün nəticəsi olan elmi arqumentlərlə çıxış etmək imkanının olması çox vacibdir. Şairdən və yazıçıdan fərqli olaraq alim öz əsərini yekunlaşdırarkən nəticə olaraq müəyyən bir yol açmalı və ya istiqamət müəyyənləşdirməlidir ki, Gülşən xanım məhz bu vəzifənin öhdəsindən gələ bilmişdir.

Kitabdan bəzi məqamlara diqqət yetirək: “Füzulidən yazmaq çətindir, Füzulidən yazanlardan yazmaq isə ikiqat çətindir! Füzulidən yazan xoşbəxtdir, çünki o azaddır, Füzulidən istədiyi tərzdə yaza bilər. Fəqət Füzulidən yazanlardan yazan həm Füzulidən, həm də onun tədqiqatçısından asılıdır”. (“Müəllifdən” adlı məqalədən). “...bu dünya şöhrətli alim (Mehmet Fuad Köprülü—red.) yazır: ”Türk ədəbiyyatının müxtəlif sahələri üzərində əsrlərdən bəri Füzuli qədər icrayi-təsir etmiş şair pək azdır. Nəsimi və Nəvaidən sonra ancaq Füzulidir ki, türk aləminin hər tərəfinə əsərləri yayılmış...” (“Azərbaycan füzulişünaslığının təşəkkülü” məqaləsindən). “Kitabımızda Füzulinin poetikasını açmaq sahəsində ilk monoqrafik iş olaraq Mir Cəlalın “Füzuli sənətkarlığı” əsərinin nəzəri-tarixi qiyməti verilir; şairin poetikasını açmaq üçün onun istinad etdiyi ədəbi-nəzəri mirasın təcrübəsi əsas götürülür; müəllif Füzuliyə hazır nəzəriyyədən yox, onun öz poeziyasından daxil olur; monoqrafiyada ənənəvi akademik fəsillər qoymur, esse formasına müraciət edir; mümkün qədər dövrün ideoloji təzyiqini dəf etməyə nail olur” (“Nəticə” bölməsindən) və sairə.

Yeri gəlmişkən, kitabda verilmiş “Azərbaycan füzulişünaslığının mənşəyi və təşəkkülü”, “Azərbaycan füzulişünaslığında tarixilik”, “Füzuli poetikası haqqında konsepsiyalar” adlı şərti üç bölmədən və girişdən ibarət olan 280 səhifəlik monoqrafiyaya məhz akademik tədqiqatlar səviyyəsində mükəmməl “nəticə” verilmişdir. “Nəticə”dən bir məqama xüsusilə diqqət yetirmək istəyirik: “Füzulişünaslıq geniş anlayışdır. Zaman-zaman müxtəlif xalqların alimləri dahi Azərbaycan şairi Məhəmməd Füzulinin həyatı, mühiti, müasirləri, şərqin üç böyük dilində – türk, ərəb və fars dillərində yaratdığı bənzərsiz söz sənəti haqqında dəyərli araşdırmalar aparmış, beləliklə də Türkiyə füzulişünaslığı, Avropa füzulişünaslığı, rus füzulişünaslığı, Azərbaycan füzulişünaslığı və belə bir tərkibdə dünya füzulişünaslığı formalaşıb. Bizim tədqiqatımızın predmeti bunlardan yalnız biri, fəqət ən zəngini olan Azərbaycan füzulişünaslığıdır. Əlbəttə, araşdırma zamanı dünya füzulişünaslığının konteksti nəzərə alınır və lazımi məqamlardan müqayisələr aparılır, iqtibaslar gətirilir”.

Filoloq-ədəbiyyatşünaslar, aspirant və magistrantlar, tələbələr, eləcə də böyük söz abidəsi olan Füzuli yaradıcılığını, bütövlükdə ədəbiyyatı sevən hər kəs üçün nəzərdə tutulmuş bu kitabda Azərbaycan füzulişünaslığının 500 illik möhtəşəm bir dövrünü əhatə edən təkamül mərhələləri sıralanır, bu mərhələlərin tarixi və nəzəri-estetik hüdudları öyrənilir.

Sonda müəllifin özü barədə bir neçə kəlmə qeyd edək. Füzulişünas alim, poetika nəzəriyyəçisi, filologiya elmləri doktoru Gülşən Əliyeva — Kəngərli 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra AMEA-nın tarix muzeyində və Nizami adına Azərbaycan ədəbiyyatı muzeyində işləyib. 2000-ci ildə “Çağdaş Azərbaycan poeziyasında Füzuli ənənələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Yaddaş” Milli mükafatının laureatıdır. 2005-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Ədəbiyyat və Azərbaycan dili” kafedrasının müdiridir. Türkiyədə və İranda müxtəlif konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış edib. 7 kitabın və 150-dən çox elmi-nəzəri məqalənin müəllifidir. 2009-cu ildə “Azərbaycan füzulişünaslığının tarixi inkişaf mərhələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Yazının sonuna müəllifin kitabdakı ilk cümləsini sitat kimi köçürdükdən sonra nöqtə qoyacağıq: “Əslində bu kitaba mükəmməl bir “Ön söz” yazılmalı idi. Fəqət biz düşündük ki, dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə ön söz yazmaq olmaz. Çünki Füzuli SÖZ-ü bütün sözlərdən öndədir”.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 10 yanvar.- S. 8.