Dünya şöhrətli alim

 

Əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor Fərid Həsən oğlu Dadaşov görkəmli alimgeoloq, pedaqoq, elmi təşkilatçı elmi biliklərin təbliğatçısıdır.

 

1952- ci ildə institutu qurtaran zaman F.Dadaşov elmi şuranın qərarı ilə Azərbaycan Sənaye İnstitutunun “Neft yataqlarının geologiyası” kafedrası nəzdində aspiranturada saxlanılmış və vaxtından əvvəl, 1955-ci ildə aspiranturanı qurtararaq “Səngəçal burnundan “Gil” adasına qədər Xəzər dənizinin sahilboyu sualtı zolağının geoloci quruluşu və neftli-qazlılıq perspektivliyi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

1957-ci ildə F.Dadaşov Azərbaycan EA Geologiya İnstitutuna “Neft yataqlarının geologiyası” laboratoriyasına dəvət edilir.

Geologiya İnstitutunda F.Dadaşov Azərbaycanın təbii qazlarını öyrənməyə başladı. Onun təşəbbüsü ilə 1958-ci ildə institutun elmi-tədqiqat planına “Azərbaycanın qazlı sahələri” mövzusu daxil edilmiş və nəticədə Azərbaycanın neftli-qazlı yataqlarının və palçıq vulkanlarının karbohidrogen qazları haqqında yeni məlumatlar alınmışdır. Başlanmış bu tədqiqat işləri sonralar yalnız Geologiya İnstitutunda deyil, başqa elmi-tədqiqat, istehsalat təşkilatları və ali məktəblərdə də öz inkişafını tapdı. Azərbaycanın qaz sənayesinin inkişafı ilə uzlaşan və onu gücləndirən təbii qazların tədqiqi F.Dadaşovun əsas tədqiqat sahəsinə çevrilmişdir.

Professor F.Dadaşov geoloq və qaz sənayesi işçiləri Bakı məktəbinin əsasını qoyanlardan biridir.

O, apardığı elmi-tədqiqatlar nəticəsində “Azərbaycanın karbohidrogen qazları” mövzusunda 1965-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Professor F.Dadaşov tərəfindən 10 monoqrafiya, izahlı yazılışı ilə 5 xəritə, respublikada və xarici nəşriyyatlarda dərc edilmişdir. 300-ə yaxın məqalə, 4 müəlliflik şəhadətnaməsi və 90-a yaxın elmi-tədqiqat işi üzrə hesabatda öz əksini tapmışdır.

İlk dəfə olaraq professor F.Dadaşov SSRİ EA Okeanologiya İnstitutunun mütəxəssisləri ilə birlikdə Yerüstü hidrosferin qazlarının yeni öyrənilmə qaydasını təklif etmiş, su və dib çöküntüləri nümunələrinin germetik götürülməsi üçün kompleks aparatlar işləyib hazırlamış, Yer təkinin neftli-qazlılığı və dibin geoloji quruluşundan asılı olaraq Xəzər və başqa dənizlərin sularında karbohidrogen qazlarının konsentrasiyalarının yayılma qanunauyğunluğunu və tərkibini müəyyənləşdirmişdir.

F.Dadaşovun yerinə yetirdiyi tədqiqatların nəticələri onun həmmüəllif olduğu Azərbaycanın bir sıra geokimyəvi xəritələrinin hazırlanmasında istifadə edilmişdir: 1: 500 000 miqyaslı “Azərbaycan SSR-in geokimyəvi anomaliyası” (1982), “Azərbaycan SSR-in neft və qaz yataqları və perspektivli yataqları” (1984), “Azərbaycan SSR-in neft-qazlılığı” (1985), “Xəzər dənizinin palçıq vulkanları”–(1995) və s.

80-ci illərdən etibarən F.Dadaşov Moskva Mühəndis Fizika İnstitutunun əməkdaşları ilə mühüm təcrübi və nəzəri məsələlərin həlli üzərində məhsuldar işləyir. Neft-qaz geologiyasında və stratosferin karbohidrogen tənəffüsünün tədqiqində istifadə edilən lazer qazanalizatorların işlənib hazırlanması buna misaldır. F.Dadaşov həmin institutla birlikdə bir sıra eksperimentlər aparmış və alınmış materialların kompleks təhlilini həyata keçirmişdir.

F.Dadaşov “Günəşli” dəniz neft yatağını ilkin açanlardan biridir. Onun həmkarları ilə birlikdə Cənubi Xəzər çökəkliyində geokimyəvi kriteriyalar əsasında qaz yığımı zonalarını aşkar etməsi 1999-cu ildə Şahdəniz yatağının aşkarlanmasına səbəb oldu.

F.Dadaşov uzun müddət (1977-1984) Azərbaycan EA Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmiş, 1979-cu ildən isə Azərbaycan EA Geologiya İnstitutunun doktorluq dissertasiyasının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın sədri və həmsədridir. Onun rəhbərliyi altında şurada 30 doktorluq və 100 namizədlik dissertasiyası müdafiə edilmişdir.

F.Dadaşov Azərbaycan qaz geokimyaçıları məktəbinin yaradıcısıdır. O, qazların geokimyasının müxtəlif istiqamətləri üzrə orijinal tədqiqatları əks etdirən 20 elmlər namizədi, 3 elmlər doktoru yetişdirmişdir.

F.Dadaşov həmişə xarici geokimyaçılar-neftçilər ilə sıx əlaqə saxlayır. Onun rəhbərliyi və iştirakı ilə Çexoslovakiya ərazisində Çexoslovakiya Mərkəzi Geologiya İnstitutu ilə birgə çökəkliyin qaz rejiminin öyrənilməsi üzrə aparılan qaz geokimyəvi planalmanı xüsusilə qeyd etmək lazımdır. 1994-cü ildən F.H.Dadaşov xarici (“BiPi/Statoyl, BiPi/Amok, Xovard-Enerji, Lazma və s.) firmalarla birlikdə Cənubi Xəzər çökəkliyi neft yataqlarının, palçıq vulkanlarının karbohidrogen qazlarının kimyəvi və izotop tərkibinin, məhsuldar qat və paleogen-miosen çöküntülərinin karbohidrogen potensialının dəyişmə qanunauyğunluğunun öyrənilməsi üzrə işlərdə iştirak edir.

1988-ci ildə F.Dadaşov “Azərbaycan SSR neft-qaz yataqlarının və perspektivli strukturlarının xəritəsi” kollektiv əməyə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. 199-ci ildə isə ona Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adı verilmişdir. 2008-ci ildə respublika Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Fərid Dadaşov “Şöhrət” ordeninə layiq görülmüşdür. O, xeyirxahlığı, həmkarlarına diqqəti və əməksevərliyi ilə 50 ildən çoxdur ki, yekdil geokimyaçılar kollektivi yaratmışdır. F.Dadaşov gənc mütəxəssislərə həmişə böyük diqqət və qayğıyla yanaşmışdır.

Professor F.Dadaşov dünya şöhrətli, görkəmli geoloq-neftçi, geokimyaçı olub, XXI əsr elminin inkişafına istiqamətlənmiş ideyaların müəllifidir.

Bu gün respublikamızın bütün neftçi-geoloqlar ailəsi böyük alim Fərid Həsən oğlu Dadaşovu anadan olmasının 80 illiyi, elmi və pedaqoji fəaliyyətinin 55 illiyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və Azərbaycan xalqının rifahı naminə yorulmaz işində böyük yaradıcılıq nailiyyətləri arzu edir.

 

 

Ağa Musa DADAŞOV,

AMEA Geologiya İnstitutunun

aparıcı elmi işçisi, geologiya-mineralogiya

elmləri namizədi, respublikanın əməkdar geoloqu

 

Xalq qəzeti.- 2010.- 10 yanvar.- S. 7.