Azərbaycan Yazıçılar Birliyi – 75

 

Yaşamaq – yanmaqdır...

 

“Dünyada özünü tam dərk edən insan yəqin ki, tapılmaz, çünki daxilimizdə gəzdirdiyimiz gizli imkanlar haçansa üzə çıxır, aşkarlanır. Bəlkə də belə halların nəticəsidir ki, bəzən insanın fəaliyyəti çoxsahəli qurulur. Mən də öz həyatımda dəfələrlə bunun şahidi olmuşam”. Pedaqoji institutda oxuduğum zaman Bakının 176 saylı orta məktəbində keçdiyimiz praktika kursunun rəhbəri olan Azərbaycanın əməkdar müəllimi Z.H.Səfərova ilk dərsimə yüksək qiymət verərək gələcəkdə böyük pedaqoq olacağıma öz inamını bildirmişdi. Lakin dilə və ədəbiyyata olan meyl və həvəsim hər şeydən üstün olduğu üçün filologiya sahəsini seçdim”.

 

Müsahibim filologiya elmləri doktoru Aida Feyzullayeva söhbətimizə belə bir ilıq notla başladı.

– Aida xanım, artıq 40 ildir ki, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda işləyirsiniz. Xatirələrlə dolu ötən illər ərzində nələr yazıb-yaratdınız? Yaradıcılığınızla yeni nəslə daha nələri ərmağan edirsiniz?

– Mən hər zaman Nizaminin adını daşıyan elm ocağında çalışmağımla fəxr etmiş və bir elmi işçi kimi bütün fəaliyyətimdə bu dahi şəxsiyyətin yüksək adına layiq olmağa çalışmışam. Özümə qarşı hər zaman son dərəcə tələbkar olmuş və bütün gördüyüm işlərə və əməllərimə kənardan nəzər salmağa bir növ adət etmişəm. Yaradıcılıq fəaliyyətimdə bu xüsusiyyətin böyük təkanverici qüvvəsini dərk edərək daim axtarışda olmuşam. Görünür, bütün suallar, tərəddüdlər və həqiqət axtarışları insanın intellekt və mənəviyyatının zənginləşməsini, inkişafını təmin edən əsas amildir.

– Təhsiliniz rus dilində olduğu üçün işlək diliniz də rus dili olmuşdur.

– Bəli, bu, belədir. Lakin Azərbaycan dilini mükəmməl öyrənməyi özümə borc bilir, tələbələrimə də bu hissləri təlqin edərək məhəbbətlə və böyük həvəslə onlara Azərbaycan ədəbiyyatı tarixi üzrə dərs deyirəm. Pedaqoji təcrübəmin nəticəsində belə bir qənaətə gəldim ki, tələbələrimizin maariflənməsinə böyük ehtiyac var və bu məqsədlə “Azərbaycan korifeyləri” adlı dərs vəsaiti hazırladım. Tələbə - filoloqlara ünvanlanmış bu topludan indi geniş və səmərəli istifadə olunur. Bu vəsaitdə görkəmli Azərbaycan mütəfəkkirləri və şairlərinin (N.Tusi, A.Bakıxanov, M.F.Axundzadə, H.Cavid və M.Hadi) yaradıcılığını səciyyələndirən dünyəvi problemlər öz həllini tapmışdır.

– Sonralar elə bil bu silsilənin davamı kimi, lakin daha dərin və əhatəli şəkildə, sistemli bir elmi - tədqiqat predmetinə çevrilən “XX əsr Azərbaycan yazıçılarının dünyagörüşündə Şərq və Qərb amili” mövzusunda yeni bir əsər yazdınız.

– Burada qoyulan problemlər çox ciddi və aktualdır. Əsərdə XX əsr Azərbaycan yazıçı və mütəfəkkirlərin (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, H.Cavid, M.Hadi, M.S.Ordubadi, Y.V.Çəmənzəminli) timsalında hər birinin dünyagörüşünü istiqamətləndirən Şərq və Qərb amilləri izlənilir və yeni prizmadan, yəni əsərlərinin tekstoloji təhlil əsasında bədii-estetik dəyərləri öyrənilir, həmçinin dünyamiqyaslı sənətkarlarımızın ideya-mənəvi axtarışları və mənəvi təkamülü öz təzahürünü tapır və ətraflı tədqiq edilir.

Burada milli ənənələrin varisliyi, millətçilik və qərbçilik məsələləri ön plana çəkilmişdir. Təfəkkürün qloballığı H.Cavidin dramaturgiyasında bəşəri problemlərin həlli əsasında, M.Hadinin fəlsəfi-poetik əsərlərindəki Şərq və Qərb tendensiyalarının müşahidə olunması yolu ilə aşkarlanır. XX əsr Azərbaycan yazıçılarının konsepsiyasında Şərq və Qərbin sintezi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, milli tarixi romanın patriarxı M.S.Ordubadinin və onun müasiri olan yazıçı-alim Y.V.Çəmənzəminlinin dünyagörüşlərində öz əksini tapır, ətraflı təhlil və şərh olunaraq öyrənilir.

– Belə deyək ki, filologiya elmləri doktoru A.Feyzullayeva elmi-tədqiqat fəaliyyətini əsasən ədəbi əlaqələr istiqamətində qurduğu üçün çalışıb ki, ilk növbədə milli ədəbiyyatımızın özünəməxsusluğunu və onun milli xüsusiyyətlərini dərindən öyrənib üzə çıxarsın və dəyərləndirsin.

– AMEA Nizami adına Ədəbiyyat İnstitutunun adlı-sanlı, nüfuzlu alimlərinin, indi xatirələrdə yaşayan Ə.Mirəhmədovun alicənab siması, elmi səriştəsi, filoloq - alim M.Seyidovun elmi polemikaları və ehtiraslı mühakimələri, A.Hacıyevin dəyərli məsləhətləri, müntəzəm mütaliənin və ritmik çalışmanın əhəmiyyəti və zəruriliyi barədə tövsiyyələri mənim üçün bir təcrübə məktəbinə çevrilmişdir. Düşündüyümə görə onların ruhunda yazıb-yaradan insan səhv edə bilməz, çünki yaradıcılıqlarının əsası və təməl daşı zəhmətkeşlik üzərində qoyulmuşdur.

Yalnız zəhmətsevərliyin nəticəsində insan öz məqsədinə nail ola bilər. Elmdə çox zaman bu yol uzanır, böyük təmkin və iradə tədəb edir. Məhz çətin sınaqlardan keçən yaradıcı insanın uğurları ürəyəyatan və sevindirici olur. Ədəbi əlaqələr və milli ədəbiyyatların inkişaf problemləri hər zaman diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Moskvada Dünya Ədəbiyyatı İnstitutundan aldığım və rus klassik ədəbiyyatı şöbəsinin sədri professor L.Qromova tərəfindən imzalanmış rəydə doktorluq dissertasiyama yüksək qiymət verilmiş və hər şeydən əvvəl onu düzgün, ənənəvi tendensiyalı münasibətdən fərqli olaraq, obyektiv dəyərləndirilmişdi. Bu çox əlamətdar və sevindirici faktdır.

Doktorluq dissertasiyamda böyük tarixi materialın əsasında – XIX əsrin 40-cı – XX əsrin 30-cu illərini əhatə edən bir əsrlik Azərbaycan ədəbiyyatının inkişafı – olduqca mürəkkəb və mühüm problem qoyulur və öz həllini tapır: milli ədəbiyyatın inkişafında qarşılıqlı əlaqələrin rolu. Onların çoxu Rusiyada təhsil almış, bəziləri isə Avropada olmuş və işləmişlər, Avropa mədəniyyətinə yiyələnmişlər. Bütün bunlar milli sənəti zənginləşdirirdi, lakin onun özünəməxsusluğu, Şərq ənənələrinə bağlılığı qətiyyən zəifləmirdi. Bu əsər ilə belə bir nəzəri postulat, mühakimələr tam sübuta yetirilmişdir ki, məhz bu yolla hər bir milli ədəbiyyatın dünya ədəbiyyatına gətirdiyi zənginlik daha aydın görünür, inkişafın qanunauyğunluqları aşkar edilir.

– “Azərbaycan yazıçıları Rusiyada” həmin monoqrafik əsər idi.

– Sonralar daha ciddi bir mövzuya müraciət etdim: “Rus türkologiyasının inkişaf mərhələləri və problemləri”. Məsələni öyrənərkən rus türkologiyasının “dönüş dövrünə” qədər gəlib çatdım. Bu tarixi mərhələ daha çox rusdilli qazax şairi və tədqiqatçısı Oljas Suleymenovun adı ilə bağlı olduğu üçün onun çoxsahəli fəaliyyəti ilə daha dərindən, ətraflı tanış olmalı və öyrənməli oldum.

– İllər ötdükcə bu maraq artırdı, axtarışlar davam edirdi və tədqiqat yavaş-yavaş sistem şəklini alırdı... .

– O. Suleymenovun poetik dünyasını əks etdirən fəslə sonra elmi yaradıcılığını, ictimai-publisistik fəaliyyətini və Azərbaycanla əlaqəsini əlavə etdim. Nəhayət, 2004-cü ildə O.Suleymenovun yaradıcılığına həsr olunmuş kitabım nəşr olundu. Bakıda olanda kitab görkəmli yazıçıya çatdırıldı, lakin imkan olmadığına görə görüşə bilmədik. 1-2 gün keçəndən sonra o, Parisdən mənə zəng edib öz təşəkkürünü bildirdi: “Böyük zəhmət çəkmisiniz, amma mən istərdim ki, siz bu işi davam etdirəsiniz”. Çox çəkmədi ki, Bakıya növbəti səfəri zamanı o, öz yeni kitabını mənə təqdim etdi. Bu əsər yeni təfəkkürlü alim-türkoloqun əvvəlki kitablarının davamı kimi onun konseptual elmi görüşləri barədə bütöv təsəvvür yaradır. Türkoloji problemlərin tədqiqində bir koordinasiya yaratmaq məqsədilə O.Suleymenovun qədim sivilizasiyaların qarşılıqlı əlaqələr tarixində türk amillərinin iştirakı və rolunu sübuta yetirən konsepsiyasına yaxın olan Azərbaycan alimlərinin elmi nailiyyətləri ilə yaxından tanış olaraq diqqət etmişdim ki, 2-ci nəşrdə onlar öz əksini tapsın və həmin istəyimə nail ola bilmişdim.

– Fəaliyyətinizlə bağlı daha nələri diqqətə yetirmək istərdiniz?

– Elmi fəaliyyətimin bir sahəsi də 15 il müddətində (1991-2006) AMEA-nın nəzdində yaranan Azərbaycanşünasların Müstəqil Birliyinin (AMB) idarə heyətinin üzvü, sədr müavini olduğum dövrlə bağlıdır. 1991-ci ilin sentyabr ayında gənc tarixçilərin I Respublika elmi konfransı təşkil olunur və beləliklə, gələcək AMB-nin əsası qoyulur. Təşkilatın sədri Rafiq Rəcəbov alim-həmvətənlərilə birlikdə 15 il müddətində inamla və səylə çalışdı, can yandırdı və bu illər ərzində AMB-in gördüyü işlər səmərəli nəticəsini verdi: 4 beynəlxalq elmi simpozium, 2 beynəlxalq elmi konfrans, 3 respublika elmi konfransı, A.Bakıxanovun anadan olmasının 205 illiyinə həsr olunmuş elmi konfrans, gənc alimlərin iştirakı ilə 4 respublika elmi konfransı. Mən də bu elmi forumlarda məruzələrlə çıxış etmiş, 11 məruzələr məcmuəsinin nəşr işlərində, materialların tərcüməsində, redaktəsində və s. işlərdə çalışmışam.

Həyat təcrübəsi göstərir ki, əgər bir işə can yandırmasan, istədiyin nəticəni əldə edə bilməzsən. Şairin fikri də bunu təsdiq edir: “yaşamaq – yanmaqdır, yanasan gərək”.

 

 

Söhbəti qələmə aldı: Almaz ÜLVİ

 

Xalq qəzeti.- 2010.- 10 yanvar.- S. 7.