Xatirələrdə yaşayanlar

 

Dəniz cəsurları sevir

 

Haqqında söz açacağım Qasımov Oqtay Zeynal oğlu Xəzərdən uzaqlarda, 1934-cü il yanvarın 10-da Gəncədə dünyaya gəlib. Amma tale elə gətirib ki, ömrü-günü dənizlərin qoynunda keçib. Xəzərdən Baltik dənizinə, Oxot dənizinə, Qara dənizə, Cənubi Çin dənizinədək uzanıb tale yolu... Ailənin ilk övladı idi Oqtay. Sonra qardaşları Surxay, Vaqif doğulmuşdu. Ailənin xoşbəxtliyini müharibə yarımçıq qoymuşdu. İkinci Dünya müharibəsi başlananda ataları Zeynalı da cəbhəyə aparmışdılar. 3 övladını və həyat yoldaşını Samuxda yaşayan yaxınlarının yanında qoyub getmişdi. Anası Rübabə xanım isə çətinliklə çörək bişirilən sexdə işə düzəlmişdi. Səhər tezdən qaranlıq qarışana qədər çalışırdı. İşə gedəndə uşaqları evin böyüyü sayılan Oqtaya tapşırırdı. O isə həm məktəbə gedir, həm qardaşlarına qulluq edir, həm də anasının işlədiyi yerə gedib çörək paylarını alıb gətirirdi. Çətin günlər idi. Sonralar hər dəfə ayaqları ağrıyanda sakitcə: – “O illərin yadigarıdır” – deyirdi – ”Ayağıma çox böyük olan bir çəkməm vardı. Əslində onun üstü çəkmə görkəmində idi. Altı isə tamamilə yeyilmişdi. Suya, palçığa bata-bata meşənin içi ilə gedib-gəlirdim. Bəzən ayaqlarımı hiss etmirdim. Gecələr isə səhərədək ağrıdan sızıldayırdı”.

Atası müharibədən gec qayıtmışdı. Bu müddətdə Kür çayı üzərində yeni SES tikildiyinə görə yaşadıqları Samux suyun altında qalmış, ailə o vaxtkı Səfərəliyev (indiki Samux) rayonuna köçmüşdü. Ayıbalası deyilən kərpicdən iki kiçik otaq tikmişdilər. Halbuki sonralar Zeynal kişi daşdan kürsülü ev tikdirmişdi, amma o köhnə ev 1990-cı illərə kimi qalmışdı və ananı o evdən çıxmağa heç kim razı sala bilmirdi.

Müharibədən sonra Qasımovlar ailəsində daha 3 övlad –1 oğlan, 2 qız dünyaya gəlmişdi. Ailə olduqca ağır vəziyyətdə yaşayırdı. Oqtay çalışırdı ki, ali təhsil alıb onlara kömək əli uzada bilsin. O, 1953-cü ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olmuşdu, amma buranın bir neçə fakültəsi Azərbaycan Neft-Kimya İnstitutunun nəzdinə verildiyinə görə 1958-ci ildə bu təhsil müəssisəsindən məzun kimi təyinatla Neft Daşlarına işləməyə göndərilir. Xəzərə vurğunluğu onunla birbaşa təmasdan sonra daha da artdı. Neft daşlarında işə usta köməkçisindən başladı. Estakada və özüllərin qurulmasında fədakarlıqla çalışdı. Bacarığını qiymətləndirib usta işinə irəli çəkdilər. Sonralar ona iş icraçısı, sahə rəisi kimi məsuliyyətli vəzifələri də etibar etdilər. Beləliklə, Xəzərin qoynundan ayrılmadı. Qum adasında Azərneft qurğuları quraşdırma trestinin 5 saylı tikinti-quraşdırma idarəsinin baş mühəndisi, sonra rəisi vəzifəsinə irəli çəkildi. Oqtay Qasımov dənizin dibindən neft və qaz kəmərlərinin çəkilişi, dəniz estakadalarının qurulması sahəsində ilk azərbaycanlı mütəxəsislərdən hesab olunurdu. Dəfələrlə verdiyi səmərəli təkliflər bu sahədə işin daha etibarlı qurulmasına kömək göstərirdi.

Əlini ailəsinin üstündən çəkmirdi. Ona verilmiş 1 otaqlı mənzilində onları qəbul edir, bacı-qardaşlarının Bakıda yaşayıb ali təhsil almalarına şərait yaradırdı. Ailə qurmuş, iki övladı dünyaya gəlmişdi. Buna görə də mənzil şəraitinin yaxşılaşmasına ehtiyac duyurdu. Müraciəti cavabsız qalmadı. Montində üç otaqlı mənzillə təmin olundu. Bu, onu hədsiz sevindirirdi.

1971-ci ildə İraqla SSRİ arasında aparılan danışıqlara görə Şimali Rumeyla neft yataqlarının işlənilməsinə dair razılıq əldə olundu. Böyük Ərəb çayı yaxınlığında zəngin neft yataqlarının istismarı üçün Azərbaycandan da mütəxəssislər cəlb olunmuşdu. Təcrübəli neftçi kimi Oqtay Qasımova neft qurğuları tikintisinin rəisi, sonralar isə baş direktorun tikinti məsələləri üzrə müavini vəzifələri həvalə olundu.

İraqa gedəndə oğlu Emilin 4, qızı Sevilin 2 yaşı var idi. Beş il burada qalıb işlədi. Həyat yoldaşı Nuriyə xanım xatırlayırdı ki, balacalar burada həyət uşaqlarından ərəb dilini elə yaxşı öyrənmişdilər ki, bazara-dükana gedəndə tərcüməçilik edirdilər.

Oqtay Qasımov Rumeylada şan-şöhrət qazandı. Neft quyusu özüllərinin möhkəm və etibarlı hazırlanması sahəsindəki səmərələşdirici təklifi haqqında İraq qəzetlərində yazılar dərc olundu və bu iş üsulu “Qasımov metodu” kimi sonralar da Şimali Rumeyla neft quyularının qurulmasında tətbiq edildi. SSRİ Qaz Sənayesi Nazirliyi tərəfindən ona dəfələrlə o vaxt üçün böyük şöhrət hesab olunan “Sosializm yarışının qalibi” adı verildi.

Şimali Rumeyla neft sənayesinin ikinci növbəsinin tikintisində göstərdiyi şücaətə gərə 1972-ci ildə SSRİ-nin İraqdakı səfirliyi tərəfindən adı “Şərəf kitabı”na yazıldı. İraqın o vaxtkı prezidenti Əhməd Həsən əl – Bəkr Oqtaya ölkənin ali mükafatını – ”Qızıl orden”i şəxsən təqdim etmişdi. O, həmçinin İraq neftinin çıxarılmasındakı xidmətlərinə görə 1977-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olundu. Oqtay Vətənə qayıtdıqda atasının vəfat etdiyini, uzaqlarda olduğuna görə ona xəbər verilmədiyini eşidib məyus oldu. Amma, olan olmuşdu və yenidən doğmalarına qovuşduğuna görə bəxtiyarlıq hissi keçirirdi. Sərhədlərin bağlı olduğu bir dövrdə xaricdə işləmək, şan-şöhrət qazanmaq hamıya nəsib olan bir şey deyildi. Samuxda ailəsi Oqtayla fəxr edir, onu əsil öyünməli oğul və qardaş hesab edirdilər.

Azərbaycana qayıtdıqdan sonra onu Bakıda Azərneft qurğuları quraşdırma trestinin 4 saylı tikinti-quraşdırma idarəsinə rəhbər təyin etdilər. Oqtay indi daha təcrübəli və işbilən bir neftçi kimi öz doğma Vətəninə xidmət edir, Xəzərin sularında dəniz qurğularının quraşdırılması və kəmərlərin çəkilişi ilə ürəklə məşğul olurdu. Dəniz sularında yüksək təzyiqə davam gətirməyən boruların partlamaması üçün Oqtay Qasımovun icad etdiyi qurğu da gərəkli səmərəli təklif kimi qeydiyyətdan keçmişdi və uğurla tətbiq edilirdi.

Kollektivdə onu sevir və ehtiram bəsləyirdilər. Bu gün də Oqtayı tanıyanlar onun nə qədər təmiz və saf bir insan olduğunu xatırlayırlar. Ehtiyacı olan işçilərə təmənnasız yardım etdiyini və bunu necə nəzakət və incəliklə həyata keçirdiyini söyləyirlər.

1960-ci illərdə SSRİ neft yataqlarının işlənməsi üzrə daimi fəaliyyətdə olan mərkəzi komissiyaya Sabit Orucov rəhbərlik edirdi. O zaman o, həm də SSRİ Neft sənayesi nazirinin birinci müavini vəzifəsində çalışırdı. İkinci dünya müharibəsindən sonrakı illərdə Orucov Azərbaycanda neft emalı sahəsində plan işlərinin hazırlanması, obyektlərin seçilməsi, yeni metodların tətbiqi sahəsində də misilsiz xidmətlər göstərmişdir. O, neft və qaz emalı sahəsində görkəmli mütəxəssis sayılırdı. Neft və qaz yataqlarının işlənməsində müasir metodların tətbiqinə mühüm əhəmiyyət verirdi. 1972-ci ildə Sabit Orucov SSRİ qaz sənayesi naziri təyin edildi. Azərbaycanın görkəmli neftcilərini yaxşı tanıyan və qiymətləndirən Orucov 1979-cu ildə Oqtayı da Moskvaya dəvət etdi. Oqtay Qasımov SSRİ Qaz Sənayesi Naziriliyində tikinti- quraşdırma idarəsinin rəisi təyin olundu. Burada çalışarkən Oqtay Qara dənizdə ilk neft kəmərinin çəkilişinə, Baltik dənizində quyuların qazılması üçün özüllərin qoyulmasına, Oxot dənizində sualtı neft və qaz kəməri çəkilişinə rəhbərlik etdi. Qara dənizdə ilk qaz kəmərinin çəkilişindəki xidmətləri layiqicə qiymətləndirildi və o, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Qızıl medal”ı ilə təltif olundu.

1980-ci ildə SSRİ ilə Vyetnam Sosialist Respublikası arasında bağlanan müqavilə əsasında sovet mütəxəssisləri “Ağ pələng” adlandırılan ərazidə neft yataqlarının istismara hazırlanması üçün bu ölkəyə ezam edildilər. Onların arasında Oqtay Qasımov da var idi. “Vyetsovpetrol” İstehsalat Birliyində dənizdə tikinti işlərinin aparılması sahəsində vyetnamlı mütəxəssislərin hələ yetişmədiyini nəzərə alınaraq bu işlər “Xəzərdənizneftqaz” birliyinin baş direktorunun müavini Əhməd Zeynalova həvalə olunmuşdu. Dəniz platformaları isə Bakı “Dənizneftqaz” Elmi-Tədqiqat İnstitutunun layihələri əsasında qurulurdu. Çünki dənizdən neft çıxarılmasında Bakı neftçilərinin təcrübəsi böyük idi. Bu təcrübənin tətbiqinə Vunqtauda “Vyetsovpetro”nun baş direktoru Feliks Arjanov və tikinti-quraşdırma idarəsinin rəisi Oqtay Qasımov rəhbərlik edirdilər. Əvvəllər Azərbaycan KP MK-da sənaye və nəqliyyat şöbəsinin müdiri işləmiş P.Aruşanov sonralar öz xatirələrində yazırdı ki, “qurudan neft çıxartmaq üzrə mütəxəsis olan Arjanovdan fərqli olaraq Oqtay Qasımov Xəzər dənizində neft sənayesi obyektlərinin tikintisində böyük təcrübəyə yiyələnmişdi və biliklərini uğurla tətbiq edirdi”. Bəlkə elə buna görə də P. Arjanov bir müddət sonra bu vəzifədən uzaqlaşdırılmışdı.

Ulu öndərimiz Heydər Əliyev çıxışlarının birində neftçilərimizin Vyetnamdakı fəaliyyətindən bəhs edərək deyirdi ki, “1983-cü ildə mən SSRİ-nin dövlət nümayəndə heyətinin başçısı kimi Vyetnamda oldum. Vyetnamın o vaxtkı başçıları ilə – Fam Van Donqla və başqaları ilə danışıq apararkən, onlar bizim qarşımızda, yəni SSRİ-nin qarşısında bir məsələ qoyurdular ki, siz tezliklə Vyetnamın cənubunda, dənizin sahilində olan neft yataqlarının istifadə edilməsində bizə yardım edin. Xo Şi Min şəhərindən müəyyən məsafədə, gərək ki, Vunqtau adlı bir yerdə bizim mütəxəssislər işləyirdilər. Gördüm ki, onların əksəriyyəti azərbaycanlıdır. Həddindən artıq sevindim. Onlar orada çox işlər görmüşdülər. İndi Vyetnam çox neft hasil edir və bu, onun iqtisadiyyatının inkişafına kömək edibdir”.

Vunqtauda salınmış “Bakı” şəhərciyində sovet mütəxəssisləri ilə birlikdə çalışan Oqtay Sakit okeanın Cənubi Çin dənizində netf-qaz emalı müəssisələrinin tikintisinə rəhbərlik edirdi. 1984-cü ildə neft və qaz sənayesinin inkişafındakı xidmətlərinə görə ona ”SSRİ qaz sənayesi nazirliyinin fəxri işçisi” adı verildi. Üç illik müqavilə müddəti bitdikdən sonra müəssisənin xahişi ilə daha iki il qalıb Vyetnam neftinin emalı sahəsində işlərə rəhbərlik etdi. Yerli mütəxəssislər yetişdirdi. “Ağ pələng”də ilk istismar quyusu 1986-cı ildə neft verdi. Sovet mütəxəssislərinin burada çalışdığı müddətdə 9 stasionar dəniz platforması quruldu, 79 quyu qazıldı. Artıq 1988-ci il dekabr ayının 28-də “Ağ pələng”də 1 milyonuncu ton neft hasil olundu. Oqtayın da fədakarlığı əvəzsiz qalmadı. Oqtay Qasımov Vyetnam respublikasının “Dostluq” ordeni ilə təltif olundu. Vyetnam qəzetləri onun haqqında məqalələr dərc etdilər. Vyetnam Kommunist Partiyasının birinci katibi Nquyen Van Lin də hər dəfə obyektə baş çəkməyə gələndə onun əlini minnətdarlıqla sıxırdı.

Vunqtaunu nə qədər sevsə də, doğma Vətəni üçün çox darıxırdı. Həm də uzun müddət idi ki, ailəsindən uzaqlarda idi. Artıq Emil orta məktəbi bitirib Moskda Dövlət Neft Kimya İnstitutuna daxil olmuşdu. Sevil Moskva Dövlət Tibb Universitetinin tələbəsi idi. Azərbaycandan da həyəcanlı xəbərlər gəlirdi. Dağlıq Qarabağ ətrafında münaqişə getdikcə böyüyürdü. Vətən onu çəkirdi. 1990-cı ildə Moskvaya qayıdan Oqtay sürprizlərlə qarşılaşdı. O xaricdə işləyəndə onun nazirlikdəki vəzifəsini icra etmək A.Vardanyana tapşırılmışdı və o, heç də bu yerdən imtina etmək fikrində deyildi. Nədənsə, nazirlikdə də azərbaycanlılara qarşı münasibətdə bir soyuqluq yaranmışdı. Ona “Qazprom”un nəzdində “Kareliyaneft”in Moskvadakı nümayəndəsi kimi bir iş təklif olundu. Razılıq verməkdən başqa əlac yox idi. Mövcud vəziyyətlə bağlı Azərbaycanda da iş tapmaq asan deyildi. Həyatının enerji dolu son on ilini onun üçün yüngül görünən bir işlə məşğul oldu.

Bu illərdə Oqtay Bakıya tez-tez gəlirdi. Kiçik qardaşı Hamletdən şəhəri bərabər gəzməyi xahiş edirdi. Hər dəfə şahidi olurdum ki, o, Dərin özüllər zavodunun yanından keçəndə necə ixtiyarsız köks ötürürdü. 1990-cı illərin əvvəllərində burada yolun kənarında qalaq-qalaq yığılmış dəniz neft platformaları olardı. Adama elə gəlirdi ki, Oqtay bütün keçmişini, şöhrətini geri qaytarıb Azərbaycanda işləmək üçün dəyişməyə hazırdır. Sözün əsil mənasında Bakıdan gözü doymurdu. Moskvadan necə sevincək gəlirdisə, geri qayıdanda bir o qədər hüzn qonurdu üzünə. Hətta Bakıda mənzil də almışdı. Amma, heç cür köçüb gələ bilmirdi. Uşaqlar Moskvada böyüyüb təhsil almışdılar. Oğlu neft mütəxəssisi idi. Böyük bir kompaniyada işləyirdi. Ailə qurmuşdu. Qızı həkim kimi çalışırdı. O da ailəli idi. Moskva kimi böyük bir şəhərdə yaşamağa alışmışdılar. Ata-anaları isə Vətən həsrəti ilə övlad məhəbbətini bölüb ayıra bilmirdilər.

Oqtayı Bakıya dönməyə məcbur edən ciddi bir xəstəlik oldu. Moskva həkimləri diaqnozu özünə də demişdilər. Mərdliklə qarşılamışdı. “Allahın işidir” – demişdi – ”İndidən öz ayağımla Azərbaycana gedim, sonra uşaqlara çətin olar”. Bakıda bir neçə ay – 2002-ci il martın 20-dək yaxınlarının əhatəsində yataqda oldu. Bir dəfə də olsun, vəziyyəti ilə bağlı sorğu-sual etmədi. Sakitcə həyatının sonunu gözlədi. Sanki uşaqlıqda olduğu kimi, yenə də özündən kiçik bacı-qardaşlarının hamisi idi və onlara dərd vermək istəmirdi...

Belə bir insan ömrü yaşadı Oqtay Qasımov. İndi doğmalarının xatirələrində yaşayır. Bu yazı da onunla bağlı kiçik bir xatirədir. Yazdım ki, gözəl bir insan ömrünün tarixçəsini oxucularla paylaşam.

 

Amalya QASIMOVA,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Xalq qəzeti.- 2010.- 10 yanvar.- S. 6.