Azərbaycan Opera Teatrının yeni il hədiyyəsi
Sivil dünya ölkələrinin opera teatrlarının
tamaşaları arasında Coakkino Rossininin “Sevilya bərbəri”komik
operası musiqi materialının rəngarənliyi ,
oynaqlığı, ürəyə
yatımlılığı baxımından
tamaşaçıların rəğbətini
qazanmışdır. Musiqi tarixçilərinin məlumatına
görə, böyük italyan bəstəkarı Rossini bu əsərini
çox qısa bir müddətdə – 19 günə
yazmışdır. Romanın “Ardcentina” teatrında 20 fevral
1816-cı ildə tamaşaya qoyulmuş bu əsər indiyədək
də dünya opeara teatrlarının repertuarında möhkəm
yer tutmuşdur.
Əsərin səhnə həyatı
yeddi iştirakçının (qraf Almavivanın, məlahətli
qız Rozinanın, musiqi müəllimi Bazilionun, doktor
Bartolonun, bərbər Fiqaronun, xidmətçi qız
Bertanın, qrafın nökəri Fiorellanın) başına
gələn hadisələrin komik gedişi əsasında cərəyan
edir. Və sonda hər şey yaxşılıqla qurtarır.
Sevgililər bir-birinə qovuşur. Qoca don Bartolonun qəyyumluq
etdiyi gənc Rozina ilə evlənmək arzusu baş tutmasa da,
qızın zəngin cer-cehizinə sahib olmağın
mümkünlüyü müqabilində özünün xam
xəyalından əl çəkir.
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında yeni quruluşda tamaşaya
qoyulmuş bu əsrarəngiz əsər Bakı operasevərlərinə
yeni il hədiyyəsi kimi dəyərləndirilməlidir. Daim
anşlaqla keçən bu tamaşanın cəlbediciliyinin
bir səbəbi də onun bütün
iştirakçılarının Azərbaycanın musiqi aləmində
ərsəyə gəlmiş sənətçilər
olmasıdır. Bu çox sevindirici haldır, Azərbaycan
opera ifaçılıq sənətinin müstəqil yol
tutması və uğurla irəliləməsini göstərir.
İndiyədək Qərbi Avropa bəstəkarlarının
operaları, əsasən, qeyri-azərbaycanlı
vokalçıların və kənardan
çağırılan solistlərin iştirakı ilə
tamaşaya qoyulurdu. Teatrın repertuarında olan xarici ölkə
bəstəkarlarının operaları ancaq rus dilində təqdim
olunurdu.
Hazırda Azərbaycanın
opera səmasında yeni ulduzlar parlamaqdadır. Bu ulduzlar
bütün tamaşaları öz orjinalında oxumaq qabiliyyətinə
yiyələnmişlər. Dahi italyan bəstəçisi
Coakkino Rossininin zəngin melodik musiqisi , vokal
partiyalarının virtuoz parlaqlığı , səhnə hərəkətlərinin
dinamikası, komik anların bolluğu ilə diqqəti çəkən
“Sevilya bərbəri” komik operasını gənc azərbaycanlı
solistlərin italyan dilində professionallıqla təqdim etmələri
bunun bariz sübutudur. Operanın musiqi rəhbəri və
dirijoru, əməkdar incəsənət xadimi Azad Əliyev,
quruluşçu rejissor, professor Hüseyn Əliyev, əməkdər
rəssam Tahir Tahirov uğurlu səhnə əsəri
hazırlamışlar.
Tamaşaçı
özünü əvvəldən-axıra kimi incə təranələr,
ehtiraslı musiqi, qızğın ritmlər aləmində
hiss edir, bundan böyük həyat qüvvəsi və
zövq alır. Məhəbbət alovunda qovrulan qraf
Almavivanın gənc və ağıllı qız
Rozinanın evinin qarşısında sonsuz ehtirasa
bürünmüş, koloratura məqamları ilə bəzək
vurulmuş kavatinası, bərbər Fiqaronun tarantella ritmləri
üzərində köklənmiş, “Camaat , aralı durun,
yer verin!” çağırışı ilə səslənən
məşhur kavatinası və digər oynaq musiqi anları
dinləyicinin musiqi duyumuna hakim kəsilir. Qraf Almavivanın
Rozinaya ünvanladığı “Əgər bilmək istəyirsənsə”
həzin lirik mahnısı tamaşaçını valeh edir.
Tamaşada publikanı heyrətə
gətirən musqi parçaları çoxdur. Operanın
özü italyan mahnı və rəqslərindən istifadə
olunmaqla, bəstəkarın tükənməz
yaradıcılıq imkanları əsasında ərsəyə
gətirilmişdir. Operanı baxımlı edən səbəblərdən
biri də, yuxarıda qeyd edildiyi kimi, tamaşada istedadlı gənc
istedadlarımızın iştirakıdır. İndiyəcən
“Sevilya bərbəri” heç bir vaxt sırf azərbaycanlı
vokalçıların ifasında səslənməmişdi.
Aparıcı partiyaları əsasən, qeyri-azərbaycanlı
solistlər ifa etmişdilər. Bu isə haqlı təəssüf
doğururdu. Adamın inanmağı gəlmirdi ki,
vokalçı istedadlar ölkəsi sayılan Azərbaycanda
Qərb bəstəkarlarının əsərlərinin
baş rollarını milli kadrlar nə vaxtsa ifa etməyəcək.
Elə bir gün gəldi ki, Azərbaycan incəsənət
sahəsində də özünün müstəqilliyini təmin
etdi. Klassik opera tamaşaları artıq bizim günlərdə
milli kadrların iştirakı ilə oynanılmağa
başladı.
Əməkdar artist,
Vokalçıların Bülbül adına III Beynəlxalq
Müsabiqəsinin laureatı Əvəz Abdullayevin və digər
istedadlı gənclərin — tenorlar Azər Zeynalovun, Samir Cəfərovun,
Fərid Əliyevin, bas-bariton Əkrəm Poladovun, Əli Əskərovun,
soprano İlahə Əfəndiyevanın, Fidan
Hacıyevanın, İnarə Babayevanın, Gülnaz
İsmayılovanın, Səbinə Əsədovanın, Tural
Ağasiyevin və s. opera səhnəsinə gəlişi kəmiyyətlə
yanaşı, keyfiyyət dəyişikliyinə də səbəb
oldu. Cüzeppe Verdinin, Cakomo Puççininin, Coakkino
Rossininin, Qaetano Donisettinin və digər klassik bəstəkarların
operalarında baş rollarda çıxış etmək
üçün yetərli milli potensial yarandı.
İstedadlı opera
ifaçısı Əvəz Abdullayev “Toska” operasında polis
rəisi Skarpia, Cüzeppe Verdinin “Riqoletto” operasında təlxək
Riqoletto, “Traviata” operasında Jermon partiyalarında uğurlu
çıxışlarından sonra Coakkino Rossininin bu
yaxınlarda yeni quruluşda tamaşaya qoyulmuş “Sevilya bərbəri”
operasında bərbər Fiqaro rolunda da müğənni və
aktyor kimi məharətini göstərə bildi. Onun
qaltanlı, geniş diapazonlu, çevik imkanlı lirik bariton səsi
və yüksək səhnə mədəniyyəti Fiqaro kimi
mürəkkəb obrazın layiqincə yaradılmasında
xüsusi rol oynadı. Əvəzin bərbər Fiqarosu fərasətli,
xeyirxah, xoş əməllərə can atan, nadanlarla
mübarizə aparmağı bacaran bir şəxsdir. Fiqaro
çoxdan tanıdığı və hörmət etdiyi qraf
Almavivanın sevgi məqsədinə çatmaq
üçün əlindən gələni edən bir şəxsdir.
Əvəz Abdullayev qəhramanının daxili aləmini tamam-kamal
açmaqda səs imkanlarından və mütəhərrik səhnə
mizanlarından bacarıqla istifadə etdi. O öz Fiqarosunu
aktyorluq məharəti ilə də canlandıra bildi. Fiqaronun
müxtəlif xarakterli ariyalarını ifa edərkən Əvəz
həm bəmdə, həm ortada , həm də zildə məharətlə
oxudu. Artistin məzəli Fiqarosu uğurlu alındı.
Əməkdar artist Gülnaz
İsmayılovanın əsərin baş qadın qəhramanı
Rozina rolunda ilk çıxışı uğurlu
alındı. Onun Rozinası incə
görünüşü, parlaq kolarutura xüsusiyyətli
lirik soprano səsi , yeri gəldikdə komik ovqat yaratmaq,
bütün registrlərdə rəvan oxuya bilmək qabiliyyəti
ilə özünü tamaşaçılara sevdirə bildi.
Gülnaz Rozinanın ariyalarını heç bir çətinlik
çəkmədən oxudu, koloratur sopranoya xas gedişləri
bacarıqla ifa etdi. O, bütün duetlərdə təbiilikdən
çıxmamağa çalışdı, komik-dramatik
obrazın bütün əlamətlərini özündə
cəmləşdirməyi bacardı. Lakin musiqi dərsində
ancaq öz ariyasını oxudu. Halbuki sivil dünyada bu opera
tamaşalarında Rozina bir neçə ariya və romans
oxumaqla dinləyicilərin gurultulu alqışlarına layiq
görülür. Gələcək tamaşalarda Rozinanın
da bu yol ilə gedəcəyinə ümid edirik.
Bas-bariton Əkrəm Poladov
tamaşanı özünün vokal qabiliyyəti, həm də
komik aktyor məharəti ilə yaxşı canlandırdı.
“Bas” adlanan çox qaltanlı və gur səsə malik bu
istedadlı vokalçı doktor Bartolo partiyasında qoca,
kifir, mədəniyyətsiz, abırsız subyektin məzmunsuzluğunu
komik ştrixlərlə aça bildi. Bəzi yerlərdə
o, bas-bariton səsə tamamilə yad olan soprano səs məqamları
da nümayiş etdirməklə tamaşaçıların
alqışlarına səbəb oldu. Ümumiyyətlə, Əkrəm
Poladovun geniş vokal və mahir komik aktyor imkanlarından digər
tamaşalarda da istifadə edilməsi milli opera
ifaçılığına uğur gətirər.
Rüşvətxor, fitnəkar, böhtançı, xəbərçi, bir sözlə, anadangəlmə əclaf don Bazilio rolunda çıxış edən əməkdər artist Əli Əskərov öz qəhramanının bu keyfiyyətlərini sübuta yetirmək üçün səy göstərdi. O, koloratura məqamları üzərində qurulmuş “Böhtan haqqında” ariyasını özünün bənzəri olmayan çox tutumlu bas səsi ilə yaxşı oxudu. Onu da deyək ki, opera məkanında indiyədək Əli Əskərovun səsi kimi dolğun, qaltanlı bas səsə təsadüf edilməmişdir. Əli Əskərov, təəssüf ki, murdarlıq rəmzi olan xəstəhal, yarıkeçəl və yöndəmsiz don Baziloya oxşamır. Gələcək tamaşalarda onun don Baziloya tam oxşadılmasına diqqət yetirilməlidir.
Doktor Bartolonun qulluqçusu Berta obrazı isə gənc müğənni Səbinə Əsədovanın təfsirində uğurlu alınmışdır. Rossininin böyük rus sərkərdəsi M. Kutuzova həsr etdiyi “Avrora” kantatasından istifadə edərək “Bostana çəpər lazım deyil” rus xalq mahnısı melodiyası əsasında işləyib hazırladığı ariyanı Səbinə xanım ruh yüksəkliyi və gənclik ehtirası ilə oxudu. Səbinə Əsədovanın səsi xoş tembrli, geniş diapazonlu metso-sopranodur, bütün registrlərdə rəvan səsləndiyindən xoş təsir bağışlayır. İndiyədək Azərbaycan Opera və Balet Teatrının truppasında yeganə metso-soprano səsli müğənni Fidan Hacıyeva sayılırdı. Tamaşaçılar Fidan xanımı Jorj Bizenin “Karmen” operasında Karmen, Cüzeppe Verdinin “Aida” operasında Amneris , “Trubadur” operasında Azuçena rollarında görüb bəyənmişlər.
“Bir gül ilə bahar olmaz” xalq məsəlini nəzərə alsaq, Azərbaycan səhnəsində hər rolun bir neçə ifaçısının olmasına ehtiyac var. Yaxşı olardı ki, Səbinə Əsədova kimi layiqli metso-soprano səsli gənc ifaçı müvafiq operalarda baş rolların ifaçısı olsun. Opera Teatrı rəhbərliyinin son dövrlərdə truppaya gənc və istedadlı sənətçiləri cəlb etməsi təqdirəlayiqdir. Baş rolların ağırlıq yükünü bu və ya digər ustad ifaçının üzərinə yıxmamaq üçün gənc istedadların da bu işə cəlb edilməsi günün tələbidir. Bu, həm də bir neçə klassik operanın repertuara salınmasına yardımçı olardı.
Sonda bildirək ki, öz fəaliyyətinə ciddi tələblərlə yanaşan Akademik Opera və Balet Teatrının kollektivi ili sənət uğurları ilə başa vurur, yeni ildə sənətsevərlərə yüksək səviyyəli tamaşalar vəd edir.
Arif HÜSEYNOV,
sənətşünas
Xalq qəzeti.- 2010.- 10 yanvar.- S. 5.