Azərbaycanda “Ekologiya ili”
Dövlət Neft Şirkəti ekoloji layihələrin icrasını
sürətləndirir
Ekoloji tarazlığın qorunması, ətraf
mühitin sağlamlaşdırılması qloballaşan
dünyada getdikcə daha geniş aktuallıq kəsb edir. Bu da
təsadüfi deyil. Çünki etiraf etmək
lazımdır ki, son illər elm və texnikanın sürətli
inkişafı, istehsalat prosesinin genişləndirilməsi
ekoloji məsələlərə diqqəti bir qədər
arxa plana keçirmişdir. Bu isə iqlim dəyişikliklərinə
və bir sıra təbii kataklizmlərə gətirib
çıxarmışdır. Məhz bütün bunları
nəzərə alan bir çox nüfuzlu beynəlxalq təşkilatlar
ekoloji problemlərin həllinin vacibliyini önə çəkir,
bu barədə lazımi tövsiyələr verirlər.
Son illər Azərbaycanda
da bu istiqamətdə mühüm tədbirlər həyata
keçirilir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli sərəncamı
ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji
vəziyyətin yaxşılaşdırılmasına dair
2006-2010-cu illər üçün Kompleks Tədbirlər
Planı” bu baxımdan olduqca mühüm əhəmiyyət kəsb
edən bir dövlət sənədidir. Adı çəkilən
tədbirlər planında Bakı buxtasında, Bibiheybət
zonasında, Abşeron yarımadasında, Heydər Əliyev
adına Beynəlxalq Hava limanı ətrafında, eləcə
də Azərbaycan Respublikasının digər ərazilərində
ekoloji vəziyyətin yaxşılaşdırılması ilə
bağlı işlərin yerinə yetirilməsi məqsədilə
bir sıra aidiyyatı təşkilatların, dövlət
qurumlarının qarşısında mühüm vəzifələr
qoyulmuşdur. Ötən müddətdə bu sahədə
xeyli iş görülmüş, ölkəmizin ekoloji
tarazlığının, xüsusən də Xəzər dənizinin
ekologiyasının qorunması istiqamətində mühüm
layihələr həyata keçirilmişdir.
Bu il yuxarıda
adını çəkdiyimiz mühüm ekoloji sənədin
reallaşdırılması başa çatır. Məlum
olduğu kimi, ölkə Prezidenti İlham Əliyev ötən
müddətdə Azərbaycanda ekoloji mühitin qorunması
istiqamətində görülən işləri daim diqqət
mərkəzində saxlamış, müxtəlif dövlət
tədbirlərində bununla bağlı lazımi göstəriş
və tövsiyələrini vermişdir. Təsadüfi deyil
ki, dövlət başçısı Nazirlər Kabinetinin
2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş geniş iclasında bu vacib məsələyə
toxunarkən demişdir: “Gələn il ekoloji tədbirlərin
gücləndirilməsi nəzərdə tutulur. Biz bu sahəyə
böyük əhəmiyyət veririk. Mən tam əminəm
ki, bu sahə hamı üçün prioritet olmalıdır.
Biz bu torpaqda yaşayırıq, bu havanı uduruq, bu suyu
içirik. Azərbaycanda ekoloji tədbirlərin gücləndirilməsi
insanların sağlamlığı üçün
başlıca şərtdir”. Elə həmin müşavirədə
dövlət başçısı ekoloji tədbirlərin
prioritet xarakter daşıdığını nəzərə
alaraq 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması təşəbbüsü
ilə çıxış etdi. Prezident İlham Əliyev
ölkəmizdə “Ekologiya ili”ni yüksək səviyyədə
keçirmək üçün təcili surətdə tədbirlər
planı hazırlanmasını, həmin tədbirlərin
reallaşdırılmasını sürətləndirmək
məqsədilə dövlət büdcəsindən, eləcə
də beynəlxalq maliyyə qurumlarından lazımi qədər
maliyyə vəsaitinin cəlb edilməsi barədə göstərişlərini
verdi.
Dövlətimizin
başçısının bu vacib təşəbbüsünün
reallaşdırılmasına artıq ötən ilin
sonlarından start verilmişdir. Belə ki, ilin son aylarında
bütün ölkə ərazisində ağacəkmə
kompaniyası xeyli vüsət almış, radioaktiv çirklənmələrə
məruz qalmış torpaqların təmizlənməsi
işi intensivləşdirilmişdir. Bu da onu göstərir
ki, ölkə başçısının 2006-cı ildə
təsdiq etdiyi “Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Plan”ı çərçivəsində
nəzərdə tutulmuş işlərin icrası 2010-cu ildə
xeyli sürətlənəcək. “Ekologiya ili” çərçivəsində
həyata keçirilən tədbirlər həm də
2006-cı ildə qəbul olunmuş proqramda nəzərdə
tutulmuş işlərin səmərəliliyini bir qədər
də artıracaq.
Onu da qeyd etmək
lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev 2010-cu ili ölkəmizdə “Ekologiya ili”
elan etməklə dövlətimizin ətraf mühitin
mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə
böyük diqqət yetirdiyini bir daha bütün dünyaya
nümayiş etdirmişdir. Dövlət
başçısının bu addımı son illərdə
Azərbaycanda geniş vüsət alan ekoloji layihələrin
məntiqi davamı kimi də qiymətləndirilə bilər.
Dövlətimizin başçısının müvafiq sərəncamlarına
əsasən son illərdə ümumi sahəsi ölkə ərazisinin
3,1 faizinə bərabər olan milli parklar
yaradılmış, qoruqların ərazisi xeyli genişləndirilmişdir.
Prezidentin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı”nda digər
dövlət qurumları ilə yanaşı, ARDNŞ-in də
üzərinə mühüm vəzifələr
qoyulmuşdur. Şirkət həmin vəzifələrin yerinə
yetirilməsi istiqamətində məqsədyönlü
iş aparır. Ötən müddət ərzində
ARDNŞ-in ekoloji siyasəti qəbul olunmuşdur. Şirkət
tərəfindən mühüm ekoloji layihələr həyata
keçirilmiş, neftlə çirklənmiş
torpaqların təmizlənməsi istiqamətində xeyli
iş görülmüşdür. Bu da təsadüfi deyil.
Çünki uzun illər ərzində Azərbaycanda neft sənayesini
inkişaf etdirmək üçün bütün lazımi
işlər görülsə də, ekoloji
tarazlığın qorunması əksər hallarda diqqətdən
kənarda qalmışdır. Bu da son nəticədə ətraf
mühitin çirklənməsinə səbəb olmuş, təbiətə
ciddi ziyan dəymişdir. Xüsusən də ölkəmizin ən
iri su mənbəyi sayılan Xəzər dənizi və
sahilyanı ərazi daha böyük çirklənməyə
məruz qalmışdır. Belə ki, dünyada ilk dəfə
olaraq açıq dənizdə neftçıxarmanın əsası
qoyulduğu Xəzərdə neft sənayesi üçün
lazımi infrastruktur yaradılmış, saysız-hesabsız
özüllər, estakadalar inşa olunmuş, sualtı boru kəmərləri
çəkilmişdir. Lakin müəyyən müddətdən
sonra köhnəlmiş, istismar müddətini başa
vurmuş bu infrastruktur obyektləri tədricən dənizin
dibinə çökmüşdür. Elə
saysız-hesabsız gəmilərin yan aldığı
Bakı buxtası, habelə quruda yerləşən bir
sıra köhnə neft mədənlərinin yerləşdikləri
ərazilər xeyli dərəcədə çirklənməsidir.
Məhz bütün bu halların aradan qaldırılması məqsədilə
Dövlət Neft Şirkəti tərəfindən təcili və
təxirəsalınmaz işlərə
başlanılmış, Xəzər akvatoriyasının, eləcə
də sahilyanı sahələrin və neftlə çirklənmiş
mədən ərazilərinin xeyli hissəsi təmizlənmişdir.
Bibiheybət ərazisinin təmizlənərək burada
geniş yaşıllıq zolaqlarının salınması,
habelə H.Z.Tağıyev adına Neft və Qazçıxarma
İdarəsinin istismar etdiyi “Qala” yatağı ərazisində
“Ekoloji park”ın yaradılmasına başlanılması və
digər bu kimi işlər dediklərimizə əyani
sübutdur.
Nazirlər Kabinetinin
2009-cu ilin 9 ayının yekunlarına həsr olunmuş
iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
dövlət strukturlarının həyata keçirdiyi ekoloji
layihələrdən bəhs edərkən ARDNŞ-də
aparılan tədbirlər üzərində ətraflı
dayanaraq, görülən işləri müsbət qiymətləndirmişdir.
Dövlət başçısı həmin nitqində, həmçinin
“Neft Daşları”nda ilk neftin
çıxarılmasının 60 illik yubiley tədbiri
zamanı etdiyi tarixi çıxışda ekoloji layihələrin
davam etdirilməsi ilə bağlı ARDNŞ
qarşısında yeni vəzifələr qoymuşdur. Bu mənada
mədən torpaqlarının neftlə çirklənmədən
tam həcmdə təmizlənməsi, bu ərazilərdə
yaşıllıq zolaqlarının salınması məsələləri
yaxın illərdə həyata keçiriləcək ekoloji tədbirlər
sırasında mühüm yer tutur.
Yeri gəlmişkən,
“Ekologiya ili” gələcək nəsillər üçün
sağlam mühitin qorunması istiqamətində Azərbaycanın
hər bir vətəndaşının öz məsuliyyətini
dərk etməsi sahəsində dönüş ili
olacaqdır. Bu baxımdan neftçilərin üzərinə
böyük bir tarixi məsuliyyət düşür.
ARDNŞ-in əməkçiləri neftlə çirklənmənin
acı nəticələrini aradan qaldırmaq istiqamətində
əzmlə çalışırlar. Artıq neftçilər
həyata keçirdikləri ekoloji layihələri öz
emblemləri ilə “imzalamaq” imkanı qazanmışlar. Belə
ki, ARDNŞ-in “Ekoloji təbliğat və maarifləndirməyə
dair Tədbirlər Planı”na uyğun olaraq şirkətin
ekoloji emblemi hazırlanmış və təsdiq edilmişdir.
Emblemdən ARDNŞ-in həyata keçirdiyi müvafiq ekoloji
tədbirlərdə istifadə ediləcəkdir. Emblemdəki
üç butaya oxşayan üç damcı yanar od - neftli
qədim torpağın Abşerona aid olduğunu, ox şəklində
naxışa oxşayan üç işarə - dövriliyi və
təkrar istifadəni, utilizasiya və təkrar əlaqə
bacarığını, damcıların rəng ahəngi - ətraf
mühiti, işarələrin üç birliyi isə
iqtisadiyyatı ekologiya və cəmiyyətin sosial
inkişafı ilə bir-birinə bağlayan davamlılıq
prosesini nümayiş etdirir.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 10 yanvar.- S. 5.