Naxçıvan Muxtar
Respublikasında “Uşaq ili”nin yekunları qürur doğurur
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17
aprel tarixli sərəncamı ilə təsdiq olunan “Xüsusi
istedada malik olan uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006 — 2010-cu illər)” və onun
icrası ilə əlaqədar Naxçıvan Muxtar
Respublikası Ali Məclisi sədrinin 2006-cı il 30 may tarixli
sərəncamı ilə qəbul olunan “Naxçıvan
Muxtar Respublikasında xüsusi istedada malik olan uşaqların
(gənclərin) yaradıcılıq potensialının
inkişafı üzrə Dövlət Proqramı (2006 —
2010-cu illər)” muxtar respublikada istedadlı uşaq və gənclərin
aşkara çıxarılmasında, onların sonrakı
inkişafı üçün ardıcıl tədbirlərin
görülməsində ciddi dönüş
yaratmışdır.
2009-cu ilin “Uşaq ili”
elan edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 22 dekabr tarixli sərəncamının
icrasını təmin etmək məqsədilə
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin
2009-cu il 14 fevral tarixli sərəncamı ilə Tədbirlər
Planı təsdiq edilmişdi. Ötən il muxtar respublikada həmin
vəzifələrin icrasını müvafiq qurumlar uğurla
yerinə yetirmişlər.
Bu gün Naxçıvan Muxtar Respublikası əhalisinin 129 min 816 nəfəri uşaqlardır. Bu da ümumi əhalinin 32,3 faizini təşkil edir. Onlardan 1795 nəfəri sağlamlıq imkanları məhdud olan, 120 nəfəri isə hər iki valideynini itirmiş uşaqlardır. Muxtar respublikada bütün təbəqələrdən olan uşaqlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Sağlamlığı məhdud olan uşaqların müalicəsi üçün Naxçıvan şəhərində Uşaq Bərpa Mərkəzi, Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi, gözdən əlil uşaqlar üçün 18 şagird yerlik xüsusi tipli ibtidai məktəb, uşaq xəstəxanaları tikilərək istifadəyə verilmişdir.
Muxtar respublikada istifadəyə verilən bütün mərkəzi xəstəxanalarda həkim ambulatoriyalarında uşaq şöbələri fəaliyyət göstərir. Bu il avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışında iştirak etdiyi Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi regionda analoqu olmayan tibb müəssisəsidir.
Əlil və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi də daim diqqət mərkəzindədir. Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən 3 min 171 ailənin 13 min 773 üzvünə ünvanlı dövlət sosial yardımı müəyyənləşdirilmişdir. Onların 6 min 474 nəfəri uşaqlar, 311 nəfəri isə 18 yaşadək sağlamlıq imkanları məhdud olan uşaqlardır. Yerlərdə səyyar tibbi xidmət təşkil edilmişdir. Cari ildə sağlamlıq imkanı məhdud olan 159 uşağa müavinət təyin olunmuş, 135 uşağa protez-ortopedik xidmət göstərilmişdir. Sağlamlıq imkanları məhdud 1795 uşağın hər birinə ayda 50 manat müavinət ödənilir.
Son beş ildə muxtar respublikada 25 min 610 şagird yerlik 67 orta məktəb, 430 şagird yerlik internat məktəbi, 9 uşaq bağçası, 4 məktəbdənkənar müəssisə, 11 uşaq musiqi məktəbi tikilmiş və yenidən qurulmuşdur. Muxtar respublikanın bütün rayon mərkəzlərində şahmat, uşaq-idman məktəbləri fəaliyyət göstərir. Həmin məktəblər uşaqların normal təhsilinə, sağlam böyümələrinə xidmət edir.
Bir qayda olaraq, muxtar respublikada istifadəyə verilən bütün məktəblər kompyuterləşdirilir, müasir avadanlıqlarla, laboratoriyalarla, pulsuz dərsliklərlə, məktəb kitabxanaları isə bədii ədəbiyyatla təmin olunur. Ötən il ümumtəhsil məktəblərində təhsilin keyfiyyətlə aparılması üçün 120 elektron lövhə quraşdırılmışdır. Muxtar respublikada yaxşı oxuyan şagirdlər kompyuterlə, digər məktəb ləvazimatı ilə mükafatlandırılır, xarici ölkələrə təhsil almağa göndərilirlər.
Məktəbdənkənar və məktəbəqədər tərbiyə müəssisələri şəbəkəsi də ötən il genişləndirilmişdir. Naxçıvan şəhərində yenidənqurma işlərindən sonra ən müasir tələblərə cavab verən Heydər Əliyev Uşaq — Gənclər Yaradıcılıq Mərkəzinin yaradılması bu sahədə görülən ən mühüm tədbirlərdən biri olmuşdur. Şahbuz Rayon Uşaq — Gənclər Yaradıcılıq Mərkəzinin, Muxtar Respublika Texniki Yaradıcılıq, Turist, Diyarşünaslıq və Ekoloji Tərbiyə mərkəzlərinin istifadəyə verilməsi uşaqlara göstərilən diqqət və qayğının parlaq ifadəsidir. Keçən il istifadəyə verilən kənd mərkəzlərindəki 11 kitabxana, 11 klub və mədəniyyət evi də şagirdlərin məktəbdənkənar vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır.
Muxtar respublikada uşaq mədəniyyət müəssisələrinin sayı ildən-ilə artmaqdadır. Hazırda M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2006-cı il 4 oktyabr tarixli sərəncamı ilə Naxçıvan Dövlət Uşaq Teatrı yaradılmışdır. 20 nəfərə yaxın istedadlı uşağı bir araya toplayan bu teatr qısa zamanda 44 tamaşa hazırlamışdır. Teatra müsabiqə yolu ilə seçilmiş məktəblər Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə də çıxış edirlər.
Muxtar respublikada istedadlı uşaqların, yeniyetmə və gənclərin aşkara çıxarılması ilə bağlı ötən il müxtəlif tədbirlər həyata keçirilmişdir. Xüsusi istedada malik, fərqlənən uşaq, yeniyetmə və gənclərin uğurlarını əks etdirən “Gəncliyimiz — gələcəyimiz” kitabının nəşr olunması, “Naxçıvan” jurnalının bir nömrəsinin “Uşaq ili”nə həsr edilməsi də 2009-cu il — “Uşaq ili”nin yaddaqalan tədbirləridir.
Uşaqlar arasında idmanın kütləviliyinin artırılması, gənc nəslin sağlam böyüməsi üçün uşaq ilində bir sıra tədbirlər görülmüşdür. Son illər muxtar respublikada fəaliyyət göstərən 220 orta ümumtəhsil məktəbinin 140-da örtülü idman zalları, açıq idman qurğuları tikilmiş və əsaslı təmir olunmuşdur. “Uşaq ili” ərzində muxtar respublikada keçirilən yarış və tədbirlərdə uşaqların geniş iştirakı ilə kütləviliyə nail olunmuşdur. Qaliblər diplom, medal, kubok və qiymətli hədiyyələrlə təltif olunmuşlar.
Olimpiya İdman Kompleksi, Naxçıvan Şəhər Üzgüçülük Mərkəzi, Şərur, Culfa, Sədərək, Kəngərli və Şahbuz rayonlarında müasir standartlara cavab verən stadionlar, Şərur rayonunda əl oyunları idman kompleksi, boks və güləş zalları, Kəngərli rayonunda, Babək rayonunun Çeşməbasar kəndində, Sədərək rayonunun Heydərabad qəsəbəsində süni örtüklü mini-futbol meydançaları ötən ilin yadigarlarıdır. İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika Stadionu, “Dinamo” İdman Cəmiyyətinin idman zalı və süni örtüklü mini-futbol meydançası, Naxçıvan şəhər əl oyunları süni örtüklü idman meydançası, Heydər Əliyev adına məktəbin və hərbi liseyin bazalarında süni örtüklü mini-futbol meydançaları, Naxçıvan Dövlət Universitetində yeni açıq idman kompleksi, mini-futbol meydançası da yeni idman obyektləridir. Başqa yerlərdə də bir sıra stadionlar, idman məktəbləri, idman qurğuları tikilərək və yenidən qurularaq istifadəyə verilmişdir.
Bu il avqustun 3-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Naxçıvan şəhərində yeni inşa olunmuş Şahmat Mərkəzi və Şərur rayonunda Olimpiya İdman Kompleksinin açılışında iştirak etməsi muxtar respublikamızın həyatında əlamətdar hadisəyə çevrilmişdir. Boks, karate-do, şahmat, voleybol, güləş, yüngül atletika, şərq döyüş sənəti, futbol və son illərdə yaradılan paralimpiya federasiyaları muxtar respublikamızda idmanın inkişafına, kütləviliyinə nail olmaq üçün mühüm işlər görmüşlər.
İdman və bədən tərbiyəsinə göstərilən diqqət və qayğıya idmançılar respublika və beynəlxalq səviyyəli turnirlərdə qazandıqları qələbələrlə cavab verməyə çalışırlar. 2009-cu ildə muxtar respublikanın yeniyetmə və gəncləri respublika və beynəlxalq turnirlərdə uğurla iştirak edərək mükafata layiq yer tutmuşlar. Onlar İran, Türkiyə, Albaniya, Rusiya, Latviya, Gürcüstan, Tailand, Bolqarıstan, Yunanıstan, Slovakiya, Macarıstan və başqa ölkələrdə keçirilən beynəlxalq, dünya, Avropa səviyyəli yarışlarda Naxçıvanı layiqincə təmsil etmişlər.
Naxçıvan Muxtar Respublikasında uşaq, yeniyetmə və gənclərin bədii yaradıcılıq, təsviri incəsənət və başqa sahələrdə də uğurları çoxdur. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasında yaşayan uşaq, yeniyetmə və gənclər müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə etmişlər. “Uşaq ili”nə həsr edilən, bu il dərc edilmiş “Naxçıvan” jurnalında son illərdə təhsil, mədəniyyət, incəsənət, musiqi, idman və digər sahələrdə yüksək nailiyyətlər əldə etmiş və beynəlxalq idman yarışlarında fərqlənmiş uşaq, yeniyetmə və gənclər haqqında məlumatlar toplanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 dekabr tarixli sərəncamına əsasən 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə əlaqədar nəzərdə tutulan tədbirlərin icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2009-cu il 14 fevral tarixli sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planı üzrə müvafiq qurumlar silsilə işlər görmüşlər .
29 may 2009-cu il tarixdə 1 iyun — Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə 18 yaşadək sağlamlıq imkanları məhdud olan, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olan uşaqların iştirakı ilə tədbir keçirilmişdir. 10 iyun 2009-cu il tarixdə Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının müdafiəsi və təminatlar sistemi” adlı konfransda uşaq hüquqlarına dair geniş müzakirələr aparılımışdır.
2 fevral 2009-cu il tarixdə Azərbaycan Gəncləri Günü münasibətilə ali və orta ixtisas məktəblərinin tələbələri, ümumtəhsil məktəblərinin şagirdləri arasında 4 elmi-praktiki konfrans, 2 şeir və 2 rəsm müsabiqəsi keçirilmişdir. Ümumtəhsil məktəblərində şagirdlərə vətənpərvərlik tərbiyəsinin aşılanması məqsədilə 18 fevralda Xocalı soyqırımının 17-ci ildönümünə həsr edilmiş 2 rəsm, 2 şeir, 1 inşa yazı müsabiqəsi və 1 elmi-praktiki konfrans uşaq yaradıcılığına geniş meydan açmışdır.
31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ali və orta ixtisas məktəblərinin tələbələri, ümumtəhsil məktəblərinin şagirdləri arasında 2 rəsm və 1 inşa yazı müsabiqəsi təşkil olunmuşdur. 8 mayda Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilmişdir.
15 mayda Heydər Əliyev adına məktəbdə “Sağlam ailə, sağlam övlad, sağlam cəmiyyət, qüdrətli dövlət” mövzusunda geniş tədbir təşkil olunmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəbləri arasında 22 mayda ana dilinin təbliği və Vətənə məhəbbət hisslərinin aşılanması məqsədilə “Mənim ana dilim” mövzusunda şeir müsabiqəsi keçirilmişdir.
Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə 1 iyunda uşaqlara dövlət qayğısının təcəssümü olaraq Naxçıvan şəhərində Heydər Əliyev Uşaq — Gənclər Yaradıcılıq Mərkəzində bayram keçirilmişdir. Tədbirdə uşaqların əl işlərindən ibarət sərgi təşkil edilmiş, uşaqlardan ibarət mahnı və rəqs qruplarının çıxışları olmuşdur. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində məktəbli şairlərin şeirləri ədəbi dərnəklərdə müzakirə edilmişdir. İl ərzində 4 gənc şairin kitabı nəşr olunmuşdur. Vətənə məhəbbət hissi aşılamaq və idmana maraq oyatmaq məqsədilə 2009-cu ilin 19-22 oktyabrında Heydər Əliyev Uşaq — Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri arasında 9 komandanın iştirakı ilə “Uşaqlar sevinsin həmişə” devizi altında “Şən startlar” yarışları keçirilmişdir.
20 oktyabrda Heydər Əliyev Uşaq — Gənclər Yaradıcılıq Mərkəzində Beynəlxalq Sülh Günü münasibətilə “Dünyada sülh şagirdlərin gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilmiş, 35 nəfər gənc rəssamın əl işləri sərgilənmişdir. Uşaqları zərərli vərdişlərdən çəkindirmək məqsədilə mütəmadi olaraq ümumtəhsil məktəblərində maarifləndirici, profilaktik tədbirlər həyata keçirilmişdir. Bununla yanaşı, 21 oktyabrda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sərgi salonunda sərgi-müsabiqə də təşkil olunmuşdur. 23 oktyabrda Naxçıvan şəhərində 18 yaşadək sağlamlıq imkanları məhdud olan uşaqlar arasında bədii yaradıcılıq müsabiqəsi keçirilmişdir. 16 noyabr 2009-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sərgi salonunda “Ekoloji təmiz məkan — Naxçıvan” adlı rəsm müsabiqəsi təşkil olunmuşdur.
Heydər Əliyev Uşaq — Gənclər Yaradıcılıq Mərkəzində 20 noyabrda Beynəlxalq Uşaq Günü münasibətilə “Biz xoşbəxt uşaqlarıq” mövzusunda tədbir keçirilmişdir. İstedadlı uşaqların aşkara çıxarılması məqsədilə əl işlərindən ibarət sərgi təşkil edilmiş, uşaqların ifasında konsert və tamaşa təşkil olunmuşdur. Noyabr ayında muxtar respublikanın şəhər və rayonlarında ümumtəhsil məktəblərinin 173 şagirdi arasında kompyuterdə işləmə bacarığı üzrə müsabiqə keçirilmiş, 23 noyabr 2009-cu il tarixdə isə 8 şagirdin iştirakı ilə müsabiqə başa çatdırılmışdır.
Ümumtəhsil məktəblərinin psixoloqları və Uşaq Birliyi Təşkilatı rəhbərlərinin iştirakı ilə 9 dekabrda “Uşaq ili və qarşıda duran vəzifələr” mövzusunda seminar keçirilmişdir. Hər iki valideynini itirmiş məktəbyaşlı uşaqların dəqiq uçotu aparılmış və onların keyfiyyətli təhsil almaları üçün M. Füzuli adına Ordubad internat məktəbinə yerləşdirilmişlər. Hər il olduğu kimi, 2009-2010-cu tədris ilinin əvvəlində də muxtar respublika rəhbərliyi hər iki valideynini itirmiş şagirdləri geyim əşyaları və məktəb ləvazimatları ilə təmin etmişdir.
Muxtar respublikanın şəhər və rayonlarında uşaqların çevik və yaradıcı qabiliyyətlərini nümayiş etdirmələri məqsədilə “Gənc istedadlar”, “Şən və hazırcavablar klubu”nda məruzə və çıxışlar təşkil edilmişdir. Uşaqların tədrisdən sonrakı əlavə təhsili və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində uşaqların maraqları çərçivəsində “Şən və hazırcavablar klubu”, “İnellekt”, “Debat” klubları yaradılmışdır. Ümumtəhsil məktəblərinin şagirdləri arasında spartakiada, əl işlərindən ibarət sərgi-müsabiqə, “Mənim hüquqlarım”, “Təbiəti qoruyaq” mövzusunda bilik yarışmaları, “Milli-mənəvi irsimiz bizim tariximizdir” mövzusunda diyarşünaslıq olimpiadası və bədii yaradıcılıq festivalı təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında istedadlı uşaq, yeniyetmə və gənclərin üzə çıxarılması, onlara dövlət qayğısının artırılması istiqamətlərində işlər bu il də uğurla davam etdirilir.
Çapa hazırladılar: Namiq ƏHMƏDOV,
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2010.- 10 yanvar.- S. 3.