Azərbaycan 2009-cu ili yüksək
göstəricilərlə başa vurdu
Ötən il qlobal iqtisadi böhran Azərbaycan
iqtisadiyyatına az təsir etmişdir. Beynəlxalq Valyuta
Fondunun proqnozuna əsasən, Azərbaycan iqtisadiyyatı
2009-cu ilin yekunlarına dair yüksəliş əldə
etmiş ölkələr sırasında olacaqdır.
Xatırladaq ki, iqtisadi böhran ilin ikinci yarısından səngiməyə başlamışdır. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2010-cu ildə qlobal iqtisadiyyat 3,1 faiz artacaqdır. İqtisadi böhranın ekspansiya etdiyi dövrdə ilk 7-8 ay ərzində əsas fond birjaları öz kapitallarının təxminən üçdə ikisinə qədərini itirmişdir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanın həm iqtisadi, həm də maliyyə sektoru böhran qarşısında davamlılıq nümayiş etdirmişdir. BVF-nin proqnozuna görə, Azərbaycan 2009-cu ili iqtisadi artımla başa vuran çox azsaylı ölkələrdən olacaqdır. Hesabat dövründə ümumu daxili məhsul 9 faizdən çox artmış, investisiya qoyuluşunun məbləği 5,2 milyard manatı keçmişdir. İnvestisiyaların dörddən üçü qeyri-neft sektoruna yönəldilmişdir. Makroiqtisadi vəziyyət sabitdir, inflyasiyanın səviyyəsi aşağıdır. Bu dövrdə kredit qoyuluşu 17,8 faiz, əmanətlərin məbləği 12,2 faiz artmışdır.
İlkin nəticələrə görə, ixrac qiymətlərinin aşağı düşməsi və qlobal tələbatın azalması nəticəsində 2009-cu ildə ümumdünya ticarəti 12 faizdən çox azalıb. Belə şəraitdə Azərbaycanda 2009-cu il cari hesabın profisitinin 8,3 milyard ABŞ dolları səviyyəsində, bu il üçün isə 12 milyard dollar olacağı gözlənilir. 2009-cu ilin profisiti ÜDM-nin 19,6 faizini, 2010-cu ildə 23,1 faizini təşkil edəcəkdir. Bu da region ölkələri arasında ən yüksək səviyyədir. Rəsmi valyuta ehtiyatları 2009-cu ilin əvvəlindən 7,4 faiz artaraq 19 milyard ABŞ dollarına çatmışdır. Bu da ölkənin iki illik idxala tələbatını ödəmək üçün kifayətdir.
MDB Statistika Komitəsinin məlumatında bildirilir ki, ötən ayların yekunlarına əsasən, Azərbaycan ümumi daxili məhsulun (ÜDM) artım sürətinə görə MDB ölkələri arasında yenidən liderdir. Həmin dövrdə Azərbaycanda ÜDM 9 faiz, sənaye istehsalının həcmi 5 faiz, kənd təsərrüfatı istehsalının həcmi 3 faiz artmışdır. Nəqliyyat, rabitə, ticarət, xidmətlər və sərmayələr sahələrində də artım qeydə alınmışdır. Ermənistanda ÜDM 19 faiz, sənaye istehsalı 18 faiz, xarici ticarətin həcmi 40 faiz azalmışdır.
Hesabat dövründə MDB-nin bir sıra ölkələrində də ÜDM-in səviyyəsinin aşağı düşməsi qeydə alınmışdır. Məsələn, Belarusda bu göstərici 0,3 faiz, Rusiyada 11,8 faiz, Qazaxıstanda 3,2 faiz, Moldovada 8 faiz, Ukraynada 18 faiz aşağı düşmüşdür. Ümumi daxili məhsulun (ÜDM) həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz, adambaşına düşən ümumi məbləğ 4,7 faiz, ölkəmizdə orta aylıq əmək haqqı 15,5 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 12,5 faiz artmışdır. Bu dövrdə əhalinin gəlirləri 9,8 faiz, inflyasiyanın səviyyəsi 2,1 faiz olmuşdur. Gəlirlər inflyasiyanı 7,7 faiz üstələmişdir. Hesabat dövrünə ölkənin valyuta ehtiyatları cari ilin əvvəlinə nisbətən təxminən 1 milyard ABŞ dolları və ya 5,5 faiz artaraq 19 milyard ABŞ dollarından çox olmuşdur. Manatın sabitliyinin təmin edilməsi əhalinin banklara olan inamını daha da artırmışdır. Ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 5,2 milyard manat, o cümlədən daxili mənbələr hesabına 4,3 milyard manat investisiya qoyulmuşdur. Bunun 2,3 milyard manatı dövlət büdcəsinin vəsaitidir. Dövlət büdcəsinin gəlirləri 91,9 faiz və ya 7 milyard 235 milyon manat, xərcləri 81,8 faiz və ya 6 milyard 457 milyon manat icra olunmuşdur.
2009-cu ilin uğurları 2010-cu ilin büdcəsinin tərtibi zamanı nəzərə alınmışdır. Bu il üçün dövlət və icmal büdcələrinin layihələri hazırlanarkən dövlət tərəfindən müəyyənləşdirilən strategiyaya uyğun olaraq sosial və investisiya yönümlülüyün təmin edilməsinə, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin müdafiə potensialının, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına, qəbul edilmiş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Layihənin tərtibi zamanı İqtisadi İnkişaf Nazirliyinin hazırladığı “2010-2013-cü illər üzrə Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri”, ÜDM-in növbəti ildə 6,8 faiz, o cümlədən qeyri-neft sektorunda 4,9 faiz artım sürəti əsas götürülmüşdür. Büdcə layihəsində 1 barrel xam neftin satış qiyməti 45 ABŞ dolları səviyyəsində götürülmüşdür. Növbəti ildən bir sıra vergilər üzrə vergi dərəcələri aşağı salınacaqdır. O cümlədən müəssisələrin mənfəətindən tutulan vergi dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərin aylıq gəlirinin 2 min manatdan çox olan hissəsinə tətbiq edilən vergi dərəcəsi 35 faizdən 30 faizə endiriləcəkdir. Sadələşdirilmiş vergi tutulan dövriyyə 90 min manatdan 150 min manata çatdırılacaqdır. Ödənişli məktəbəqədər uşaq müəssisələrinin pullu xidmətlərdən əldə etdikləri gəlirlər əlavə dəyər vergisindən azad olunacaqdır.
2010-cu ildə dövlət
büdcəsinə Dövlət Neft Fondundan 4 milyard 915 milyon
manat transfer nəzərdə tutulur. 2010-cu ildə dövlət
büdcəsinin gəlirləri 10 milyard 15 milyon manat, xərcləri
isə 11 milyard 264 milyon manat olacaqdır. Kəsir 1 milyard 249
milyon və ya ÜDM-in 3,9 faizi həcmində nəzərdə
tutulmuşdur. Kəsirin maliyyələşdirilməsi özəlləşmədən,
xarici və daxili borclanmadan və büdcə təşkilatlarının
ödənişli xidmətlərindən daxilolmalar
hesabına həyata keçiriləcəkdir. Dövlət
büdcəsinin xərclərinin 58,6 faizi və ya 6 milyard 590
milyon manatı cari xərclərə, 38,9 faizi və ya 4
milyard 387 milyon manatı əsaslı xərclərə, 2,5
faizi və ya 287 milyon manatı dövlət borcuna xidmətlə
bağlı xərclərə yönəldiləcəkdir.
Sosialyönümlü xərclərin büdcədəki
xüsusi çəkisi 34,4 faiz və ya 3 milyard 878 milyon manat
olmaqla, cari illə müqayisədə 1,8 faiz artımla
proqnozlaşdırılır.
Yeri gəlmişkən,
ötən ilin yekun göstəricilərinə də diqqət
yetirək. 2009-cu ildə ölkəmizdə iqtisadi artım 9
faizdən çox olmuşdur. Sənaye istehsalı təxminən
9 faiz artmışdır. Hazırda inflyasiya 2 faizdən
aşağı səviyyədədir. Bu bir neçə rəqəm
dünyada hələ də yaşanan maliyyə və iqtisadi
böhran şəraitində çox böyük göstəricilərdir.
Azərbaycanda regionların
inkişafı da sürətlə davam edir. Son 6 il ərzində
respublikada 800 mindən çox yeni iş yeri
açılmışdır. Ölkə Prezidenti İlham Əliyev
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə Azərbaycan
xalqına təbrikində demişdir: “...Bütün bölgələrdə
canlanma vardır, abadlıq, quruculuq işləri
aparılır. Ölkəmizdə regionların sosial-iqtisadi
inkişafına dair ikinci proqram icra olunur. Bu proqram çox
müfəssəl proqramdır və onun icrası nəticəsində,
demək olar ki, 2013-cü ilə qədər ölkə
qarşısında duran əsas iqtisadi və sosial məsələlər
öz həllini tapmalıdır. Biz görürük ki, bu
proqram 2009-cu ilin yekunlarına görə uğurla icra edilir”.
Ötən il Azərbaycanın
kənd təsərrüfatının bütün sahələrində
uğurlar əldə edilmişdir. Məsələn,
üç milyon ton taxıl yığılmışdır.
Bu, rekord göstəricidir. Azərbaycan tarixində indiyədək
heç vaxt bu qədər taxıl istehsal
olunmamışdır. Dövlət başçısı
yuxarıda adı çəkilən təbrikində
demişdir: “...Bütün başqa kənd təsərrüfatı
məhsullarının istehsalı üçün də
praktiki işlər görülür, subsidiyalar, kreditlər
verilir, soyuducu anbarlar, taxıl anbarları tikilir, suvarma tədbirləri
görülür. Yəni, kənd təsərrüfatını
daha da inkişaf etdirmək üçün bizim
düşünülmüş proqramımız vardır və
bunun nəticəsində Azərbaycanda kənd təsərrüfatı
məhsulları artır. Biz bu gün özümüzü
demək olar ki, əsas kənd təsərrüfatı məhsulları
ilə təmin edirik. Gələcəkdə bu, daha da
böyük həcmlə təşkil ediləcəkdir. Həm
öz daxili tələbatımızı ödəmək
üçün, həm də ixrac potensialımızı
artırmaq üçün gələcəkdə əlavə
imkanlar yaradılacaqdır. Ölkəmiz üçün həm
iqtisadi, həm də sosial baxımdan çox vacib olan bu sahənin
inkişafı kompleks tədbirlər nəticəsində təmin
edilir”.
Ölkəmizdə enerji təhlükəsizliyi
tam təmin olunmuşdur. Bütün neft-qaz layihələri
uğurla reallaşdırılmışdır. Neft və qaz
dünya bazarlarına müxtəlif yollarla
çıxarılır və ixrac coğrafiyası bu ildən
başlayaraq daha da genişlənəcəkdir.
Ötən il Azərbaycanda
50 milyon ton neft, 25 milyard kubmetr qaz hasil edilmişdir. Bu il neft və
qaz istehsalı daha da artacaq və beləliklə, ölkəmizə
əlavə maliyyə resursları gələcək, eyni
zamanda, respublikamızın ixrac imkanları genişlənəcəkdir.
2009-cu ildə ölkəmizdə
sahibkarlığın inkişafı diqqət mərkəzində
saxlanılmışdır. Özəl bölməyə
dövlət dəstəyi ilə bağlı Prezident
İlham Əliyev demişdir: “...Sahibkarlar dövlət tərəfindən
həm mənəvi, həm siyasi və həm də iqtisadi dəstək
alırlar. Əgər Azərbaycan dövləti tərəfindən
kreditlər təşkil edilməsəydi, kənd təsərrüfatının
inkişafı üzrə bizim böyük problemlərimiz ola
bilərdi. Amma kreditlərin vaxtında verilməsi və
sahibkarlığın inkişafı üçün
görülən bütün tədbirlər, əlbəttə,
sahibkarlara da çox gözəl şərait yaradır. Gələcəkdə
Azərbaycanın iqtisadiyyatı daha çox
sahibkarlığın fəaliyyətindən asılı olacaqdır.
Bütün infrastruktur layihələri həyata
keçirilir, elektrik stansiyaları, yollar tikilir, — mən
artıq bu barədə danışdım, — bunlar, eyni zamanda,
sahibkarlığın inkişafı üçün də
başlıca şərtdir. Azərbaycanın şəhərləri
abadlaşır, gözəlləşir. Sahibkarlığın
inkişafı bizim üçün həmişə
olduğu kimi prioritet məsələdir və bu istiqamətdə
növbəti illərdə də lazımi tədbirlər
görüləcəkdir”.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 10 yanvar.- S. 1.