Xeyrəddin Qoca – 60

 

Onun əsərlərində zamanın ahəngi duyulur

 

Yazıçı, publisist, sabiq millət vəkili, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının sabiq Baş konsulu, məşhur “91-lər”dən biri, Yeni Azərbaycan Partiyasının yaradılmasının fəal iştirakçısı, partiyanın Siyasi Şurasının üzvü, tanınmış ictimai xadim, səmimi, mehriban insan... Bu titulları və şəxsi keyfiyyətləri sadalamaq kifayətdir ki, oxucu söhbətin Xeyrəddin Qocadan getdiyini bilsin. Bu missiyalar və titullar təkcə X.Qocanın kimliyini göstərmir, həm də onun cəmiyyətdə tutduğu mövqeyi ifadə edir. Xeyrəddin Qoca 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndində müəllim ailəsində dünyaya göz açmış, Pedaqoji Universitetdə ali təhsil almış, Jurnalist Sənətkarlığı İnstitutunda peşəsinə daha dərindən bağlanmış, Azərbaycan publisistikasına töhfələr vermiş, Mirzə Cəlilin irsini XX əsrin sonlarına uyğunlaşdırmış, Ə.Haqverdiyevin “Marall”larını 80 il sonra yenidən qamçılamış, Bakı ilə İstanbul arasında diplomatik əlaqələrin möhkəmlənməsində rolu olmuş, Milli Məclisdə təkcə söz deməmiş, həm də söz yazmış, ən nəhayət, sadə Azərbaycan vətəndaşıdır. Dostlarının dediyinə görə, səmimi, təvazökar, həmişə arzulanan insandır. Billur kimi saf qəlbi, böyük ürəyi vardır. Təbiəti etibarilə orijinal, maraqlı bir insandır. Onun sözü də, işi də, özü də göz önündədir. Bütün münasibətləri tam aşkardır. Ütülü, ibarəli danışmır. İctimaiyyətin qənaətincə, çirkaba bulaşmamış, siyasət adamı, vətənpərvər publisist, kəskin və dolğun yazıların müəllifi, gülüşü göz yaşı ilə müşayiət olunan satirikdir.

 

Xeyrəddin Qoca sözsüz ki, Azərbaycan ictimai və ədəbi fikrində özünü təsdiqləmiş şəxslərdəndir. Düz 40 il əvvəl yaradıcılığına jurnalist məqalələri ilə başlayan yazıçı tədricən öz ampulasını genişləndirərək artıq, ədəbi simaya çevrilib. O, indi mətbuatda minlərlə məqalələrin, bir sıra kitabların, pyeslərin müəllifidir.

Yaradıcı şəxsin ilk qələm təcrübəsi şübhəsiz ki, onun sənətə “vizit vərəqi” olmaqla yanaşı, həm də keçdiyi həyat yolu ilə həmahənglik təşkil edəcək ədəbi janrını da müəyyənləşdirir. Heç də səbəbsiz deyil ki, Xeyrəddin Qocanın ilk yazısı satirik hekayə olmuşdu və o, Molla Nəsrəddin ənənələrini yaşadan böyük satira jurnalında – “Kipri”də çap edilmişdi. Qeyd edək ki, 1968-ci ildə 18 yaşlı gəncin ilk sənət əsəri – “Hədiyyə” hekayəsi “Kirpi” jurnalının baş redaktoru Seyfəddin Dağlının xoşuna gəlmiş və bilavasitə onun tövsiyəsi ilə dərc edilmişdi. Sonralar Süleyman Rüstəmin rəhbərlik etdiyi “Kirpiçilər məclisi”nin fəal üzvü olan Xeyrəddin Qoca keçən əsrin 70-ci illərinin əvvəllərindən etibarən “Ədəbiyyat və incəsənət” qəzetinin səhifələrində ardıcıl dərc olunmağa başladı. O, əsərlərində mühüm məsələlərə toxunur, oxucusunu uydurmalar, illüziyalar aləmindən ayırıb, real həyata gətirir, nöqsanları vətəndaş mövqeyindən tənqid edir.

Xeyrəddin Qocanın yaradıcılığı barədə ən dolğun, ən müfəssəl və ədəbi tənqid yönümlü rəyin müəllifi professor Pənah Xəlilov yazıçının yumor və satiralarının sətiraltı mənasını, sətirüstü məziyyətlərini, orijinal dəst-xəttini belə ifadə edir: “Onun satiraları oxucunun fikrincə satiradırsa, mənim fikrimcə qroteskdən uzaq olan məlhəmli gülüşdür. Müəllif özü də yumor ustalarımızdan Cəlil Məmmədquluzadəni, Əbdürrəhim bəy Haqverdiyevi anır, axırıncının “marallarım” ənənəsinə, Molla Nəsrəddin lətifələrinə güvənir. Ağız ədəbiyyatında gördüyümüz atmaca janrı da, təmsil də müəllifin hörmətlə istifadə etdiyi qaynaqlardandır.

Xeyrəddin Qocanın yumorlu istehzası öz tərzinə görə klassiklərimizin istehza tərzinə söykənirsə, onun istər təmsillərinin, istər atmacalarının, istərsə də süjetli hekayələrinin məzmunu təzədir, günümüzün adamlarıdır, idarələrdir, cəmiyyətdir, jurnalistlər, yazıçılar aləmidir” (“Azərbaycan” qəzeti, 5 yanvar 1999-cu il).

X.Qoca satirik əsərlərində həyatın mənfi tərəflərini qəsdən qabarıq, mübaliğəli, gülməli, bəzən də eybəcər şəkildə təsvir edir ki, bunun nəticəsində həmin mənfiliklərin insan həyatına, yüksək qayələrə zidd olduğu, bu mənfiliklərin dözülməzliyi daha aydın meydana çıxır.

Onun əsərlərini oxuyarkən dahi rus tənqidçisi V.Q.Belinskinin məşhur sözləri yada düşür. O, yazırdı: “Satira şən və hazırcavab adamların qərəzsiz hırıltısı deyil, cəmiyyətdəki biabırçılıqdan özünü təhqir edilmiş sayan adamların alovlu, dəhşətli qəzəbidir”.

Xeyrəddin Qocanın “Filankəslər”, “Marallar”, “Hərə öz payını götürsün”, “Gərək yazam...”, “Bu da belə həyatdır...”, “Bu dünyadan məktublar”, “Pyeslər...” kitabları oxucunu güldürdükcə düşündürür, düşündürə-düşündürə islah edir. Öz yazı tərzi, manerası ilə seçilən bu hekayələrdə gülüşün bütün növlərinə rast gəlmək olar. O, hekayələrini kinayəli gülüş və tənqidi pafosla yüklənmiş eyhamlı fikirlərlə, bədii əyaniliyin bütün imkanlarıyla oxunaqlı bir dildə yazır. Bundan əlavə, dialoqların lakonikliyi, onların dilinin tiplərin xarakterinə uyğunlaşdırılması yazıçının əsərlərini daha maraqlı edir.

Ədib xalqın həyatını yaxşı bildiyinə görə əsərlərində xalq ruhunun güclü təsiri duyulur. Onun əsərlərindəki gülüş sözün həqiqi mənasında ümumxalq gülüşüdür. Bu gülüşün ən gözəl xüsusiyyəti müasir səslənməsi, öz tərbiyəvi-estetik gücünü mühafizə etməsidir.

Sözün “qıza deyilib, gəlinə eşitdirilməsi” ulu yazarlarımızdan bizə qalan ən qiymətli xəzinədir ki, X.Qoca bu xəzinədən dəyərincə bəhrələnməyə çalışır və deməliyik ki, istəyinə nail olur.

Günümüzün acı həqiqətlərini satirik qələmlə oxucularına çatdıran yazıçı öz “marallar”ının hər cür sifətini bacarıqla açır. Tiplərini söz qılıncı ilə yaralayan ədibin uğuru bir də ondadır ki, o mövzulara çox konkret yanaşır və onları öz oxucularına sadə, oxunaqlı ifadələrlə, yığcam və inandırıcı şəkildə çatdırır.

“Yazıq maralların nə təqsiri?” hekayəsində müəllifin etirafına fikir verin: “Görün, bir yazı-pozu əhli nə yazır? Yazır ki, balaca ”marallar”dan çox yazırsan, amma böyük “marallar” qalıb kənarda. Bəs, onları nə vaxt “şərəfə” mindirəcəksən? Rəhmətliyin balası bilmir ki, mənim “marallar”ımın böyüyü, kiçiyi yoxdur. “Maral” elə “maral”dır. Hərəsinin öz sifəti var...”

Bəli, harada cəmiyyətimizə yad ünsürlər varsa, X.Qoca ona müxalifətdədir, əks mövqedədir. Aşağıdakı sözlər çox ibarətamizdir:

“Ayə, görəsən, bütün millətlərdə bu qədər “maral” var, yoxsa, birinci yeri biz tuturuq... Bilmirsən, qarşındakı ziyalıdır, yoxsa yaltaq. Diqqətlə sifətindəki qırışlara baxanda görürsən ki, bu elə ziyalı-yaltaqdır” - deyən müəllif simasızlara öz satirası ilə daha sərt və tərs şapalaq ilişdirir.

“Kibrit Rəhim” hekayəsinə nəzər salaq: İş yeri siqaret çəkmək üçün ayrılan yerin yanında olduğu üçün Rəhim bütün günü qapını aralı qoyub siqaret çəkməyə gələnlərin kimliyinə diqqət yetirir. Əgər rəisdirsə və cibindən siqaret çıxarırsa, tez kibritini götürüb ona yaxınlaşır və sonrası da məlumdur. Adətkərdə olan Rəhim yeni təyin olunan rəisin siqaretini alışdırmaq istəyərkən “kişi”nin bığını yandırır... Hekayədə yaltaqlığın tam çılpaqlığı ilə təsviri çoxlarına ibrət dərsi olacaq səviyyədə güclü təsir bağışlayır və müəllifin az sözlə geniş fikir ifadə etmək bacarığını göstərir.

Professor Pənah Xəlilov yazır: “Xeyrəddin Qocanın “Belə məhkəmə olar?” hekayəsinin qısa məzmunu: “Bazar qırağında yaşlı bir kişi xırda-xuruş şeylər satır, birtəhər dolanırdı...”

Tullanmış köhnə-köşkül ayaqqabıları yamayıb qəpik-quruşa satan fağır bir pinəçinin başına gələnləri Ə.Haqverdiyevin necə təsvir etdiyi yadıma düşdü... Növbəti alış-verişdə alıcı pinəçiyə elə qiymət təklif edir ki, pinəçinin içi göynəyir və dilindən çıxan “ay zalım” sözü ətrafındakı lağlağı uşaqların dilinə düşür. Pinəçi günlərlə evinə qapanıb qalır. Axır ki, qorxa-qorxa bir də bazara çıxanda bu dəfə bazar lağlağıları “ay zalım, gəldin” - deyə, fağır pinəçinin qoparağını götürürlər. Acından ölən pinəçinin meyitini evindən çıxaranda, uşaqlar “ay zalım, bizi qoyub hara gedirsən” - deyə bağırışırlar.

Xeyrəddin Qoca... uşaqları və bazar əhlini polis “ablava”sı və məhkəmə hökmü ilə əvəz edən bir neçə cümləyə qane olur. Onun xırdavatçı qocası tutulub məhkəməyə çəkiləndə məhkəmə “ədalətinə” etirazını bildirir. Bu etiraz bir eyham, günümüzün yumoristi üçün atmacanın sonluğuna çevrilir: “Möhtərəm hakimlər! Siz alçasatanla xalçasatanı qarışdırırsınız. Ona görə mənim kimisinə üç il də (cəza) azdır”.

Bu kinayəli sonluq M.Ə.Sabirin “Pülsüz kişi, insanlığı asanmı sanırsan” istehzasını da yada salır. M.Ə.Sabirlə zamanımız arasındakı vaxt az deyil, çox sular axıb, amma pulsuz kişiyə qapaz insanfsızlığı indiyə qədər cəmiyyətdə qalıbsa, buna kinayə etmək qələm əhli üçün aktualdır.

“Ədib görəsən inanırmı ki, toxunduğu hər ”maral” onun atmacalarından nəticə çıxaracaqdır? Mən bilən bu problem ədib üçün niyyətdir, əsas məqsəd deyil, məqsəd həyat problemlərimizin həlli üçün düşünmək, insafları oyatmaq, buna üstüörtülü də olsa münasibət bildirmək zəruridir” (“Azərbaycan” qəzeti, 5 yanvar 1999-cu il).

İndi Molla Nəsrəddin həyatda yoxdur. Lakin mollanəsrəddinçilik davam etməkdədir. Məhz cəmiyyətdəki nöqsan və bəlaları özünəməxsusluqla açıb göstərdiyindəndir ki, yazıçının əsərləri dərin həyati məzmun kəsb edir. Onun satiraları çoxyönlü, obyektiv, qərəzsiz və səmimi olmaqla yanaşı, bəzən aramsız və amansızdır. Həyat həqiqətlərinə, faktlara münasibətdə kinayə, istehza ikibaşlı söz, eyhamdan istifadə edən ədib çox vaxt əks mənalı ifadələrlə oxucunu tərsinə düşünməyə vadar edir. Ona görə də, Xeyrəddin Qocanın satirik gülüşü səfərbəredicidir.

Yazıçı yaradıcılığında siyasətlə ədəbiyyatı birləşdirməyə də nail olur. Gündən-günə sayı göbələk kimi artan partiyalarda gedən proseslər, “siyasətçilər”in əməlləri, hərəkətləri və s. onun acı gülüşünə çevrilir. “Ədəbiyyat qəzeti”ndə tez-tez dərc edilən hekayələrini oxuyanlar bu dediklərimizin həqiqət olduğunu görərlər.

X.Qoca güclü müşahidə qabiliyyətinə malikdir. Nöqsanları, çatışmazlıqları hamı görür. Ancaq o, tək müşahidə ilə kifayətlənmir, onların səbəblərini açaraq, canlı obrazlar yaratmağa müvəffəq olur, ən ümdəsi nəticə çıxarmağı oxucunun öhdəsinə buraxır.

Xeyrəddin Qoca, həm də dramaturqdur. O, maraqlı komediyalar müəllifidir. Onun jurnalistlikdən yumora, sonra satiraya, daha sonra dramaturgiyaya gəlməsində bir qanunauyğunluq var. Pyeslərində hadisələrə dərin bir baxış olmaqla yanaşı, ictimai ziddiyyətlərə ciddi münasibət açıq görunur.

Akademik Milli Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti Mərahim Fərzəlibəyovun rejissorluğu ilə 2002-ci ildə tamaşaya qoyulan “Hərənin öz payı...” komediyası X.Qocanın ilk səhnə əsəridir. Bu pyesin bir sıra tamaşaları böyük anşlaqla qarşılandı və bir neçə il səhnədən düşmədi.

“Hərənin öz payı...” komediyasında müəllif cəmiyyətdəki neqativ halları gah üstüörtülü, gah da açıq şəkildə, gah yığcam bir əhvalat halında, gah da zarafatyana əks etdirmiş, mənalı komik obrazlarla zəngin düşündürücü bir əsər yaratmışdır. Təsadüfi deyil ki, hər bir fikir, hər bir kiçik əhvalat oxucuların, tamaşaçıların ürəyindən, “tikan çıxarır”, onların alqışları ilə müşayiət olunur.

Cəmiyyətdəki çatışmazlıqların, nöqsanların, eybəcərliklərin fonunda Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin obrazları canlanır. Yeri gəlmişkən, qeyd edək ki, ilk dəfə olaraq X.Qoca üç görkəmli qələm sahibinin birlikdə səhnə obrazlarını yaratmışdır. Mətbuat “Hərənin öz payı...” pyesinin səhnə təcəssümünü çox yüksək qiymətləndirmişdir.

Azərbaycan Dövlət Televiziyasında əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadənin rejissorluğu ilə tamaşaya qoyulmuş “Qonşulaşma, qohumlaşma, kirvələşmə” (2004) komediyası isə Xeyrəddin Qocanın ilk ekran əsəridir.

...Rəis işləyən Ağazal daha böyük vəzifəyə qalxmaq üçün dəridən-qabıqdan çıxır. O, bu məqsədlə necə olursa-olsun, qızını yüksək vəzifəli bir şəxsin oğluna vermək istəyir. İmkanlı yeznə axtarışına çıxan Ağazal qızının başqa sevgilisinin olduğundan xəbərsizdir. Sevdiyinə hədsiz vəfalı olan qızının sevgilisi də ləyaqətli oğlandır. Böyük arzularla yaşayan rəisin xəyalları sonda alt-üst olur. Vəzifə hərisliyinin nəticəsində o, rəislikdən də çıxarılır. Qızı isə çevdiyi oğlanla ailə qurmağa hazırlaşır...

Sonra X.Qoca bir-birinin ardınca “Düzü-düz, əyrini-əyri” (2006), “Bu bizim zəmanədir” (2007), “Toy olacaq...” (2008 pyeslərini yazdı və bu pyeslər Azərbaycan Milli Radiosunun tamaşaları kimi efirdə səsləndi, dinləyicilərin marağına səbəb oldu.

Yazıçının Heydər Əliyev Sarayında keçirdiyi “Bilirəm, səsim xoşunuza gəlməyəcək...” adlı satira gecəsini tamaşaçılar hələ də xatırlayırlar. Göründüyü kimi, ədib orijinal, özünəməxsus ad seçmişdir. Çünki yazıçı böyük Mirzə Cəlilin, Sabirin, Ə.Haqverdiyevin də “səslərinin” çoxlarının xoşuna gəlmədiyini yaxşı bilir...

Vaxtilə Məmməd Arif yazırdı: “Yazıçı, şair yaşa dolduqca onun sənət xəzinəsi də zənginləşir. Barlı ağacın meyvələri yetişdikcə, şirəyə dolub ağırlaşdığı kimi, yazıçının da əsərləri artır, ədəbiyyata xidməti çoxalır və haqqında söz demək müəyyən bir hadisəyə cavab olmaqdan başqa, ümumxalq əhəmiyyəti qazanır. Hətta ədəbiyyatımız üçün bir ehtiyac, bir zərurət halı olur”.

Xalq yazıçısı Anarın X.Qoca haqqında fikri: “Satirik olmaq cəsur olmaqdır, heç nədən qorxmamaqdır. Bu gün həyatımızda olan bir çox nöqsanları görmək və göstərmək böyük cəsarətdir. Xeyrəddin Qoca heç nədən və heç kimdən qorxmur”.

Xalq şairi Zəlimxan Yaqub: “Xeyrəddin Qoca yazıçıdır, jurnalistdir, qələm adamıdır, ədəbiyyat adamıdır, ziyalıdır. Cəlil Məmmədquluzadədən gələn, Əbdürrəhim bəy Haqverdiyevdən gələn, haradasa Yusif Vəzir Çəmənzəminlidən gələn, Sabirin ruhundan süzülən ilahi duyğular bu gün Xeyrəddin Qocanın dövrlə, zamanla bağlı nəfəsində ayrı bir ahənglə səslənir. O, bu yazıçıların ruhunu özündə ehtiva eləyir”.

Hidayət, şair: “Xeyrəddin Qoca yüksək tərifə, xoş sözlərə layiq şəxsiyyətdir, ziyalıdır, yazıçıdır. O, gözəl publisistdir, gözəl jurnalistdir, gözəl nasirdir, gözəl satirikdir. Mənə elə gəlir ki, o, həyatdan bir süjet götürür və onu olduğu kimi verir. Bəlkə də, Xeyrəddin Qoca bu süjeti həyatdan götürmür. Yazdıqları yaradıcılıq təxəyyülünün məhsuludur. Lakin mən həmişə Xeyrəddin Qocanın bədii yazılarında, publisistikasında təsvir etdiyi süjetlərdə bir bütövlük görmüşəm. Mənim diqqətimi o cəlb edir ki, yazıçı bir süjeti götürür, işləyir və sonra da deyir ki, “Hərə öz payını götürsün”...”

Dürsün Özdən, türk yazarı: “Azərbaycan yazıçısının “Bu dünyadan məktublar...” kitabındakı əsərlər eybəcərliklərin mövzusu baxımından maraqlı, kəsərli bir satira nümunəsidir”.

Xeyrəddin Qoca Nəsrəddin Xoca kimidir... Türk oxucularına “Bu dünyadan məktublar...” kitabını mütləq oxumalarını məsləhət görürük. Xeyrəddin Qocanın ümid və işıq dolu böyük ürəyindən gələn sevgi və hərarət içinizdə işıq yandıracaqdır. Çevrəniz sizin üçün aydınlaşacaq və ürəkdən güləcəksiniz. Həm də mütləq düşünməyə vadar olacaqsınız...”

Xalq şairləri Qabil, Cabir Novruz, Sabir Rüstəmxanlı, professor Nizami Cəfərov, türk professoru Camal Anadol və başqaları da Xeyrəddin Qocanın yaradıcılığına yüksək qiymət verirlər.

Türk yazıçısı Ürfan Ülkü yazır: “Xeyrəddin Qocanın “Bu dünyadan məktublar...”ını oxuyun, “biz-bizə bənzəriz” fikrinin nə qədər gerçək olduğunu görəcəksiniz...”

Xeyrəddin Qoca yazıçı olmaqla yanaşı, cəmiyyətimizdə həm də mərd, qeyrətli insan kimi tanınmışdır. 1990-cı ildə Rusiyanın və Azərbaycanın kommunist mətbuatında Heydər Əliyevə böhtan və iftira kampaniyası başlananda, əlində qələmindən başqa heç nəyi olmayan yazıçı ilk olaraq görkəmli siyasi xadimin müdafiəsinə qalxdı. O zaman Heydər Əliyev haqqında mətbuatda heç kim bir kəlmə belə müsbət fikir yaza bilməyəndə namuslu qələm sahibi baş redaktoru olduğu “Dan ulduzu” qəzetində böyük insan haqqında səhifə-səhifə məqalələr yazdı. Xeyrəddin Qoca bu təəssübkeşliyi ilə təkcə öz mövqeyini açıqlamırdı, həm də cəsarəti ilə çoxlarına dərs verirdi. Bu o zamanlar idi ki, Heydər Əliyev hələ Moskvadan Naxçıvana gəlməmişdi. Hələ “91-lər”in müraciəti imzalanmamışdı, Yeni Azərbaycan Partiyası yaradılmamışdı, “Yeni Azərbaycan” qəzeti də çıxmırdı...

X.Qoca jurnalistikada da, bədii yaradıcılıqda da, həyatda da öz sözü, nəfəsi olan, orijinal bir şəxsdir. Əgər reallığı bütün çılpaqlığı ilə çəkinmədən həyatda və bədii yaradıcılıqda deyə bilən demokratik şəxs adlanırsa, onda Xeyrəddin Qocaya həm də demokratik yazar deyə bilərik.

O, birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu kimi Bakı ilə İstanbul arasında diplomatik əlaqələrin möhkəmlənməsində rolu olmuş, dövlətimizin xarici siyasətinin qardaş ölkədə formalaşmasında öz səylərini göstərmişdir. 2000-ci ildə ədibin həyat və yaradıcılığından bəhs edən “Xeyrəddin Qoca” adlı fotokitab, 2005-ci ildə isə “Ömür belə keçir...” adlı kitab buraxılmışdır. Onun əsərləri, fotoşəkillərinin bir qismi və mətbuat yazıları S.Mumtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, pyesləri tamaşaları, televiziya çıxışları, müxtəlif səs yazıları isə Dövlət Səsyazma Arxivində qorunub saxlanılır. İctimai Televiziya yazıçı haqqında “Ömür belə keçir...” adlı film çəkmişdir.

Azərbaycan Prezidentinin 19 mart 2007-ci il tarixli Sərəncamı ilə mədəniyyət və incəsənət sahələrində böyük xidmətlərinə görə ona Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

Yazıçı və ictimai xadim Xeyrəddin Qocanın 60 yaşı tamam olur. Onun mənalı və zəngin ömrünü yaş həddi ilə ölçmək çətindir. Ədib klassik və çağdaş Azərbaycan ədəbiyyatı bulağından su içə-içə yazıb-yaratmaqda davam edir...

 

 

Mirsaleh AXUNDLU

 

Xalq qəzeti.- 2010.- 9 yanvar.- S. 6.