“Gənclərə qayğı fəaliyyətimizin prioritet istiqamətlərindəndir”

 

Müsahibimiz AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik AKİF ƏLİZADƏDİR

 

— Akif müəllim, yola saldığımız il Geologiya İnstitutu üçün hansı uğurlarla yadda qaldı?

— 2009-cu il Azərbaycan Respublikasında elmin inkişafının milli strategiyasının formalaşma prosesi ilə əlamətdar oldu. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən ötən ilin mayında Azərbaycanda elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramını nəzərdə tutan xüsusi sərəncam imzalanıb. Bu proqramın icrasına dair tədbirlər planı kimi, oktyabrda dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında sərəncam da imzalayıb. Zənnimizcə, bu iki sərəncəmla Azərbaycanda elm sferasında ardıcıl islahatların təməli qoyulub ki, bu da ölkəmizdə sosial-iqtisadi sahənin xüsusiyyətlərini, tarixi köklərini və mədəni ənənələrini nəzərə alacaq. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ötən il dekabrın 8-də dərc edilmiş məqaləsində qeyd edilir ki, “Bu gün elmimizin əsas məqsədi ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intensivləşdirilməlidir”. Başqa sözlə desək, elmi tədqiqatların yeni təşkil sisteminin mahiyyəti, özündə proqressiv bilikləri birləşdirən, cəmiyyətin iqtisadi inkişafını müasir biliklər əsasında qurmaqdan ibarət olmalıdır.

— Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra beynəlxalq əlaqələr elmimizin ən dinamik istiqamətlərindən birinə çevrilib. Geologiya İnstitutu başa vurduğumuz ildə bu istiqamətdə nə kimi uğurlar əldə edib?

— İldən-ilə inkişaf etməkdə olan beynəlxalq elmi əlaqələrimiz 2009-cu ildə də bu templə davam edib. İnstitutumuz ABŞ-ın Massaçusets Texnologiya İnstitutu ilə birlikdə Qafqazın kollizion zonasının müasir geodinamik vəziyyətinin öyrənilməsi üzrə tədqiqatları davam etdirib. Qızılağac-Vəndam regional yarığının şərq hissəsinin dinamikasını və seysmik aktivliyini öyrənmək məqsədilə Neftçala rayonunda daimi fəaliyyətdə olan “Neftçala” adlı GPS (qlobal yertəyinetmə sistemi) stansiyası qurub. Bu stansiya son 3 il ərzində üçüncüdür. İlk 2 stansiya institutumuzun binasında və Şəkidə qurulub. Bu stansiyalar bütün internet istifadəçilərini, o cümlədən uzaqda yerləşən istehlakçıları fasiləsiz GPS məlumatları ilə təmin edir. Şəki Regional Elmi Mərkəzində “ZLS Burris Gravimetri” kimi yüksək tezlikli aparatdan istifadə etməklə Şəki Qravitasiya Stansiyası təşkil edilib. Bu işdən məqsəd stansiyanın yerləşdiyi regionda Yerin dərinlik quruluşu, Yer qabığı və mantiyanın regional xüsusiyyətləri, habelə geoloji təhlükələr zamanı təzahür edən qravitasiya sahəsinin zamanca dəyişməsi ilə əlaqədar olan qlobal səciyyələrin tədqiqini aparmaqdır. Şəki Qravitasiya Stansiyası ilə əldə edilən məlumatlar internetlə avtomatik olaraq Geologiya İnstitutuna ötürülür.

İnstitutumuz Rusiya, Qazaxstan, Moldova, Çin və Gənubi Qafqaz respublikaları ilə birlikdə Avrasiyanın geoloji məzmunlu atlas-xəritələrinin işlənib hazırlanmasında iştirak edir. Ötən il bu beynəlxalq layihənin ikinci mərhələsinin icrası davam etdirilib. Bu mərhələdə Rusiya və digər dövlətlərin, habelə qonşu ölkələrin ərazisinin 1:2500000 miqyaslı geoloji məzmunlu CİS (coğrafi informasiya sistemi) atlas-xəritələrinin tərtibi ilə əlaqədar olaraq, Azərbaycana aid hissənin bütün milli fraqment xəritələri hazırlanıb və proqramın koordinatoru olan Ümumrusiya Geologiya İnstitutuna təqdim edilib. İkinci mərhələdə isə Qafqazın Azərbaycan hissəsinin 1:1000000 miqyaslı geoloji məzmunlu CİS atlas-xəritələrinin tərtibi ilə əlaqədar təbii qazlar, dördüncü dövr əmələgəlmələri, metal faydalı qazıntıları, əlvan və qızıl yataqlarının xəritələri, habelə bərk faydalı qazıntıların mineragenik rayonlaşdırma xəritəsi koordinatora təqdim edilib. Bundan əlavə, “Qafqaz, Krım və Karpatların geoloji quruluşu və faydalı qazıntıları” monoqrafiyası yazılaraq Ümumrusiya Geologiya İnstitutuna göndərilib. Yeni ildə xəritələr atlası və monoqrafiyanın çap edilməsi nəzərdə tutulur.

İnstitutumuzda bp şirkətinin maliyyə və elmi-texniki himayəsi ilə təşkil edilmiş Hövzə Modelləşdirilmə Mərkəzi fəaliyyət göstərir. Ötən il Abşeron ərazisi, ona qovuşan Xəzər dənizi akvatoriyası hüdudlarında geoloji struktur və petrofiziki karkasın yaradılması məqsədi ilə tədqiqat işləri aparılıb. Bu işlərin çərçivəsində kristallik bünövrə səthi, təbaşir, miosen, qala laydəstəsi, qırməkialtı lay dəstəsi, Qırmaki üst gil laydəstəsi, fasilə laydəstəsi, Suraxanı laydəstəsinin tavanı üzrə rəqəmli regional struktur xəritələr tərtib edilib, habelə Abşeron yarımadası və qovuşuq akvatoriyanın batimetriyasının rəqəmli topoqrafik modeli yaradılıb. Tədqiqat aparılan rayonun 200-dən çox quyusunun karotaj diaqramları üçün rəqəmli məlumatlar bazası hazırlanıb, temperatur, təzyiq, məhsuldar qat süxurlarının kollektor və petrofiziki xassələri üzrə quyu ölçmələrinin məlumat bazası tərtib edilib. Həmçinin, üçölçülü model işlənib hazırlanıb və test rejimində üçölçülü hövzə modelləşdirilməsi aparılıb.

Həmçinin, bp ilə müqavilə əsasında aparılan “Bakı-Tbilisi-Ceyhan (Azərbaycan hissəsi) boru kəməri boyu geodinamik vəziyyətin tədqiqi” adlı elmi tətbiqi iş tamamlanıb. Neft kəmərinin Azərbaycan hissəsində yerləşən, 10 geodezik məntəqədən və 5 seysmik stansiyadan ibarət olan geodinamik poliqonda GPS texnologiyası və yüksək tezlikli nivelirləmə, qravimetrik və radiometrik ölçmələrdən istifadə etməklə deformasiya proseslərinin monitorinqi aparılıb. Alınan məlumatlara əsasən, Səngaçal-Gəncə-Tbilisi profili üzrə yer qabığının dərinlik quruluşunun kompleksli geofiziki modeli təklif edilib.

2009-cu ildə Geologiya İnstitutunun 6 elmi layihəsi qrant himayəsinə layiq görülüb. Onlar “Xəzər dənizinin oliqosen-pliosen etapının kompleksli stratiqrafiyası və iqliminin təkamülü”, “Azərbaycan və Sloveniya üçün radon kadastrının yaradılması, İsveçrə metodologiyası və tərcübəsindən istifadə etməklə diaqnozlaşdırma və radon riskinin azaldılması”, “Qafqazın tektonikası”, “Ekoloji dəyərləndirmə və su sistemlərinin bərpası şəbəkəsi”, “Distansion zondlama və dəniz tədqiqatları məlumatlarından istifadə etməklə Xəzər dənizinin ətraf mühitinin durumunun CİS analizi” və “Abşeron yarımadasında tükənmiş yataqların neftveriminin yüksəldilməsinin biotexnoloji üsulunun işlənib hazırlanması” adlı layihələrdir.

2008-ci ildə YUNESKO, İNTAS, FULIBRAYT və digər beynəlxalq fondlar tərəfindən qrant dəstəyi almış 8 layihə üzrə tədqiqatlar 2009-cu ildə də davam etdirilib. Belə ki, “Kür çayının delta çöküntülərinin öyrənilməsi məlumatlarına əsasən holosendə Xəzər dənizi səviyyəsinin dəyişmələri” layihəsi istiqamətində aparılan işlər tamamlanıb.

“Azərbaycanda Maykop seriyasının regional korrelasiyası: sekvensstratiqrafiya və neft potensialı” layihəsi üzrə də tədqiqatlar aparılıb. Həmçinin, Gəncə neftli-qazlı rayonun Maykop çöküntülərinin təbəqələr üzrə paleontoloji və radiometrik kompleksli tədqiqi əsasında Maykop seriyasının stratiqrafik bölgü sxemi qismən dəqiqləşdirilib. Müəyyən edilib ki, oliqosen çöküntüləri əsasən uran, alt miosen çöküntüləri isə uran-kalium təbiətlidir.

“Xəzər dənizinin oliqosen-pliosendə kompleksli stratiqrafiyası və iqlim təkamülü” proqramı üzrə Rumıniyanın Buxarest Universitetinin alimləri ilə birlikdə eosen-oliqosen, miosen-pliosen sərhədlərində iqlim hadisələrinin müəyyən edilməsi və geoxronoloji üsulla mütləq yaşın təyini məqsədilə birgə tədqiqat işlərinə başlanılıb. ABŞ Milli Elmi Fondunun dəstəklədiyi “Ərəbistan-Avrasiya kollizion zonasının Böyük Qafqaz seqmentinin geckaynozoy deformasiyası amplitudunun yaşının təyini”, FULBRAYT qrant proqramı üzrə isə “ABŞ-ın qərbində tektonik analiz üsullarının öyrənilməsi” adlı layihələr çərçivəsində tədqiqatlar aparılıb. Almaniya Geoloji Elmlər və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Daşgil və Pirəkəşkül palçıq vulkanlarından atmosferə çıxan qazların monitorinqi ilə bağlı Azərbaycan-Almaniya beynəlxalq elmi-texniki əməkdaşlığı çərçivəsində birgə tədqiqatlar davam etdirib.

— Neft Azərbaycanın ən qiymətli təbii sərvəti, geoloqlarımız üçün isə ən önəmli tədqiqat obyektidir. Odur ki, neft-qaz sahəsində aparılmış tədqiqatlar və onların nəticələri barədə bir qədər ətraflı məlumat verməyiniz maraqlı olardı...

— Əvvəla, onu deyim ki, institutumuzun iştirak etdiyi beynəlxalq və müştərək elmi layihələrin əksəriyyətinin kökündə neft-qazla bağlılıq var. Onlardan birini qeyd etmək üçün deyim ki, başa vurduğumuz ildə “Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin 2007-2014-cü illər üçün karbohidrogen potensialının və geodinamikasının öyrənilməsinə dair” tədbirlər proqramı üzrə tədqiqatlar davam etdirilib. Tədqiqatlar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Dövlət Neft Akademiyasının mütəxəssisləri ilə birgə aparılıb. Proqramın “Cənubi Xəzər hövzəsinin geoloji-geofiziki modeli” bölməsi üzrə dünyanın müxtəlif hövzələrində, o cümlədən adıçəkilən hövzədə anomal-yüksək geoflüid təzyiqlərin formalaşma şəraitlərinin tədqiqat nəticələrinin sistemləşdirilməsi və ümumiləşdirilməsi əsasında onların formalaşmasını şərtləndirən bütün mümkün amillər öyrənilib. Cənubi Xəzər hövzəsinin geoloji şəraitində anomal-yüksək geoflüid təzyiqlərin əmələ gəlməsini şərtləndirən həlledici amillər müəyyən edilib. Qeyd edilib ki, 15 kilometrədək intervalda süxurların qeyri-müntəzəm sıxlaşması, neftin və xüsusilə də qazın maye karbohidrogen krekinq hesabına əmələ gəlməsi mümkün olub.

Seysmik məlumatlara əsasən, Cənubi Xəzər hövzəsində kəsilişdə anomal təzyiqlərin inkişafının birbaşa proqnozlaşdırılması nəticələri nəzəri hesablamaların və ənənəvi diaqnostik üsulların nəticələri ilə üst-üstə düşür. Anomal-yüksək geoflüid təzyiqlərin zonalarının seysmik proqnozlaşdırma üsulunun hövzədəki axtarış-kəşfiyyat işlərində tətbiqi tövsiyə edilib. Bu üsul hövzənin hələ qazılmamış perspektiv strukturlarında dərin quyuların qazılmasında iqtisadi və texnoloji riskin minimallaşdırılmasına yardım göstərə bilər.

Həmçinin, ötən il Geologiya İnstitutunun kollektivi Nazirlər Kabinetinin 22 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunub saxlanılması və uzunmüdətli istifadəsinə dair” tədbirlər proqramının icrasına başlayıb və nadir geoloji obyektlərin mühafizəsi üzrə xarici ölkələrin təcrübəsinin təhlili aparılıb.

“Azərbaycanın filiz yataqlarında təbiətə ziyan vurmadan metalların çıxarılma texnologiyasının tədqiqi, işlənməsi və tətbiqinə dair” tədbirlər proqramı çərçivəsində tədqiqatların icrasına başlanılıb, yuyulub çıxardılma prosesinin modelləşdirilməsi işlənilib və münasib təcrübi qurğu hazırlanıb.

Elmi-tematik plana uyğun tamamlanmış tədqiqat işlərinin də sırasında neft-qaz sahəsi üstünük təşkil edir. Ümumiyyətlə, institutumuzda elmi-tematik plana uyğun olaraq, tədqiqatlar 7 mövzu və 17 elmi-tədqiqat işini əhatə edən 5 problem üzrə aparılıb. 2009-cu ildə 8 elmi-tədqiqat işi tamamlanıb.

“Cənubi Xəzər çökəkliyindəki yataqlarda neft ehtiyatlarının mənimsənilmə xarakterinin öyrənilməsi əsasında işlənilmənin səmərəliliyinin yüksəldilmə yollarının geoloji-riyazi modellərlə müəyyən edilməsi” adlı elmi-tədqiqat işi başa çatdırılıb. Hövzənin yataqlarında əsas geoloji-texnoloji amillərin tədqiqi bu yataqları səciyyələndirən tipik obyektləri aşkar etməyə imkan verib və onların məhsuldar qatın konkret horizontları və lay dəstələrinə mənsubiyyəti müəyyən edilib. Korrelyasion-reqressiya analizinin köməyi ilə bu yataqlar üçün adekvat neftvermə modelləri alınıb. Geoloji-riyazi modellərlə bu ehtiyatların mənimsənilmə məsələlərinə təsir edən lay parametrlərinin rolu əsaslandırılıb, bu isə yataqların səmərəli işlənilməsi üçün kompleks tədbirlər təklif etməyə imkan verib.

“Deformasiya olunan yataqlarda süzülmə proseslərinin hidrodinamik modelləşdirilməsi və lay parametrlərinin identifikasiyası üsullarının inkişafı” adlı elmi-tədqiqat işi də başa çatdırılıb, deformasiya olunan mühitdə qaz-kondensat sisteminin binar modeli bazasında süzülmə zamanı lay parametrlərinin identifikasiya məsələsi həll edilib. Məsələ ilə bağlı alqoritm işlənib və proqram tərtib olunub.

Neft-qazla bağlı tamamlanmış digər işimiz “Quyuətrafı zonada qazkondensat qatışığının qeyri-izotermik süzülməsi prosesinin modelləşdirilməsi” adlı tədqiqat işidir. Tədqiqatların nəticəsində süzülmənin çoxkomponentli qeyri-izotermik modeli bazasında dərində yerləşən qazkondensat yataqlarının işlənilməsinin texnoloji göstəricilərini proqnozlaşdırmaq və quyuların məhsuldarlığını artırmaq üçün onların quyudibi zonasının isti təbii qaz və maye karbohidrogenlərlə işlənilməsi prosesinin hesablanmış sxemi hazırlanıb.

“Yanacaq-enerji ehtiyatlarının mənimsənilməsi və istifadəsinin səmərəliliyinin artırılması modellərinin yaradılması” adlı tədqiqat işi də uğurlarla nəticələnib. Belə ki, uzun müddət işlənən yataqların obyektlərində investisiyanın optimal paylanmasının iqtisadi-riyazi modeli işlənib və neftverimliyi artıran üsullar üzrə maya dəyərinə daxil olan vergilərin təsirinin nəzərə alınması təklif edilib. Qeyri-səlis çoxluqlar nəzəriyyəsi əsasında karbohidrogen resurslarının mənimsənilməsi prosesində investisiyaların qeyri-səmərəliliyi risqinin qiymətləndirilməsi üçün yeni yanaşma təklif edilib ki, bu da investisiyanın səmərəliliyinin qiymətləndirilməsinin hər bir meyarı üzrə maksimal risqi müəyyənləşdirməyə və bu əsasda karbohidrogen resurslarının mənimsənilməsi layihəsi üzrə ümumi risqi müəyyənləşdirməyə imkan verir.

“Cənubi Xəzər hövzəsində alt pliosen, miosen, oliqosen, eosen və təbaşir çöküntülərinin lay sularının hidrokimyəvi atlası” innovasiya layihəsi həyata keçirilir. Atlas son 50 ildə Geologiya İnstitutunda və habelə neft-mədən laboratoriyaları və sahə elmi-tədqiqat institutlarında Azərbaycanın neftli-qazlı rayonları üzrə toplanmış hidrokimyəvi material əsasında tərtib edilir.

— İnstitutda kadr hazırlığı hansı səviyyədədir? Bu sahədə gənclərin gücündən necə istifadə olunur?

— Ötən il bütün AMEA üçün elmi kadrların hazırlanması sahəsində əhəmiyyətli dəyişikliklər baş verib. Belə ki, aspiranturaya qəbul dayandırılıb. Hazırda AMEA-da doktorantura haqqında əsasnəmanın tərtibi üzərində işlər gedir.

2009-cu ilin əvvəlində Geologiya İnstitutunun aspiranturasını 36 aspirant təmsil edirdi. Onlardan 17-si, təəssüfki, təhsil müddətini nəticəsiz başa vurub. Müsbət hal kimi isə, 2 doktorluq və 5 namizədlik dissertasiyası müdafiə edilib.

Artıq bir neçə ildir ki, AMEA institutlarında gənc alimlər şuraları fəaliyyət göstərir. Ümumiyyətlə, gənclərə qayğı Geologiya İnstitutunun fəaliyyətində prioritet istiqamətlərdən biridir. Ötən ildə də bu şura keçirdiyi tədbirlərlə öz fəaliyyətini təqdirəlayiq edib. Belə ki, 2009-cu ilin Azərbaycanda “Uşaq ili” elan edilməsi ilə əlaqədar olaraq azyaşlılar üçün tədbir keçirilmişdi. Tədbirdə uşaqların əl işləri, intellektual qabiliyyətləri nümayiş etdirildi, müsabiqələr oldu, hədiyyələr verildi. Gənc alimlərimiz tərəfindən “Yer elmləri sahəsində tədqiqatların yeni istiqamətləri” adlı III Beynəlxalq elmi konfrans də təşkil olunmuşdu. Tədbirdə Azərbaycandan əlavə ABŞ, Almaniya, Belarus, Polşa, Qazaxıstan, İran və Gürcüstandan olan xeyli gənc alim və tələbə iştirak edirdi. Bp-nin dəstəyi ilə keçirilmiş konfransdan məqsəd yer elmlərinin müxtəlif istiqamətləri üzrə gənc alim və tələbələrin təcrübə mübadiləsini genişləndirmək, bilgilərini artırmaq, həmçinin, yeni tədqiqat mövzuları, obyektləri seçmək idi.

Gənclərimiz tərəfindən “Geologiya elmlərin təmasında: Azərbaycanda fənlərarası tədqiqatların vəziyyəti və inkişaf perspektivləri” adlı ümumrespublika müsabiqəsi də keçirildi. Nəticədə 10 gənc alimə ümumən 2 min manat məbləğində mükafat təqdim edildi ki, qaliblərin də əksəriyyəti Geologiya İnstitutunun əməkdaşlarıdır.

“Elmin inkişafı və yeni nailiyyətlər” mövzusu üzrə ümumakademiya miqyasinda keçirilmiş gənclərin intellektual müsabiqəsi də maraqlı oldu. Nəticədə institutumuzun böyük laborantı Aygün Həmidova birinci yeri tutdu.

Gənclərimizin daha bir uğuru ondan ibarətdir ki, Fransanın Klermon-Ferran şəhərindəki Bleyz Paskal Universitetində NATO tərəfindən “Beynəlxalq litosfer” adlı beynəlxalq konqres keçirilmişdi. Tədbirdə 20-dən çox ölkə iştirak etmişdi. Respublikamızı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun gənc əməkdaşları - geologiya-mineralogiya elmləri namizədi Qulam Babayev və Fuad Əliyev öz məruzələri ilə təmsil etmişdilər. Məruzələrdən aldığı təəssüratı ifadə edən “Beynəlxalq litosfer” proqramının rəhbəri professor Sierd Klotinq Azərbaycanın proqrama üzv qəbul ediləcəyini bildirmişdi.

Bunlardan əlavə, gənc əməkdaşlarımız tərəfindən tanınmış politoloq Rasim Musabəyov və görkəmli mədəniyyətşünas, tarix elmləri doktoru, professor Fuad Məmmədovla görüşlər, Səngaçal neft terminalına isə ekskursiya keçirilib, ingilis dili üzrə kurslar təşkil edilib.

Ümumiyyətlə, əməkdaşlarımız ötən il ABŞ, Fransa, Hollandiya, Rusiya, Ukrayna, Türkiyə və Özbəkistanda keçirilmiş beynəlxalq konfrans, simpozium, sessiya və seminarların iştirakçısı olublar. Burada gənclərimiz xüsusi fəallıq göstəriblər.

Sonda onu qeyd edim ki, kadr siyasətimiz davam edir və islahatlar çərçivəsində bu siyasətin uğurlu nəticələrinin əldə olunacağına əminəm.

 

 

Müsahibəni qələmə aldı: Səid HÜSEYNOV

 

Xalq qəzeti.- 2010.- 9 yanvar.- S. 5.