Qazma işlərinin intensivliyi neft-qaz hasilatının artırılmasına imkan yaradır

 

Yola saldığımız 2009-cu il Azərbaycan iqtisadiyyatının mühüm sahəsi olan neft sənayesi üçün uğurlu olmuşdur. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurlu nəticələri ölkəmizin iqtisadi imkanlarının bir qədər də artmasına səbəb olmuş, nəzərdə tutulan bütün neft-qaz layihələri yüksək səviyyədə icra edilmişdir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan xalqına ənənəvi yeni il təbrikində bu barədə demişdir: “Azərbaycan enerji təhlükəsizliyi məsələlərini tam şəkildə təmin edib. Qarşıda duran bütün neft-qaz layihələri icra edilib. Biz nəzərdə tutulmuş bütün məsələləri həll etmişik, ixracımızı şaxələndirə bilmişik. Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla çıxarılır və ixrac coğrafiyası gələn ildən başlayaraq daha da genişlənəcəkdir. 2009-cu ildə Azərbaycanda 50 milyon ton neft və 25 milyard kubmetr qaz hasil edilibdir. Gələn il bu rəqəmlər daha da artacaq və beləliklə, ölkəmizə əlavə maliyyə resursları gələcək, eyni zamanda, ixrac imkanlarımız genişlənəcəkdir”.

 

Ötən il Azərbaycanın neft sənayesinin lideri olan Dövlət Neft Şirkəti bir sıra uğurlara imza atmış, ölkəmizin iqtisadi həyatına mühüm töhfələr vermişdir. Belə ki, il ərzində şirkətin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm işlər görülmüş, ölkəmizin neft sənayesinin infrastruktur imkanlarının artırılması sahəsində məqsədyönlü tədbirlər, vacib layihələr həyata keçirilmişdir. Artıq Dövlət Neft Şirkəti investisiya cəlb edən şirkətdən investisiya yönəldən quruma çevrilmişdir. Təkcə onu demək kifayətdir ki, il ərzində şirkətin maliyyəsi ilə bir sıra xarici ölkələrdə mühüm infrastruktur obyektləri istifadəyə verilmiş, yeni layihələrin reallaşdırılmasına başlanılmışdır. İndi qətiyyətlə demək olar ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz gücü ilə istənilən layihəni gerçəkləşdirməyə qadirdir. Elə ötən il Xəzərin Azərbaycan sektorunda dərin sulu sahədə yerləşən “Ümid” qaz-kondensat yatağında dünya standartlarına uyğun yeni platformanın quraşdırılaraq buradan qazma işlərinə başlaması da dediklərimizə əyani sübutdur.

2009-cu ildə Dövlət Neft Şirkəti tərəfindən neft və qaz hasilatının artırılması məqsədilə dəniz və quru yataqlarında qazma işləri davam etdirilmişdir. İl ərzində şirkət üzrə 168182 metr qazma işi görülmüşdür. Bunun da 160326 metri istismara, 7856 metri isə kəşfiyyata aid olmuşdur. Bundan əlavə, il ərzində müştərək müəssisələr və əməliyyat şirkətləri tərəfindən də qazma işləri davam etdirilmiş, bir sıra yeni quyular qazılıb istismara verilmişdir.

Yeni ilin ilk günlərindən etibarən qazma işlərinin sürətlə davam etdirilməsi isə onu deməyə əsas verir ki, bu sahə Dövlət Neft Şirkətinin prioritet fəaliyyət istiqamətlərindən biri olaraq qalır. Şirkətin socar.az saytının məlumatına görə, yeni ilin ilk günlərindən “Bulla dəniz” yatağında fəaliyyət göstərən 29 saylı platformanın tam modernləşdirilməsinə başlanmışdır. Platforma 4 əlavə blok hesabına genişləndirilir. Yeni bloklardan üçü (hər birinin hündürlüyü 43 metr, çəkisi isə 170 ton) Heydər Əliyev adına Dərin Özüllər Zavodunda, 1 blok isə “Neftqaztikinti” Trestinin Zığ tikinti-quraşdırma meydançasında inşa edilmişdir. Obyektin sifarişçisi “Bulla-dəniz” yatağını istismar edən “Nərimanovneft” NQÇİ, baş podratçısı isə “Neftqaztikinti” Trestidir. Yaxın günlərdə yeni bloklar “General Əliağa Şıxlinski” kran-gəmisi vasitəsi ilə dənizin 34 metr dərinliyində artıq fəaliyyət göstərən platformaya gətiriləcək, bərkidilərək layihə yerində quraşdırılacaqdır. Qrafikə əsasən, bu işlərə 3 ay vaxt sərf olunacaq. Sonra isə yenilənmiş platformadan qazma işlərinə başlanılacaq. Buradan ilk olaraq, 5700 metr dərinliyə 90 saylı quyunun qazılması nəzərdə tutulur. Quyu məhsuldar qatın VIII horizontuna qazılacaq. Həmin quyudan yaxşı nəticə əldə ediləcəyi təqdirdə yaxınlıqda ikinci quyu da qazıla bilər.

1987-ci ildə bu yataqda VIII horizonta qazılmış 72 saylı quyu uzun müddət ərzində sutkada 1 milyon kubmetr qaz debiti ilə işləmişdir. Geoloqların hesablamalarına görə, bu yataqdakı ehtiyatların böyük hissəsi - 17 milyard kubmetr qaz məhz VIII horizontda yerləşir. VII və V horizontlar haqqında da böyük nikbinliklə danışılır. 1973-cü ildə aşkar edilən “Bulla-dəniz” yatağı 1975-ci ildən istismar olunur. Uzunluğu 27 kilometr, eni isə 9 kilometr təşkil edən “Bulla dəniz” yatağı parlaq tarixi keçmişə malikdir. 1980-ci illərin əvvəllərində Avropada ən dərin quyu məhz burada qazılmışdır. 38 saylı həmin quyu dənizin 6400 metr dərinliyindən sutkada 1 milyon kubmetr qaz, 200 ton kondensat verirdi.

Yeri gəlmişkən, 34 illik istismar müddəti ərzində “Bulla dəniz” yatağından ümumilikdə 62 milyard kubmetr qaz və 11 milyon ton neft (kondensatla birlikdə) hasil olunmuşdur. “Nərimanovneft” NQÇİ tərəfindən istismar olunan “8 Mart”, “Bulla dəniz” yataqları və “Ümid” perspektivli strukturu ARDNŞ-in uğurla həyata keçirdiyi qaz proqramının reallaşdırılması baxımından geniş perspektivə malikdir. Bu yataqlarda qazma işlərinin aparılması xeyli mürəkkəbdir, qeyri-standart mühəndis yanaşması tələb edir. Buna görə də 2009-cu ilin avqustunda yaradılmış “Sahil” Qazma İdarəsi ən müasir qazma texnologiyası və texnikası ilə təmin edilib. Hazırda həmin idarə tərəfindən “Bulla dəniz” yatağında 6400 metr dərinliyə 89 nömrəli kəşfiyyat quyusu qazılır. Artıq quyunun 2700 metri qazılmışdır. Eyni zamanda, “Ümid-1" platformasından da 6500 metr dərinlikdə kəşfiyyat quyusunun qazılması davam etdirilir. Yeni ilin ilk günlərində ”Sahil" Qazma İdarəsi “8 Mart” yatağında 731 nömrəli quyunun qazılmasına başlamışdır. Quyunun layihə dərinliyi 5800 metrdir. Hazırda “Nərimanovneft” NQÇİ üzrə sutkada 1,3 milyon kubmetr qaz hasil olunur. NQÇİ-nin əməkçiləri bu həcmi iki dəfə artırmaq üçün əzmlə çalışırlar.

Neft və qaz ehtiyatları ilə zəngin olan “Günəşli” yatağında qazma işləri getdikcə intensivləşdirilir. Bu günlərdə “SOCAR AQŞ” Müştərək Müəssisəsi “Günəşli” yatağında 2 yeni quyuda qazma işlərinə başlayıb. 13-cü özüldəki 313 nömrəli quyunun layihə dərinliyi 3600 metrdir. Qirməkialtı lay dəstəsinə qazılan həmin quyudan sutkada 350 min kubmetr qaz hasil ediləcəyi gözlənilir. Yataqdakı 11-ci özüldən Qirməkialtı lay dəstəsinə qazılan 59 nömrəli quyunun layihə dərinliyi isə 3950 metrdir. Geoloqların hesablamalarına görə, bu quyudan sutkada 300 min kubmetr qaz hasil ediləcək. Qeyd edək ki, hər iki quyuda istismar işləri “28 May” adına Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2010.- 9 yanvar.- S. 4.